Əbülqasim bəy Evoğlu

Əbülqasim bəy Evoğlu (?-?)— XVII yüzil, şair, xəttat, diplomat.

ƏBÜLQASİM BƏY EVOĞLU
Əbülqasim bəy Evoğlu
Doğum yeri Xoy
Vəfat yeri Xoy
Fəaliyyəti diplomat

Həyatı

Əbülqasim bəy Xoy vilayətinin Evoğlu nahiyəsində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. I Şah Abbasa xidmət etmişdi.

Əbülqasim bəy bir müddət sarayda qorçu kimi çalışmışdı.

İskəndər bəy Münşi yazır: "Elə bu əsnada Seyid Mübarəkin oğlu Seyid Bədr izin almadan ali ordudan Ərəbistana getdi, Luristan hüdudunda Şahverdi xan adamlarının əlinə keçdi. Əlahəzrət Əbülqasim bəy Qorçi Evoğlunu onu gətirməkdən ötrü yolladı. Şahverdi xan bir neçə gün o qorçinin başını söz-söhbətlə aldadıb Bədr xanın [dərgaha] göndərilməsini ləngitdi, vaxtı hiyləgərliklə uzatdı. Buna görə də, onunla Əbülqasim bəy arasında təhdidamiz söhbətlər başlandı. Axırda başqa çarə tapmadı və xanı istər-istəməz yola saldı. Qorçi [geri qayıdaraq] Şahverdi xanın düşmən münasibəti və bədxahlığı barədə ərz etdi".[1]

Əbülqasim bəy Evoğlu Osmanlı sarayına elçi getmişdi. I Şah Abbas Ərdəbildən Təbrizə qayıtdı və osmanlılarla sülh bağlamağa cəhd etdi. Şah bu məqsədlə dostunun - Krım xanı Qazi Gərayın vasitəçiliyindən istifadə etməyi münasib bildi. O, Osmanlı sərkərdəsi Xəndan ağanı Qəhqəhə qalasından azad etdi və onu öz elçisi Əbülqasım yüzbaşı Evoğlu ilə Krıma göndərdi. Onlara Şah Abbasın işğal dairəsini tanımaq və Osmanlı dövlətinin Səfəvi dövləti ilə sülh müqaviləsi bağlamasına nail olmaq tapşırılmışdı. Lakin Krıma gedərkən yolda Xəndan ağanın öldürülməsi, şah elçisinin çərkəzlər tərəfındən əsir götürülməsi və Qazi Gərayın da ölüm xəbərinin alınması nəticəsində əldə edilmiş qələbə hüquqi baxımdan rəsmiləşdirilmədi.

Əbülqasim bəy həm də xoştəb şair idi. Fars və türk dillərində könüloxşayan şeirlər deyərdi.

Ailəsi

Əbülqasim bəyin Heydər bəy adlı oğlu vardı.

İstinadlar

  1. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). I kitab Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh. s.894.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.