Əhməd bəy Ağaoğlu

Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu[3] (türk. Ahmet Ağaoğlu; dekabr 1869[1][2], Şuşa19 may 1939[1][2], İstanbul) — AzərbaycanTürkiyə ictimai-siyasi xadimi, mütəfəkkir[4], publisist[5], pedaqoq, yazıçı[6], türkoloq[7]liberal Kamalizmin banisi.[8]

Əhməd bəy Ağaoğlu
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1869[1][2]
Doğum yeri
Vəfat tarixi 19 may 1939(1939-05-19)[1][2] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist, yazıçı, universitet müəllimi[d]
Uşaqları
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb.[9] 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetindəm əqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə redaktorluq, "İrşad", "Tərəqqi", "Proqres" qəzetlərinə baş redaktorluq edib.[10][11][12]

1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub.[13] Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur.[14][15] Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin "İttihad və Tərəqqi" partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının fəal əməkdaşı olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.[16]

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur.[17] 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.[18] Daha sonra üzvlükdən imtina edir. Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi.[19][20] Lakin İstanbula çatanda "İttihad və Tərəqqi" partiyasının digər rəhbərlərilə birgə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur.[21]

Sürgündən qayıtdıqdan sonra Ankaradakı Mətbuat İnformasiya İdarəsinə rəhbərlik etmiş,[22] "Hakimiyyəti-milliyə" qəzetinin baş redaktoru olmuş, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olmuşdur.[23]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd bəy Ağaoğlu Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[24]

Əsli

Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən bəy Qarabağın Qurdlar elindən idi. Bu tayfa XVIII əsrdə bütünlüklə etnik Azərbaycan türklərinin yaşadığı Ərzurumdan köç edib Gəncəyə gəlmiş, daha sonra isə Qarabağa yerləşmişlər. Atası Mirzə Həsən bəy varlı pambıqçı fermer idi. Ata tərəfinə Mirzə titulunun verilməsi ailənin ziyalı təbəqəsindən olduğunu göstərir. Babası Mirzə İbrahim Şuşanın ən məşhur alimlərindən olub. O, xəttat idi və türk dilində şeirlər yazırdı. Eyni zamanda əmiləri də türk dilindən başqa fars, ərəbrus dillərini bilirdilər.[25] Anası Tazə xanım Şuşanın Sarıcaalı elindən Rəfi bəyin qızı, Zeynalabdin bəy Rəfibəyovun bacısı idi.[26]

Təhsili

Orta təhsili

Əhməd bəy Ağaoğlu xatirələrində göstərir ki, təhsilində anasının və əmisinin böyük rolu olub. Əmisi Mirzə Məmməd Əhməd bəyin müctəhid olmasını istəyərək ona 6 yaşından fars və ərəb dilləri üzrə müəllimlər tutur. İlk dövrlər məhəllə məktəbində təhsil alan Ağaoğlu anasının təşəbbüsü ilə gizlincə rusca dərslər də alır. Anasının dindar olmasına baxmayaraq axundlardan, mollalardan xoşu gəlmədiyini yazan Əhməd bəy Ağaoğlu anasının bu görüşlərinin onun təhsilinin istiqamətini Nəcəfdən, Kərbəladan Peterburqa, Parisə, doğru dəyişdiyini yazır.[27]

1881-ci ildə Şuşada altı siniflik real məktəbi açıldıqdan sonra Qarabağ canişini müsəlman əhalini Xurşidbanu Natəvanın evinə toplayaraq uşaqlarını bu məktəbə qoymalarını istəyir. Atası da canişinə söz verərək onu Şuşa real məktəbinə göndərir.[28] Bu məktəbdəki müəllimlərindən ikisinin, tarix müəllimi olan Şineyovski və riyaziyyat müəllimi olan Palekarpın ona böyük təsiri olmuşdur. Hər iki müəllim çar rejiminə qarşı idi və işlədikləri məktəbdə də inqilabi təbliğat aparırdılar. Ağaoğlu da həyatında ilk dəfə qərb ideologiyası ilə bu məktəbdə tanış olur. Xatirələrində Əhməd bəy yazır ki, bu məktəb şəhərin erməni məhəlləsində yerləşirdi, 45 şagirddən yalnız beşi müsəlman uşağı idi. Erməni şagirdlərin bu azlığa qarşı münasibəti çox aqressiv olmuş, müsəlmanları daim incitmişlər. Bu mühitə dözməyən şagirdlərin dördü məktəbi tərk etmiş, yalnız Əhməd təhsilini uğurla başa vura bilmişdir. Öz xatirələrində Əhməd bəy bu hadisələri belə təsvir edir:[29]

" Bu beş adamın illərlə davam edən təhsili zamanı erməni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkansızdır. Tənəffüsdə biz, beş türk uşağı cəld tərpənib arxamızı divara dayamağı böyük bir fərasət hesab edirdik. Yüzlərlə erməni uşağı birdən üzərimizə hücum edir, birisi başımızdan papağı alıb atır, digərləri təpiklə dörd, beş altun qiymətində olan Buxara dərisini torpaqlar üzərində yuvarlayırlar. Bəziləri qiymətli və çoxu dəvə yunundan tikilmiş paltarlarımızın ətəklərindən yapışır, o yan-bu yana çəkir, parçalayır, bəzəklərini sökür, müqavimət göstərmək istəsək, yumruq, şillə, təpiklər altında bizi əzirdilər. Bəzən üstümüzə bir böhtan atır, birləşib şahid olur, bizi haqsız yerə cəzalandırırdılar. Yoldaşlarımdan çoxu dayana bilməyib məktəbi tərk etdilər. Son sinfə qədər türklərdən bir mən dayana bildim. "

Daha sonra orta məktəbin VI sinfini bitirən Əhməd bəy Ağaoğlu VII və sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada oxuyur. Özünün yazdığına görə Tiflis gimnaziyasında ancaq bir nəfər türk var idi ki, o da Əhməd bəy Ağaoğlu idi. Tiflisdə təhsil aldığı dövrdə dostlarının təkidi ilə "Narodnik" cəmiyyətinin gizli toplantılarında iştirak edir. Bu toplantılar Ağaoğlunun düşüncəsində dərin izlər buraxır. Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirdikdən sonra Əhməd bəy Ağaoğlu fərqlənmə diplomu və üç yüz rubl mükafatla Şuşaya qayıdır.[29] Bütün yayı dayısı ilə birlikdə yaylaqda keçirdikdən sonra Peterburqa təhsil almağa gedir.

Peterburq dövrü

Solda Əli bəy Hüseynzadə, ortada Əlimərdan bəy Topçubaşov, sağda Nəsir bəy Tahirov (Sankt-Peterburq, 1887)

1887-ci ilin avqustunda ali təhsil almaq üçün Peterburqa gedən Ağaoğlu bir xristian ailəsinin evində kirayəşin olur. Həmin ailə Ağaoğlunun türk olduğunu biləndə çox təəccüblənir. Çünki o günədək ali təhsil üçün Peterburqa erməni və xristian əsilli digər xalqların gəncləri gəlirdi. Ailə türklərdən təhsil almaq üçün buraya gələn heç kimi tanımırdı. Ermənilərin və digər xristianların türklərdən əvvəl təhsil aldıqlarını bilən Ağaoğlu ailənin bu təəccübünə haqq qazandırırdı.[30]

Peterburqda tanış olduğu qafqazlı gənclər Ağaoğlunu Qafqazlı Tələbələr Birliyinin yataqxanasına aparırlar. O, burada dörd nəfər türkün olduğunu öyrənir. Bu türklərdən biri sonralar Azərbaycanın Paris təmsilçisi olacaq Əlimərdan Topçubaşov, digəri isə keçmiş Qafqaz Şeyxülislamının nəvəsi Əli bəy Hüseynzadə idi.[31] Digər iki türk tələbə isə yol mühəndisliyi ixtisası üzrə təhsil alırdılar. Ağaoğlu Texnoloji İnstitutunun bütün imtahanlarını uğurla verir. Yalnız sonuncu – cəbr imtahanında məsələni proqramdan kənar həll etməsi və professorun Ağaoğlunu yəhudi sanaraq cavab düzgün olduğu halda qəbul etməməsi onu məyus etmişdi. Professorun bu davranışı gənc Ağaoğluda ruslara qarşı böyük nifrət hissi yaratmışdı. Daha sonra yazdığı xatirələrində həmin günləri belə təsvir etmişdir:[32]

" Mənə qarşı edilən haqsızlıq məni yandırıb yaxırdı. Xəyal qırıqlığına bir də izzəti-nəfs qırıqlığı qarışıb məni yandırırdı. Hiddətim o dərəcə idi ki, bütün Rusiyanı bir qaşıq suda boğmağa hazır idim. Çardan tutmuş nihilistinə, universitetindən professoruna, mətbuatından ədəbiyyatına, dilindən elminə qədər rus adı, rus qoxusu daşıyan hər kəsə, hər şeyə qarşı dərin bir nifrət, bir qeyz, ədavət bəsləyirdim.

Xeyr, xeyr, mən burada qala bilmərəm. Mən Peterburqda yaşaya bilmərəm. Mütləq getməliyəm. Fəqət hara, necə?

19 yaşım ancaq olardı. Ah, o yaşın verdiyi yüksək cəsarət, hərarət, laqeydlik və təşəbbüskarlık! Bir səs içimdən “Paris, Paris” deyə hayqırdı. Bəli, Parisə gedəcəyəm. Orada oxuyacağam, oranın universitetini bitirəcəyəm və bu surətlə həm ruslardan yandırıcı bir qisas alacağam, həm də izzəti-nəfsimi yüksək dərəcədə təmin etmiş olacağam.

"

Paris dövrü

8 yanvar 1888-ci ildə Əhməd bəy Parisə çatır.[33] Qatarda gələrkən tanış olduğu bir xanım ona daha çox Rusiyadan gələn qonaqların qaldığı Hotel de Peterburqa getməyi məsləhət görür. Parisdə heç bir tanışı olmayan və fransızca bilməyən Əhməd bəy hotelə üz tutur. Lakin otel xərclərinin çox olacağı ilk gündən bəlli olur. Hotelin işçisi dostları vasitəsilə onu Parisdə oxuyan iki gürcü tələbə ilə tanış edir. Gürcü tələbələr isə Əhməd bəyə kirayə otaq tapmağa kömək edirlər.[34] Bir yaşlı qadının kirayə verdiyi otaqda yerləşdikdən sonra Əhməd bəy fransızca öyrənməyə başlayır. Bir müddət sonra pulu bitdiyi üçün borca düşür. Daha sonra isə evdən göndərilən pulla borclarını ödəyən Əhməd bəy Rue de Glacier küçəsində yerləşən bir pansiyona yerləşir. Burada 2 iranlı və 3 misirli ilə tanış olur. Onların məsləhəti ilə College de France və École des Hautes Études Pratiques (Tətbiqi tədqiqat ali məktəbi) mühazirələrinə girməyə başlayır. College de France mühazirələrində hər həftə fransız filosof və tarixçi Ernest Renan, Tətbiqi tədqiqat ali məktəbində isə "Şərq xalqlarının tarixi" mövzusunda Ceyms Darmsteter mühazirələr deyirdilər. Hər iki şəxs Ağaoğlunun formalaşmasında böyük rol oynamışlar. 1888–1889-cu dərs ilində Əhməd bəy Sarbonna Universitetində hüquq təhsili almağa başlayır. Lakin onun maraq dairəsi yalnız hüquqla yekunlaşmır. O, şərq sivilizasiyalarının və dinin tarixinə maraq salaraq Şərq dilləri məktəbinə gedir. Burada şərq dilləri üzrə ekspertlər Çarlz Şefer və Barber de Meynarddan dərslər alır. Daha sonra Ceyms Darmsteterin məsləhəti Ernest Renanın Culyetta Adama məktubu ilə qapalı ziyalı klubuna daxil olur. Culyetta Adam "La Nouvelle Revue" jurnalının təsisçisi, redaktoru və eyni zamanda ziyalı klubunun da təşkilatçısı idi. Bu qapalı klubda Fransanın elm və sənət insanları toplaşıb müxtəlif siyasi, elmi, tarixi, fəlsəfi müzakirələr aparırdılar. 1891–1893-cü illər ərzində Əhməd bəyin "La Nouvelle Revue" jurnalında "İran cəmiyyəti" adı altında silsilə yazıları çap olunur. 1892-ci ildə Londonda keçirilən Beynəlxalq Şərqşünaslıq Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmişdir.[35] Məruzənin mətni sonralar Kembric Universitetinin xərci ilə bir neçə qərb dilində çap olunmuşdur.[36][37]

Fəaliyyəti

Əhməd bəy "Jurnal de Debat", "Revü Been", "Nouvye Revyü" kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. Fransada qələmə aldığı yazılarını "Kafkaz", "Şərqi Rus" qəzetlərinə göndərirdi.

1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı "Kavkaz" qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür.[38] Şuşada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Burada o ilk kitabxana, qiraətxana açır. Məhz buna görə Şuşada el arasında ona Firəng Əhməd ləqəbi verilir. Lakin o Şuşanı tərk etdikdən sonra həmin qiraətxana və kitabxana öz fəaliyyətini dayandırır.[9]

Əhməd bəy Ağaoğlu fikirlərini təbliğ etmək üçün qəzet çapının önəmini anlayırdı. Lakin 1891-ci ildə "Kəşkül" qəzeti bağlandıqdan sonra 1891-ci ildə Qafqaz Senzura Komitəsi tərəfindən Azərbaycanca qəzetlərin çap olunmasına qadağa qoyuldu. Halbuki eyni dövrdə Çar Rusiyasının ərazisində ermənicə və gürcücə fəaliyyət göstərən 19 qəzet mövcud idi. İki milyondan çox olan Azərbaycan türkləri isə 1903-cü ilə qədər bu hüquqlarından məhrum idilər. Hətta XIX əsrin sonunda Azərbaycanca qəzet çap etmək üçün icazə almağa çalışan Məhəmməd Şahtaxtinskiyə Rusiya İmperiyasının Çap İşləri üzrə Baş idarəsinin rəisi Solovyev demişdi ki:[39]

" Mən qətiyyən Azərbaycan dilində qəzetin çap olunmasına icazə verə bilmərəm. Sizin xalqınızın nəyinə lazımdır qəzet? Sizin ziyalılarınız rus dilində oxumalıdırlar, sadə azərbaycanlılar isə qoy qoyunlarını otarsınlar. "

Yalnız 1896-cı ildə Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzetini alıb Azərbaycan ziyalılarının öhdəsinə verir. Və "Kaspi" qəzeti milli ziyalılarımızın rus dilli tribunasına çevrilir. Redaktoru Əlimərdan bəy Topçubaşov[40] olan qəzetdə Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli kimi ziyalılarımızın məqalələri çap olunurdu. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə "Kaspi" qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən sonra qəzetdə yazdığı yazılar daha çox müsəlman cəmiyyətindəki problemlərlə, cəmiyyətdəki qadınların problemləri ilə bağlı idi. Əhməd bəy məqalələrində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. Ağaoğlunun "Kaspi" qəzetində məqalələr yazması qəzetin daha da populyarlaşmasına səbəb oldu. Fərqli dövrlərdə qəzetin tirajı 10 minə çatırdı bu isə gündəlik qəzet üçün böyük uğur idi.[41] Qəzetdə çıxan "İslam dünyasında qadın", "İslam, axund və hatifülqeyb" adlı silsilə yazılarında islam dünyasından bəhs edirdi. "İslam dünyasında qadın" adlı işində o qeyd edirdi ki "azad qadınsız milli inkişaf ola bilməz". "İslam, axund və hatifülqeyb" əsərində isə o islamdakı məzhəblərin çoxluğunu tənqid edib qeyd edir ki, islama ən çox axundlar və mollalar zərər vurublar. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.[42]

Əhməd bəy qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. O, "İslama görə və islamiyyətdə qadın" əsərində qeyd edirdi ki:[43]

" Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını məqsədyönlü tərzdə həyata keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir. "

1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakı şəhər dumasının üzvü seçilib 1909-cu ilə qədər burada fəaliyyət göstərir. Bu dövr ərzində şəhərin bir çox problemlərinin həllinə nail olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə təhsil komissiyasının üzvü və Bakı Kommersiya Məktəbinin Qəyyumluq Şurasının üzvü olmuşdur.[44] 1905-ci ilin 18 fevral tarixində Rusiya çarının əhalinin həyat şəraitinin yaxşılaşdırılması və dövlət quruculuğunun möhkəmləndirilməsi haqqında verdiyi qərardan sonra 1905-ci ilin 15 mart tarixində Azərbaycan ziyalıları təkliflərini müzakirə etmək üçün Tağıyevin evində toplaşırlar. Onlar Azərbaycan türklərinin tələb və təkliflərini Peterburqa çatdırmaq üçün nümayəndə heyəti formalaşdırırlar. Nümayəndə heyətinə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə daxil idilər. Peterburqa çatdıqdan sonra Ağaoğlu burada 1905-ci il hadisələri ilə bağlı "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir.[45] Bu məqalənin yazılması çox vacib idi, çünki bütün Rusiya mətbuatında 1905-ci il hadisələrində ermənilər əzilən tərəf kimi göstərilirdi. Ağaoğlunun məqaləsi isə həqiqətləri faktlarla oxuculara çatdırırdı. 1905-ci ilin 16 aprel tarixində Əhməd bəy Ağaoğlu, Əli bəy HüseyinzadəƏlimərdan bəy Topçubaşovun imzası ilə Qafqaz canişininə məktub göndərilir. Məktubda onlar Azərbaycan dilində "Həyat" qəzetinin çap olunmasını istəyirdilər. 22 aprel tarixində onların istəyinə müsbət cavab verilir. 7 iyun 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə "Həyat" qəzetinin ilk sayı işıq üzü gördü.[10] Həyat qəzetindən ayrılandan sonra Əhməd bəy Ağaoğlu İsa bəy Aşurbəyovun maliyyə dəstəyi ilə gündəlik "İrşad" qəzetini təsis edir.[46] Və 1905-ci ildən 1908-ci ilə qədər bu qəzetə rəhbərlik edir. Tezliklə qəzetin tirajı 3 minə çatır. Tadeuş Svetoxovskiyə görə qəzet eyni dövrdə çap olunan digər qəzetlərə nisbətən cəmiyyətin problemlərini daha radikal formada işıqlandırıdı. Məhz buna görə də qəzet II Əbdülhəmid tərəfindən Osmanlı dövlətində qadağan edilmişdir.[47]

1905-ci ildə İllarion Vorontsov-Daşkov Qafqaz canişini təyin edildikdən sonra ermənilərə dəstək verməyə başlayır. Canişinin dəstəyinə arxalanan ermənilər 1905-ci ilin avqust ayında Bakı neft mədənlərində baş vermiş böyük yanğından sonra guya mədənlərin təhlükəsizliyini təmin etmək üçün sənaye bölgəsində yerləşən Bakı kəndlərinin köçürülməsini təklif edirlər. İş o həddə çatır ki məsələ Rusiya İmperiyasının nazirlər komitəsində belə müzakirə edilir. Yerli əhalinin maraqlarını qorumaq üçün Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşov Sankt-Peterburqa yollanırlar. Onların səyi nəticəsində 35 gün davam edən müzakirələrdən sonra Bakı kəndlərinin əhalisinin köçürülməsinin qarşısı alınır.[48]

1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Halbuki müsəlmanların itkiləri qat qat artıq idi. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılar belə gedirdi. Məhz əsl həqiqətləri insanlara çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək üçün Əhməd bəy Ağaoğlu "Sankt Peterburqskie Vedomosti" qəzetində "Bakı hadisələri ilə bağlı həqiqətlər" adlı məqaləsini çap etdirir. Bu məqalədən sonra bəzi erməni müəlliflər belə hadisələrlə bağlı mətbuatda yalan məlumatların yayıldığını etiraf etmişlər.

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Adil xan Ziyadxanov və başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər.[49]

Öz son çıxışında Əhməd bəy bunları demişdi:[50][51]

" Biz deyirik ki, əgər doğrudan doğruya sülh istəyirsiniz, başqa təşəbbüslərlə bərabər gərək terroru da götürəsiniz. Buna cavabında bizə deyirlər ki, siz daşnaksutyundan danışırsınız. Bizim fikrimizdə əsla daşnaksutyun yox idi. Biz deyirik ki, terror götürülsün. Lakin ermənilərin xəyalına daşnaksutyun gəlir. Görünür ki, daşnaksutyunun bu terrorla əlaqəsi vardır. Lakin yenə təkrar edirəm ki, bizim daşnaksutyun ilə işimiz yoxdur. Yoxdur! Çünki keçən gün cənab Xatisov öz bəlağətli və fəsahətli çıxışında aşkar dedi ki, bu daşnaksutyun Rusiyanın böyük şəxslərinin, generallarının və hətta Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub və onun qoşunu, xəzinəsi, soldatı da vardır. Biz müsəlman vəkilləri bunu eşidəndə təəccüb və heyrət barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: indi ki, belədir, indi ki, bir müsəlləh partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib də, nəinki əlac etməyir, bəlkə onunla həməqidədirlər, bizim istər hökumətdən, istər ermənilərdən belə partiyanın götürülməyini təmənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun. Bizim də gərək daşnaksutyunlarımız olsun. Bir hökumət ki, bir tərəfdən belə işlərə dözür, gərək o biri tərəfdən də dözə, yoxsa ki, hərc-mərc olar. "

1906-cı ilin avqust ayında Şuşaya gələn Əhməd bəy Azərbaycanlı ziyalıları toplayaraq bölgədəki vəziyyəti müzakirə edir. Onun təklifi ilə Difai partiyası yaradılır.[13] Rəsmi olaraq partiya "Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi" adlanırdı.[52] Partiyanın bölmələri və ya komissiyaları Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Əhməd bəy bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı Azərbaycanlı əhali arasında da təşviqat aparırdı.[53] Əhməd bəy fəaliyyətinə görə təqib olunduğu üçün bir müddət gizlənməyə məcbur olur. Öz xatirələrində həmin günləri belə təsvir edir:[54]

" Şiddətlə təqib edilənlər arasında idim. İş o dərəcəyə gəldi ki, artıq yalnız özümün deyil, ailəmin də rahatlıq və sakitliyi qaçırılmağa başlandı. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. İş başına tanıdığım bəzi şəxslər gəlmişdi. Eyni zamanda Qafqaz ümumi valisi Kont Varantsov-Daşkov mütləq məni tutmağa və sürgün etməyə qərar vermiş görünürdü. Bunu öyrənir öyrənməz dərhal mən də qaçmağa qərar verdim və 1908-ci ilin sonuna doğru İstanbula qaçdım. "

Osmanlı dövlətində

Aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy təqib və mümkün həbslər səbəbindən 1909-cu ilin ortalarında İstanbula köçməli olur.[14][15] Ağaoğlu İstanbulda maarif sahəsində müfəttiş, sonra isə Süleymaniyyə kitabxanasının müdiri vəzifəsində çalışır. Müfəttiş işlədiyi dövrdə 4 ay ərzində İstanbulun bütün özəl, dövlət ibtidai və orta məktəblərinində olaraq öz müşahidələri əsasında mövcud vəziyyət və islahatların aparılması ilə bağlı hesabat hazırlamışdır. O düşünürdü ki, təhsildə olan problemlərin həlli ölkənin gələcəyində böyük rol oynayır.[55] 1909-cu ilin oktyabrından İstanbul darülfünunda Türk-monqol tarixindən və rus dilindən dərs deyir.[16] Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir. Universitetdəki fəaliyyəti yalnız dərs keçməklə məhdudlaşmırdı. O, həm də tədrisin təşkilində və təkmilləşməsində də aktiv iştirak edirdi. 1911-ci ildə o, filologiya fakültəsinin islahatlar üzrə komissiyasının rəhbəri, daha sonra isə fakültənin dekanı seçilmişdir.[56] İşlərini qaydasına qoyduqdan sonra ailəsinə məktub yazaraq Türkiyədə qalmağı düşündüyünü qeyd edir. Həyat yoldaşı Sitarə xanım da Türkiyəyə gəlməyə razı olur. 1910-cu ildə Əhməd bəy ailəsini də İstanbula köçürür.

İstanbula köçdükdən sonra jurnalistika fəaliyyətini də davam etdirmiş və 1909-cu ildən "Kaspi" qəzetində "Türkiyədən məktublar", "Türkiyədə milli sual" mövzularında silsilə məqalələri çap olunmuşdur. Bundan başqa İstanbulda "Sırat-ı Müstakim", "Sebilürreşad, "Hikmet" kimi qəzet və jurnallarda da məqalələr yazmışdır. İstanbulda İran təbəələri üçün farsca çap olunan "Süruş"[57] və fransızca çap olunan "Le Jeune Turc" qəzetləri ilə də əməkdaşlıq etmişdir.[58] Hətta 1912-ci ildə "Tərcüman-i Hakikat" qəzetinin təsisçisi Əhməd Midhət dünyasını dəyişdikdən sonra həftəlik çap olunan bu qəzetə də bir müddət Ağaoğlu rəhbərlik etmişdir. 1912-ci ildə Əhməd bəy Ağaoğlu iki dəfə yazdığı məqalələrə görə həbs olunur və tezliklə də azad edilir.

Əhməd bəy Ağaoğlu ilk öncə Akçuranın yaratdığı Türk Dərnəyi cəmiyyətinə üzv olmuşdur. Sonradan isə o, 1911-ci ildə yaradılmış Türk Yurdu cəmiyyətinin 6 qurucusundan biri oldu. Cəmiyyətin məqsədi türk uşaqlar üçün pansiyonun açılması və türklər arasında intellektual səviyyəni artırmaq məqsədilə qəzet çap etdirmək idi.[59] 1911-ci ilin sentyabr ayında cəmiyyət "Türk Yurdu" adlı jurnalı çap etdirməyə başladı. Ağaoğlu da jurnal üçün yazılar yazmağa başladı. Jurnalın apardığı təbliğatın nəticəsində cəmiyyətdə türküçülük ideyaları yayılmaqda idi. 1911-ci ildə Hərbi Tibbiyyə Məktəbinin 190 tələbəsi Akçuraya yeni təşkilatın yaradılması üçün məktubla müraciət etmişdilər. Daha sonra məktəbin tələbə nümayəndələri və Ağaoğlu, Akçura kimi ziyalıların iştirakı ilə Türk Ocağı təşkilatı yaradılır. Təşkilatın qurucu üzvləri arasında Ağaoğlu da yer alır. Türk Yurdu və Türk Ocağı təşkilatları bütün Türkiyə ərazisində tanınmağa başlayır. Əgər 1914-cü ildə Türk Ocağı təşkilatının 3 min üzvü var idisə 1920-ci ildə onların sayı 30 mini keçmişdi.[60] Hər iki təşkilatın Türkiyə İstiqlaliyyət müharibəsində böyük rolu olub.

Əhməd bəy Ağaoğlu siyasi fəaliyyətinə görə 1912-ci ildə "İttihad və Tərəqqi" partiyasının 12 nəfərdən ibarət Mərkəzi Komitəsinin üzvü olur. 1914-cü ildə isə Osmanlı Məclisi Məbusanına Afyonqarahisar bölgəsindən deputat seçilir.[16]

Osmanlı dövlətində yüksək məqamlara sahib olan Ağaoğlu vətənini heç vaxt unutmamışdır. O, 1915-ci ildə İstanbulda Rusiyadakı Türk – Tatar Müsəlmanlarının Haqlarını Qoruma Komitəsinin yaradılmasında və fəaliyyətində aktiv iştirak edir.[61] 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında o, Azərbaycanın təmsilçisi kimi çıxış etmişdir. Birinci dünya müharibəsi dövründə ABŞ prezidenti V. Vilsona ünvanlanmış Rusiya müsəlmanlarının haqlarının qorunması müraciətinə imza atanlardan biri də Əhməd bəy idi.

Azərbaycan Xalq Cümhuriyyətində

1918-ci il 28 mayda Azərbaycan İstiqlal Bəyannaməsini elan edir. Yeni qurulmuş hökumət xalqı fiziki məhvdən qurtarmaq üçün 1918-ci il 4 iyun tarixində Azərbaycan Xalq CümhuriyyətiOsmanlı dövləti arasında bağlanmış Batum müqaviləsinin IV bəndinə əsasən Osmanlı dövlətindən hərbi dəstək istəyir.[62][63] Bundan sonra Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə yaradılır. Ağaoğlu Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Qafqaz İslam Ordusu ilə birgə Azərbaycana göndərilir.[17] Ordu Gəncəyə çatdıqdan sonra Nuru paşa ilə mövcud Azərbaycan hökuməti arasında narazılıq meydana çıxır ki, bu da İyun böhranına səbəb olur. Milli hökumətin yaradılmasının tərəfdarları ilə Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyən ilhaqçılar arasında fikir mübahisəsi yaranır. Ağaoğlu da ilhaqçı olaraq Azərbaycanın Osmanlı dövlətinə birləşdirilməsinin tərəfdarı olur. O coğrafi, mədəni, dil və etnik cəhətdən bu qədər yaxın olan Azərbaycan və Anadolu türklərinin iki fərqli dövlətdə təmsil olunmasını bölücülük kimi qəbul edirdi.[64] Bu qədər gərgin şəraitdə olmasına baxmayaraq Əhməd bəy Gəncədə yaşadığı dövrdə "Türk sözü" adlı qəzet təsis edir. Lakin ordunun Bakını azad etməsi ilə bağlı hərəkətə keçməsi qəzetin yalnız iki nömrəsinin işıq üzü görməyinə səbəb oldu.[65]

26 dekabr 1918-ci ildə Ağaoğlu bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir. Bununla da o həm Osmanlı dövlətinin Məclis-i Məbusanında Qarahisar-i Sahib nümayəndəsi[66] həm də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Zəngəzur nümayəndəsi olur.[18] Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918-ci ilin 26 dekabr tarixində baş tutan beşinci iclasında Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti-nin xarici dövlətlər tərəfindən tanınmasından qabaq müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır. Buna görə də daxili və xarici düşmənləri məhv edəcək bir hökumətin yaranmasını istəyir. Bundan başqa əsgərliyə çağırışla bağlı sinfi fərq olmadan yaşı çatan hər kəsin xidmət etməsini tələb edir. Ölkənin xarici dövlətlərdə tanınması üçün bu vaxta qədər heyətin göndərilməməsini də vurğulayaraq bunun vacibliyini bildirir. O deyir:[67]

" Möhtərəm əfəndilər! Məndən əvvəlki natiq möhtərəm rəfiqim hökumətin haqqında həssas pək sıcaq bir nitq irad etdi ki,möhtəviyyatına şərik oluram. Fəqət, onunla mənim aramızda bir fərq var ki, onun atəşi çox, mənim atəşim sönmüş, o gəncdir, mən ixtiyar, onun bir az göylərdə gəzməyə haqqı var, mən isə yeri görməyə məcburam. Hökumətin bəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəl amalımızdır. Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır. Lakin bu əməlin ölməmiş və onun qövldən felə keçməsi üçün birinci amil var isə o da hökumətin kəndisidir. Bunu unutmamalıyam ki, məmləkətimiz qayət böyük təhlükələr ilə əhatəlidir. Gecə qara gələn fırtına oynayır. Biz də bir taxta para kibi bu fırtınalar içində yuvarlanırız. Bunu qurtaracaq yenə hökumətdir. Bunu qurtarmaq üçün də mən bir əzmkar hökumət istərəm. Fəqət, söylədiyim taxta para təkcə bizdən ibarət deyildir ki, onun üçün düşünmədən işə başlayalım. Bu taxta paranın özü də 3 milyonluq Azərbaycan, onun şərəfi qadın və cocuqları bulunur. Bunları xilas etməklə böyük bir vəzifə ifa etmiş oluruz. Rəisi-vükəla bir qism bir vəzifeyi öhdəsinə götürdüyü xüsusunda bəyan etdiyi bütün fikrinə iştirak edirəm. Bununla bərabər hökumətin dəxi bir proqramı olmalıdır. O da bu taxta parayi aparmaq üçün sərməkan təşkil edəcəkdir. O sükan üzrə sağa-sola baxmayaraq düz doğru amalına doğru kürəklərini çəkib o taxta parayi əzmkaranə bir sahili nicata çıxarmaqdır. Əcəba hökumətin sükana və əlindəki kürəklər nədən ibarət ola bilər? Biri kəndi üçün yapdığı proqramdan, digəri o barədə ki, o da Bəyannamədən məlum oldu. İstiqlalımızı xaricə qəbul etdirmədən əvvəl hökumətimizi daxildən təsdiq etdirməliyiz. Ona görə hökumətimiz daxili və xarici düşmənləri məhv edəcək bir hökumət olmalıdır. Məəttəssüf, hökumət iradəsini göstərdiyi zamanı olmamışdır. Məəttəssüf ələmlə deyəcəyəm ki, hökumət daxilində işlər lazım olmayan adamların əlinə tapşırılmışdı. Binaən ileyh daxildə hökuməti düzəldəcək qəti tədbirlərə müraciəti lazım bilirəm. Ən layiq, ən müdəbbir adamların iş başına götürülməsini arzu edirəm. Yalnız, bu vasitələr ilədir ki, sui-istemala xitam verilir. Və hökumət nahiyələrdə, hər yerdə varlığına ehsas etdirir. Bir də rəis tərəfindən bir ordunun təşkilinin lüzumu göstərildi. Onsuz da hökumət özünü heç kimsəyə ehsas etdirəməz. Onun üçün lazım bilirəm ki, heç bir sinif fərqi olmadan hər kəs əsgərə alınsın. Heç bir yuxarı, aşağı tərəhhüm edilməsin. Nəzarətlərə sıxılmış, gizlənmişlərin kaffəsi alınmalı. Belələrinə şiddətli cəza verərək həp ordu içərisinə atmalıdır. Əks halda çüftçinin cocuğu alınsa verməməyə haqqı vardır. Bu növ ilə hökumətdən əzm və səbat istərəm. Xariciyyə gəldikdə yenə də keçmişdən şikayətə məcburam. Şimdiyə qədər lazım gələn xarici tədabir ittixaz edilmədi. Qonşularımızdan Ermənistan ilə bizim yekdiklərimizə mürəxxis göndərməmiz lazım idi. Halbuki, erməni-müsəlman münasibəti və bütün Zaqafqaziya millətlərini barışdırmaq bizim üçün ən böyük məsələ, ən birinci vəzifədir. Burada hər iki tərəfdən nümayəndə olması ilə başa gələn bir iş deyildir. Ancaq biz istiqlalımızı Avropaya tanıtdırmış idik. Azərbaycan bir coğrafi ism deyil, yer üzərində yaşayan bir millətin olduğunu onun qulağına yetişdirmək, Azərbaycan öz mövcudiyyətini Avropaya bu vaxta dəkin andırmamışdır. Halbuki iki vəzifə vardır. Məndən irəlidəki rəfiqim bir az idealist olaraq demokratlıqdan bəhs edərək böyük imkanda bulunur. Heyhat! Zənn edirəm ki, kəndisini bildirməyənlər üçün böylə bir nəticənin əldə edilməsi bənddir. Mahaldır. Kimin dostu, nüfuzu var o tanılar. Dostluqdan irəli qüvvətdi düşünülür. Binaən ileyh Avropada satqın propaqandalar vasitəsilə kəndimizə nüfuz qazanılmağını bəyani təəssüf etməmək qabil deyildir. Avropa ilə yolumuz bağlıdır. Orada nə olduğunu bilmiriz. Halbuki Avropada vüqu olan hadisatdan müqəddəratımız asılıdır. Avropada nə olduğunu bilməli, ona münasib də siyasətimiz olmalıdır. Ona görə də Avropa ilə kuryerlər olmamasına təəssüf etməyə məcbur oluram. Burada beş il mahudlu masalar ətrafında kənardan xəbərsiz siyasət yürüdülməz. Bütün keçmişə aid bu xətaları söyləməkdə məqsədim atidə bunların bir daha təkrar olmaması üçündür. Ümid edirəm ki, hökumət öz deklarasiyasının həyata tətbiqində təmamən təzyiq etməklə əzmkar olmasını dilərik. Bitərəflər naminə etimad edirəm. "

1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün təşkil etdiyi nümayəndə heyətinin tərkibi təsdiqlənir. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Ağaoğlu da daxil idi.[19][20] 9 yanvar 1919-cu ildə Ağaoğlu və nümayəndə heyətinin digər üzvləri xüsusi qatarla Bakıdan Tiflisə yola düşdülər. Vağzalda nümayəndə heyətinin Fətəli Xan Xoyskinin rəhbərliyi ilə parlament üzvləri və ictimai siyasi nümayəndələr yola saldılar. Bu tədbirdə Məhəmməd Əmin RəsulzadəƏhməd bəy Pepinov çıxış etdilər nümayəndə heyətinin adından isə Ağaoğlu çıxış etdi. 11 yanvar 1919-cu ildə nümayəndə heyəti Tiflisə 14 yanvar 1919-cu ildə isə Batuma çatır. Batumda müsəlman əhaliyə qarşı gördüyü haqsızlıqları, tərksilah olunan türk qoşunlarını və ümumi vəziyyəti daha sonra yazdığı "Atəşkəs və sürgün xatirələri" kitabında təsvir edir. O qeyd edir ki, ingilislər şəhərin idarə edilməsi üçün fərqli millətlərdən təmsil olunan bir qrum yaradırlar. Əhalinin 80 %-nin müsəlman olmasına rəğmən qurumda 2 yunan, 2 erməni, 2 müsəlman təmsil olunurdu. Bu isə açıq aşkar ingilislərin Batumun müsəlman əhalisinə qarşı diskriminasiyası idi.[68] Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 19 yanvar 1919 tarixli iclasında etibarnamə komissiyası Əhməd bəy Ağaoğlunun sənədlərinin düzgünlüyünün təsdiq olunduğunu və üzvlüyə qəbul olunmanın tam təsdiqini səsə qoymaq istəsə də, Əhməd bəy Ağaoğlu artıq üzvlükdən imtina etmişdi. Batumdan yola çıxan heyət 21 yanvar tarixində İstanbula çatır. Lakin Bosfor boğazında çatdıqdan sonra Azərbaycan, Gürcüstan, Ermənistan heyətlərinin də daxil olduğu gəmi heyətinə 8 saat boyunca sahilə çıxmağa icazə verilmir. Daha sonra isə onları kiçik gəmilərlə sahilə gətirib üstü açıq yük maşınları ilə Bəyoğlu bölgəsində yerləşən ingilis səfirliyinə gətirirlər. Bir neçə saat da burda gözlətdikdən sonra gecə saatlarında onları qəbul edib sənədlərini yoxlayırlar. Lakin səhəri gün yenidən səfirliyə gəlmələri tələb olunur. 22 yanvar tarixində Azərbaycan nümayəndə heyəti Topçubaşovun evində iclas keçirib təşkilati məsələləri və üzvlərin vəzifələrini müəyyən edir.[69] Ağaoğlu İstanbula çatan kimi orada fəaliyyət göstərən fransız dilli "La Renaissance" və "Le Stamboul" kimi erməni qəzetlərində ona qarşı yazılar çap olunur. Onu pantürkizm və panislamizdə, ermənilərin ölümündə günahlandırırlar. Bundan başqa Azərbaycana qarşı AvropaAmerikada ermənilərin apardığı təbliğat kompaniyasının gedişində ya Azərbaycan adlı dövlətin mövcud olmadığı əsaslandırılır, ya da Azərbaycan Antantaya qarşı vuruşmuş məğlub Türkiyənin ayağına yazılırdı və bütün vasitələrlə rəhbər xadimlərə Azərbaycan haqqında qərəzli məlumatlar verilirdi. Lakin Ağaoğlu olanlara səssiz qalmır və İstanbulda fransızca çap olunan "Kurie de Turki" qəzetində bütün ittihamlara qarşı sərt bir cavab məqaləsi yayımlayır.[70] Lakin artıq gec idi və o "İttihad və Tərəqqi" partiyasının tərəfdarı kimi həbs olunacaqlar siyahısında idi.[71] O, "İttihad və Tərəqqi" partiyasının lideri, türk Parlamentində və mətbuatında ittihadçıların alovlu təmsilçisi və fəal nümayəndəsi, müttəfiq dövlətlərin əleyhdarı kimi qələmə verilirdi. "İttihad və Tərəqqi" partiyasının, xüsusən də Tələt-Ənvər kabinəsinin bütün günahları Əhməd bəyin ayağına yazılırdı.[72] Daha sonra İstanbulu işğal edən ingilis fransız təmsilçiləri elan edirlər ki[73]:

" Azərbaycan Nümayəndə heyəti Əhməd bəy Ağaoğlunu özü ilə aparmamalıdır. O, türk jurnalisti və türk Parlamentinin üzvü kimi, daim əleyhimizə danışan və yazan bir adam kimi arzu olunmaz şəxsdir. "

Daha sonra Topçubaşov Azərbaycan hökumətinə yazdığı məktubda qeyd edir ki:

" Mənim Əhməd bəyin əslən Qarabağdan olması, Azərbaycan Parlamentinə üzv seçilməsi, Nümayəndə heyəti üçün son dərəcə zəruri şəxs hesab edilməsi ilə bağlı bəyanatlarım şübhələri dağıda bilmədi. General Tomsonun Əhməd bəy Ağaoğlu verdiyi zəmanət məktubu da heç bir rol oynamadı. "

Malta sürgünü

Fevral ayının sonunda Əhməd bəy İspan qripinə yoluxur məhz bu xəstəlik onun həbs olunmasını gecikdirir. İki həftə ərzində o 40 dərəcə hərarətlə xəstə yatır. O xəstə olduğu müddətdə Ziya Gökalp və Hüseyin Cahid kimi ittihadçılar həbs olunurlar.[70] Mart ayının ortalarına Əhməd bəyin vəziyyəti yaxşılaşsa da o hələ də yataqdan qalxa bilmirdi. Bir neçə gün sonra evə oğrunun girəcəyi haqda informasiyaya sahib olduqlarını və ailəni mühafizə etmək üçün gəldiklərini idda edən iki polis gəlir. Əslində isə onlar Ağaoğlunun tam sağalıb qaçmasının qarşısını alıb onu həbs etmək üçün evə gəlmişdilər.[74] Gələn polislər artıq növbəti gün onu həbs edirlər. Polislərin gətirdikləri həkim Əhməd bəyin həbsxana şəraitində saxlanılmasını qeyri-mümkün hesab edib, bunu onun həyatı bahasına başa gələcəyini desə də, onu Eminönü polis şöbəsinə aparırlar. 19 mart 1919-cu ildə isə onu Bekirağa Bölüyü adlı hərbi həbsxanaya yerləşdirirlər. Osmanlı dövlətində xüsusi təhlükəli siyasi məhbuslar bu həbsxanada saxlanılırdılar. Həbslərindən az sonra Osmanlı hökumətinin ingilislərə yarınmaq istəyən maarif naziri Əli Kamalın əmri ilə Ağaoğlunu və Ziya Göyalpı İstanbul darülfünunu müdərrisliyindən (universitet müəllimliyindən) azad etmişdilər. Beləcə, Sitarə xanım və böyüyü 17 yaşında olan beş övladı yeganə sabit gəlirdən məhrum qalmışdular. Azərbaycan nümayəndə heyəti Türkiyədə olduğu dövrdə ehtiyac və çətinliklər içərisində yaşayan Ə. Ağaoğlunun ailəsinə 150 türk lirəsi həcmində maddi yardım göstərdi. Bundan başqa Ağaoğlu həbsdə olduğu dövrdə dostları Heydər Rifət bəy və Əli bəy Hüseynzadə ailəyə daima mənəvi dəstək verirdilər.[75]

Səməd Ağaoğlu anası ilə atası arasında keçən söhbəti belə xatırlayır:[76]

" Yenə anamla Bəkirağada idik. Anam içimdə bir səs var, Əhməd dedi, bir neçə gündür düşünürəm. Bu adamlar sizi ingilislərə verəcəklər!.

Atam təəccüblə xanımının üzünə baxdı: Necə yəni verəcəklər?

Anam gülümsədi: Özləri sizə bir şey edə bilməzlər. Qorxduqları üçün də azad etməzlər. Bu səbəblə ingilislərə təslim edəcəklər. Onlar üçün ən asan yol budur.

Atamın hirsli səsi hələ də qulağımdadır: Sən ağlını itirmisən, Sitarə. Bir dövlət vətəndaşını düşmənə necə verə bilər? O dövlətin şərəfi qalarmı? Məğlub olmaq başqa, şərəfsizlik başqa! Ağlından çıxar bunu. Bizə nə edəcəklərsə, burada edəcəklər!.

Anam başını aşağı saldı: Görərsən, Əhməd. Amma bəlkə də, xeyirlisi budur.

"

Bu hadisədən cəmi 15 gün sonra mayın 28-də ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar. Admiral Qaltrop 67 nəfərlik əsas qrupdakı dustaqları üç dərəcəyə ayırmışdı. Tərkibinə 12 keçmiş hökumət üzvü, siyasətçi və ictimai xadimin daxil olduğu qrup birinci dərəcəli sayılırdı. Əhməd Ağaoğlu ilə Ziya Göyalp da təhlükəlilik baxımından keçmiş sədrəzəmin, nazirlərin və millət vəkillərinin yer aldığı həmin qrupda idi. Onların hamısı qondarma erməni soyqırımında, yaxud qondarma soyqırımın təşviqində günahlandırılırdı. Dustaqları aparan zirehli gəmi mayın 29-da Egey dənizindəki kiçik Limni adasına yan aldı. Yalnız ingilislərə məlum olan səbəblər üzündən aralarında Əhməd bəyin də olduğu ilk qrupdakı 12 məhbus burada gəmidən endirildi. Onlar dustaqların qəbulu üçün əvvəlcədən heç bir hazırlıq görülməmiş həbs düşərgəsində yerləşdirildilər. Burada saxlananlar da adlarından daha çox nömrələri ilə tanınırdılar. Əhməd Ağaoğlu bütün sənədlərdə 2764 nömrəli məhbus kimi qeyd olunmuşdu. Onlar dörd tərəfdən tikanlı məftillər və keşikçi qüllələri ilə əhatə edilmiş boş ərazidə saxlanılırdılar. Yaşayış funksiyalı heç bir tikili olmadığından iri dəmir çəlləklərdə gecələyirdilər. "Birinci dərəcəli" qrupun üzvləri yalnız aradan dörd ay keçəndən sonra – 1919-cu il sentyabrında Maltaya gətirildilər.[77] Sürgündə olduğu müddətdə Ağaoğlu Osmanlı hökumətini tənqid edən yazılar yazır. Bir yazısında o qeyd edir:[21]

" İndiyə qədər tarixdə bir dövlətin öz övladını öz əlilə düşmənlərinə təslim etmiş olduğu görülməmişdir. Osmanlı dövləti pişik kimi öz yavrularını yeyir. Tarixdə görülməmişdir ki, bir dövlət şeyxülislamlıq məqamını ihraz etmiş (qazanmış) bir ruhanisini, sədrəzəmini, vükəla (Osmanlı İmperatorluğunda nazirlər, vəkillər), məbus, mühərrir və paşalarını üç dörd ay mühakiməsiz həbs etdikdən sonra düşmənin əlinə təslim etmiş bulunsun! Bu rəzaləti yalnız altıncı Sultan Mehmet kimi səfil birisi irtikap (pislik etmək) edər! "

Ağaoğlu Maltada da ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, təkzibolunmaz arqumentlərlə mübarizə aparır, onları tənqid etməkdən də çəkinmirdi. İngilislərin özbaşınalığına qarşı özünün kəskin etirazını dönə-dönə yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək bu tələblə ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı:[78]

" Lütf, ya da əfv istəmirəm. Ədalət istəyirəm. Bir məhkəmə önünə çıxarılmağımı və bu məhkəmənin qərarına boyun əyməyi öncədən qəbul edirəm. İngilislər dünya miqyasındakı gücləri ilə mənim kimi bir çox müdafiəsiz insanları əzə bilərlər. Lakin bu, İngiltərənin şöhrətinə nə əlavə edəcək? Bütün bunları sizdən mərhəmət diləmək üçün söyləmirəm. Xeyr! Mərhəmət, ya da bağışlanmağı əsla qəbul etmirəm. Mən ədalət istəyirəm! "

Əhməd bəyin sağ gözü gəncliyindən xəstə olub və uzun müddət müalicə almadığından tədricən görmə qabiliyyətini də itirir. Sürgündə ikən bu gözdə dəhşətli ağrılar başlayır. Ağaoğlu bir müddət sonra sol gözünün də zəiflədiyini hiss edir. Müalicə üçün dəvət olunan həkim sağlam gözün də, xəsarət alma təhlükəsinə görə xəstə gözün dərhal çıxarılmasını vacib bilir və əməliyyatın aparılması üçün əlli funt-sterlinq istəyir. Heç yerdən heç bir yardım almayan məhbus üçün bu olduqca böyük məbləğ idi. Əhməd bəy aralarındakı varlılardan sayılan həmkarı Hüseyn Cahid Yalçına üz tutur. Hüseyn Cahid sürgünə göndərildikdən sonra maddi imkanı sayəsində ingilislərlə razılığa gəlmiş, ailəsinin yanına gətirilməsinə nail olmuşdu. Bundan başqa villada, İstanbuldakı məişət və güzəranından o qədər də fərqlənməyən asudə həyat tərzini yaşayırdı. Bədii yaradıcılıqla, habelə italyan və ingilis dillərindən tərcümə ilə məşğul olurdu. Fərqli yaşam tərzinə görə dustaq yoldaşları önündə vicdan əzabı çəkməsi hiss edilmirdi. Hətta ara-sıra onların yanında "paranı verən düdüyü çalar!" ifadəsini işlətməkdən də vaz keçmirdi. Çıxılmaz vəziyyətdə qalan Əhməd bəy Hüseyn Cahidi ilk növbədə həmkarı və ziyalı şəxs kimi tanıdığından xahişinə həssaslıqla yanaşılacağını düşünmüşdü. Əski bir hüquqşünas kimi borcun şərtlərini də unutmamışdı: "Buradan çıxar-çıxmaz ilk imkan düşən kimi pulunu qaytaracağam. Ölsəm, övladlarım bunu edəcəklər. İşdir, ikimiz də sağ qayıtmasaq, pulu mənim övladlarım səninkilərə ödəyəcəklər. Bütün bu şərtləri də burada yoldaşlarımızın gözü önündə bir sənəd halına salıb altına imza atacağıq" – deyə həmkarında ziyana düşməyəcəyi ilə bağlı əminlik yaratmağa çalışmışdı. Hüseyn Cahid isə qətiyyən halını pozmadan "Xeyr, Əhməd bəy! – deyə cavab vermişdi. – İnsan əsirlikdə nə borc istər, nə də borc verər". İllər keçdikdən sonra isə 1933-cü ildə Hüseyn Cahid "Fikir Hareketleri" jurnalını nəşr etdirmək üçün Əhməd bəydən maddi dəstək istəyir. Əhməd bəy isə özü də maddi ehtiyac içərisində olduğuna görə evdəki xalçaları sataraq öz keçmiş dostuna maddi yardım edir.[79][80]

Əhməd bəyi çətin vəziyyətdən gənclik illərini Parisdə birgə keçirdiyi göz həkimi, Mudros anlaşmasına qarşı çıxan Milli Komitənin qurucularından biri kimi Maltaya sürgün edilən Mehmet Esat İşıq qurtarmışdı. Zəruri dərmanlar və tibb alətləri tapılarsa, cərrahiyyə əməliyyatı aparmağa boyun olmuşdu. İngilislər bu işin nəticələri üçün heç bir məsuliyyət daşımadıqları ilə bağlı həm həkimin, həm də xəstənin dilindən kağız almışdılar. İstanbulda Avropa standartlarına uyğun ilk göz klinikasını quran Mehmet Esat çətin şəraitdə əsl peşəkarlıq nümunəsi göstərərək Əhməd bəyi korluq təhlükəsindən xilas edir.[75]

Aprelin 6-da İstanbuldakı ingilis yüksək komissarı ser H. Rumboldt 22 ingilis müharibə əsirinin Malta sürgünlülərinin 40 nəfərlik ilk qrupu ilə dəyişdirilməsi təklifini yenidən gündəmə gətirdi. Aradan altı gün keçəndən sonra rəsmi London bu təkliflə razılaşdı. Aprelin 13-də qərarla bağlı Malta valisinə müvafiq təlimat verildi. 37 nəfərlik qrupun (3 nəfər daha əvvəl azad olunmuş və adanı fərdi qaydada tərk etmişdi) İtaliya limanlarından birinə gətirilməsi və burada sərbəst buraxılması qərara alındı. Ankara hökumətinin Roma təmsilçisi Cami bəy də proseslərə qoşuldu. Sürgünlülərin harada qəbul olunması ilə əlaqədar İtaliya xarici işlər nazirliyi ilə danışıqlar başlandı. Britaniyalılar zorla Maltaya apardıqları və iki ilə yaxın burada saxladıqları türk əsirlərini İstanbulda təhvil vermək öhdəliyini yaxın buraxmaq istəmirdilər. Onları sadəcə İtaliya sahillərinə gətirməyi öhdələrinə götürürdülər. Azad olunanların çoxunun vətənə qayıtmaq üçün heç bir vəsaiti yox idi. Onlar Malta adasını yalnız aprelin 30-da tərk edə bildilər. İngilis hərbi donanmasının "Hibiscus" və "Chryssanthemum" gəmiləri onları mayın 1-də Taranto limanına çatdırdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il may ayının 28-də İstanbula geri dönür. İstanbuldakı evində onu işğal edilmiş Azərbaycanının SSR Xalq Komissarları Sovetinin birinci sədri, Nəriman Nərimanovun məktubu gözləyirdi. Nərimanov Əhməd bəyi Bakıya, başçılıq etdiyi şura hökumətində mühüm vəzifələrdən birini tutmağa çağırırdı. Əhməd bəy isə 1921-ci ilin iyunun 5-də yazdığı cavab məktubunda bunları qeyd etmişdir:[81][82]

" Əziz və möhtərəm Nəriman bəyəfəndi!

Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə mənə bu ehtiramdan yararlanmağa mane olur.

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqda sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

3. Məni əsarətdən qurtararaq yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olduğunu düşünməkdəyəm.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir !

"

Sürgündə olduğu müddətdə Əhməd bəy də 25 il əvvəl Parisdə öyrənməyə başladığı ingilis dilini daha da təkmilləşdirmişdi. Eyni zamanda yaradıcılıqla da məşğul olmuşdu. Poçt ciddi nəzarət altında saxlandığından jurnalistlik fəaliyyətindən uzaq düşmüşdü. Ancaq Əvəzində fəlsəfi araşdırmalara baş vurmuş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında "Üç mədəniyyət" əsərini sürgün dövründə tamamlamışdı. Onun Türkiyəyə döndükdən sonra hissə-hissə "Türk yurdu" məcmuəsində çap etdirdiyi bu əsərin yaranmasında Malta mühiti özünəməxsus rol oynamışdır.[81]

Türkiyədə fəaliyyəti

Türkiyədə düşmənə qarşı mübarizəni təbliğ etmək məqsədilə təbliğatçı İrşad qrupları Anadolunun müxtəlif yerlərinə göndərilirdilər. Əhməd bəyə də bu qruplardan birinə rəhbərlik etmək təklif olunur və o bu təklifi qəbul edir.[83] Onun qrupu Çanqırı-Kastamonu-İnebolu yolu ilə hərəkət edərək əhali arasında təbliğat aparmalı daha sonra isə Trabzon-Gümüşhane-Bayburt yolu ilə Qarsa yollanmalı idi. Son olaraq Qarsda gündəlik qəzet və müəllimlər seminariyası təsis edilməli idi. Əhməd bəyə həm qəzetə həm də məktəbə rəhbərlik etmək tapşırılmışdı.[84] 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində onlar bir çox şəhərlərdə, qəsəbələrdə olmuş aktiv təbliğat işləri aparmışdılar. 1921-ci ilin sonu 1922-ci ilin əvvəlində Ağaoğlu rus səfiri S. Aralovu Batumdan Ankaraya qədər müşayiət etmişdir. Aralov bununla bağlı öz xatirələrində yazıb.[85]

Ankarada "Hakimiyyəti-milliyə" qəzetinin yeni binasının açılışı, 1926. Sağdan: Mustafa Kamal Atatürk, Mahmud Soydan, Əhməd bəy Ağaoğlu, Yaqub Qədri Qaraosmanoğlu ve Ziya Gövhər Etili

29 oktyabr 1921-ci ildə Əhməd bəy Qarsda olduğu zaman Ankaradakı Mətbuat İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdirlüğü) baş müdiri vəzifəsinə təyin edilir.[22] Ona demək olar ki, kamalçı hərəkatın bütün informasiya siyasətinə rəhbərlik etmək həvalə edilmişdi. 1921-ci ilin dekabrında Ankaraya geri dönən Əhməd bəy həm də Anadolu Agentliyinə də rəhbərlik etməyə başlayır. Bundan başqa o, "Hakimiyyəti-milliyə" qəzetinin redaktoru vəzifəsini də yerinə yetirirdi. Demək olar ki, hər gün qəzetin səhifələrində çıxış edən Ağaoğlu sonradan nəticədə bu məqalələrini toplayaraq "İxtilalmı, inqilabmı" adlı kitab şəklində çap elətdirir.[86] 22 iyul 1923-cü ildə 158 səslə TBMM-nə Qarsdan millət vəkili seçilir. 11 avqustdan etibarən isə məclisdə fəaliyyət göstərir. TBMM-də fəaliyyəti dövründə o, bir neçə vacib parlament komissiyalarının o cümlədən Beynəlxalq münasibətlər və konstitusiya islahatları komissiyasının da, üzvü olmuşdur.[87] O, həm də konstitusiya komissiyasının üzvü olaraq 1924-cü ildə yeni Türkiyə konstitusiyasının hazırlanmasında və qəbulunda böyük rol oynayıb.[88] 2 avqust 1927-ci ildə isə o, TBMM-nə ikinci dəfə Qarsdan millət vəkili seçilir.[89]

29 dekabr 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən fəaliyyətə başlayır. 1924-cü ildə Türk Ocaqlarının müharibədən sonrakı ilk konqresində Əhməd bəy təşkilatın Mərkəzi Komitəsinə üzv seçilir.[90]

1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayır. Deyilənə görə məktəbin təntənəli açılışında Atatürkün və o dövrdə Ədliyyə naziri olmuş Mahmud Əsəd Bozqurdun çıxışından sonra məktəbdə ilk dərsi keçmək Əhməd bəyə həvalə edilmişdir.[91] 13 fevral 1926-cı ildə TBMM-də Əhməd bəyin və Yusuf Kamalın həm millət vəkilliyindən həm də müəllimlikdən maaş almaqlarını doğru hesab etməyən həmkarları bu məsələni müzakirəyə çıxarırlar. Tənqidlərə cavab verən Yusuf Kamal Ağaoğlu ilə birgə maddi maraq olmadan belə gələcəyin hüquqşünaslarına dərs deməyə hazır olduqlarını bəyan edir.[92] Əhməd bəyin 1925–1926, 1926–1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir. Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir. Əhməd bəy 1930-cu ilə qədər Ankara Yüksək Hüquq məktəbində dərs deyir.[93]

Türkiyədə göstərdiyi fəaliyyətlə yanaşı öz soydaşlarına da kömək olan Əhməd bəy Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdirdiyi "Yeni Kafkasya" jurnalının çap olunmasına da maddi yardım edir. Bunu onun 1924-cü ilin 14 martında yazdığı şifrəli məktubun məzmunu da təsdiq edir. Məktubda onun "Yeni Kafkasya" jurnalının çap olunması üçün Məhəmməd Əmin Rəsulzadəyə 350 lirə göndərdiyindən bəhs edilir.[94] Hətta Məhəmməd Əmin Rəsulzadə İstanbulda Əhməd bəylə görüşəndə ondan Parisdən İstanbula köçməyi düşünən Ceyhun Hacıbəyli üçün iş tapmağa kömək istəyir.[95] Ağaoğlunun 17 mart 1925-ci ildə yazdığı məktuba əsasən o Türk Ocaqları təşkilatının Mərkəzi Komitəsindən siyasi mühacirlər Məhəmməd Əmin Rəsulzadə, Xosrov bəy SultanovƏbdüləli bəy Əmircanov üçün aylıq 75 lirə pulun ayrılmasına nail olmuşdur.[96] Bundan başqa Ağaoğlunun şəxsi təşəbbüsü ilə ölkə ərazisində yerləşən Türk Ocaqları təşkilatının 130 bölməsi "Yeni Kafkasya" jurnalına abunə olurlar. Və bu azərbaycanlı siyasi mühacirləri maddi iflasdan xilas edir.[97] Məhz bu fəaliyyətinə görə Ağaoğlu Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olub. Hərbi kəşfiyyatın bir hesabatında Atatürk tərəfindən Ağaoğlunun İzmirə getməsi üçün ayrılan 12 min lirənin ölkədə yerləşmiş müsavatçı mühacirlərə verilməsi ehtimalından narahatlıq duyulur.[98] Bu səbəblərdən Ağaoğlu azərbaycanlı siyasi mühacirlərlə olan əlaqəsini gizlətməyə çalışıb gizlin yazışmalara üstünlük verirdi.

Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. Əhməd bəy isə bu halla heç barışmaq istəmirdi məhz buna görə də 1926-cı ildə hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı.[99] Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır.[100]

Sərbəst Firqənin qurucuları (soldan): Nuri Conkər, Əli Fəthi Okyar, Əhməd bəy Ağaoğlu və Tələt Sönməz

Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır. Onunla yanaşı həm də Atatürkün bacısı Makbule xanım da partiyaya üzv olur. 1930-cu ilin avqust ayında yeni yaradılan partiyanın proqramı Əhməd bəy tərəfindən yazılıb dərc edilir.[101] Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır.[102] Lakin partiya uzun müddət fəaliyyət göstərə bilmir və 100 gündən sonra 17 noyabr 1930-cu ildə öz fəaliyyətini dayandırır.[103] Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsinə üzv oldular. Hətta partiyanın rəhbəri Fəthi Okyar 1931-ci ildə Türkiyənin Böyük Britaniyadakı səfiri təyin olunur. Seçilən üzvlərdən yalnız Əhməd bəy Atatürkə verdiyi sözünü tutaraq partiyaya üzv olmur. Beləki Sərbəst Firqə dağılmamışdan öncə Əhməd bəy Atatürklə olan şəxsi görüşündə partiyanın dağılacağı təqdirdə bir daha siyasətlə məşğul olmayacağını yalnız pedaqoji fəaliyyətlə məşğul olacağını söz vermişdi.[104]

Əhməd bəyin müxalifətə keçməsi hökumət tərəfindən bağışlanmadı. Onların Keçiörəndə olan evlərinin qarşısında hər gün 24 saat mülki geyimli polislər növbədə olurdular. Polislər evə gələn şəxslərin adlarını və maşınlarının nömrələrini qeyd edirdilər. Sürəyya Ağaoğlunun xatirələrinə görə bir qış gün Əhməd bəy küçədə növbə çəkən polis üşüməsin deyə onu evə dəvət edir. Və o zamandan polis evin içində növbə çəkir. Hətta ailə İstanbula köçəndə Əhməd bəyin həyat yoldaşı Sitarə xanım daxili işlər nazirinə növbə çəkən həmin polisi də İstanbula göndərməyi məsləhət görür.[105]

Əhməd bəy 1932-ci ildə Ankaradan İstanbula köçməyi qərara alır. Keçiörəndəki evlərini satdıqdan sonra İstanbulda memar Sedat Çetintaşa yeni ev tikdirir. Evdə kitabxanaya və eləcə də Əhməd bəyin şəxsi istəyi ilə dairəvi bir otağa da yer ayrılır. Bu dairəvi otaqda o hər birinci gün axşam ziyalıları toplayaraq sosial, mədəni mövzularda müzakirələr aparırdı. Siyasətdən getdikdən sonra isə Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünyada tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.[106]

1933-cü ildə Əhməd bəy Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün "Akın" qəzaetini təsis edir. Təbliğ etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı sitemə zidd olduğu üçün Əhməd bəy Ağaoğlu və onun qəzeti hökumətə tabe mətbuat və dövlət strukturları tərəfindən hücumlara məruz qalırdılar. Davamlı baş verən polemikalara görə bəzən Əhməd bəyi məhkəməyə də verirdilər. Məhkəmələrin birində Ağaoğlu hakimdən icazə alaraq çıxış edir. O öz çıxışında bunları deyir:[107]

" Sizin icazənizlə bir neçə söz demək istəyirəm. Sən demə məni məhkəməyə verən bir vaxtlar mənim tələbəm olub. Əgər doğrudan da məni cəzalandırmaq gərəkdirsə bu yalnız mənim konstitusiya hüquqlarından professor olduğum halda öz tələbəmə "azad fikir" və "azad söz" anlayışlarını doğru izah etmədiyim üçün olmalıdır. "

Qəzet bu məhkəmədən qalib çıxır. Lakin qəzetin dövlətin rəsmi təbliğatına zidd getdiyi üçün, hakimiyyətin yüksək təbəqəsində olanların hakimiyyətdən sui istifadə hallarını, rüşvət hallarını, iqtisadiyyatın fərqli sahələrində olan monopoliyanı ifşa etdiyi üçün uzun müddət fəaliyyət göstərə bilməyəcəyi bəlli idi.[108] Atatürk Əhməd bəy Ağaoğlunu Dolmabaxça sarayında yeməyə dəvət edir. Daha sonra Axın qəzetində yazılan tənqidi yazılarla bağlı narazılığını bildirir. Daha sonra isə ona həm dövlətin universitetində professor, həm də qəzetdə redaktor olmasının mümkün olmadığını deyərək qəzetin çapını dayandırmasını istəyir. Ağaoğlu isə qətiyyətlə ona cavab verir ki heç vaxt qəzetin çapını könüllü olaraq dayandırmayacaq. Atatürk bu cavaba əsəbiləşərək ona sığıntı olmasını unutmamağı deyir. Cavabında isə Ağaoğlu ona deyir:[109]

" Bu birinci dəfə deyil ki mən öz ünvanıma bu sözləri eşidirəm. Ancaq bu gecə bu sözləri təkrarlamaqla siz 60 milyonluq türkün qəlbinə qılınc sapladınız. "

Bu hadisədən sonra Axın qəzeti 1933-cü ilin sentyabr ayında hökumət tərəfindən bağlanır.[110] Qəzetin 24 sentyabrda çap olunmuş son sayında hökumət qəzeti olan "Hakimiyyəti-milliyə" sərt tənqid edilmişdir. Bundan başqa Əhməd bəy universitet islahatları adı ilə professorluqdan məhrum edilib təqaüdə göndərilir. Bu isə həmişə fəaliyyətdə olan bir insan üçün faciə idi. Öz dostu Fəthi Okyara bu hadisələrlə bağlı məktubunda yazırdı:[111]

" Təqaüdə göndərildim və bundan sonra fəal həyat qapıları üzümə bağlandı. Bütün bunları sizə şikayət etmək üçün yazmıram. Sırf içdən sevdiyim və etimad bəslədiyim birisinə ürəyimi açaraq bir az yüngülləşmək istəyirəm. Şikayət? Nədən və nə üçün? Məni tanıyırsız. Altmış altı yaşına çatdım. İçimi yoxlayıram, özümə qüsur gətirəcək bir şey tapmıram... Mənim üçün ən ağır, ən çəkilməz dərd həyatın xaricinə atılaraq məətəl və seyirçi durmaqdır "

Ölümü və dəfni

Əhməd bəy Ağaoğlunun dəfnində çəkilmiş şəkil

Ömrünün son günlərində yataq xəstəsi olan Əhməd bəy Ağaoğlu dünyasını dəyişməzdən əvvəl başına toplanan övladlarına və ağlayan qızı Tezerə bunları deyir:[112][113]

" Ağlama qızım, insan şüurlu bir makinadır, o da bir gün dayanacaq, əlbəttə. Mənə söz verin, heç bir güc sizi bir-birinizdən ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən çəkinməyin, doğruya doğru, əyriyə əyri deyin. "

Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində[114] 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub. Vida mərasimində vali və bələdiyyə rəisləri, Lütfü Kırdar, Bolu millət vəkili Rəcəb Pekər, bir çox millət vəkilləri, vilayət, partiya və bələdiyyə nümayəndələri, universitetlərin tələbə və professorları, mətbuat işçiləri, qız məktəbinin müəllimləri, tələbələri, mərhumun dostları və yetişdirdiyi tələbələr iştirak etmişlər. Ağaoğlunun məzarı üstündə doktor Fəthi Ədib, İsmayıl Həbib və mühərrir Peyami Səfa nitq söyləmişlər, mərhumun fəaliyyətindən, elmə, türkçülüyə və gənc nəslin yetişməsində xidmətlərini sadalayıblar. Mərhumun məzarı üzərinə universitetlərdən, Anadolu agentliyindən, Qalatasaray idman klubundan, mətbuat idarəsindən, Ankara Universitetinin hüquq fakültəsi və dostları adından çələnglər qoyulmuşdu.[115] 1939-cu il mayın 19-dan 22-dək olan bütün Türkiyə qəzetləri Əhməd bəy Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından müxtəlif detallar çap etdirmişdilər.[116]

Ailəsi

Şuşaya qayıtdıqdan sonra Əhməd bəy Ağaoğlu Peterburqda birlikdə təhsil aldığı Fərrux bəy Vəzirovun qonağı olur. Burada o Fərrux bəyin əmisi qızı, məşhur Vəzirovlar nəslindən olan Sitarə xanımı görür və ona vurulur. Deyilənə görə, Əhməd bəy zamanın adətlərinə qarşı çıxaraq elçiliyini özü edir. Bu isə Sitarə xanımın anasının xoşuna gəlmir və öz qızını Əhməd bəyə verməkdən imtina edir.[113][117] Əhməd bəylə Starə xanım yalnız anasının ölümündən sonra 1902-ci ildə ailə həyatı qura bilirlər.[118] İlk övladları olan Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada dünyaya gəlir. 1909-cu ildə ailə təqiblərdən qurtulmaq üçün İstanbula köçür. Burada ailənin çətin günləri başlayır. Körpə övladları Bəşir dünyasını dəyişdikdən sonra Əhməd bəy 1918-ci ildə Nuru Paşanın müşaviri kimi Azərbaycana gəldiyi vaxt İstanbulda yenicə tikdirib köçdükləri ev yanıb, külə dönür.[117] Bakıdan qayıtdıqdan sonra isə onu həbs edib Maltaya sürgün edirlər. Sitarə xanım böyük bir ailər ilə qərib diyarda Əhmədsiz qalır. Lakin təmkinli olan Sitarə xanım Əhməd bəyə ünvanladığı məktublarında da yaşadığı çətinlikləri ona hiss etdirmir. Övladlarını böyütmək üçün evdə nə varsa satıb onlara xərcləyir, lakin bu çətinliklərin heç birini Əhməd bəyə bildirmir.[117] Sitarə xanım 1933-cü ildə 52 yaşında vəfat edir. Əhməd bəy və Sitarə xanımın 7 övladı olub. Vəzir və Bəşir kiçik yaşlarında vəfat etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamışlar.

Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. İstanbul Universiteti hüquq fakültəsinin ilk qız tələbəsi olub.[119] Təhsilini bitirdikdən sonra şərqin, türk dünyasının ilk qadın vəkili, hüquqşünası olub. Sürəyya xanım Türkiyənin siyasi həyatında fəal iştirak etmiş, Yeni Türkiyə Partiyasının qurucularından olmuş, partiyanın İstanbul təşkilatına rəhbərlik etmişdir. O, Türkiyənin sosial-ictimai həyatında bir çox ilklərə imza atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik etmişdir. Dəfələrlə Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil etmişdir. Beynəlxalq Hüquqçular Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin BMT Cenevrə Təşkilatı təmsilçisi seçilmişdir.[120][121]

İkinci qızı Tezer Taşqıran 1907-ci ildə Bakıda anadan olub. Əsl adı Təzəxanım olsa da Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib.[122] Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur.[123] Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır. 1944-cü ildə Kastamonudan,[124] 1946[125] və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib.[126] Yüzlərlə məqalənin və 12 kitabın müəllifidir.[120]

Əhməd bəy Ağaoğlunun böyük oğlu Əbdürrəhman Ağaoğlu Fransada ali mühəndis təhsilinə yiyələnib, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdır.[127]

Kiçik oğlu Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib. Türkiyəyə geri döndükdən sonra 1950–1960-cı illərdə TBMM-in deputatı olur və Demokrat partiyası qalib gəldikdən sonra baş nazir Adnan Mendersin hökumətində baş nazirin müavini, əmək naziri, sənaye naziri kimi mühüm vəzifələrdə çalışır.[128][129][130] 27 may 1960-cı il çevrilşindən sonra Menderes və hökumətin digər üzvləri kimi Səməd Ağaoğlu da həbs edilərək ömürlük həbs cəzasına məhkum edilir. Lakin 1964-cü ildə əfvi-ümumiyə düşərək həbsdən azad edilir.[131] 1967-ci ildə o, ata yurdu Azərbaycanda olur. Geri döndükdə isə gördükləri əsasında Sovet Rusiya İmperiyası adlı kitab yazır. Bundan başqa onun "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü", "Tanış izlər", "Dostum Menderes" kimi kitabları da vardır.

Ən kiçik övladı olan Gültəkin Ağaoğlu isə Türkiyənin tanınmış pediatrlarından biri olub.[120]

Xatirələri

Ölümündən iki il əvvəl yazmağa başladığı xatirələrini düşüncə böhranı içində olduğu bir vaxtda qələmə aldığı üçün tamamlamayıb. Yazdığı xatirələr həyatının yalnız Şuşa, Peterburq, Paris dövrlərini əhatə edir. Oğlu Səməd Ağaoğlu atasının xatirələrini yarımçıq qoymasını belə izah edib:[132]

" Ölümündən iki ay əvvəl mənə son sətirləri oxuduqdan sonra, “artıq dayandıracağam” dedi. “Xatirələrin içində üzülmək məni sonsuz dərəcədə təsirləndirir. Məndən sonra sizlər dəftərimdən davam edərsiniz”. "

Öz xatirələrində Əhməd bəy atası haqqında bunları yazır:[132][133]

" Atam rahat yaşadı, rahat öldü. Ömründə üzüntü nədir bilmədi. Hündürboy, cüssəli biriydi. Özü kimi iki nəfəri üst-üstə qoyub tək qoluyla başının üstünə qədər qaldırırdı. Qollu çuxasını, ipəkdən hazırlanmış geniş şalvarını geyinib ata mindiyi vaxt onunla yarışacaq kimsə yoxdu. Oxumağı-yazmağı bilirdi; farscanı başa düşərdi, Füzulidən şeirlər bilərdi. Mömin idi. Ondan “Sən kimsən” deyə soruşulduğu zaman "Əlhəmdülillah, Məhəmməd ümmətindənəm, Ali-əba aşiqiyəm; Mənim atam Mirzə İbrahim, onun atası da Qurdlar elindən Həsən ağadır" deyərdi. Ağlına Türk olduğu gəlməzdi. Rusların gəlib Qurdlar elinin yerində yellər əsdirdiyini də düşünməzdi. Nə var? Nə olub ki? Həmd olsun azan oxunur, məscidlər qalır, axundlar vəz verir və bizim evdə də gecə-gündüz din ətrafında söhbətlər olur. Belə olduğu halda mənim atam qarabağlı, Qurdlar elindən Mirzə İbrahim Mirzə Həsən oğlu niyə üzülsün, niyə düşünsün ki? O yeyərdi, içərdi, durnaları (bir növ ov qartalı) ov əlcəyinin üstünə alaraq tulaları (ov itləri) ilə quş ovlayardı. Ömründə bir dəfə də Qarabağın kənarına çıxmadı. Qışı kəklikləri, turacları, qırqovulları bol olan Qarabağın bir ovalığında (Osmanlı sultanları da qışı bu ovalıqda keçirərdilər), yayda isə 1200 metr hündürlükdə bir dağın başında qartal yuvası kimi qonmuş, suları buz kimi Şuşada keçirirdi. Vaxtı gəldiyində, kefi istədiyində Abdallar kəndindən aşıqları gətirərək “Kor oğlan” oyunu, “Aşıq Piri”dən, “Əsli və Kərəm”dən mahnılar dinləyərək kef çəkərdi. Belə bir adam üçün düşünüləcək, üzüləcək nə vardı ki? Ah! Kaş məni də o böyütsəydi, özünə oxşatsaydı! Hardaydı! "

Anası haqqında isə bunları yazır:[132][134]

" Mənim anam Sarıcalı elindən idi. Köçəri idi. Balaca, incə, zərif, həssas bir varlıqdı. İndi də üzünün incə cizgilərini xatırlayarkən içimdə sızıltı hiss edirəm. Hələ Sarıcalının ədası ilə söylədiyi hüzünlü, ələmli laylalar qulağımdan keçərək könlümü titrədir! Anamın axundlardan, mollalardan xoşu gəlməzdi. Şübhəsiz ki, o da dindar idi, “Fatma köləsi” idi. Fəqət onun dindarlığı köçəri bir türkün düşüncəsinə hopmuş bir iman idi. O, Allahı da, peyğəmbəri də, din adamlarını da gəzdiyi və gördüyü çaylar və dağlar kimi dumduru, apaçıq, bəzəksiz-düzəksiz görmək istəyərdi. Axundların, mollaların əcaib qiyafətləri, sarıqları, cübbələri, nalınları da xoşuna gəlməzdi: “Bunlar hiylədir, aldadıcı şeylərdir, mən oğlumu elə görmək istəmirəm” deyərdi. Üstəlik anamda bir ambisiya vardı. Rus çarı Varşava savaşına gedərkən əsgər aparmadığı çərkəs, ləzgi, osetin və türk bəylərindən hərəsindən bir könüllü alay istəmişdi. Qarabağdan göndəriləcək alay təşkil edilərkən anamın qohumlarından biri də seçilmişdi. Bu şəxs bir neçə il Lehistanda və Peterburqda qaldıqdan sonra məmləkətə dönmüşdü. Rusca öyrənmişdi və çiyinlərinin üzərində parlaq bir apolet gətirmişdi. O zamandan bəri Qarabağa rus böyüklərindən kim gələrsə, onun evinə gedər, onunla görüşər və xalqı da onun vasitəsiylə dinləyərdi. Bütün ailəsi, qohumları onunla öyünərdi, şərəflənərdi. Anam məni də onun kimi görmək istəyirdi. Arzu edirdi ki, rusca oxuyum, çiyinlərimdə apolet parıldasın, yerlilərdən dərdi olanlar anama sığınaraq məndən mədət istəsinlər!!! "

Kitablar

Çap olunmuş kitabları

  • Şiə məzhəbi və qaynaqları, London, 1893.

Əhməd Ağaoğlunun 1892-ci ildə Londonda keçirilən IX Şərqşünaslar Konfransına təqdim etdiyi məqaləsidir. Bu bildirişində Ağaoğlu şiəliyin İranda necə rəsmi dövlət dini olmasını açıqlamışdır. Qızı Sürəyya Ağaoğlu bu yazısına görə atasına İran Şahı tərəfindən firuzə üzük hədiyyə edildiyini bildirib.[135]

  • İslama görə və islamiyyətdə qadın, Tiflis, 1901.

Qadınların islamdan əvvəl və sonrakı vəziyyətindən bəhs edən bu əsərdə Əhməd Ağaoğlu islam mənbələrinə əsaslanaraq onların tarixi proseslərdəki iştirakına toxunmuş və XX əsrin əvvələrində müxtəlif cəmiyyətlərdə qadın hüquqları məsələsini tədqiq etmişdi. 1901-ci ildə Tiflisdə "Kavkazski vestnik" jurnalının 3-cü sayında rus dilində dərc edilibb və həmin il M. Martirosyantsın mətbəəsində kitab şəklində çap edilib.[136] Bu əsəri "İslamiyyətdə qadın" adı ilə Həsən Əli Ediz türk dilinə çevirmişdir. Bu tərcümə ilk dəfə 1959-cu ildə İstanbulda çap olunmuşdu. Əsər sonralar Birey Toplum Yayınları tərəfindən yenidən nəşr olunmuşdu.[137]

  • İslam, axund və hatifülqeyb, Bakı, 1902.

"Xadimi-millət" təxəllüsü ilə yazdığı "İslam, axund və hatifülqeyb" əsəri Bakıda Əvvəlinci "Şirkət" mətbəəsində çap edilib[138], daha çox "İslam və axund" adı ilə tanınıb. İslamdakı məzhəblərin çoxluğunu tənqid edərək islama ən çox axundlar və mollaların zərər vurduğunu sübutlarla bu əsərində yazıb.

  • Türk Təşkilati-Əsasiyyəsi şərhi, Ankara, 1925.

Türkiyənin 1921-ci ildəki müvəqqəti Konstitusiyasının (Təşkilati-Əsasiyyə) şərhidir.

  • Hüquqi-Əsasiyyə dərs qeydləri, Ankara, 1926–1927.

Əhməd bəy Ağaoğlunun Ankara Universiteti Hüquq Fakültəsindəki "Hüquqi-Əsasiyyə"[139] və "İkinci sinif Hüquqi-Əsasiyyə qeydləri"[140] mühazirələrindən qeydlərdir.[141]

Əhməd bəy Ağaoğlunun Maltada əsirlikdə olduğu vaxtlarda yazdığı müxtəlif mövzulardakı yazıları sonralar – 1927-ci ildə "Üç Mədəniyyət" adı altında toplanmışdır. Əsərdəki mövzular Üç Mədəniyyət, Din, Əxlaq, Fərd, Ailə, Cəmiyyət, Dövlət, Hökumət başlıqları ilə verilmişdir. Bu yazılar kitab şəklində çap olunmamışdan əvvəl "Türk Yurdu" dərgisində silsilə olaraq dərc olunmuşdur.[142] Əsər ilk dəfə kitab şəklində 1927-ci ildə nəşr olunmuşdur. Sonralar bir neçə dəfə çap edilmişdir.

  • İngiltərə və Hindistan, İstanbul, 1929.

Əhməd bəy Ağaoğlu bu əsərində İngiltərənin idarəetmə və dövlət təşkilatlarındakı uğurların səbəbini açıqlayır. Əsərdə Ağaoğlu İngiltərənin özündən böyük ölkələri, xüsusilə Hindistanı necə müstəmləkəsinə çevirdiyini izah edir. Kitab ilk dəfə İstanbulda Cümhuriyyət mətbəəsində 1929-cu ildə çap edilib.[143]

Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir. Əsərdə müəllif əsarət zəncirlərini qıraraq qaçan bir Türkün demokratik ölkəyə gəlməsi və bu ölkənin vətəndaşı olması üçün nələr etməli olduğunu göstərir. Əhməd bəy Ağaoğlu "Sərbəst İnsanlar Ölkəsi" deyə adlandırdığı bu xəyali ölkənin başqalarının hüquqlarına sayğı göstərən, qanunlarla idarə olunan bir yer olduğunu göstərir. Ölkənin yaşayış tərzi, qanunları əsərdə utopik mənada şərh olunur.[144]

  • Hüquq tarixi, İstanbul, 1931–1932.

Əhməd bəy Ağaoğlunun Hüquq fakültəsində 1931–1932-ci tədris illərində keçdiyi dərslərin bəzi məqamlarının toplandığı kitabdır.[145]

  • Etrusk mədəniyyəti və bunların Roma mədəniyyətinə təsiri, Ankara, 1932

Qədim etrusklar və onların mədəniyyətinin Qədim Romaya və onun mədəniyyətinə təsirindən bəhs edir. Atatürkün göstərişi ilə yazılmağa başlanmış "Türk tarixinin ana xəttləri" əsərinin № 9 müsvəddəsidir.[146]

  • Dövlət və fərd, İstanbul, 1933.

Əhməd bəy Ağaoğlunun "Cümhuriyyət" qəzetində "Kadro" dərgisi və Kadro hərəkatı ilə bağlı çap olunmuş məqalələrinin toplusudur. 1932-ci il noyabrın 13-də "Cümhuriyyət" qəzetində çap olunan bu məqalələr silsiləsinin ilk yazısının başlığı – Dövlət və Fərd sonralar kitabın adı olmuşdur. Məqalələr silsiləsi 14 yazıdan ibarətdir.[147]

  • 1500 ilə 1900 arasında İran, Ankara, 1934.

XVI əsrin əvvəllərindən 1896-cı ilə qədərki İran tarixi və İran tarixində türklərin rolu mövzusundan bəhs edir. Atatürkün göstərişi ilə yazılmağa başlanmış "Türk tarixinin ana xəttləri" əsərinin № 13 müsvəddəsidir.[148]

  • Mən kiməm, İstanbul, 1939.

Əhməd bəy Ağaoğlu 1936-cı il sentyabrın 5-də "Cümhuriyyət" qəzetində bu başlıqla çap olunan beş məqalədən ibarət yazı silsiləsini 1939-cu il dekabrın 19-da eyni adla əlavə dörd məqalə yazaraq davam etdirmişdir. Övladları Əhməd bəy Ağaoğlunun ölümündən sonra dərc olunmamış üç məqaləsini də əlavə edərək on iki məqalədən ibarət "Mən Nəyəm" adlı kitab çap etdirmişlər. Alleqorik əsərdir. Əsərdə bölmələrdən biri "Tanrı Dağında" adlanır. Əhməd Ağaoğlunun "Cümhuriyyət" qəzetində əski Türk yaşayışına dair yazdığı məqaləsi sonralar "Mən Nəyəm" adlı əsərində eyni adla çap olunmuşdur. Əhməd Ağaoğlu qədim Türk yaşayışına dair məlumatları rus alimi Seroşevskinin "Yakutlar" əsərindən əldə etmişdir. Bu yazı da alleqorik əsərdir.

  • Könülsüz olmaz, Ankara, 1941.

Maltada sürgün günlərində yazılmış didaktik xatirələrdir. Əhməd bəy Ağaoğlunun alleqorik əsərlərindən biridir.

  • İran və inqilabı, Ankara, 1941.

XVI əsrdən 1925-ci ilə qədərki İran tarixindən və İran şahı Rza Pəhləvi dövründə baş vermiş tarixi hadisələrdən bəhs edir. Əslində bu, 1500 ilə 1900 arasında İran sərlövhəli əsərə 1896-cı ildən sonrakı hadisələrin əlavə edilərək genişləndirilmiş formasıdır.

  • İxtilalmı, inqilabmı? Ankara, 1942.

Əhməd bəy Ağaoğlunun "Böyük Zəfər"dən öncə Anadoluda başlayan və davam edən hərəkatın yeni dövlət qurmaq prinsipinə əsaslandığını və Milli Qurtuluş Mübarizəsi apardığını nəzərə çatdırmaq məqsəd ilə yazılmış məqalələrindən ibarət əsəri 1922-ci ilin may-avqust aylarında "Hakimiyyəti-milliyə" qəzetində dərc olunmuşdur. Bu məqalələr ölümündən sonra toplanaraq kitab şəklində çap olunub.

  • Sərbəst Firqə xatirələri, İstanbul, 1949.

1930-cu ildə təşkil olunan Sərbəst Cümhuriyyət Partiyasına necə daxil olduğundan, o günlərin siyasi mühitindən, Sərbəst Cümhuriyyət Partiyasının hədəflərindən və düşdüyü vəziyyətdən bəhs edən xatirələrdir.

Haqqında yazılmış kitablar

  • Atamdan xatirələr, Ankara, 1940.

Kitab Səməd Ağaoğlu tərəfindən atasının ölümünün birinci ildönümündə 1940-cı ildə Ankarada çap edilib. Kitab üç hissədən ibarətdir. Birinci hissə Səməd Ağaoğlunun atası haqqında xatirələrindən, ikinci hissə Əhməd bəy Ağaoğlunun öz uşaqlıq və gənclik illəri xatirələrindən üçüncü hissə isə Əhməd bəy öldükdən sonra haqqında yazılan yazılardan ibarətdir.[118]

  • Atamın dostları, İstanbul, 1958.

Yazıçı, siyasətçi və dövlət xadimi Səməd Ağaoğlu tərəfindən yazılan "Atamın dostları" kitabında atası, Əhməd Ağaoğlunun türkçülük hərəkatında, sənət və siyasət aləmində, yeni Türkiyənin qurulması uğrunda mübarizədə çiyin-çiyinə addımladığı bir sıra şəxsiyyətlərin portretləri yaradılıb. Müəllifin ad çəkmədən son dərəcə səciyyəvi cizgilərlə rəsm etdiyi bu portretlər özlərinin, eləcə də Əhməd Ağaoğlunun həyatının, mübarizə və ideallarının bir sıra xüsusiyyət və keyfiyyətlərini aşkara çıxarır. Kitab 1958-ci ildə "Nebioğlu Yayınevi"ndən, 1969-cu ildə "Baha" mətbəəsindən, 1998-ci ildə İstanbulda "İletişim Yayıncılık" nəşriyyatı tərəfindən, 2016-cı ildə isə Bakıda Qanun Nəşriyyatı tərəfindən çap edilib.[149]

Çap olunmuş "Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu" kitabının üz qabığı

Kitab, 2018-ci ildə tarix elmləri doktoru, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, Azərbaycan xalqının milli məfkurəsinin formalaşması məsələləri ilə bağlı bir neçə monoqrafiyanın müəllifi olan Aydın Balayev tərəfindən yazılan bu əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilib. Müəllif əsərdə qeyri-adi istedada malik bu şəxsiyyət barədə bioqrafik məlumatları, sadalamaqla kifayətlənməyərək, həmçinin geniş sənədli materiallara əsaslanaraq Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışlarının təkamülünü konkret zaman və məkan kontekstində izah edib. Kitab rus dilindədir və tarixçilər, etnoloqlar, politoloqlar, eləcə də milli tariximizlə maraqlananlar üçün nəzərdə tutulub.[150]

İstinadlar

  1. Record #13234808 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. Library of Congress Authorities (ing.). Library of Congress.
  3. "TBMM Albümü 1. Cilt (1920–1950)" (PDF). 2016-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-11.
  4. "Ahmet Ağaoğlu (1869-1939)". Atatürk Ansiklopedisi. 2021. İstifadə tarixi: 2024-04-05.
  5. Ağayev (Ağaoğlu ) Əhməd bəy Mirzə Həsən oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 167–168. ISBN 978-9952-441-02-4.
  6. Əbdülhüseyn Ənbiya oğlu. XX əsrin 100 görkəmli azərbaycanlısı (PDF). Bakı: Sumqayıt nəşriyyatı. 2002. səh. 10.
  7. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 469. ISBN 9789952310467.
  8. "Kemalizm və Türk İnqilabı Atatürk Çağı Düşünənlərinin Gözü ilə" (PDF). 2021-07-05 tarixində arxivləşdirilib (PDF).
  9. Yusif Vəzir Çəmənzəminli. [[Yusif Vəzir Çəmənzəminli]] əsərləri üç cilddə (PDF). III. Bakı: Avrasiya Press. 2005. səh. 394. ISBN 9952-421-07-7.
  10. Vüqar İmanov. Ali Merdan Topçubaşı (1865–1934) Lider Bir Aydın ve Bağımsız Azerbaycan Cumhuriyeti'nin Temsili. İstanbul: Boğaziçi Üniversitesi Yayınevi. 2003. səh. 33. ISBN 9755182020.
  11. "Məhəmməd Əmin Rəsulzadə – Əhməd Ağaoğlu". milliyyet.info. 2019-07-15 tarixində arxivləşdirilib.
  12. Əli Qurbanlı. "Əhməd bəy Ağaoğlunun sosial-iqtisadi düşüncələri". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
  13. Aydın Balayev. Мамед Эмин Расулзаде Политический Портрет (PDF). Bakı: KitabKlubu.org. 2014. səh. 191. ISBN 978-9952-824-57-5.
  14. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 236. ISBN 9789952310467.
  15. Vilayət Quliyev. Ağaoğlular. Bakı: Ozan nəşriyyatı. 1997. səh. 31.
  16. Abdulla Gündoğdu. Ümmetten Millete. İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2007. səh. 25. ISBN 9789752551565.
  17. Akdes Nimet Kurat. Türkiye ve Rusya. Kültür Bakanlığı yayınları. 1990. səh. 531. ISBN 975 – 17 – 0703 – X.
  18. "Parlament və onun tərkibi". 2004. 12 aprel 2019 tarixində arxivləşdirilib.
  19. Vilayət Quliyev. Azərbaycan Paris Sülh Konfransında (1918–1920). Bakı: Ozan. 2008. səh. 6. ISBN 5-9986-6864-4.
  20. Vilayət Quliyev. Parisə əzablı yol (PDF). Bakı: AMEA Xəbərləri (ictimai elmlər seriyası). 2018. səh. 193.
  21. Əhməd bəy Ağaoğlu. Mütareke Ve Sürgün Hatıraları. İstanbul: Doğu kitab evi. 2010. səh. 84,90. ISBN 6056115486.
  22. A.Holly Shissler. İki Imparatorluk Arasinda. Ahmet Ağaoğlu ve Yeni Türkiye. İstanbul: İstanbul Bilgi Universitesi Yayinlari. 2005. səh. 294. ISBN 9789756176214.
  23. Fahri Sakal. Ağaoğlu Ahmet Bey’in Demokrasi Anlayışı. Atatürk Araştırma Merkezi Dergisi. Mart 1996.
  24. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  25. Yusif Akçura. Türkçülüyün tarixi (PDF). Bakı. 2006. səh. 112.
  26. Səməd Ağaoğlu. Babamdan Hatıralar (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 152-158.
  27. Səməd Ağaoğlu. Babamdan Hatıralar (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 68.
  28. Səməd Ağaoğlu. Babamdan Hatıralar (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 70.
  29. Yusif Akçura. Türkçülüyün tarixi (PDF). Bakı. 2006. səh. 114.
  30. Səməd Ağaoğlu. "Babamdan Hatıralar" (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 91-93.
  31. Əli Heydər Bayat. "Hüseyinzade Ali Bey". Ankara: Atatürk Kültür Merkezi yayınları. 1998. 410. ISBN 975161029X.
  32. Əhməd bəy Ağaoğlu. Şuşa, Peterburq və Paris xatirələri. Bakı: Çapar yayınları. 2019. səh. 69. ISBN 978-9952-8356-4-9.
  33. Xaləddin Sofiyev. Şərq-Qərb mədəniyyətləri və Əhməd Bəy Ağaoğlu. Bakı: Ocaq. 2004. 240. ISBN 9952-415-00-1.
  34. Əhməd bəy Ağaoğlu. Şuşa, Peterburq və Paris xatirələri. Bakı: Çapar nəşriyyat evi. 2019. səh. 74-78. ISBN 9789952835649.
  35. Şahnəzər Hüseynov. Əhmədbəy Ağaoğlunun dünyagörüşü. Bakı: Azərnəşr. 1998. səh. 6.
  36. Əziz Mirəhmədov. Əhməd bəy Ağaoğlu (PDF). Bakı: Ərgünəş. 2014. səh. 31. ISBN 978-9952-8239-0-5.
  37. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 54-75. ISBN 9789952310467.
  38. A.Holly Shissler. İki Imparatorluk Arasinda. Ahmet Ağaoğlu ve Yeni Türkiye. İstanbul: İstanbul Bilgi Universitesi Yayinlari. 2005. səh. 186. ISBN 9789756176214.
  39. Məhəmməd Şahtaxtinski. (rus. ). Tiflisskiy listok qəzeti. 1905.
  40. Cəmil Həsənli. Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov. Bakı: ADA. 2010. səh. 76. ISBN 2000335297968.
  41. A.Holly Shissler. İki Imparatorluk Arasinda. Ahmet Ağaoğlu ve Yeni Türkiye. İstanbul: İstanbul Bilgi Universitesi Yayinlari. 2005. səh. 205. ISBN 9789756176214.
  42. Səməd Ağaoğlu. Babamdan Hatıralar (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 154-155.
  43. Mübariz Süleymanlı. Əhməd Ağaoğlunun "İslama görə və islamiyyətdə qadın" əsərinə elmi-tənqidi yanaşmalar (PDF). Bakı: Letterpress MMC. 2008. səh. 83.
  44. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 140. ISBN 9789952310467.
  45. Əhməd bəy Ağaoğlu. "Правда о бакинских событиях" (rus. ). Санкт-Петербургские ведомости. 21-22 aprel 1905-ci il.
  46. Dilqəm Əhməd. "Əhməd Ağaoğlunun Əli Hüseynzadəyə məktubları". dilqemehmed.wordpress.com. 14 aprel 2014. 22 may 2019 tarixində arxivləşdirilib.
  47. . İrşad. 1907 23 fevral.
  48. Yusif Akçura. Türkçülüyün tarixi (PDF). Bakı. 2006. səh. 122.
  49. Nazim Mustafa. "1905-1906-cı illər kütləvi qırğınları". tarixinstitutu.az. 10 may 2019 tarixində arxivləşdirilib.
  50. Əhməd bəy Ağaoğlu Seçilmiş Əsərləri (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. 15. ISBN 978995234034.
  51. Məmməd Səid Ordubadi. [[Qanlı illər (kitab)|Qanlı illər]]. Bakı: "Qafqaz" nəşriyyat evi. 2007. səh. 93. ISBN 9952-432-05-4.
  52. İradə Bağırova. Политические партии и организации Азербайджана в начале XX века (1900–1917) (PDF). Bakı: Elm nəşriyyatı. 1997. səh. 170. ISBN 5–8066–0767–4.
  53. Eldar Əzizov. "Difai Partiyasının yaranması". Ədalət qəzeti. 19 fevral 2011. 10 may 2019 tarixində arxivləşdirilib.
  54. Yusif Akçura. Türkçülüyün tarixi (PDF). Bakı. 2006. səh. 124.
  55. Əhməd bəy Ağaoğlu. "Dar ül-Hilafe'de Maarif-i lbtidaiyenin Hali ve Suret-i ıslahı" (türk. ). Sırat-ı Müstakim qəzeti 113-cü say. Oktyabr 1910.
  56. Mehmet Ali Ayni. Darülfünun Tarihi. İstanbul: Kitab Evi. 2007. səh. 77. ISBN 9789759173296.
  57. Edward Granville Browne. The Press And Poetry Of Modern Persia (PDF). Kembric: Cambridge University Press. 1914. səh. 102.
  58. Ufuk Özcan. Ahmet Ağaoğlu ve Rol Değişikliği. İstanbul: Donkişot Yayınları. 2002. səh. 89. ISBN 9758627643.
  59. Yusif Akçura. Türkçülüyün tarixi (PDF). Bakı. 2006. səh. 127.
  60. Erik Yan Zürxer. The Unionist Factor: The Role of the Committee of Union and Progress in the Turkish National Movement 1905–1926. Leyden: Brill Academic Pub. 1997. səh. 78. ISBN 9004072624.
  61. François Georgeon. Türk Milliyetçiliğinin Kökenleri / Yusuf Akçura. İstanbul: Tarih Vakfı Yurt Yayınları. 2005. səh. 196. ISBN 9753330588.
  62. Aydın Balayev. Мамед Эмин Расулзаде (1884–1955) (PDF). Moskva: Flinta nəşriyyatl. 2009. səh. 109. ISBN 978-5-9765-0785-2.
  63. Aydın Balayev. Мамед Эмин Расулзаде Политический Портрет (PDF). Bakı: KitabKlubu.org. 2014. səh. 110. ISBN 978-9952-824-57-5.
  64. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 338. ISBN 9789952310467.
  65. Vilayət Quliyev. Ağaoğlular. Bakı: Ozan nəşriyyatı. 1997. səh. 35.
  66. "Meclis-i Mebusan 5. dönem mebusları listesi" (türk. ). ipfs.io. 12 aprel 2019 tarixində arxivləşdirilib.
  67. Azərbayсan Xalq Cumhuriyyəti (1918–1920). Parlament (Stenoqrafik hesabatlar). I. Bakı: Azərbaycan. 1998. səh. 94-95.
  68. Əhməd bəy Ağaoğlu. Mütareke Ve Sürgün Hatıraları. İstanbul: Doğu kitab evi. 2010. səh. 47-48. ISBN 6056115486.
  69. Cəmil Həsənli. Русская революция и Азербайджан: Трудный путь к независимости (1917–1920) (PDF). Moskva: Flinta. 2011. səh. 337-338. ISBN 978-5-9765-0993-1.
  70. Əhməd bəy Ağaoğlu. Mütareke Ve Sürgün Hatıraları. İstanbul: Doğu kitab evi. 2010. səh. 50. ISBN 6056115486.
  71. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 363. ISBN 9789952310467.
  72. Əlimərdan bəy Topçubaşov. Paris Məktubları (PDF). Bakı: Azərnəşr. 1998. səh. 21-22.
  73. Cəmil Həsənli. Русская революция и Азербайджан: Трудный путь к независимости (1917–1920) (PDF). Moskva: Flinta. 2011. səh. 255. ISBN 978-5-9765-0993-1.
  74. Səməd Ağaoğlu. Hayat Bir Macera! Çocukluk ve Gençlik Hatıraları. İstanbul: Kitap yayın evi. 2013. səh. 65. ISBN 9758704044.
  75. Vilayət Quliyev. "Əhməd Ağaoğlu: Malta sürgünü III yazı". 525-ci qəzet. 21 aprel 2012. 23 aprel 2019 tarixində arxivləşdirilib.
  76. Səməd Ağaoğlu. Hayat Bir Macera! Çocukluk ve Gençlik Hatıraları. İstanbul: Kitap yayın evi. 2013. səh. 69-70. ISBN 9758704044.
  77. Vilayət Quliyev. "Əhməd Ağaoğlu: Malta sürgünü II yazı". 525-ci qəzet. 14 aprel 2012. 23 aprel 2019 tarixində arxivləşdirilib.
  78. Mədinə Karahan. "Türk düşüncə və siyasət adamı – Əhməd bəy Ağaoğlu-150". 525.az. 29 mart 2019. 19 aprel 2019 tarixində arxivləşdirilib.
  79. Səməd Ağaoğlu. Hayat Bir Macera! Çocukluk ve Gençlik Hatıraları. İstanbul: Kitap yayın evi. 2013. səh. 88. ISBN 9758704044.
  80. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 375. ISBN 9789952310467.
  81. Vilayət Quliyev. "Əhməd Ağaoğlu: Malta sürgünü IV yazı". 525-ci qəzet. 28 aprel 2012. 24 aprel 2019 tarixində arxivləşdirilib.
  82. Əhməd bəy Ağaoğlu. Mütareke Ve Sürgün Hatıraları. İstanbul: Doğu kitab evi. 2010. səh. 141. ISBN 6056115486.
  83. Əhməd bəy Ağaoğlu. Mütareke Ve Sürgün Hatıraları. İstanbul: Doğu kitab evi. 2010. səh. 158. ISBN 6056115486.
  84. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 398. ISBN 9789952310467.
  85. Семен Иванович Аралов. Воспоминания советского дипломата, 1922–1923. Moskva: Издательство института международных отношений. 1960. səh. 40.
  86. Əhməd bəy Ağaoğlu. İhtilal mi İnkılap mı. Ankara: Alaeddin Kıral Basımevi. 1942. 72.
  87. Dursun Gök. İkinci Türkiye Büyük Millet Meclisi dönemi, 1923–1927. Konya. 1995. səh. 156-157.
  88. Öztürk Kazım. Türk Parlamento tarihi : TBMM II. Dönem 1923–27 (III cild). Ankara: Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları. 1993. səh. 473-475. ISBN 975 – 7291 – 04 – 8.
  89. [[[:tr:TBMM 3. dönem milletvekilleri listesi]] "TBMM 3. dönem milletvekilleri listesi"] (#bad_url) (türk. ). tr.wikipedia.org. 10 May 2019 tarixində 3. dönem milletvekilleri listesi%5d%5d arxivləşdirilib (#bad_url).
  90. Aydın Balayev. Мамед Эмин Расулзаде Политический Портрет (PDF). Bakı: KitabKlubu.org. 2014. səh. 427. ISBN 978-9952-824-57-5.
  91. Ebru Kayabaş. "Bir Yavuz Hukukçu": Ahmet Ağaoğlu". İstanbul Üniversitesi Hukuk Fakültesi Mecmuası. 2012. 13 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: türk. .
  92. Fahri Sakal. Agaoglu Ahmed Bey. Ankara: Turk Tarih Kurumu Yayinlari. 2015. səh. 46. ISBN 979-9751611122.
  93. Əhməd bəy Ağaoğlu. Ahmet Ağaoğlu ve Hukuk-ı Esasiye Ders Notları (1926–1927). İstanbul: Koç Üniversitesi Yayınları. 2012. 450. ISBN 9786056257513.
  94. Aydın Balayev. Мамед Эмин Расулзаде. На чужих берегах. 1922–1943 (azərb. Məhəmməd Əmin Rəsulzadə. Özgə sahillərdə. 1922–1943). Moskva: ИПЦ "Маска". 2013. səh. 35. ISBN 978-5-91146-875-0.
  95. Məhəmməd Əmin Rəsulzadə. Сборник произведений и писем ([[Azərbaycan dili|azərb]]. Əsər və məktublarının toplusu). Moskva: Флинта. 2010. səh. 278. ISBN 978-5-9765-0814.
  96. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi. Fond 1, İnventar 85, İş 42, Sənəd 507
  97. Aydın Balayev. Мамед Эмин Расулзаде. На чужих берегах. 1922–1943 (azərb. Məhəmməd Əmin Rəsulzadə. Özgə sahillərdə. 1922–1943). Moskva: ИПЦ "Маска". 2013. səh. 37-38. ISBN 978-5-91146-875-0.
  98. Musa Qasımlı. Azerbaycan Türklerinin Milli Mücadele Tarihi 1920–1945. İstanbul: Kaknüs yayınları. 2006. səh. 327. ISBN 9752560733.
  99. Əhməd bəy Ağaoğlu. Serbest Fırka Hatıraları. İstanbul: İletişim Yayınları. 2011. səh. 10. ISBN 9789754703962.
  100. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. səh. 57.
  101. Çetin Yetkin. Serbest Cumhuriyet Fırkası Olayı. İstanbul: Karacan Yayınları. 1982. səh. 92-93.
  102. Dilqəm Əhməd. "Atatürkün böyük oyunu". kultura.az. 8 iyul 2013. 16 September 2019 tarixində orijinalından arxivləşdirilib.
  103. Hasan Rıza Soyak. Atatürk'ten Hatıralar. Yapı Kredi yayınları. 2005. səh. 443-444.
  104. Əhməd bəy Ağaoğlu. Serbest Fırka Hatıraları. İstanbul: İletişim Yayınları. 2011. səh. 64. ISBN 9789754703962.
  105. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. səh. 59.
  106. Əhməd bəy Ağaoğlu. Etrüsk medeniyeti ve bunların Roma medeniyeti üzerine tesiri. Ankara: Başvekâlet Müdevvenat Matbaası. 1932.
  107. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. səh. 64.
  108. Aydın Balayev. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu. Bakı: “TEAS-Press” Nəşriyyat evi. 2018. səh. 477. ISBN 9789952310467.
  109. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. səh. 65.
  110. Hakkı Uyar. Ağaoğlu Ahmet’in “Liberal Muhalif” Gazetesi:Akın (1933).
  111. Vilayət Quliyev. Ağaoğlular. Bakı: Ozan nəşriyyatı. 1997. səh. 47.
  112. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. 255.
  113. Dilqəm Əhməd. "Qızı Əhməd bəy Ağaoğlu haqqında". dilqemehmed.wordpress.com. 7 dekabr 2015. 27 mart 2019 tarixində arxivləşdirilib.
  114. Akif Aşırlı. "Əhməd bəy Ağaoğlunun dəfni – Araşdırma (III yazı)". sherg.az. 24 yanvar 2017. 27 mart 2019 tarixində arxivləşdirilib.
  115. Akif Aşırlı. "Əhməd bəy Ağaoğlunun dəfni – araşdırma". sherg.az. 23 yanvar 2017. 2019-03-27 tarixində arxivləşdirilib.
  116. Akif Aşırlı. "Əhməd Ağaoğlunun dəfni – Akif Aşırlı yazır". sherg.az. 19 yanvar 2017. 2019-03-27 tarixində arxivləşdirilib.
  117. Qərənfil Dünyaminqızı. "Əhməd bəy Ağaoğlunu ram edən sevgi dolu böyük qadın". Kaspi qəzeti S. 15. 1 noyabr 2016. 28 mart 2019 tarixində arxivləşdirilib.
  118. Səməd Ağaoğlu. Babamdan Hatıralar (PDF). Ankara: Zerbamat nəşriyyat evi. 1940. səh. 25.
  119. Ülviyyə Tahirqızı. "Azərbaycanlı Sürəyya Ağaoğlu Türkiyənin hüquq aləmində məşhur idi". Xalq Cəbhəsi qəzeti. 7 mart 2014. 27 mart 2019 tarixində arxivləşdirilib.
  120. "Türkiyədə iz qoyan azərbaycanlı bacılar". interpress.az. 24 yanvar 2016. 21 mart 2019 tarixində arxivləşdirilib.
  121. Aysel Abdullazadə. "Sürəyya Ağaoğlu". yazar.in. 2 noyabr 2015. 2019-03-21 tarixində orijinalından arxivləşdirilib.
  122. Dilqəm Əhməd. "Tezer Taşkıran" (PDF). Birlik. 2015. 2018-06-30 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  123. Dilqəm Əhməd. "Tezer Ağaoğlu". dilqemehmed.wordpress.com. 25 may 2015. 21 March 2019 tarixində orijinalından arxivləşdirilib.
  124. "TBMM 7. dönem milletvekilleri listesi". İpfs.io. 30 iyun 2018 tarixində arxivləşdirilib.
  125. "TBMM 8. dönem milletvekilleri listesi". İpfs.io. 30 iyun 2018 tarixində arxivləşdirilib.
  126. "TBMM 9. dönem milletvekilleri listesi". İpfs.io. 30 iyun 2018 tarixində arxivləşdirilib.
  127. "Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)". 525-ci qəzet. 2 iyul 2018 tarixində arxivləşdirilib.
  128. "T.C. Çalışma ve Sosyal Güvenlik Bakanları listesi" (türk. ). ipfs.io. 2016. 2019-03-27 tarixində orijinalından arxivləşdirilib.
  129. "Türkiye bilim, sanayi ve teknoloji bakanları listesi" (türk. ). ipfs.io. 2016. 2019-03-27 tarixində orijinalından arxivləşdirilib.
  130. "Türkiye başbakan yardımcıları listesi" (türk. ). ipfs.io. 2016. 2019-03-27 tarixində orijinalından arxivləşdirilib.
  131. "Yazıçı və dövlət xadimi Səməd Ağaoğlunun hekayələr və memuarları". azertag.az. 6 mart 2009. 2019-03-22 tarixində orijinalından arxivləşdirilib.
  132. Dilqəm Əhməd. "Kərbəlayi Bahar mənə bu cür bir erməni tapdı..." teleqraf.com. 8 fevral 2018. 19 aprel 2019 tarixində arxivləşdirilib.
  133. Əhməd bəy Ağaoğlu. Şuşa, Peterburq və Paris xatirələri. Bakı: Çapar yayınları. 2019. səh. 27-28. ISBN 978-9952-8356-4-9.
  134. Əhməd bəy Ağaoğlu. Şuşa, Peterburq və Paris xatirələri. Bakı: Çapar yayınları. 2019. səh. 28, 31. ISBN 978-9952-8356-4-9.
  135. Sürəyya Ağaoğlu. Bir Ömür Böyle Geçti. İstanbul: Ağaoğlu yayın evi. 1984. səh. 7.
  136. Агаев, Ахмед-бек. Женщина по исламу и в исламе (rus). Тифлис: скоропеч. М. Мартиросянца. 1901. 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  137. Əhməd Ağaoğlu. İslamiyette Kadın. Ankara: Birey Toplum Yayınları. 1985. 63.
  138. Əliyev, Ə. Y., redaktor Azərbaycan kitabı. (Biblioqrafiya). I Cild. Bakı. 1963. 42.
  139. Ağaoğlu, Ahmet. Hukuk-i Esasiyye (türk). Ankara: [s. n.] 192?.
  140. Ağaoğlu, Ahmet. İkinci Sınıf Hukuk-i Esasiye Notları (türk). Ankara: Kader Matbaası, Ankara Hukuk Mektebi. 1927.
  141. "Hukuk-i esasiyye". TBMM Kütüphanesi. İstifadə tarixi: 2024-04-05.
  142. Əhməd Ağaoğlu. Üç mədəniyyət. İstanbul: Doğu Kitab evi. 2013. səh. 13. ISBN 978-605-5296-06-3.
  143. Əhməd Ağaoğlu. İngiltərə və Hindistan. İstanbul: Cumhuriyyet. 1929. 44.
  144. Əhməd Ağaoğlu. Sərbəst insanlar ölkəsində (PDF). İstanbul: Senayii Nefise Matbaası. 1930. 128.
  145. "HUKUK TARİHİ (Hukuk Fak. Müderrislerinden Ağaoğlu Ahmet Beyefendinin takrirleridir), Hukuk Talebesi Cemiyeti Neşriyatı, 1931-32, İstanbul, 189 sayfa". Phebus Muzayede. İstifadə tarixi: 2024-04-04.
  146. "Etrüsk medeniyeti ve bunların Roma medeniyeti üzerine tesiri / Ağaoğlu Ahmet". Türk Tarih Kurumu Kütüphanesi. İstifadə tarixi: 2024-04-04.
  147. Əhməd bəy Ağaoğlu. Devlet ve Fert (PDF). İstanbul: Sanayiinefise Matbaası. 1933. 141.
  148. "1500 ile 1900 arasında İran / Ağaoğlu Ahmet". Türk Tarih Kurumu Kütüphanesi. İstifadə tarixi: 2024-04-04.
  149. "Səməd Ağaoğlu – Atamın dostları". qanun.az. 2016. 2017-06-06 tarixində orijinalından arxivləşdirilib.
  150. "Патриарх Тюркизма Ахмед Бек Агаоглу [[Azərbaycan dili|azərb]]. Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu" (rus. ). teaspress.az. 27 mart 2019 tarixində arxivləşdirilib.

Xarici keçidlər

Kitabları

Video materiallar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.