Əbülfət xan Cavanşir
Əbülfət xan Tuti (1766, Şuşa – 1839, Təbriz) — dövlət xadimi, şair, İbrahimxəlil xan Cavanşirin oğlu.
Əbülfət xan Tuti | |
---|---|
Əbülfət xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | 1766 |
Doğum yeri | |
Vəfat tarixi | 1839 |
Vəfat yeri | |
Həyat yoldaşı | Bədirxan bəyim |
Uşaqları | Məhəmmədəli xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Məhəmmədtağı xan, Əbdülhüsеyn xan, Məhəmmədibrahim xan, Gövhərnisə bəyim |
Atası | İbrahimxəlil xan Cavanşir |
Fəaliyyəti | şair |
Əbülfət xan Cavanşir Vikimənbədə |
Həyatı
Əbülfət xan Tuti Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili görmüşdü. Özünü tanıyandan saray işlərində atasına kömək edirdi. 1796-cı ildə qraf Valerian Zubov çoxsaylı rus qoşununun başında Azərbaycana gəlir. Kür çayının yaxasında düşərgə qurur. İbrahimxəlil xan Cavanşir Ağaməhəmməd şah Qacarın yeni yürüşündən əndişələnib V. Zubovla ilişki qurmaq qərarına gəlir. Qərarını saray adamlarına bildirib, gənəşik istəyir. Baş vəziri Molla Pənah Vaqifin məsləhəti ilə oğlu Əbülfət ağanı V. Zubovun yanına göndərir. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum İbrahim xan oğlu Əbülfət xanı Qarabağın bir neçə bəyzadəsi ilə birlikdə töhfə, hədiyyələr və cins atlarla, tam bir razılıq və rəğbətlə, böyük sərdar Valeryan Zubovun hüzuruna göndərib, yüksək Rusiya dövlətinə səmimi qəlbdən itaət edəcəyini və sədaqətini bildirdi".[1]
Əbülfət ağa missiyasını yerinə yetirib, atasının yanına qayıdır. 1797-ci ildə Şuşada Ağaməhəmməd şahın qətlindən sonra taxt-taca Fətəli şah yiyələnir. Taxta çıxan kimi İbrahimxəlil xandan əmisinin qatillərini və sarayda saxlamaq üçün girov istəyir. İbrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı Tehrana göndərir.
Əbülfət ağa İrana girov kimi gəlir. Şah onu sarayda saxlamayıb, oğlu Abbas Mirzəyə yardımçı verir. Vəliəhd Abbas Mirzə Naibəssəltənə Əbülfət ağaya xan ünvanı verib, qoşun başçısı təyin edir.
İbrahimxəlil xan oğlu Məhəmmədhəsən ağadan incik düşəndə Əbülfət xana sifariş göndərib, Qarabağa dəvət edir. Fətəli şah xanın sifarişindən hədsiz sevincək olub qiymətli ərməğanlarla Əbülfət xanı Qarabağa yola salır. Dayaq və dəstək üçün beş min nəfər qoşun verir. Fərəculla xan Şahsеvəni də yardımçı sifəti ilə ona qoşur.
Əbülfət xan Qarabağın sınırına çatıb şahın istəyini atasına yazır. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhəmmədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadələr (Məhəmmədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdilər ki, Əbülfət xanı geri göndərsin. İbrahimxəlil xan Əbülfət xana yazıb bildirdi ki, gəldiyi kimi geri dönsün.
Əbülfət xan məktubun qırımından bilir ki, işin içində qardaşlarının barmağı var. Ona görə də geri dönməyib Qapan, Güney, Çulundur və Bərgüşad mahallarını tutur. Atasının mahallara təyin etdiyi naibləri, kənxudaları, kovxaları, darğaları və yüzbaşıları çıxarıb, iş başına öz adamlarını qoyur. Bərgüşad çayının yaxasında düşərgə qurub əyləşir. Dizaq, Xırdapara-Dizaq və Cavanşir-Dizaq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırır. Çox keçmir ki, el böyükləri başlarının dəstələriylə Əbülfət xanın yanına gəlirlər.
Əbülfət xan qardaşı Məhəmmədhəsən ağanı əsir almaq üçün Tuğ kəndinə yürüş edir. Kəşfiyyatı bilgi gətirmişdi ki, Məhəmmədhəsən ağa az bir qoşunla Tuğda təkdir. Qəfil hücum olsa yardımına qardaşları yetməyəcəklər. Qış günü, duman-çənlə bir təhər Tuğa yetişən Əbülfət xan aldandığını duyur. Mehdiqulu ağa və Xanlar ağa böyük qoşunla səngər tutub onu gözləyirdi. Qayıtmağı qüruruna sığışdırmayan Əbülfət xan savaş əmrini verir. Elə birinci döyüşdə yenilir. İkinci həmlədə xeyli adam itirir. Qacar ordusunun adlı-sanlı başbuğları əsir düşür. Beş min qoşundan qalan beş yüz nəfərlə Arazı adlayıb Qaradağa çəkilir.
1805-ci ildə Əbülfət xan yenidən Qarabağa gəlir. Bu dəfə o, Abbas Mirzənin başçılığı altında gəlmişdi. Çox keçmir ki, Fətəli şah da böyük bir ordunun başında Qarabağa yürüş edir, lakin rus ordusunun və Qarabağ qoşunun təzyiqi nəticəsində geri çəkilirlər.
1806-cı ildə Əbülfət xan Abbas Mirzə ilə Qarabağa yürüş edir. Naibəssəltənə Əbülfət xana tapşırıq verir ki, Qarabağ ellərini Qaradağa köçürsün. Bir çox el böyükləri, seçkin bəylər Əbülfət xanın tərəfini saxlayırdı. Hətta bəzi bilginlərə görə, İbrahimxəlil xan da İrana keçmək istəyirmiş. Elə bu xəbərlər də İbrahimxəlil xanın axırına çıxdı.
İran tarixçiləri yazırlar ki, İbrahimxəlil xanın oğlu Əbülfətdən və qızı Ağabəyim Cavanşirdən ona xəbər çatdı ki, o, İranla dostluğa cəlb olunsun. Nəhayət, İbrahimxəlil xan Abbas Mirzəyə məktub yazıb öz bəxşişini tələb edib Şuşanı işğal etmiş bir qrup rus əsgər və zabitini çıxarmaq üçün İran dövlətindən kömək istədi.
1806-cı ildə Fətəli şah İbrahimxəlil xanın oğlu, İrana tabe olan Mehri mahalının başçısı Əbülfət xanı 5 min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. İranın adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüsеynqulu xan Qacar, Damğanlı İsmayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi. Onlar Qarabağa çatanda artıq ruslar İbrahimxəlil xanı öldürmüşdülər.
Əbülfət xan Cavanşir məsələdən xəbərdar olub öldürülmüş insanların parçalarını kəfən-dəfn etdikdən sonra buranın rəhbərliyini Mehdiqulu xanın (İbrahimxəlil xanın böyük oğlu) öhdəsinə qoyub özü qalan başçılarla Naibüssəltənənin yanına tələsdi. O, şahzadəni ruslar tərəfindən törədilmiş bu faciəli əməldən xəbərdar etdi.
Əbülfət xan Qapana gələndə onu Satur hampa Tatevli, Ohancan kovxa Xınzırəkli və Əsəd sultan Qaraçorlu qarşılayır. Əbülfət xan Qarabağ ellərini köçürüb, Qapan mahalına gətirir. Hazırlaşıb, öncə Ordubada, ordan da Qaradağa keçirmək istəyir. Elə bu çağda qardaşı oğlu Cəfərqulu ağa üstünü alır. Savaşda yenilib, qaçır.
1811-ci ildə Əbülfət xan Qarabağa gəlir. Bu dəfə bir neçə obanı aparmağa müvəffəq olur.
1813-cü ildə İranla Rusiya arasında Gülüstan sülh müqaviləsi imzalanır. Müqavilə nəticəsində Qarabağın Çulundur mahalının bir hissəsi, Güney və Mehri mahalları İran tərəfdə qalır. Əbülfət xan bu ərazinin hakimi təyin edilir.
1826-cı ildə Abbas Mirzə Əbülfət xanı da götürüb Qarabağa gəlir. Bu yürüş də uğursuzluqla sonuclanır.
1828-ci ildə İranla Rusiya arasında yeni sülh müqaviləsi bağlanır. Bu dəfə sərhəd Araz çayı olur Əbülfət xanın torpaqları əldən çıxır.
1833-cü ildə Abbas Mirzənin vəfatından sonra Əbülfət xan ordudan tərxis olunub, istefaya çıxıb dinc yaşama başlayır.
Əbülfət xan 1839-cu ildə vəfat edib.
Ailəsi
Əbülfət xan Ismayılxan ağa Sarıcalı-Cavanşirin qızı Bədirxan bəyimi, Mirzə Rəbi Tiflislinin qızını almışdı. Məhəmmədəli xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Məhəmmədtağı xan, Əbdülhüseyn xan, Məhəmmədibrahim xan adlı oğulları, Gövhərnisə bəyim adlı qızı vardı.
Yaradıcılığı
Əbülfət xan şair idi. Tuti təxəllüsü ilə şeirlər yazırdı. Yazdıqlarının çoxu türk, bir qismi isə fars dilindədir. Bir çox ünlü təzkirələrdə Əbülfət xan Tutidən istedadlı şair kimi danışılır və qoşqularından örnəklər verilir. Əbülfət xan Tutinin Məhəmməd ağa Müctəhidzadənin "Riyaz ül-aşiqin" təzkirəsində bəllənən bir qəzəli:
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım, Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum, Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.
Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz, Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım.
Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim, Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.
Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim, Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.
Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət xan haqqında yazır: "Elə şirin kəlamları var idi ki, Hindistan tutuquşuları onun bəlağətini şəkər süzülən bu beytlə söyləyirdilər:
Tuti səndən gözəl söz deyə bilməz, Sənin ağzından söz şəhdilə çıxar.
Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi İbrahimxəlil xan Cavanşirin adlı-sanlı və əziz xələfidir. Tərifi layiq zatı istənilən qədər yaxşılıq etməkdə məşhur, xoşagələn sifətləri o qədərdir ki, kəramət və şərafət arxı kimi vəsf olunur. Dövrün dövlətinin şahənşahlıq müddətinin əvvəlindən yüksək mərtəbəli atasınan işarəsi ilə Darül-Xəlifədə xidmətə tələsdi və inayət və tərbiyəsi şərəfinə nail oldu, şahlıq qayda-qanunu öyrəndi.
Böyük əmirlərdəndir, quzunu canavarın əlindən xilas edəndir. Əlçatmaz sədaqəti və böyüklüyü var. Əli boş olanlara səxavətli və cəsurdu. Ərmən valisinin nəcib övladı və xanların nəslidir. Düşməni məğlub edəndir. Müəllifin qədim zamanlardan onlara və onların şanlı və cəlallı atası ilə son dərəcə sədaqət və məhəbbətləri var. Əhdinə düzgün böyüklərdən və pak etiqadlı əmirlərdəndir. Sədaqətlidir, süfrə və nemət sahibləridir. Qəribpərəst, mehr və vəfa sahibidir. Cəlallı əmir sülaləsindəndir. Xoş əxlaqı ilə bənzərsizdir. Bu əmirin nəzm və nəsrdə də bənzəri yoxdür. Hərdən qələmin köməyi ilə yaxın dostlarına lətif məktublar yazar, nüdrətən şeir də deyər. Bu iki beyt onundur.
Sənigörüb, sənə ürək bağlamaq mənim günahım, Ürəyi sözlə kimin sındırmaq kimin günahıdır?
Vüsal həvəsində əcəb xəyalım var, Nə əcəb xəyaldır, əcəb mümkün olmayan xəyaldır.
Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin kiçik oğlu, Abbasqulu xan Cavanşir Mötəmüddövlənin atası Əbülfət xan, Məhəmməd şah və Nəsrəddin şah Qacarın səltənəti zamanında məşhur xadimlərdən biridir və o, bir neçə dəfə vilayət hakimi olmuşdur".
İstinadlar
- Qarabağnamələr. I kitab. Bakı: Yazıçı, 1989, səh.124.
Mənbə
- Ənvər Çingizoğlu. Əbülfət xan Qarabağlının törəməsi. ATŞS-nin xəbərləri. VI buraxılış, Bakı: Adiloğlu, 2007, səh.3.