Şuri qəsri
Şuri qəsri (首里城, Shuri-jō, okin. Sui Gushiku[2]) – Yaponiyanın Okinava prefekturasının Naha şəhərinin Şuri rayonunda yerləşən Ryukyu qusukusu. Sanzan dövründə tikildiyi güman olunur. Okinava prefekturasının simvollarından biridir.
Şuri qəsri | |
---|---|
首里城 | |
26°13′01″ şm. e. 127°43′10″ ş. u. | |
Ölkə | Yaponiya |
Şəhər | Şuri, Naha, Okinava prefekturası |
Yerləşir | Naha, Okinava prefekturası |
Tikilmə tarixi |
İnşası: XIV əsr Bərpası: 1958–1992 |
Üslubu | qusuku |
Sahəsi |
|
Material | Ryukyu əhəngi, taxta |
Vəziyyəti | yanğın nəticəsində məhv olub[1] |
Rəsmi sayt |
oki-park.jp/shurijo/en/ oki-park.jp/shurijo/ oki-park.jp/shurijo/kr/ oki-park.jp/shurijo/sc/ oki-park.jp/shurijo/tc/ |
Rəsmi adı: Ryukyu krallığının qusukuları və əlaqəli tikililəri | |
Tipi | Mədəni |
Kriteriya | ii, iii, iv |
Təyin edilib | 2000 |
İstinad nöm. | 972 |
Dövlət | Yaponiya |
Region | Asiya və Sakit okean |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1429-1879-cu ildə Ryukyu krallığının sarayı olmuş, dövlətin siyasi, mədəni, hərbi və dini mərkəzi olmuşdur. Ryukyu krallığı ilə Çin münasibətlərinin inkişafında əhəmiyyəti olmuşdur. 1609-cu ildə yaponların əlinə keçsə də, 2 il sonra qaytarılmışdır. 1879-cu ildə Ryukyu krallığı Okinava prefekturası kimi Yaponiyaya daxil olandan sonra qəsr əhəmiyyətini itirməyə başlamışdır. Həmin tarixdən sonra uzun müddət baxımsız vəziyyətdə qalmışdır.
1945-ci ildə İkinci dünya müharibəsi zamanı baş tutan Okinava döyüşü zamanı qəsr ABŞ donanması tərəfindən 3 gün boyunca bombardman edilmiş və tamamilə dağılmışdır. Müharibədən sonra qəsr universitet korpusu kimi istifadə olunmuşdur. 1992-ci ildən başlayaraq mərkəzi iç qala və divarlar tarixi qeydlər, fotoşəkillər və memuarlar əsasında orijinal yerdə yenidən inşa olunmuşdur. 2000-ci ildə YUNEKO-nun Ümumdünya irsi siyahısına salınmışdır. 21 oktyabr 2019-cu ildə qəsrin əsas strukturları yanğın nəticəsində tamamilə yanmışdır.[3]
Tarixi
İlk illər
Qəsrin tikilmə tarixi naməlumdur, lakin Sanzan dövründə (1322-1429) istifadə olunduğu dəqiqdir. Çox güman ki, Okinavadakı bir çox qəsr kimi Şuri qəsri də Qusuku dövründə tikilib. Kral Şo Haşi Okinavanın 3 knyazlığını birləşdirib Ryukyu krallığını quranda qəsrdən iqamətgah kimi istifadə etməyə başlamışdır.[4] Eyni zamanda Şuri paytaxt olaraq çiçələnməyə başlamışdır və İkinci Şo sülaləsinin dövründə də belə qalmağa davam etmişdir.
1429-cu ildən 450 il boyunca Ryukyu krallığının sarayı və inzibati mərkəzi olmuşdur. Ryukyu adalarının siyasət, iqtisadiyyat, mədəniyyət paytaxtı olmuşdur. Qeydlərə görə qəsr bir neçə də yanmış və hər dəfə yenidən tikilmişdir. Şo Neyin hakimiyyəti dövründə Yaponiyanın Satsuma feodal bölgəsindən olan samuraylar 6 may 1609-cu ildə Şuri qəsrini ələ keçirmişdirlər.[5] Lakin 2 il sonra yaponlar Kral Şo Neyə taxtını, qəsri və şəhəri Ryukyu xalqına qaytarmışdılar. Əvəzində isə krallıq Satsumanın vassalına çevrilmiş və bu hal 250 il davam etmişdir.
Amerikalı Metyü Perri 1850-ci illərdə Okinavaya gələndə iki dəfə Şuri qəsrinə daxil olmağa çalışmışdır, lakin kral tərəfindən 2 dəfə rədd edilmişdir.[6] 1879-cu ildə Ryukyu krallığı Yaponiyanın tərkibinə daxil olmuşdur. Krallıq ləğv olunmuş və qəsr Yaponiya ordusu tərəfindən barrak kimi istifadə olunmağa başlamışdır. 1896-cı ildə Yaponiya garnizonu qəsri tərk etmişdir,[7] lakin bundan öncə onun altında tunellər qazmışdır.
1908-ci ildə Şuri şəhəri qəsri Yaponiya hökumətindən satın almışdır, lakin onu yeniləmək üçün büdcəyə malik deyildi. 1925-ci ildə milli xəzinə elan edilmişdir. Əvvəlki əhəmiyyətini itirsə də, tarixçi Corc Kerr qəsri "dünyadakı ən möhtəşəm qəsrlərdən biri" adlandırmışdır.[8]
Müharibədən sonra
İkinci dünya müharibəsi zamanı Yaponiya ordusu qəsrin altında hərbi qərargah qurmuşdur. 1945-ci ilin əvvəllərində Şuri və ətrafında kompleks müdafiə xətləri qurulmuşdur. 25 maydan başlayaraq Okinava hərakatının son hissəsi kimi ABŞ döyüş gəmisi Mississippi qəsri 3 gün boyunca bombalamış və sonda qəsr yanmışdır.[9][10][11] 29 mayda qəsr ABŞ ordusunun nəzarəti altına keçmişdir.[10][12][13]
Müharibədən sonra 1950-ci ildə qəsrin ərazisində Ryukyu Universiteti qurulmuş və 1975-ci ilə kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə Şureymon yenidən inşa edilmiş, 1992-ci ildən başlayaraq əsas tikililər və mərkəzi qəsrin divarları bərpa olunmağa başlamışdır. Hazırda qəsr ərazisi Şuri Qəsr Parkı adı ilə mühafizə olunur. 2000-ci ildə digər qusuku və əlaqəli ərazilərlə birlikdə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. Lakin ancaq 1950-ci ildən öncəki daş divarlar və qədim sütunlar Dünya irsi kimi tanınmışdır.
31 oktyabr 2019-cu ildə qəsrdə baş vermiş güclü yanğın nəticəsində Seyden, əsas zal, Hokuden və Nanden yanmışdır.[3] Təhlükəsizlik alarmı saat 2:30-da işə düşmüş, saat 2:40-da yanğınsöndürənlər hadisə yerinə çatmışdırlar. Yanğınsöndürənlərdən biri yanğına qarşı mübarizə apararkən dehidratasiya səbəbindən xəstəxanaya aparılmışdır.[14][15] Seyden, Hokuden, Nanden və Bandokoro tamamilə məhv olmuşdur.[16] Yerli xəbərlərə görə "4200 kv. metr ərazini əhatə edən 6 qəsr tikilisi dağılmışdır".[17][18] Yanğın saat 13:30-da tamamilə söndürülmüşdür.[19] Bu, Şuri qəsrində baş verən sayca 5-ci yanğındır (1453, 1660, 1709 və 1945).[20] Okinava qubernatoru Denni Tamaki yanğından sonra Şuri qəsrinin "Ryukyu krallığının simvolu, onun tarixinin və mədəniyyətinin ifadəsi olduğunu" bildirmiş, yenidən tikəcəyinə söz vermişdir.[21] Yaponiya dövlət katibi Yoşihide Suqa Şuri qəsrinin "Okinavanın ən əhəmiyyətli simvolu" olduğunu ifadə etmişdir. Yaponiya hökuməti restorasiya işlərində kömək edəcəkdir. YUNESKO da Şuri qəsrinin bərpası üçün kömək edəcəyini bildirmişdir.[22]
Memarlıq
Digər Yaponiya qəsrlərindən fərqli olaraq Şuri qəsri Çin memarlığından xeyli təsirlənmişdir. Funksional və dekorativ elementlər Qadağan olunmuş şəhərdəkilərlə bənzərlik təşkil edir. Darvazalar və digər tikililər qırmızı boya ilə rənglənmiş, divarlar rəngli dekorasiya olunmuş və dam kirəmitəri üçün əvvəlcə Qoryeo, daha sonra qırmızı Ryukyu kirəmitlərindən istifadə olunmuşdur. Hər hissənin dekorasiyasında kral əjdahasından istifadə olunub. Nanden və Bandokoro Satsuma klanının qəbul və əyləncəsi üçün istifadə olunduğundan, yapon stilini ancaq burada görmək olar.
Ryukyu elementləri də üstünlük təşkil edir. Digər qusukular kimi bu qəsr də Ryukyu əhəngi ilə tikilmiş, İkinci Şo sülaləsinin dövründə (XV əsrin ikinci yarısından XVI əsrin birinci yarısına kimi) xarici tikili ilə təchiz olunmuşdur. Okuşoin-en Ryukyu adalarından salamat qalmış yeganə qusuku bağçasıdır.
Hazırkı renovasiya hərbi məqsədlər yox, qəsrin mədəni və inzibati-siyasi mərkəz kimi roluna əsasən həyata keçirilmişdir. Orijinal taxta tikililər kimi bərpa olunan tikililər ancaq əsas daxili qəsrə aiddir. Seyden Tayvandan gətirilmiş taxta ilə tikilmişdir. Digər tikililər - Nanden və Hokudenin ancaq fasad hissəsi bərpa olunmuşdur, interyerləri üçünsə polad və beton kimi müasir materiallardan istifadə olunub.
Ryukyunun siyasi və dini həyatında mərkəzi roluna görə Şuri qəsri müxtəlif tarixi tikililərdən ibarətdir, eləcə də, müxtəlif belə tikililərdə əhatə olunub. Qəsr kompleksi 3 əsas zonaya bölünə bilər: mərkəzi inzibati bölgə (Seydan və Ura daxil olmaqla), şərqi yaşayış və tədbir bölgəsi (Seydanın arxası; Oçibara adlanır) və Kyonouçi adlı cənub-qərbi tədbir bölgəsi.
Əhəmiyyəti
Şuri qəsri ancaq siyasi və hərbi məqsədlər üçün istifadə olunmurdu, həmçinin Ryukyu xalqı üçün dini məbəd idi. Keçmişdə qəsrdə 10 utaki (ibadətgah) var idi və iç qəsrin cənub-qərb hissəsində Kyonouçi adlı məbəd yerləşirdi. Həmin yerdə ağac və təbii əhəng qayaları kimi təbii elementlər var idi. Noro bir çox təbiət ritualı həyata keçirsə də, ritualların məzmunu hələ də dəqiq aydın deyil. Müharibədən sonra ərazidə az da olsa, dini rituallar keçirilməyə davam etmişdir. Əsasən tüstülü çubuqların yerləşdirilməsi həyata keçirildi. Lakin qəsrin bərpa işlərindən sonra qəsrə daxil olmaq məhdudlaşdırıldığından dini əhəmiyyətini tamamilə itirmişdir.
Şuri qəsri Ryukyu krallığı ilə Çin arasındakı münasibətlərin inkişafında da rol oynamışdır. Ryukyu adaları ilə Çin arasındakı əlaqələr 1372-ci ildə başlamış və 5 əsr davam edərək 1879-cu ildə Okinava prefekturasının qurulması ilə başa çatmışdır. Yeni krallar hakimiyyətə gələndə Çin imperatoru qəsrdə keçirilən taxta çıxma mərasiminə öz rəsmilərini göndərirdi. Bu tədbir sayəsində Ryukyu krallığı Çinlə siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdı. Adət həm də Ryukyu kralının şərqi Asiyada tanınmasına səbəb olurdu.
Çin nümayəndəliyinə təxminən 500 insan daxil idi. Onlara imperatorun rəsmiləri tərəfindən təyin olunan sappoşi (səfir) və nümayəndə də daxil idi. Nümayəndə heyəti Pekindən yola düşür, Fuçjoda Ryukyu adalarına və ya Kumecimaya çatmaq üçün ukanşinə ("Tac gəmiləri") minirdilər.
Çin nümayəndliyinin birinci vəzifələri arasında sonuncu kralın xatirəsinə yusa (dini mərasim) idi. İmperatorun baş sağlığı sözləri Nahadakı Soqen məbədində deyilirdi və daha sonra nümayəndələr Şiina bağında qəbul edilirdilər. Taxta çıxma mərasimi Una və Sendokudayda baş tuturdu. Unada Nanden ilə Seyden arasında Kettey adlı iki platforma salınmışdı və nümayəndələr üçün nəzərdə tutulmuşdu.
Daha sonra iç qəsrdə payız banketi, daha sonra ziyafət təşkil olunurdu, mahnı və rəqs performansları baç tuturdu. Banket nümayəndlərin dayandığı Hokuden adlı platformasın qarşı tərəfində qurulmuş müvəqqəti platformada baş tuturdu. Ryutan sahilində və qəsrdə Çoyo banketi baş tuturdu. Nümayəndlərin iştirakı ilə qayıq yarışı və musiqili performanslar keçirilirdi. Hokudenin qarşı tərəfində iki ardıcıl vəda banketi təşkil olunurdu və ən sonuncu banket olan Tenşikan banketində kral nümayəndələrə qızıl hədiyyələr verirdi.
Populyar mədəniyyətdə
2002-ci il istehsalı "Deadly Dozen: Pacific Theater" video oyununda sonuncu missiya Şuri qəsrinə hücum haqqındadır. 2008-ci il istehsalı "Call of Duty: World at War" oyununda sonuncu Amerika missiyası ("Breaking Point") Şuri qəsrində baş tutur. Belə ki, ABŞ donanması Okinavanı ələ keçirmək üçün sonuncu həmləsini edir. Oyunda əsas personajlar ölür, oyunçu isə minaatan və isti silahlarla qəsrin dağılmış həyətin olan, yapon qüvvələrinin toplandığı, ABŞ qüvvələri tərəfindən hədəf alınan Uraya irəliləyir.
Qalereya
- Seyden
- Usasuku
- Xatirə sikkəsi
- Ryuhi
- Şir heykəli
- Darvazalarından biri.
İstinadlar
- CNN, Tara John. "Fire breaks out in Japan's Shuri Castle". CNN. October 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: Oct 31, 2019.
- "スイグシク". 首里・那覇方言音声データベース (yapon). 2020-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
- "Shuri Castle, a symbol of Okinawa, destroyed in fire". The Japan Times Online (ingilis). 2019-10-31. ISSN 0447-5763. 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- Okinawa Prefectural reserve cultural assets center. "発見!首里城の食といのり". Comprehensive Database of Archaeological Site Reports in Japan. 2016. İstifadə tarixi: 2016-09-02.
- Turnbull, Stephen. The Samurai Capture a King: Okinawa 1609. Oxford: Osprey Publishing. 2009. 58. ISBN 9781846034428.
- Kerr. pp. 315–317, 328.
- Kerr. p. 460.
- Kerr, George H. (2000). Okinawa: The History of an Island People (revised ed.). Boston: Tuttle Publishing. p. 50.
- Kerr, George. Okinawa: The History of an Island People. Revised Edition. Tokyo: Tuttle Publishing, 2000. p. 470.
- "The Ordeals of Shuri Castle". Wonder-okinawa.jp. avqust 15, 1945. July 4, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 5, 2010.
- "Archived copy". 2009-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-05.
- "The Final Campaign: Marines in the Victory on Okinawa (Assault on Shuri)". Nps.gov. April 15, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 5, 2010.
- "Valor awards for Julian D. Dusenbury". valor.militarytimes.com. 2017-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-22.
- "Okinawa World Heritage site burns down". www3.nhk.or.jp. NHK World-Japan. 31 October 2019. 31 October 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2019.
- CNN, Tara John. "Fire breaks out in Japan's Shuri Castle". CNN. 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- "焼け落ちる正殿 未明に首里城で火災 消火活動続く". ANNnewsCH. 31 October 2019. 6 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2019.
- "Historic Okinawa castle gutted as predawn blaze rages". Mainichi Daily News (ingilis). 2019-10-31. 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- "Fire destroys Okinawa's Shuri Castle | NHK WORLD-JAPAN News". NHK WORLD (ingilis). 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
- "首里城の火災鎮火". Jiji.com (yapon). Jiji. 31 October 2019. 1 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2019.
- "History of Shuri Castle" (PDF). oki-park.jp. Oki Park Official Site. 4 February 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 November 2019.
- Ando, Ritsuko; Kim, Chang-Ran. "Fire destroys Japan's World Heritage-listed Shuri Castle". reuters.com. Reuters. 31 October 2019. 24 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2019.
- "UNESCO ready for Shurijo Castle reconstruction". www3.nhk.or.jp. NHK World-Japan. 1 November 2019. 1 November 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 November 2019.
Xarici keçidlər
- Şuri Qəsr Parkı
- 4828423125 Şuri qəsri on OpenStreetMap