Əhməd Həmdi Qaraağazadə

Həyatı

Əhməd Həmdi bəy Acariyanın Batum şəhərində anadan olmuşdur. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçmüş, burada türk dilində təhsil almış, paralel olaraq da fransız dilini də öyrənmişdir. 1917-ci ildə İstanbuldan Bakıya gəlmiş və "Açıq Söz" qəzeti nəşriyyatında gürcü dilindən Azərbaycan türkcəsinə tərcüməçi işində işləməyə başlamışdır. Bu proses zamanı Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq əlaqələri qurmuşdur. Rəsulzadə bu barədə yazırdı:[1]

" Həmdi bəyi itirdik. İsmaliyyə binasının altındakı Yıldırım mağazasının arxa dükanına sığışan "Açıq söz" idarəsini xatırladım. Həmdini ilk dəfə orada gördüm. O, Batumdan, yoxsa Tiflisdən yeni gəlmişdi. Dərhal anlaşdıq. Ruhumuza aşina və çox möhtac olduğumuz xüsusiyyətə malik bir arkadaş bulduq. "Açıq söz"ün çıxar-çıxmaz gürcü qonşularımız arasında, mətbuatında əks-səda oyandıra bilməsi ancaq Həmdi bəy sayəsində olmuşdur. Onun "İstiqlal" qəzetindəki məfkurəçilik rolu da unudulamaz. "İstiqlal" qəzetəsinin başlığı altındakı "insanlara hürriyyət, millətlərə müsavat" şüarını ilk bulub tövsiyə edən odur.
Məhəmməd Əmin Rəsulzadə
"

Daha sonra Müsavat partiyasından namizəd göstərilmiş və Transqafqaziya Seyminin və Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin üzvlərindən biri olmuşdur. Uzun müddət "İstiqlal" qəzeti üçün jurnalist kimi çalışmışdır.O, həmçinin Azərbaycan Milli Şurasının da üzvü olmuş, Aprel işğalından sonra Türkiyəyə mühacirətə getmişdir. Mühacirətdə olduğu zaman Yeni Qafqaziya jurnalında çalışmışdır.[2]

Ölümü

O, 40 yaşı olmamış Türkiyədə vəfat etmişdir. Məhəmməd Əmin Rəsulzadə onun ölümünü böyük itki adlandırmaqla birlikdə, onu "mühacirətin ilk qurbanı" adlandırmışdır.[3]

İstinadlar

  1. Əhməd, 2018. səh. 102
  2. Əhməd, 2018. səh. 103
  3. Əhməd, 2018. səh. 101

Mənbə

  • Dilqəm Əhməd. Bir ildən yüz ilə. Bakı: Teas Press. 2018. ISBN 978 9952 310 47 4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.