Əbdülqadir Marağai

Əbdülqadir Marağayi vә ya Әbdülqadir MarağiAzərbaycan türklərindən[1][2] olan böyük alim.[3]

Әbdülqadir Marağai
fars. عبدالقادر مراغی
Doğum tarixi 1353
Doğum yeri Marağa, Güney Azərbaycan
Vəfat tarixi 1435
Vəfat yeri Marağa, Güney Azərbaycan
Vətəndaşlığı Baharlı imperiyası
Osmanlı imperiyası
Milliyyəti Türk
Tanınır Musiqiyә, aşıq (ozan) sәnәtinә verdiyi böyük töhfәlәrlә
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı.

Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub.

Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, ÜşşaqNəva muğamlarına uyğun vəznlərdə qələmə alıb.

Onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdülqədir özünün "Ma-qasid əl-Əlhan" adlı əsərində bu barədə yazır:

"Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi. O, mənim təhsilim üçün, xüsusən də musiqi elmini öyrənməyim üçün çox iş görmüşdür."

Onun oğlanları və nəvələri də tanınmış musiqiçilər olub. Əbdülqədir Marağayinin kiçik oğlu Əbdüləzizin musiqi nəzəriyyəsinə dair "Niqavət ül-ədvar" əsəri hazırda "Nuri Osmaniyyə" kitabxanasında saxlanmaqdadır. Onun nəvəsi Məhəmmədin "Ma-qasid ül-ədvar" əsəri də həmin kitabxanadadır.

Əbdülqədir dörd yaşında ikən Quranı əzbərləyir, on yaşında musiqi elminin əsaslarını mənimsəyir, qrammatika, ritorika və üslubiyyatı öyrənir və artıq onu da atası ilə birlikdə alim və şeyxlərin məclislərinə dəvət etməyə başlayırlar. O, məclislərdə Quran ayələrini avazla oxuyur və mürəkkəb musiqi əsərləri ifa edirdi.

O, eyni zamanda musiqi təhsilini artırır və Şərqin Farabi, İbn-Sina, Səfiəddin Urməvi, Qütbəddin Şirazi, Əbu Əli kimi alimlərinin musiqi nəzəriyyəsinə həsr edilmiş əsərlərini öyrənir. Musiqiçilər arasında o, nəzəriyyə üzrə nüfuz sahibi kimi məşhurlaşır. Tezliklə onun şöhrəti öz şəhərinin hüdudlarını aşır və Əbdülqadiri Təbrizə sultan sarayına məclislərə çağırırlar. Həmin məclislərdə dövrün ən tanınmış müğənni və şairləri, ifaçıları heç də zəif şair və musiqiçi olmayan sultan Üveys Cəlairin başına yığışırdılar. Sultan Üveys gənc musiqişünasın şöhrətini daha da artıran bir fərman da verir. Fərmanda Əbdülqədiri "dövrün yeganəsi, musiqidə tayı-bərabəri olmayan" adlandırır.

Sultan Üveysin vəfatından sonra da Əbdülqədir onun oğlu Sultan Hüseynin sarayında qalmaqda davam edir. Sultan Hüseyn sənətkara atasından da artıq hörmət-izzət göstərir. 1377-ci ildə Marağayi "Əlhani-siqanə" (Otuz nəğmə) adlı əsərini yazır. Bu əsər onun həyatında baş vermiş bir epizodla bağlı idi. Saray məclislərinin birində Sultan Hüseyni Marağayiyə təklif edir ki, Ramazan ayının hər gününə bir musiqi əsəri həsr etsin. Marağayi razılaşır. Bu vaxt məclisdə iştirak edən məşhur Azərbaycan musiqiçisi, onun gələcək qaynatası Rizvanşah Təbrizi 100.000 qızıl dinardan mərc gəlir və şərt qoyur: hər dəfə musiqi yazılan gündən ancaq bir gün qabaq onun muğamı, ritmi, quruluşu və sözləri onlar tərəfindən müəyyənləşdiriləcək. Şeirlər məclisin görkəmli şairləri tərəfindən ərəb və fars dillərində yazılır. Sultan Hüseyn də bir şeir yazır və Marağayidən bu şerə Hüseyni ladında musiqi bəstələməyi xahiş edir. Marağayi olduqca sərt çərçivə daxilində işləməyə məcbur olsa da, şərti yerinə yetirir və vaxtında 30 nəğməni hazır edir.

Onun istedadına heyran qalan Rizvanşah Təbrizi Marağayiyə nəinki uduzduğu pulları göndərir, həmçinin qızını da ona ərə verir.

Marağayi Sultan Hüseynə "Bahar ritmi" adlı bir əsər də həsr edir. Bu əsər onlar Təbrizdəki saray bağçasında gəzərkən bədahətən yaranır. 1380-ci ildə hakimiyyətə gələn Azərbaycanın yeni sultanı Əhməd ibn Üveys də alim-musiqiçinin istedadını layiqincə qiymətləndirir. Marağayi onun şərəfinə otuz ayrıca bölmədən ibarət "Dövri-şahi" adlı bir əsər yazır.

Teymurun Azərbaycana gəlişindən sonra bir çox incəsənət xadimləri Səmərqəndə aparılır. 1397-ci ildə Teymurun çıxardığı edam cəzasından canını qurtaran Marağayi də bunların siyahısına düşür. Elə həmin ildə Teymur özünün fərmanı ilə başıbəlalı alimi "bütün musiqi bilicilərinin padşahı" adlandırır. 1399-cu ildə Əbdülqədir Təbrizə, Teymurun oğlu Miranşahın sarayına qaytarılır. Lakin doğma şəhərin havası ilə nəfəs almaq səadəti uzun çəkmir. İkicə ildən sonra Teymur onu yenə ölüm cəzasına məhkum edir, bu dəfə artıq ona xəyanət etmiş oğlu Miranşahın yaxın adamı kimi. Ancaq yenə də Marağayi edam olunmaqdan canını qurtara bilir. Əgər birinci dəfə onu Qibleyi-aləmə türkcə müraciəti xilas etmişdisə, bu dəfə sənətkar, Teymurun qəzəbini səngitmək üçün Qurandan bir surəni ustalıqla oxuyur. Və yenidən Səmərqəndə, Teymurun sarayına aparılır.

Marağayi Səmərqənddə də yaradıcılığından qalmır, yeni-yeni musiqi əsərləri və musiqişünaslıq risalələri yazır. Onun "Kənz əl-əlhan" ("Melodiyalar xəzinəsi") risaləsindəki melodiyalar Urməvinin hərfi-ədədi sistemi ilə verilmişdi. Burada hərflər səslərin yüksəkliyini, rəqəmlər uzunluğunu göstərir, ladın və vəznin adı isə melodiyanın ritm və quruluşunu bildirirdi.

İngilis musiqişünası C. Fermer bu risaləni təhlil edərək, yazır ki, Marağayinin yaratdığı bir çox melodiyalar indiyəcən türklər arasında "Giyar", yaxud da "Kiyar"adı ilə yaşamaqdadır.

Marağayi "Came əl-əlhan" ("Melodiyalar məcmusu") adlı nəzəri əsərini 1405-çi ildə yazmağa başlayır və 1413-cü ildə başa çatdırır. Daha sonra o, "Məqasid əl-əlhan" ("Melodiyaların məqsədi"), "Lahiyyə" ("Musiqi"), "Şərh əl-ədvar" ("Dövrələrə şərhlər") və "Fəvaid-i əşərə" ("On fayda") adlı əsərlərini qələmə alır. Onun sonuncu əsərləri yüksək mürəkkəblik dərəcəsi ilə fərqləndiyindən, peşəkar musiqiçilər, hazırlıqlı nəzəriyyəçi və ifaçılar üçün nəzərdə tutulmuşdu. Ella Zonisin sözlərinə görə, "Came əl-əlhan"da ilk dəfə olaraq, fars musiqisinin geniş not yazısı verilib.

Marağayinin əsərlərində muğam nəzəriyyəsinə və o dövrün şifahi musiqi ənənəsinin digər janr və formalarına geniş yer ayrılıb. Muğamlar haqqında o yazır:

"Muğamın səsləri səslənmənin gözəlliyi və incəliyi prinsipinə əsaslanır. Bunların sayı səkkizə, yaxud ona çatır."

Daha sonra deyilir:

"Türklər Üşşaq, Nəva, Busalik muğamlarına üstünlük verirlər, ancaq qalan muğamlar da onların yaradıcılığına daxildir."

Bu sözlərdən aydın olur ki, muğam termini altında o, müxtəlif musiqi əsərlərinin əsasını təşkil edən başlıca ladlardan birini nəzərdə tutur.

Marağayi öz musiqi risalələrininin əksər qismini fars diliAzərbaycan türkcəsində yazdığı şeirlərlə tamamlayır. Azərbaycan türkcəsində yazdığı şeirlərindən birində Marağayi öz həyatından gətirdiyi epizodu təsvir edir: bir dəfə o, ağır xəstələnir və yatağının başına yığışmış ən yaxşı həkimlər belə sənətkara kömək eləyə bilmirlər. Onda udu əlinə alıb, oxumağa başlayır: "Ey həkimlər, əgər Əbdülqədir öz çarəsini udda taparsa, təəccüblənməyin. Çünki o, musiqini özü üçün ən yaxşı dərman bilir."

Marağayi türk xalqlarının musiqisinə, xüsusilə aşıq musiqisinə böyük diqqət yetirir. O öz əsərlərində doqquz əsas türk ladını və bütün şərq xalqları üçün ümumi olmaqla türk musiqisində daha çox işlənən ladları müəyyənləşdirib ayırır (Üşşaq, Nəva, Busalik, Nehoft, Bayatı-Novruz). Marağayi yazır ki, həmin türk ladlarından monqol musiqiçiləri də istifadə etmişlər.

Marağayi öz əsərlərində o zaman mövcud olmuş və müxtəlif musiqi risalələrində təsvirini tapmış alətlər barədə də maraqlı məlumatlar verir. Simli alətlərdən kamança, hicaq, ney-tənbur, rübab, rudhani və s., nəfəs alətlərindən ağ ney, qara ney, balaban, zurna, burğu və başqaları onun əsərlərində təsvir olunur. Maraqlıdır ki, onun təsvir etdiyi alətlərdən biri Təbriz-Şirvan tənburu adlanır. Elə buradaca Marağayi başqa bir tənburun-türk-monqol tənburunun da təsvirini verir ki, bu da hələ o zamanlar Təbriz və Şamaxı musiqi mədəniyyətindəki oxşar və fərqli cəhətləri aşkarlayır.

Marağayi Yaxın və Orta Şərq ölkələrində musiqi elminin inkişafında böyük rol oynamışdır. Musiqişünaslıq elminin bu iki azərbaycanlı dühasının – Səfiəddin Urməvi və Əbdülqədir Marağayinin əsərləri, demək olar ki, orta əsrlərdə yaranmış bütün musiqi risalələrinin (XV əsrdə Əl-Ləzin, yenə XV əsrdə Əbdürrəhman Cami, XVI əsrdə Mahmud Çələbi, XVII əsrdə Dərviş Əli və s.) əsasında durmuşdur.

Marağayi ömrünün son illərini Heratda keçirib. O, 1436-cı ildə burada vəfat etmiş və dəfn olunmuşdur.

İstinadlar

  1. TEKİN, G. (1979). Timur Devrine ait iki Türkçe Şiir [Two Turkish Poems of the Timur Period]. Harvard Ukrainian Studies, 3/4, 850-867. Retrieved May 18, 2020, from www.jstor.org/stable/41035878
  2. Feldman, 2024. səh. 484
  3. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.29.

Ədəbiyyat

Xarici keçidlər

Haqqında filmlər

Əsərləri

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.