Əbülfəz Qasımov

Əbülfəz Cəbrayıl oğlu Qasımov (ədəbi təxəllüsü: Əbülfəz Bərəkət; 20 dekabr 1931, Ordubad, Naxçıvan MSSR) — publisist, dramaturq, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1970), professor (1971), Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar elm xadimi (1987), "Qızıl qələm" mükafatı laureatı (2000).

Əbülfəz Qasımov
Doğum tarixi 20 dekabr 1931(1931-12-20) (92 yaş)
Doğum yeri
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1987
"Şöhrət" ordeni

Həyatı

Əbülfəz Qasımov 1931-ci il dekabrın 20-də Naxçıvan MR-nin Ordubad şəhərində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirmiş, Ordubad Pedaqoji texnikumunda təhsilini davam etdirmişdir (1943–1947). Naxçıvan kolxoz məktəbini bitirdikdən sonra Ordubad rayon Kənd Təsərrüfatı şöbəsində zootexnik vəzifəsində işləmişdir (1947–1949). Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsində təhsil almış (1949–1953), SSRİ EA İqtisadiyyat İnstitutunda aspirant (1953–1956), elmi işçi (1956–1959) olmuşdur. 18 mart 1957-ci ildə Moskvada SSRİ EA-nın İqtisad İnstitutunun Elmi Şurasında "Mil-Mugan düzənliklərinin təsərrüfatlarında heyvandarlığın iqtisadiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın rəhbəri V.Q.Venjer olmuşdur. Elmlər namizədi alimlik dərəcəsini aldıqdan sonra Bakıya qayıtmış, indiki Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Azərbaycan Ali Partiya Məktəbinin iqtisadiyyat kafedrasına dəvət olunmuş, burada dosent işləmişdir (1959–1967). Sonra kənd təsərrüfatı kafedrasına müdir seçilmişdir (1967–1984). İnstitutda sənaye kafedrasında professor kimi çalışmışdır (1984–1986), həmin kafedraya rəhbərlik etmişdir (1986–1989). Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda iqtisadiyyat və Azərbaycanın başqa ölkələrlə iqtisadi əlaqələr kafedrasının professoru olmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur, 1993-cü ildən Azərbaycan İqtisad Universitetinin "Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və menecmenti" kafedrasının professoru, 1995-ci ildən isə müdiridir. 1992-ci ilin 19 iyulunda Azərbaycan EA İqtisadiyyat İnstitutunun Elmi Şurasında "Azərbaycanda heyvandarlığın inkişafının iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Arqar iqtisadiyyat elminin əsasını qoyanlardan biri kimi tanınır. Bu istiqamətdə ciddi elmi əsərlərin müəllifidir. Ağdamda "Çörək muzeyi" yaratmışdır. Respublikanın əməkdar təbliğatçısıdır. Azərbaycan iqtisadiyyatına dair yazdığı bir-birini tamamlayan III cilddən ibarət ilk dərsliklərin müəllifidir. I cild kənd təsərrüfatının iqtisadiyyatına, II cild kənd təsərrüfatında istehsalın təşkilinə, III cild isə kənd təsərrüfatının planlaşdırılmasına həsr edilmişdir.

O, müxtəlif illərdə çapdan çıxan "Heyvandarlığın iqtisadiyyatı" (1972), "İqtisadçının məlumat kitabı" adlı əsərlərin, habelə digər alimlərlə birgə yazdıgı "Ərzaq proqramının aktual problemləri", "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu" (1998), "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur" (1999), "Naxçıvan Muxtar Respublikası – nailiyyətlər və problemlər" (2000) adlı iki cildlik ensiklopedik əsərin, "Demokratikləşmə — milli iqtisadiyyatımızın əsasıdır" (2000), "Milli iqtisadiyyatımızın aktual problemləri" (2000), "Bələdiyyələrə elmi-metodik kömək" (2002), "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri" (2003) kimi tədqiqatların müəllifidir.

Ədəbi-publisistik fəaliyyətə XX əsrin 80-ci illərindən başlamışdır. İlk yazdıqları "Niva", "Azərbaycan", "Kənd həyatı", "Pravda", "İzvestiya" və s. jurnal və qəzetlərdə çıxmışdır. Onun ssenarisi əsasında "Mənim çörəkli dünyam" ədəbi-publisistik kitabı "Yazıçı" nəşriyyatında kütləvi tirajla nəşr olunmuşdur (1988), həmin əsərə ssenari yazmış (şərikli), eyniadlı fılm çəkilmişdir. Əsər 1989-cu ildə rus dilində nəşr olunmuşdur, 1993-cü ildə kitabın ikinci nəşri, 2003-cü ildə isə üçüncü nəşri işıq üzü görmüşdür. Kitabın materialları üzrə Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir. 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında "Anamın gəlinlik paltarı" pyesi səhnəyə qoyulmuşdur. "Tufanda yanan çıraq" pyesi İrəvan Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmişdir. "Sevən ürək, isti çörək" əsərini 1990-cı il 20 Yanvar faciəsinə həsr etmişdir.

Xidmətlərinə görə 26 sentyabr 1985-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə "Əməkdar təbliğatçı" fəxri adına, 22 yanvar 1991-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 10 iyul 2001-ci ildə isə "Qızıl qələm" mükafatı almışdır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2001-ci il fərmanı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Əsərləri

  • Şərqin qapısı — Naxçıvan diyarı.

Filmoqrafiya

  1. Ver sözə ehya ki... (film, 1989)
  2. Mənim çörəkli dünyam (film, 1991) (Ssenari müəllifi — İmran İsmayılla birlikdə)
  3. Aqil Əliyev. Böyük alim, böyük insan (film, 2007)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.