Şulxan Arux
Şulxan Arux (ivr. שולחן ערוך) – yəhudi məcəlləsi
Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum olunmuş və sonra Avstriya ərazisindən qovulmuşdur. Səbəb onun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma versiyasını nəşr etməsi idi. Qısa müddət ərzində kitab antisemit dairələrdə məşhurlaşmış və böyük əks-səda doğurmuşdur. Vəziyyət qanun keşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar etmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar ortaya çıxmışdır. Məlum olmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, protestantlığı, sonra isə katolisizmi qəbul etmiş və antisemit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia edirdi ki, İudaizmin mühüm kitablarından olan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs edən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, onları öldürməyə, aldatmağa, əmlaklarını oğurlamağa və qəsb etməyə icazə verən 100 hökm var. Bu qaydalarda yəhudi olmayanlar "akum" adlandırılır və heyvan səviyyəsinə endirilirlər.
"Şulxan Arux"u diqqətlə tədqiq edən ekspertlər belə nəticəyə gəlmişlər ki, Arоn Briman yəhudi din məcəlləsindəki ifadələri bilərəkdən təhrif edərək onlara şovinist don geyindirmişdir. Kitabdakı "akum" ifadəsi isə "Avde Koxavim Umazalot" sözlərinin baş hərflərindən əmələ gəlmiş və ibranicə "ulduzlara, planetlərə sitayiş edənlər" deməkdir. Lakin bu sözü yəhudi olmayanlara şamil etmək yanlışdır. Çünki əsərdə ulduza sitayiş edən bəzi qruplar tənqid olunmuşdur. Beləliklə, bu ifadənin xristian və digər dinlərin ardıcılları ilə heç bir əlaqəsi yoxdur.
Müasir dövrdə də faşist qruplar insanlara "Şulxan Arux" kitabını təhrif olunmuş şəkildə təqdim edərək, Arоn Brimanın uydurma variantından sitatlar gətirir və yəhudilərə qarşı təbliğat apararırlar.
Bəs "Şulxan Arux" kitabı nədən bəhs edir? Yəhudi dinində onun yeri hansıdır? Bu suallara cavab tapmaq üçün əsərin təşəkkül tapma prosesinə nəzər yetirmək doğru olardı.
Tarix boyu bir çox yəhudi qanunvericiləri Talmudda qeyd olunan hökmləri sistemləşdirməyə çalışmış, bu qanunları ehtiva edən, məlumat kitabçası səciyyəsi daşıyan məcəllə yaratmağa cəhd göstəmişlər. Belə kitabın yazılmasından sonra insanların Talmuda olan marağının azalacağından qorxan alimlərin əksəriyyəti sonradan bu fikirlərindən daşınmışlar.
Orta əsrlərdə yəhudi din qanunlarının sistemləşdirilməsində bəzi addımlar atılmışdır. Ravvin Mоşе bеn Maymоnun (Maymonid, Rambam, רמב"ם) "Sefer hamitsvot" ("Əmrlər kitabı", ספר המצוות) əsəri bu sahədə ən məşhur kitablardan sayılır. Burada İudaizmin 613 hökmü qaydaya salınmış, onların qısa izahı verilmişdir. Lakin kitabı "məcəllə" yox, "dərslik" adlandırmaq daha doğru olardı. Çünki əsərin üslubu, metodologiyası və böyük həcmi buna əsas verir.
Yəhudi qanunlarının nizama salınması yolunda növbəti addım ravvin Yakоv bеn Aşеr (יעקב בן אשר) tərəfindən atılmışdır. Onun "Arbaa Turim" ("Dörd bölmə", ארבעה טורים) əsəri yəhudi din hüququ sahəsində mühüm mənbədir. Kitab dörd hissəyə bölünür: Dualar, şabbat (şənbə) və bayramlar haqqında hökmlər; heyvanların kəsilməsi və halal ət (koşer) barədə hökmlər; nikaha dair hökmlər; mülki hüquq və insanlararası münasibətlər.
"Arbaa Turim" tərtib üslubuna görə məcəlləyə bənzəsə də, müxtəlif məsələlərlə bağlı nüfuzlu dinşünasların ziddiyətli fikirləri əsəri qəlizləşdirir və onun məlumat kitabı kimi istifadə edilməsinə imkan vermir.
"Şulxan-Arux" ("Örtülmüş masa") məcəlləsinin yazıllması İudaizmin hökmlərinin sistemləşdirilməsində yeni mərhələ idi. Onun müəllifi ravvin Yоsеf Karо 1488-ci ildə İspaniyanın Tоlеdо şəhərində anadan olmuşdur. О, bir çox ölkələrdə olmuş, Pоrtuqaliyadan Türkiyə mühacirət etmək məcburiyyətində qalmış və sonda Tsfat şəhərində (müasir İsrail ərazisində yerləşir) məskunlaşmışdır. Hələ gənc yaşlarında ravvin Yosef qarşısına məqsəd qoymuşdur ki, dindarlar üçün Talmudun istifadəsini asanlaşdıracaq, ensiklopedik mahiyyətli məcəllə tərtib edəcəkdir. Əvvəlcə о, "Arbaa Turim" əsərinə şərh yazmış, sonra isə təfsirini təkmilləşdirmiş və nəticədə "Şulxan Arux" meydana gəlmişdir. Kitab 1565-ci ildə işıq üzü görmüşdür.
"Şulxan-Arux"da yəhudi hüququnun bu və ya digər məsələ ilə bağlı nə dediyi başa düşüləcək səviyyədə göstərilmiş, nüfuzlu din xadimlərinin ziddiyyətli fikirlərinə isə yer verilməmişdir. Kitabda yalnız əsər yazılarkən icrası mümkün olan əmrlər yer almışdır. Buna görə də, əsərdə Qüds Məbədi və ya İsrail ölkəsində əkinçilklə bağlı heç bir şey deyilmir.
Həqiqətən də, "Şulxan Arux" yəhudi qanun və adətləri üzrə çox uğurlu məlumat kitabı kimi qarşılanmışdı. İlk vaxtlar, əsər bəzi aşkenazi (Avropa yəhudilər), xüsusilə Pоlşa ravvinləri tərəfindən tənqid olunsa da, ravvin Mоşе İssеrlеsin izahları əlavə edildikdən sonra, onu bütün yəhudilər qəbul etmişlər.
Sonrakı dövrlərdə "Şulxan Arux" kitabına çoxsaylı təfsir və şərhlər yazılmışdır. Onların ən məşhuru "Şulxan Arux Harav" (שולחן ערוך הרב) kitabıdır. Əsər 1814-cü ildə Bеlaruslu ravvin Şnеur-Zalman tərəfindən qələmə alınmışdır. Əsərdə dini hökmlərin icra qaydaları ilə yanaşı, onların mənaları da geniş izah olunmuşdur.
Rusiyanın Zakarpatyе bölgəsində yaşamış ravvin Şlоmо Qantsfrid kitabı daha da sadələşdirmiş və 1864-cü ildə "Kitsur Şulxan Arux" ("Qısa Şulxan Arux", קיצור שולחן ערוך) kitabını nəşr etmişdir. Kiçik həcmi, sadə üslubu kitabı İudaizmin ardıcılları arasında məşhurlaşdırmışdır. Sadə yəhudi bu gün də oxuyub həmin əsərdən şənbənin hökmləri, dua, bayramlar, halal və haram yeməklər barədə xeyli məlumat əldə edə bilər. Amma bu kitab mürəkkəb məsələlərin həlli üçün kifayət etmir.
Bir neçə əsrdir ki, müxtəlif ölkələrdə yaşayan yəhudilər bu kitaba müraciət edir, dini həyatlarını tənzimləyir və ayinlərini həyata keçirirlər. "Şulxan Arux" kitabı hələ də Talmud hüququ üzrə ən əsas mənbədən biridir.
Mənbə
- Anar Əlizadə, "Şulxan Arux", "Cəmiyyət və Din" qəzeti, № 16, Bakı, 20–26 avqust 2009, səh.5.