Ədalət Məmmədov (hərbçi)

Ədalət Həsən oğlu Məmmədov (29 oktyabr 1961, Zabux, Laçın rayonu11 oktyabr 1992, Hoçaz, Laçın rayonu) — Baş serjant, şəhid.

Ədalət Məmmədov
Ədalət Həsən oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 29 oktyabr 1961(1961-10-29)
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 1992(1992-10-11) (30 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Uşaqları Gülnarə və Ziyadxan
Atası Həsən
Hərbi fəaliyyəti
Rütbəsi Baş çavuş[d]
Döyüşlər

Həyatı

Məmmədov Ədalət Həsən oğlu 1961-ci il oktyabırın 29-da Laçın rayonunun Zabux kəndində anadan olmuşdur.[1]

O, 1968-ci ildə orta məktəbə getmiş, orta təhsilini başa vurduqdan sonra 1979–1981-ci illərdə əsgəri xidmətdə olmuşdur. Ədalət 1983-cü ildə Mərdəkandakı milis (polis) məktəbini bitirib Laçın rayon Daxili İşlər Şöbəsində işə girir.

Baş serjant Ədalət Məmmədov 1992-ci ildə başqa polis işçiləri kimi doğma Laçın uğrunda döyüşlərə yollanır. Seyidlər, Birinci Tığik, İkinci Tığik, Bülüldüz, Narışlar, Pircahan, Kürdhacı, Oğuldərə və s. kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur.

Çoxlu sayda erməni döyüşçüsünü məhv edən Ədalət Məmmədov 1992-ci il oktyabırın 11-də Hoçaz yüksəkliyinin alınması uğrunda aparılan döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Məzarı Göyçay rayonundadır. İki övladı yadigar qalıb: qızı Gülnarə və oğlu Ziyadxan.

Dostu və cəbhə yoldaşı, Qarabağ müharibəsi veteranı, polis kapitanı Əli Hüseynovun xatirələrindən

"Ədalətlə tanışlığım 1979-cu ilə gedib çıxır. İkimiz də eyni vaxtda bir qatarda hərbi xidmətə yollanmışıq. Daha sonra 1983-cü ildə Daxili İşlər orqanlarında çalışmağa başlamışıq. İşlədiyimiz dövrdə Arif Heydərov adına kiçik rəis heyəti hazırlayan kursda da bir yerdə oxumuşuq. Daha sonralar isə döyüş yolumuz bir yerdən başladı. Səfyan kəndi, Hadrut rayonu istiqamətlərində, Zabux kəndinin müdafiəsində də Ədalətlə bir yerdə olmuşuq. Laçının işğalından sonra Kəlbəcər ərazisindən keçərək Laçın uğrunda yenidən döyüşlərə qoşulmuşuq. Hoçaz dağının alınması əməliyyatında da çox ağır döyüş oldu. İndi çox adam deyir ki, Hoçaz dağının alınmasında iştirak etmişəm Bu döyüşdə Laçın Polis Şöbəsindən 32 nəfər iştirak edirdi. Biz təkcə ermənilərə qarşı deyil, həm də rus ordusuna qarşı döyüşürdük. Bunu ələ keçirdiyimiz su qablarının üzərində rus adlarının yazılması təsdiq edirdi. Hoçaz döyüşündə 4 tank, 1 PDM (piyadaların döyüş maşını) ələ keçirmişdik. Həmin texnikaların üzərində də rus adları və Voronej şəhərinin adı yazılmışdı. (1991–92, dembil Voronej). Hoçaz dağını böyük çətinliklə ələ keçirdik həmin döyüşdə heç bir itki vermədik, ancaq biz dağın alınması ilə qane ola bilməzdik. Hərəkət eləməyə başladıq. "Telesentr" yüksəkliyini və Sus kəndini aldıqdan sonra mövqeləri Milli Orduya təhvil verib, yenidən irəli doğru hərəkət eləməyə başladıq. Bir müddətdən sonra bizə məlum oldu ki, biz erməni ordusunun mühasirəsinə düşmüşük. Milli ordu mövqeləri tərk edib, ermənilər isə bizi arxadan mühasirəyə alıblar. Böyük çətinlik bahasına olsa da o mühasirədən çıxdıq və Ədalət o döyüşdə snayper gülləsindən qurtula bildi. Bundan sonra çox mühasirələrə düşmüşük. Elə bil ki, kimsə qəsdən Laçın polisini mühasirəyə salıb son nəfərinə kimi qırmaq istəyirdi. Mən sizə açıq həqiqəti deyirəm, inanın. Son döyüşümüz də çox ağır keçdi. Hocaz dağında möhkəmləndikdən sonra ermənilər ön tərəfdən 7 tank, 1 top, 2 qrad qurğusu ilə meşə idarəsinin həyətindən, 2 topla Cağazur kəndi istiqamətindən, 3 top, 1 qradla Hacılar, Sadınlar istiqamətindən, 1 TŞK, 1 tank, 6 km-ə qədər məsafəni vuran topla hücuma keçdilər. Hər bir insan üçün 1 mərmi atılırdı. Silah, texnika cəhətdən xeyli üstün olmalarına baxmayaraq, 7 tankla müdafiə istehkamımızı yara bilmədilər. Döyüş bir az sakitləşdikdən sonra rəhmətlik Oqtay (Oqtay Güləliyev) dedi ki, qalan qüvvələr keçib qayanın arxasında mövqe tutsunlar. Mən mərmi düşən tərəfdə idim, həmin an keçib uzandım, heç 45 saniyə çəkmədi ki, hansısa mərmi Oqtayın, Ədalətin və Əşrəf Məmmədovun həyatına son qoydu. Bir dost kimi Ədalət və Oqtay əvəzsiz insanlar idilər. Dünyada Ədalət kimi yoldaşlığı olan ikinci bir insan tanımıram, mən bunları yazı və yaxud müsahibə xətrinə demirəm, həqiqət olduğu üçün deyirəm. Hələ 1983-cü ildə kursda olduğumuz müddətdə Ədalətlə münasibətlərimiz xeyli yaxınlaşmışdı. Elə bilirdilər ki, əkiz qardaşıq, bəzən bizi bir-birimizdən ayıra bilmirdilər, dəyişik salırdılar. Quruluşumuz, boyumuz eyni idi, mən bir az ağbəniz idim. Eyni geyinirdik: ağ köynək, ağ "furajka". Laçının özündə belə bizi dəyişik salırdılar. Bir dəfə Laçında bir nəfər qarşımı kəsdi ki, kostyum tikdirmisən, gəl apar. Mən dedim ki, bir yaxşı-yaxşı bax, bəlkə dəyişik salırsan. Baxıb dedi ki, ola bilər, dedim ki, Ədalətə deyərəm gəlib götürər. Bir dəfə də bir nəfər dedi ki, su kranlarını gətirmişəm, gəl apar. Bax belə maraqlı epizodlar… Təəssüflər olsun ki, Ədaləti, Oqtayı, onlar kimi yüzlərlə oğullarımızı itirsək də, üzərimizə düşən vəzifəni axıracan başa çatdıra bilmədik. Dostumun balası olaraq Ziyadxanı öz balalarımdan ayırmıram. O da, Anar da (Oqtay Güləliyevin oğlu) mənə dost əmanətidirlər. Onlara atalarının adını şərəflə daşımağı arzulayıram.

İstinadlar

  1. "Laçın yurdu" jurnalı, № 2(2), 2011, Bakı, "Nurlar", 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.