Əbdürrəhim bəy Haqverdiyev
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17 (29) may 1870[1][2], Ağbulaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 11 dekabr 1933, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur.
Əbdürrəhim bəy Haqverdiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağbulaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | dilçi, yazıçı, dramaturq, tərcüməçi, siyasətçi, publisist |
Fəaliyyət illəri | 1892–1933 |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | dram, faciə, komediya |
Mükafatları | |
Əbdürrəhim bəy Haqverdiyev Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa real məktəbində almışdır (1881–1890). Tiflis real məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri Universitetində təhsil almışdır (1891–1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan ittifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan ittifaq" (1899) Peterburqda nəşr edilmişdir.
Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902–1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qacar) materiallar toplamış, İrana — Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürgəsaqqal" və s. imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.
Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911–1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916–1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibətilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923–1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).
Bunlardan başqa ədib Şekspirin "Hamlet", Şillerin "Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın "Qazmaçılar", Andersenin "Bülbül","Şahın təzə libası", Lanskoyun "Qəzəvat", Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng çalan" əsərlərini də tərcümə etmişdir.
Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922–1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931–1932) olmuşdur. Azərbaycan Xalq Komissarlar Şurasının 6 fevral 1929-cu il tarixli qərarı ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına, 1933-cü ildə isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
1933-cü il dekabrın 12-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[3].
Yaradıcılığı
Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxuduğu zaman başlamış, M. F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb.
1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.
Bəzi hekayələri
Ata və oğul, Ayın şahidliyi, Xortdanın cəhənnəm məktubları, Mozalanbəyin səyahətnaməsi, Bomba, Marallarım, Müqəddimə əvəzinə, Mütrüb dəftəri, Şikayət, Dəccalabad, Yaşılbaş sona, Qiraət, Şəbih, Pir, Tənqid, Acından təbib, Şeyx Şəban, Həmşəri pasportu, Röya, Mirzə Səfər, Keçmiş günlər, Uca dağ başında, Seyidlər ocağı, Qəndil, Çeşmək, Haqq Mövcud, İt oyunu, Diş ağrısı, Qoca tarzən, Kapitalizmlə mübarizə, Qaban, Söhbət, Müsibət, Ovçu Qasım, Qisas, Pristav və oğru, İanə, Yeni təbabət, Sarı toyuq, Koroğlu.Ümumi 80-dən çox hekayəsi var.
Bəzi məqalələri
Bizim yabılığımız, Tənqidə tənqid, İki il, Təcəttüri-nisvana dair, Müsəlmanlarda teatro, Beş il, "Pəri cadu" haqqında qeydlər, Artistlik sənəti haqqında, Abbas Mirzə Şərifzadə haqqında, Mirzə Fətəlinin faciəsi, Ədəbi dilimiz haqqında.
Filmoqrafiya
- Marallarım (film, 1963)
- Evlənmək istəyirəm (film, 1983)
- Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) — əsərin müəllifi
Şəkillər
- Uşaqlıq illərində Şuşada
- Gənclik illərində
- Əbdürrəhim bəy Haqverdiyev (solda) Peterburqda tələbə ikən
- Həbib bəy Mahmudbəyovla birlikdə (1890-cı il)
- Peterburqda Dumanın deputatı ikən (1906-cı il)
- Hüseyn bəy Mirzəcamalovla birlikdə Tiflisdə (1917-ci il)
- Soldan sağa: Əbdürrəhim bəy Haqverdiyev, Rzaqulu Nəcəfov, Salman Mümtaz, Zeynal Məmmədov, Əliqulu Qəmküsar. Tiflis, 1913
- Aleksandr Samoylov, Əbdürrəhim Bəy Haqverdiyev və Bəkir Çobanzadə həyat yoldaşları ilə birlikdə. Leninqrad, 1925
- Azərbaycan ziyalıları. Bakı, 1930-cu il. Ayaq üstə olanlar (soldan sağa): Asəf Zeynallı, Süleyman Rüstəm, Rəsul Rza, Cəfər Cabbarlı, Əfrasiyab Bədəlbəyli. Aşağıdakılar (soldan sağa): Anton Mailyan, Əbdürrəhim bəy Haqverdiyev, Gibo Kornelli, Rzaqulu Nəcəfov
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- საქართველოს ბიოგრაფიული ლექსიკონი (gürc.). 2001.
- """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
- Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
Xarici keçidlər
- Əbdürrəhim bəy Haqverdiyevin ictimai və fəlsəfi fikirləri (http://dx.doi.org/10.13140/RG.2.2.28522.75203)
- "Qarabağın görkəmli şəxsiyyətləri:Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
- Əbdürrəhim bəy Haqverdiyevin seçilmiş hekayələri macar dilinə tərcümə edilib Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine
- Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib — Haqverdiyev — 150
- Ailə üzvləri — FAMILY of ABDURRAHIMBEY HAQVERDIYEV — AİLƏ ARHİVİ Birinci həyat yoldaşı(Thirst wife) — Tukasban xanum (azeri) İkinci həyat yoldaşı (Second wife) — Nadejda Osipovna (polish müslim) Daughter (the fact of adoption is confirmed by the decision of the court of the Republic Azerbaijan) Fatma Haqverdiyeva (Ahverdoff) Malik-Abbas Ailə arhivindən görsənilir ki, öncədən onun familiyası Ahverdoff yazılırdı ancag sovyetizasiyadan sonra Haqverdiyev olub İngilis versiyası isə — AHVERDOFF — idi. Gızı(gızdıga götürülməsi faktı AR Məhkəmənin gərarı ilə təstiq olunub) — Fatma xanum Haqverdiyeva (Ahverdova) Məлик-Аббас Gızınız Əri — Əlibəy Məlik-Abbas Nəvəsi — Tofiq Əli oglı Məlik-Abbas Nəvəsi — Elmira Əli gızı Məlik-Abbas Nəvəsinin Həyat yoldaşı — Ədibə Jəfər gızı Məlik-Abbas (Nəsirova) Nəvəsinin Həyat yoldaşı — Məmməd Rzayev Nəticəsi — Eldar Tofiq oglı Məlik-Abbas Nəticəsi — Gülnarə Tofiq gızı Əhməd-zadə (Məlik-Abbas) Nəticəsi — Leyla Məhəmməd gızı Rzayeva (Мəlik-Abbas) Nəticəsi — Nigyar Məhəmməd gızı Rzayeva (Məlik-Abbas)