Əşrəf Hacıyev

Əşrəf Əhmədpaşa oğlu Hacıyev – Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə mütəxəssis-tədqiqatçı. Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1958), əməkdar jurnalist (1989).

Əşrəf Hacıyev
azərb. Əşrəf Əhmədpaşa oğlu Hacıyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Əhmədpaşa Hacıyev
Təhsili Azərbaycan Dövlət Universiteti
İxtisası Jurnalistika
Fəaliyyət illəri 1950 - 2001
Əsərlərinin dili Azərbaycanca
Rusca
Janrlar Povest, hekayə, nağıl
İlk əsəri Peşmançılıq
Tanınmış əsərləri İtkin atanın oğlu (povest)
Daş güzgü (povest)

Həyatı

Əşrəf Hacıyev 1931-сi il dekabrın 11-də Bakıda anadan olmuşdur. Həmin vaxt onun valideynləri burada təhsil alırdılar. Uşaqlığı Qutqaşen (indi Qəbələ) rayonunun Hacallı kəndində keçmişdir. 1949-cu ildə Qəbələ şəhər orta məktəbini əla qiymətlərlə bitirmişdir. Orta məktəbdə istər dəqiq və təbiət, istərsə də humanitar elmləri təmsil edən bütün fənləri mükəmməl mənimsədiyinə baxmayaraq, onun geniş maraq dairəsində ən mühüm məqamı bədii ədəbiyyat tuturdu, bu sahədə qələmini də sınamışdı. Yazıçı olmaq arzusu ilə sənədlərini Azərbaycan Dövlət Universiteti (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı şöbəsinə verir. Lakin sərbəst mövzuda yazdığı inşa imtahan komissiyasının diqqətini cəlb etdiyindən xüsusi yazı istedadını nəzərə alıb, özündən də soruşmadan onu həmin fakültənin nəzdindəki jurnalistika şöbəsinə qəbul etmişlər. 1949-1954-cü illərdə universitetdə jurnalistika sənətinin sirlərinə yiyələnən gənc bu peşəyə həmişəlik bağlanmış, ömrünü Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafına həsr etmişdir. Universiteti bitirən kimi, 1954-cü ilin avqustunda onu Azərbaycan Komsomolu Mərkəzi Komitəsində (ALKGİ MK) təbliğat və təşviqat şöbəsinin mətbuat üzrə təlimatçı vəzifəsinə işə götürmüşlər (1954-1956). Həmin illərdə onun respublikanın müxtəlif mətbuat orqanları ilə uzun illər davam edən əməkdaşlığının təməli qoyulmuş, imzası müntəzəm olaraq mətbuat səhifələrində görünməyə başlamışdır. Bilavasitə yaradıcılıqla məşğul olmaq həvəsi onu 1956-cı ilin dekabrında «Azərbaycan gəncləri» qəzetinin redaksiyasına gətirmiş, uzun illər (1956-1969) o, qəzetdə aparıcı olan təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işlədiyi illərdə (1969-1977) də mətbuatdan uzaq düşməmişdir. 1977-ci ildə «Kommunist» qəzetinin (1991-ci ildən «Xalq qəzeti») dəvəti ilə yenidən redaksiya işinə qayıdan Əşrəf Hacıyev burada iyirmi il (1977-1997) işləmişdir: arada on il fərq olmaqla iki şöbəyə: «sovet quruculuğu» və «partiya həyatı» şöbələrinə rəhbərlik etmişdir. 1990-1997-ci illərdə «Xalq qəzeti»nin Mingəçevir şəhəri mərkəz olmaqla Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Ucar, Zərdab rayonları üzrə bölgə müxbiri olmuşdur. 1989-cu ildə o, Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə «Azərbaycan Respublikasının Əməkdar Jurnalisti» fəxri adına layiq görülmüşdür. Ömrünün son illərində «Respublika» qəzetində şöbə müdiri, ədəbi redaktor (1997-2001) vəzifələrində çalışmışdır. Əşrəf Hacıyev gənclik illərindən fəal həyat mövqeyi və ictimai fəallığı ilə fərqlənirdi. Tələbəlik illərində fakültə komsomol təşkilatının katibi, işlədiyi institutda, redaksiyalarda ilk partiya təşkilatının katibi seçilmişdir. Azərbaycan jurnalistlərinin qurultaylarının nümayəndəsi olmuş, Azərbaycandan olan nümayəndə heyətlərinin tərkibində ümumittifaq səviyyəli elmi və dövlət tədbirlərində iştirak etmişdir. 2001-ci il iyulun 5-də Bakıda vəfat etmişdir. Əşrəf Hacıyev 1956-cı ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı Naibə Əfəndiyeva pedaqoqdur, uzun illər orta məktəbdə rus dili və əbəbiyyatı fənnindən dərs demişdir. Hazırda pensiyadadır. İki övladı: bir qızı və bir oğlu, iki nəvəsi vardır.

Yaradıcılığı

Əşrəf Hacıyevin artıq tələbəlik illərində mətbuatda yazıları dərc edilmişdi. 50-ci illərin ortalarından müntəzəm və fasiləsiz yaradıcılığa başlamış, ömrünün sonuna qədər, 45 il qələm əlindən düşməmişdir. Əsərlərini «Ə.Hacıyev» və «Əşrəf Hacıyev» imzaları ilə yazırdı. Onun ədəbi-bədii, elmi-publisistik irsi respublikada Azərbaycan və rus dillərində, uşaq mətbuatı da daxil olmaqla nəşr olunan onlarla qəzet və jurnal səhifələrinə səpələnmiş minlərlə məqaləni, çoxsaylı nəsr və dram əsərlərini, ssenarilər, mətbuat tarixinə dair elmi araşdırma və tərcümələri özündə ehtiva edir. Bu zəngin irs çoxşaxəli, cəmiyyət həyatının, demək olar, bütün sahələrini əhatə edib, mövzusuna görə olduqca geniş (iqtisadiyyat, tarix, ədəbiyyat, incəsənət, hüquq, elm, mədəniyyət, əxlaq-mənəviyyat məsələləri, siyasət, ideologiya, son illərdə müharibə, Qarabağ, torpaqlarımızın işğalı, qaçqınlar problemi və s.), janr-forma baxımından rəngarəngdir. Yazıçı-publisist Azərbaycan ədəbiyyatında yeni istiqamətlərin yaradılmasının başlanğıcında durmuşdur. Müxtəlif illərdə onun «İtkin atanın oğlu» povesti, «Eynəkli kişi», «Son görüş», «Daş güzgü» hekayələr topluları, «Qırmızı dalğalar» (pyes) adlı bədii, «Məhəbbət könül çırağıdır», «İksir», «Günəş nəslinə məktublar», «Milyonlar belə yaranır», «Şirvanın şöhrəti», «Yerli Sovetlər və kənddə mədəniyyət», «Müseyib Dadaşov» və s. elmi, publisist kitabları nəşr olunmuşdur. Əşrəf Hacıyevin 19 kitabı (vəfatından sonra buraxılan «Bir qız, bir oğlan, bir də ovçu Qurban» nağıllar kitabı da daxil olmaqla) onun böyük irsinin yalnız kiçik bir hissəsini təşkil edir. Qəzet və jurnlallarda dərc edilmiş publisistikasının böyük hissəsi, xeyli bədii əsəri kitab kimi hələ çap edilməmiş, arxivində ümumiyyətlə işıq üzü görməyən əlyazmaları mövcuddur.

Publisistika

Operativlik, ciddi jurnalist araşdırması, irəli sürdüyü mülahizələrində faktlara və məntiqə söykənən əsaslılıq, sosial əhəmiyyətli məsələlər qoyub onların həlli yollarını tapma, şərh edilən problemə geniş, miqyaslı, ən başlıcası, daima insan amili prizmasından baxışın daxili dialoqla və ideyalılıqla birləşməsi, məsələnin üzdə görünməyən tərəflərinə, mahiyyətinə istinad, milli ruh, xalq müdrikliyinə müraciət, kəsər, sərrast, səlis, ifadəli gözəl dil Əşrəf Hacıyevin publisistikasının səciyyəvi xüsusiyyətlərindəndir. Onun məqalələri geniş oxucu kütləsinə təsir edərək ictimai reaksiya oyadır, ictimai rəy formalaşdırırdı. Publisistn-yazıçı mühakimə-mülahizələrində sərbəst, müstəqil, prinsipial və cəsarətlidir. Bir çox hallarda hadisələrin qiymətləndirilməsində rəsmən qəbul edilmiş, vərdişə çevrilmiş şablon, standart rəyləri alt-üst edərək, özünün əks mövqeyini bildirir, fikrini əsaslandıraraq, məsələyə yeni baxış formalaşdırırdı. Bu cəhətdən müxtəlif illərə aid «Qanun insanın vicdanıdır» (1961), «Rüsvayçılıq ömürdən uzun olur» (1966), «Ölmüş şirə təpik vuran çox olar. Siyasi portretə ştrixlər» (1993), «Düşməni heç hesab edən özü heç olar. «Qabusnamə» motivləri» (1993), «Xoş niyyətlər üzərində qara kölgələr» (1995), «Azərbaycan gələcəyə baxır» (1998), «Xocalı faciəsi düşündürür» (2001) və b. məqalələri səciyyəvidir. Eyni zamanda onun jurnalistikanın özünə elm və peşə kimi nəzəri, analitik-tənqidi yanaşması vardır. «Daim publisist işi görməli», «Yolla bir qoca gedir…» (1964), «Jurnalist zamanın burulğanında» (1996), «Jurnalistikada hərc-mərclik» (1997), «Yanlış başa düşülən demokratiya və söz azadlığı» (1998) kimi bir sıra əsərləri dövrün jurnalistikasının özünürefleksiya nümunələridir.

Azərbaycanda ilk gender tədqiqatı

Əşrəf Hacıyevin «Məhəbbət könül çırağıdır» (1965) kitabı Azərbaycanda ailə sosial institutu və ailə-nikah münasibətlərinə həsr edilmiş ilk sosioloji tədqiqat əsəri – ilk gender tədqiqatıdır. Əsər 50-60-cı illərdə Azərbaycan cəmiyyətində gender münasibətlərinin geniş mənzərəsini, müəllifin dediyi kimi, «canlı həyat materialı», yəni redaksiyaya gələn yüzlərlə oxucu məktubu əsasında canlandırar. Halbuki gender sözü «sosial cins» mənasında təfsir edilmiş istilah kimi elmə Qərbdə 60-ci illərin sonlarından, Azərbaycanda isə yalnız 90-cı illərin sonlarından daxil olmuşdur. Həmin vaxtdan da respublikada yeni istiqamətə maraqla bərabər bu sahədə araşdırmalara başlanılmışdır. Beləliklə, Əşrəf Hacıyev «Məhəbbət könül çırağıdır» kitabı ilə genderə sosio-mədəni fenomen kimi baxışı qabaqlamışdır.

Kəndin sosio-mədəni problemləri

«Yerli Sovetlər və kənddə mədəniyyət» kitabı (1989) Azərbaycan kəndinin sosio-mədəni məsələlərinə və onların həllində yerli Sovetlərin fəaliyyətinin roluna həsr edilmişdir. Ə.Hacıyev kəndin sosial tərəqqisini, kənd və şəhər arasındakı fərqin silinməsini bilavasitə kənddə mədəniyyətin inkişafı ilə əlaqələndirir. Kənd rayonlarında mövcud vəziyyəti əks etdirən çoxlu faktik və sosioloji materiallar əsasında o, kəndliləri mədəniyyətə cəlb etməyin forma və vasitələrini təhlil eldir və bu sahədəki nöqsanların, çətinliklərin aradan qaldırılmasının yollarını göstərir.

Tarixə dair tədqiqatlar

Ə.Hacıyev Partiya Tarixi İnstitutunda işlədiyi illərdə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan mətbuatının tarixini, xüsusilə də partiya və dövlət xadimi, keçən əsrin mürəkkəb 30-cu illərində Azərbaycan dövlətinə başçılıq etmiş – Azərbaycan SSR MİK-nin sədri olmuş Sultanməcid Əfəndiyevin publisist irsini dərindən araşdırmışdır. Onun əsərlərinin üzə çıxarılması, seçilməsi, tərtibi, iki cilddə (təxminən 34 ç.v. həcmində material) toplanmasına böyük əmək sərf etmişdi. Sultanməcid Əfəndiyevin 1977-ci ildə bir cilddə işıq üzü görən «Seçilmiş əsərləri» toplanılan bu materialı yalnız qismən əks etdirirdi. Ə.Hacıyevin S.M.Əfənliyevin publisistikasına həsr edilən, institutun elmi şurası tərəfindən bəyənilmiş və çapa məsləhət görülmüş monoqrafiyası isə çap edilmədi. Lakin həmin mövzuda elmi məqalələri respublikanın elmi jurnallarında dərc edilmişdir. O, dövrü mətbuatda əlamətdar günlər münasibətilə inqilabi keçmişimizi, ictimai, siyasi, dövlət xadimlərinin həyat və fəaliyyətini əks etdirən silsilə tarixi oçerklərlə çıxış etmişdir. «Müseyib Dadaşov» kitabı (1971) məşhur fəhlə, inqilabçının həyat və fəaliyyətinə həsr edilmiş, «Şirvanın şöhrəti» (1974) Zaqafqaziyada ilk dövlət təsərrüfatı olan Qaraçala sovxozunun tarixindən bəhs edir. Ə.Hacıyev mərkəzi «Azərbaycan gəncləri» və Quba rayonunda çıxan «Şəfəq» qəzetlərinin 50 illiyinə həsr edilən tarixi oçerk-bukletlərin tərtibçi-müəllifidir.

Nəsr

Əşrəf Hacıyevin ədəbi-bədii nəsr əsərləri (povest, hekayə və novellaları, əfsanə və nağılları) insana və təbiətə, vətənə sevgi ilə aşılanmışdır. Onun hekayə və novellaları psixoloji dərinliyi, incə müşahidələri, həyati milli obrazları, qəlbi riqqətə gətirən səmimiliyi, xüsusi lirizmi ilə seçilir. Bir sıra hekayələri Azərbaycan yazıçılarının əsərlərindən ibarət toplulara daxil edilmişdir. Yazıçının «Ana və qız» hekayəsi 1972-ci ildə radioda keçirilən ən yaxşı hekayə müsabiqəsinin qalibi olmuşdur. Həmin illərdə onun «Ana və qız», «Dördüncü ildə», «Məktub» və b. hekayələri radio ilə «Bədii qiraət» verilişində tez-tez səsləndirilirdi. «Zərnişanın qızı» novellası rus dilində Eldar Şərifovun tərcüməsində «Literaturnı Azerbaydjan» (1981, № 2) jurnalında dərc edilmişdir. «Yol üstündə ağac» novellasını Yusif Gədikli türk dilinə tərcümə edib özünün tərtib etdiyi «Dost elindən gələn durna» adlı «müasir Azərbaycan hekayələri» antologiyası»na (İstanbul, 1987) daxil etmişdir. «Peşmançılıq» adlanan hekayə isə hələ 1958-ci ildə Bolqarıstanda türk dilində çıxan «Filiz» uşaq qəzetində çap edilmişdir.

Azərbaycan detektivinin başlanğıcında

Əşrəf Hacıyevin «Onun qanı ürəyimdədir» sənədli povesti (həmmüəllif Musa Qocayev) detektiv janrında olub, Azərbaycanda detektiv ədəbiyyatın banisi sayılan Cəmşid Əmirovun janrın təməlini qoyduğu «Sahil əməliyyatı» povestindən (1958) sonra yazılan ikinci bu tip əsərdir. Əsasında real cinayət hadisəsi duran povest «Azərbaycan gəncləri» qəzetində ardıcıl olaraq (1960-cı ilin 18, 21, 23, 28, 30 dekabr, 1961-ci ilin 4,6 yanvar saylarında) dərc edilmiş, böyük maraqla qarşılanmış, lakin kitab formatında çıxmamışdır. Müxtəlif cinayət işləri, məhkəmə prosesləri ilə bağlı olub maraqlı detektiv kimi oxunan jurnalist təhqiqatlarının onun yaradıcılığında öz yeri vardır. Bu növ məqalələrində o, özünün «Qanun insanın vicdanıdır», «Düz yol əxlaqla qanun arasındadır» tezislərini rəhbər tutaraq, ədalətin bərpasında məhz hüquq ilə əxlaqın vəhdətinə istinad edir və bunu tərbiyə hadisəsi kimi səciyyələndirirdi.

Dramaturgiya

Əşrəf Hacıyevin uşaqlar üçün yazdığı ilk pyesləri: «Medalyon», «Qırmızı ləpirçilər» Mədəniyyət sarayının uşaq bölməsində – «Şəfəq» Azərbaycan pioner teatrında 60-cı illərdə tamaşaya qoyulmuşdur. 1971-ci ildə inqilabçı Bünyad Sərdarovun həyatından bəhs edən «Qırmızı dalğalar» dramı Bakı Şəhər Xalq Yaradıcılığı Evinin nəşriyyatında ayrıca kitab şəklində çap edilmişdir. 70-ci illərdə Ə.Hacıyev bir-birinin ardınca radio üçün pyeslər yazır. Onun «Yüksək gərginlik» (1972), «Odlu tellər» (1972), «Briqadanın sabahı» (1973), «İki göy arasında» (1973), «Qızıl buxta» (1974), «Gözəllər zinəti» (1975), «Varislər» (1977), «Məsləhət» (1979) adlı pyesləri Bakı teatrlarının tanınmış artistlərinin ifasında radio teatrında səsləndirilmişdir. Bu radio-pyeslərdən ikisi: «Yüksək gərginlik» və «Varislər» və televiziya üçün yazılmış «Gül ətri» pyesi (1972) AzərbaycanTeleviziya və Radio Komitəsinin keçirdiyi ədəbi musabiqələrin qalibi kimi mükafatlara layiq görülmüşdür. Əşrəf Hacıyevin «Gözəllər zinəti» radio-pyesinin 1975-ci il iyulun 12-də premyerası olmuş tamaşası radio dinləyiciləri tərəfindən xüsusilə rəğbətlə qarşılanmış və uğur qazanmışdır. Əsər təkcə maraqlı süjeti, quruluşu (Həsən Əbluc) və gözəl aktyor oyunu ilə (rolları Şahmar Ələkbərov, Amalya Pənahova, Həsən Əblucun özü, Əminə Yusifqızı, Zemfira Sadıxova, Bahadur Nəbiyev ifa edirdilər) deyil, həm də məhz yeni, dərin, aktual ideyası ilə ictimaiyyətin diqqətini cəlb etmişdi. Dramaturq burada 70-ci illərdə sovet cəmiyyətində özünü göstərən, tədricən ziyalı mühitinə də sirayət edən meşanlaşmanın eybəcər təzahürlərinə qarşı çıxırdı. Bir qədər sonra Əşrəf Hacıyev həmin radio-pyesi teatr üçün yenidən işləmiş (bu işdə Ş.Xurşud da iştirak etmişdi) və dram yeni «Məhəbbət novellası» adı ilə rejissor Ağakişi Kazımov tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşıçılar Teatrının səhnəsində tamaşaya (premyerası 26 iyun 1977-ci ildə olmuşdur) qoyulmuşdur. 1978-ci ildə tamaşa televiziya üçün lentə yazılmış, teatrın Moskvadakı qastrolları zamanı Malı teatrın səhnəsində göstərilmişdir. Həmin lirik dram «Qızıl zəncir» adı ilə İrəvan Azərbaycan Dövlət Dram Teatrında rejissor Tofiq Ağayevin quruluşunda səhnələşdirilmiş (ilk tamaşası 10 iyul 1978-ci il tarixində baş tutmuşdur) və uzun illər teatrda uğurla oynanılmışdır. 1987-1990-cı illərdə, azərbaycanlıların dədə-baba torpaqlarından qovulduqları zaman, İrəvan teatrı da deportasiya edildi. 1989-cu ildən teatrın yaradıcı truppası öz fəaliyyətini Bakıda davam etdirir, tamaşalar qoyur, «Qızıl zəncir» yenə də onun repertuarındadır.

Ssenarilər

Əşrəf Hacıyev «Azərbaycanfilm» kinostudiyasının sifarişi ilə iki sənədli filmə ssenari yazmışdır. Onlardan birincisi, «Ömür-gün sevdası» adlı qısametrajlı film 1976-cı ildə Kəlbəcər rayonunun dağlarında çoxəsrlik adətlərinə, möhkəm ailə ənənələrinə sadiq sadə, əməksevər, xoşbəxt kənd sakinlərinin, uzun ömür yaşamış müdrik qocaların iştirakı ilə çəkilmişdir. Filmdə rayonun kəndlərinin çoxunda yüz il ərzində bir boşanma hadisəsinin belə baş verməməsindən danışılırdı. Burada insanlar həyatlarında bircə dəfə və ömürlük evlənirdilər. Buna görə filmin birinci adı «Toy bir dəfə olar» idi. Hadisələrin faciəvi gedişatı həmin filmi bu gün tarixi sənədə, nostaljili xatirəyə çevirmişdir. 1993-cü ilin aprelində Kəlbəcəri ermənilər işğal etdikdən sonra yerli sakinlər öldürülmüş, öz yurd-yuvalarından, minilliklər yaşadıqları torpaqlardan didərgin salınmışlar. İkinci film tammetrajlı olub, 1977-ci ildə prokata «Oktyabrın şəfəqləndirdiyi yol» adı ilə (ilkin adı «Lenin və Azərbaycan» idi) buraxılmışdır.

Tərcümələr

Əşrəf Hacıyev bədii, elmi, siyasi ədəbiyyatın tərcüməsi ilə məşğul olmuşdur. Onların arasında, fransız yazıçısı Qabriel Jildas-Andriyevskinin «Həmid üçün at yoxdur!» povesti, A.P.Çexov, Edmondo de Amiçis, O. Henri, Vasili Bakovun irsindən hekayələr, F. Dürrenmattın pyesi, F. T. Morqunun «Çörək və insanlar» kitabı və b. vardır

Bədii əsərləri və publisistikası

  • Milyonlar belə yaranır. Bakı: Uşaqgəncnəşr, 1959.
  • İtkin atanın oğlu (povest). Bakı: Uşaqgəncnəşr, 1961.
  • Günəş nəslinə məktublar. Bakı: Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyaatı, 1962.
  • Həyatın mənası. Bakı: Azərnəşr, 1963.
  • Eynəkli kişi (hekayələr). Bakı: Azərnəşr, 1964.
  • Məhəbbət könül çırağıdır: Bakı, Azərnəşr, 1965.
  • Qırmızı dərə. Bakı, Gənclik: 1967.
  • Təbliğatçının canlı sözü. Bakı: Gənclik, 1967.
  • İksir. Bakı: Maarif, 1967, 31 səh., tirajı 3000.
  • Biz sizinləyik. Bakı: Uşaqgəncnəşr, 1968.
  • Qırmızı dalğalar. Bakı «Krasnıy Vostok», 1971.
  • Müseyib Dadaşov. Bakı Azərnəşr, 1971.
  • Şirvanın şöhrəti. Bakı: Azərnəşr, 1974.
  • Son görüş (hekayələr). Bakı Gənclik, 1977.
  • Daş güzgü (novellalar). Bakı: Yazıçı, 1988.
  • Yerli Sovetlər və kənddə mədəniyyət. Bakı: Azərnəşr, 1989.
  • Bir qız, bir oğlan, bir də ovçu Qurban. (nağıllar). Bakı: «Adiloğlu», 2002.

Tərtib etdiyi kitablar

  • «Azərbaycan gəncləri» – 50. Bakı: «Kommunist» nəşriyyatı, 1969.
  • «Şəfəq» – 50. Quba qəzeti haqqında tarixi oçerk-buklet. Bakı: «Kommunist» nəşriyyatı, 1972.
  • Sultanməcid Əfəndiyev. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1977.

Tərcümə etdiyi kitalar

  • Qabriel Jildas-Andriyevski. Həmid üçün at yoxdur! Bakı :Azərnəşr, 1965.
  • Morqun F.T. Çörək və insanlar. Bakı:Azərnəşr, 1974.
  • Şerbitski V. V. Sovet Ukraynası. Bakı: Azərnəşr, 1979.

Teatr pyesləri

  • 1966 — Medalyon.
  • 1968 — Qırmızı ləpirçilər
  • 1971 — Qırmızı dalğalar
  • 1977 — Məhəbbət novellası («Gözəllər zinəti» radio-pyesi (1975) əsasında teatr üçün yenidən işlənmə)
  • 1978 — Qızıl zəncir («Gözəllər zinəti» radio-pyesi (1975) əsasında teatr üçün yenidən işlənmə)

Rado-pyeslər

  • 1972 — Yüksək gərginlik
  • 1972 — Odlu tellər
  • 1973 — Briqadanın sabahı
  • 1973 — İki göy arasında
  • 1974 — Qızıl buxta.
  • 1975 — Gözəllər zinəti
  • 1977 — Varislər
  • 1979 — Məsləhət
  • 1981 – Alma bağı

Televiziya pyesi

  • 1972 — Gül ətri

Ssenarilər

  • 1976 — Ömür-gün sevdası (qısametrajlı sənədli film)
  • 1977 — Oktyabrın şəfəqləndirdiyi yol (tammetrajlı sənədli film)

Mənbə

  • Yusifoğlu A. Xalqa xidmətdə keçən ömür. // «Müxbir» jurnalı, № 10, oktyabr, 1989, s. 25-27.
  • Xalqa həsr olunmuş ömür. [Əşrəf Hacıyevin anadan olmasının 70 illiyinə həsr olunur]. // «Respublika» qəzeti, 29 mart 2002-ci il, № 70, s. 6.
  • Xeyirxah ruhlu kitab haqqında. [Əşrəf Hacıyevin «Bir qız, bir oğlan, bir də ovçu Qurban» adlı yeni kitabı haqqında]. // «Dirçəliş–XXI əsr», jurnalı, 2002, avqust, № 54, s.196.
  • Əşrəf Hacıyev. // Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları: Ensiklopedik məlumat kitabı. Bakı, «Nurlar» NPM, 2004, s. 291.
  • Piriyev Qüdrət. Sözu şərəfləndirən publisist. // «Xalq qəzeti», 22 iyul 2007-ci il, № 160, s.
  • Hacıyeva Arzu. Əşrəf Hacıyevin «Məhəbbət könül çırağıdır» əsəri gender tədqiqatı kimi. // Gender, demokratiya, sülh mədəniyyyəti (ikinci buraxılış). Bakı, 2009. s. 100-107.
  • Hacıyeva Arzu. Məhəbbət könül çırağıdır: Azərbaycanda ilk gender tədqiqatı haqqında. // «Respublika» qəzeti, 7 mart 2012, № 054 (4343), s. 5.
  • Akimova Elnarə. Uşaq ədəbiyyatı nəşrlərinin çağdaş vəziyyəti. // «Ədəbiyyat qəzeti», 10 avqust 2016-cı il.
  • Azərbaycan jurnalistikasında işıqlı iz. (Əşrəf Hacıyev həmkarlarının xatirələrində). // «Mədəniyyət» qəzeti, 29 mart 2017-ci il, № 23, s. 15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.