Əfqan Əsgərov

Əfqan Hacıağa oğlu Əsgərov (23 sentyabr 1929, Qarabağlı13 fevral 2022, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, dramaturq. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Təfəkkür Universitetinin jurnalistika professoru.

Əfqan Əsgərov
Təxəllüsü Əfqan
Doğum tarixi 23 sentyabr 1929(1929-09-23)
Doğum yeri
Vəfat tarixi 13 fevral 2022(2022-02-13) (92 yaşında)
Vəfat yeri
Dəfn yeri Yasamal qəbristanlığı
Vətəndaşlığı
Təhsili
İxtisası Jurnalist
Fəaliyyəti yazıçı, jurnalist, dramaturq
Fəaliyyət illəri 1953-2022
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət Tarixi roman
Janr roman
İlk əsəri "Gecikmisən"- 1961
Tanınmış əsərləri "Bəy İnal" , "Qız Atası"
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi

Həyatı

Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar (indiki Salyan rayonunun Qarabağlı kəndi) kəndində anadan olub. Ağır müharibə illərində orta təhsil almaq imkanından məhrum olmuş, cəmi üç sinif oxusa da ona 8-ci sinfi bitirmək haqqında şəhadətnamə verilmiş və o bir qohumunun məsləhəti ilə tibb texnikumuna daxil olaraq feldşer ixtisasına yiyələnmişdir. Uşaqlıqdan şeir yazmağa böyük həvəsi olan Əfqan Əsgərov Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, lakin rektor Abdulla Qarayevin köməyi ilə jurnalistika şöbəsində oxuyub.

1953-cü ildə universiteti bitirdikdən sonra mətbuatda çalışan Ə.Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Poçtalyon" kino-ssenarisi çap edilib. Əfqan Əsgərov eyni zamanda bu qəzetdə elan olunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək üçüncü mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Əfqan bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Gecikmisən" (1961), "Gözəllik sorağında" (1962), "Sən belə deyilsən" (1963), "Sarı əlcək" (1965) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Əfqan iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib. Kinostudiyanın problemləri ilə bağlı "Kommunist" qəzetində məqalə ilə çıxş edən Əfqan Əsgərovun bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə müzakirə olunub və Əfqana "Kommunist" qəzetində işləməyi məsləhət görüb. Beləliklə, Əfqan Əsgərov həmin qəzetdə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1989-cu ildə "Sovet kəndi" qəzetinin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru işləyib.

1 sentyabr 1989-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Əfqan Əsgərov yazıçı və dramaturq kimi də fəaliyyət göstərib. "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası, "Qozbel", "Məhəbbət ətirli qərənfilim", "Dünya gözəlliyindir", "O, daş deyildir" və başqa povestləri onin əsərləri sırasındadır.

Dramaturgiya sahəsində də qələmini sınayan Əfqanın "Sarı əlcək", "O mənim oğlumdur", "Dağ seli", "Gülməyən adam" adlı pyesləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub. "Qız atası" komediyası Əfqan Əsgərovun teatrlarda ən çox oynanılan əsərlərindən biri olub. 70-ci illərin başlanğıcında oxucuların qəlbinə geniş şəkildə yol tapmış Əfqan milli həyatın daha qlobal problemlərini əks etdirən romanları ilə nəsrimizi zənginləşdirdi. Əslində o, XX əsr Azərbaycan kəndində baş verən ciddi siyasi və sosial dəyişiklikləri nəsrə gətirdi. Bu məsələlər yazıçının "Dədə Bəhmən" trilogiyasında öz əksini tapmışdır. Trilogiya "Gülyanaq" romanı ilə başlayır. "Gülyanaq" 70-ci illərin ən təsirli, cəmiyyət həyatındakı ziddiyyət və iztirabların geniş lövhəsini özündə əks etdirən romandır.

Professor Azad Nəbiyev: "Əfqanın yaradıcılığında tarixi romanlar xüsusi yer tutur. Tarixi roman yazmağın məsuliyyətini yaxşı başa düşən yazıçı Azərbaycan tarixində analitik araşdırılmalar aparmışdır. Bu mənada "Bəy Inal", "Şahlar şahı", "Cənnətməkan" romanlarını xüsusi qeyd etmək lazımdır. Əfqan Azərbaycan ərazisindəki hökmdarlıq dövrünü, həmin dövrdə azərbaycanlıların adət-ənənəsinin, həyat və məişətinin bu günümüz üçün son dərəcə əhəmiyyətli və maraqlı olan xüsusiyyətlərini öyrənmiş, bir neçə ilin axtarışından sonra trilogiyanın ilk romanı olan "Bəy Inal"ı yazmışdır. Əsər xalqımızın qədim dövr tarixini, dövlətçilik ənənəsini öyrənmək baxımından maraqlı olduğu kimi, Azərbaycan xalqının tarixi taleyini, müxtəlif qonşu ölkələr əhatəsində keşməkeşli taleyini öyrənmək baxımından da bir o qədər əhəmiyyətlidir. Yazıçı haqqında tənqidçi fikirləri… Əfqanın tarixi romanlarının başqa bir cəhətini də qeyd etmək vacibdir. Məlumdur ki, sovetlər dönəmində yaranan bütün bədii ədəbiyyatda şahlara, padşahlara və sultanlara münasibət birmənalı olmamışdı. Əksər nümunələrdə onlar zalım, qaniçən, ədalətsiz insanlar kimi təqdim edilmişdi. Təbii ki, bu da tarixi həqiqətlərin təhrifi idi. Xalqımızın tarixi taleyində ədalətli, ağıllı, mərhəmətli, xalqın yüksəliş və tərəqqisi uğrunda çalışan hökmdarlar da az olmamışdır. Onların bir çoxu yaxşı tərbiyə görmüş, ölkəni ədalətlə idarə etmişdir. Yazıçı bütün bu dəyərlərə söykənərək trilogiyasında ədalətli hökmdarların bədii obrazını yaratmaq üçün bir sıra mühüm tarixi qaynaqlara istinad etmişdir. "Bəy Inal"a olduğu kimi, Xosrov Ənuşirəvan şaha həsr etdiyi "Şahlar şahı" romanı da tarixi həqiqətlərə söykənir. "Şahlar şahı" yazıçının yaradıcılığında özünə xüsusi yer tutan tarixi-əfsanəvi romandır. Əfqan burada tarixi roman janrının yeni hüdudlarını müəyyənləşdirməklə yanaşı, ona eyni zamanda bu mövzuda indiyədək yazılmış əsərlərdən fərqli olaraq tamamilə yeni məzmun gətirmiş, hökmdar-xalq qarşılıqlı əlaqəsi zəminində ədalətli hökmdarın yeni tipini yaratmışdır. Tarixdə bütün sonrakı nəsli Söhrab kimi "türkzadə" adlandırılan Şahlar şahı Xosrov Ənuşirəvan adil, xalqın sevimli övladı, xalqa arxalanan, onun köməyi ilə şahlıq taxıtını qoruyub saxlayan hökmdar kimi oxucuya təqdim edilmişdir. Trilogiyanın Şah Abbasa həsr edilmiş və yaxın macalda işıq üzü görəcək üçüncü kitabında da cənnətməkan Şah Abbasın mənəvi və əxlaqi saflığı, kamil və güclü hökmdar şəxsiyyəti maraqlı üslubda işlənmişdir".

Əfqan Əsgərov müharibə mövzusunu da nəsrə gətirən yazıçılardan olub. 60-cı illərin sonunda yazıçı bu mövzunu partizan hərəkatı kontekstində qələmə alıb… Alman faşistlərinə qarşı işğal zonasında — Pskov yaxınlığında həmyerlimiz göyçaylı Ismayıl Əliyevin qəhrəmanlığını geniş bədii epizodlarda qələmə alıb və əsər çap ediləndən sonra geniş marağa səbəb olub. Qəhrəmanın valideynlərinin Müdafiə Nazirliyinə müraciəti nəticəsində İsmayıl Əliyevin sənədləri tapılaraq, təltif edildiyi orden və medallar Azərbaycana göndərilib. Bu romanda yazıçının Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən əfsanə və rəvayətlərdən də məharətlə bəhrələndiyini qeyd etmək vacibdir.

Onun "Qız atası", "Tamah dişi", "Cənnət alması" və başqa səhnə əsərləri yüksək tamaşaçı zövqünə cavab ən yaxşı ədəbi nümunələrdir. Onun qələmə aldığı səhnə əsərlərində bunu görmək olur.

Ailəsi:


Əfqan Əsgərov Milli Qəhrəman Gültəkin Əsgərovanın əmisidir.


Mükafatlar.

  1. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989)
  2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1969)
  3. "Təfəkkür" Univeritetinin elmi şurasının qərarı ilə 25 noyabr 2004-cü il qərarı ilə Jurnalistika kafedrası üzrə "Professor" elmi adı verilmişdir.
  4. Azərbaycan Milli Yaradıcılıq Akdemiyasının 23 yanvar 1991-ci il tarixli qərarı ilə Azərbaycan Milli Yaradıcılıq Akademiyasın "jurnalistika doktoru" seçilmişdir.
  5. Katib romanı 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatına təqdim olunmuşdur.

Əsərləri

Romanlar:

  1. "Bəy İnal". Roman. Yazıçı, 1989.- 332 s.
  2. "Qartal əfsanəsi". Roman. Azərnəşr, 1974.- 359 s.
  3. "Gülyanaq". Roman. Gənclik, 1977.-289 s.
  4. "Katib". Roman. Yazıçı, 1981.- 377 s.
  5. "Həsrət də bir vüsaldır". Roman. Yazıçı, 1984.- 350 s.
  6. "Şahlar Şahı". Roman. Mütərcim, 2019.-264 s.
  7. "Cənnətməkan". Roman. Mücrü, 2021.-102s.[1]

Povestlər:

  1. "Dədə Bəhmən"
  2. "Qozbel"
  3. "Məhəbbət ətirli qərənfilim"
  4. "Dünya gözəlliyindir",
  5. "O, daş deyildir"

Hekayə topluları:

  1. "Gecikmisən" (1961)
  2. "Gözəllik sorağında" (1962)
  3. "Sən belə deyilsən" (1963)
  4. "Sarı əlcək" (1965)

Pyeslər:

  1. "Sarı əlcək"
  2. "O mənim oğlumdur"
  3. "Qız atası"
  4. "Gülməyən adam"
  5. "Dağ seli"
  6. "Tamah dişi"
  7. "Cənnət alması"

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.