Əbulafiya
Avram ibn Samuel Əbulafiya (ivr. אברהם בן שמואל אבולעפיה; 1240[1][2], Saraqosa, Araqon krallığı[2] – 1292[2] və ya 1291[2][3], Barselona, Araqon krallığı) — orta əsr yəhudi mistiki və kabbalisti. İspaniyada yaşamışdır.[5]
Əbulafiya | |
---|---|
ivr. אברהם אבולעפיה | |
Doğum tarixi | 1240[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1292[2] və ya 1291[2][3] |
Vəfat yeri | |
Elm sahələri | Kabbala[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncliyi
Avram ibn Samuel Əbulafiya müsəlman İspaniyasının yetişdirdiyi ən ziddiyyətli yəhudi ilahiyyatçısı və mütəffəkkirlərindəndir. Avantürist xarakterə malik olmasına görə öz adını tarixə həkk etmişdir. Təxminən 1240-cı ildə Saraqosa şəhərində doğulduğu ehtimal olunur. Kiçik yaşlarında ikən ailəsi ilə bərabər Tudelaya köçmüş, burada Tövrat və Talmudu dərindən öyrənmişdir. 1258-ci ildə atası vəfat etmiş, bundan çox keçməmiş o, Fələstinə ziyarətə yollanmışdır. Məhz bu tarixdən etibarən Əbulafiyanın qeyri-adi sərgüzəştləri başlamışdır.
Mistik fəaliyyətinə başlaması
O, Qüdsdən mifik Sambation çayını və İsrail xalqının itmiş on qəbiləsini axtarmağa yolllanmış, lakin Akka şəhərindən o tərəfə keçə bilməmişdir. Fələstin və Suriya bu dövrdə xaçlılar, məmlüklər və monqolların davamsız müharibələri ucbatından faciəli dövrünü yaşayırdı. Əbulafiya məqsədinə çatmadan geriyə qayıtmaq qərarına gəlmiş, lakin gəldiyi yolla deyil, Yunanıstan və İtaliyadan keçən səyahətə üstünlük vermişdir. İtaliyada Moşe ben Maymonun yaradıcılığı ilə tanış olaraq, onun fikirlərini qəbul etmişdir. Lakin o daha çox kabbalizmə dair araşdırmalar aparmış, bu barədə bir sıra traktatlar yazmışdır. Barselona şəhərində məskunlaşmış, ətrafına tələbələr toplamışdır. Mistik təcrübələr aparmış, hallüsünasiyalara mübtəla olmuş, gələcəkdən xəbər verdiyini bildirmiş, Məsih olduğunu elan etmişdir. Kastiliyaya, daha sonra Yunanıstana getmişdir.
Roma səfəri
Həyatının ən mühüm və ona şöhrət qazandıran hərəkəti bu zamanlar baş vermişdir. Əbulafiya ekstaz halında ikən, Romaya gedərək, Papa ilə görüşməyə dair vəhy aldığını elan etmişdir. Bu görüşün əsas məqsədi Papaya yəhudi xalqına üz vermiş bədbəxtlikləri anlatmaq, onun taleyinə həssas yanaşmaq, həmçinin Müqəddəs Torpağı (Fələstini) azad edərək, yəhudiləri orada yerləşdirmək üçün yardım diləmək olmuşdur. Lakin bu səfərin ən avantürist, ağlasığmaz məramı Roma Papasını yəhudi dininə döndərmək məsələsi idi. Roma Papası III Nikolaya bu barədə xəbər verilən kimi o, Əbulafiya iqamətgaha yaxınlaşan kimi onu həbs edərək, tonqalda yandırmaq əmrini verir. Tonqal Sorianodakı iqamətgahın daxilində hazırlanır. 22 avqust 1280-cı ildə Əbulafiya şəhər qapısından içəri keçir və dərhal həbs olunur. Ancaq möcüzə onu alovdan xilas edə bilərdi. Birdən bu möcüzə baş verdi. Papa həmin gecə vəfat etdi. 28 gün həbsdə qalan Əbulafiya bu səfəri və əsraringiz qurtuluşu barəsində "Şəhadət Kitabı" adlı əsəri qələmə almışdır.
Həyatının sonu
Təlimi Siciliyada qəbul edilmiş, xeyli sayda tərəfdar qazanmışdır. Əbulafiya on il ərzində Messinada yaşamış, öz təlimini yaymağa cəhd göstərmişdir. Lakin Palermo ravvinləri ona qarşı çıxaraq Barselonada yaşayan ravvin Şlomo ben Adereti öz tərəfinə çəkməyə nail olmuşlar. Ben Aderet Əbulafiyaya qarşı traktat qələmə almış, nəticədə onun təlimi İspaniyadakı yəhudi dini məktəblərinin proqramından çıxarılmış, daha sonra Siciliyadan qovulmuşdur. Əbülafiya ekstaz halında dünyanın sonunun 505-ci ildə (1290) gələcəyini bildirmişdir. 1291-ci ildən sonra isə onun haqqında heç bir məlumat yoxdur.
Mistik təcrübələri
Əbulafiyanın təlimi insan ruhunun mistik yollarla Tanrı ilə əlaqəsini bərpa etməyə yönəlmişdir. Onun fikrincə, ruh hisslərin əsarətində olduğundan İlahi formaları qəbul etməyə çətinlik çəkir. Onu bu problemdən qutarmağın yolu insan nəfsinin tamamilə aradan qaldırılması və ya şəkil dəyişdirməsindən keçir. Şüuru dəyişdirmək üçün, yəhudi əlifbasından istifadə etmək ən məqsədəuyğun vasitə kimi diqqətə çatdırılır. Burada ən mühüm ad Tanrının adıdır və o, meditasiyaların əsas obyektidir. Bu üsula gematriya deyilir. Əbulafiyanın fikrincə, bunun köməyilə, gizli elmləri öyrənmək mümkündür. O, ibrani dilinin bütün dünya dillərinin anası olduğunu irəli sürmüş, lakin başqa dillərdə də hərflərin kombinasiyasının mümkün olduğunu bildirmişdir. Bu üsul aşağıdakı hissələrdən ibarətdir.
- Yazma (mihtav), bu zaman müxtəlif hərf kombinasiyaları yazılır.
- Səsləndirmə (mivta), bu zaman həmin hərf kombinasiyaları başın müəyyən edilmiş hərəkəti və xüsusi tənəffüs üsulu ilə səsləndirilir.
- Düşüncə (mahşav), son mərhələdə insan öz cismini hiss etmir, hərflər isə canlanaraq işıqlanmağa və rəqs etməyə başlayır, bu zaman onlara suaalar verərək məlumat toplamaq olar. İnsan işıq saçmağa başlayır, düşüncə sürətinin artdığı, çəkisini hiss etmədiyini müşahidə edir, yırğalanır və titrəyir. Bütün bu mərhələlərdən sonra təcrübə edənin qarşısında insanabənzər məxluq peyda olur və gələcəyə dair xəbərlər verməyə başlayır. Əslində bu məxluq təcrübə keçən şəxsin özü olur.
Əbulafiyanın mistik təcrübələri özündə bəzi sufi üsullarını ehtiva etsə də, lakin ondan əsaslı surətdə fərqlənir. O, sufi zikrlərinin kabbalizmə əsaslanmadığı üçün natamam qaldığını bildirmiş, onlarda olan bəzi məqamlara tənqidi münasibət göstərmişdir.
Əbülafiya çoxsaylı əsərlərin müəllifi olsa da, onlar XIX əsrədək demək olar ki, nəşr edilməmişlər. Burada onun özünü Məsih elan etməsinə görə ortodoksal yəhudilik tərəfindən rədd edilməsinin mühüm xidməti olmuşdur.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 6. ISBN 978-2-221-06888-5
- Abraham Aboulafia // Babelio (fr.). 2007.
- Abulafia, Abraham b. Samuel // Çex Milli Hakimiyyət Məlumat bazası.
- Энциклопедический словарь. 2009. АБУЛАФИЯ Авраам.