Şlyapa
Şlyapa və ya börk — Fetrdən, plüşdən, həsirdən hazırlanan baş geyimi.
Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar - qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik, yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər.Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı.
Qadınlar kişilərə nisbətən daha gec şlyapalardan istifadə etməyə başlamışlar. Zərif cinsin nümayəndələri uzun müddət baş örtüyünü qadın geyiminin ayrılmaz bir hissəsi hesab etmişlər. Qadınlar baş örtükləri ilə bərabər, duvaqdan da (qadın şlyapasına bənd edilən kiçik tül) istifadə etmişlər.
Müəyyən dövrlərdə baş örtükləri sosial stasus göstəricisi kimi də istifadə olunurdu. Baş örtüklərindən hərbiçilər və kilsə xadimləri istifadə edirdilər.
XVIII əsrin əvvəlində üçkünc şlyapalar kişilərin ən sevimli aksessuarı idi. Əsrin qadınları uzun saçlar saxlayar, başlarına isə daş-qaşlarla (mirvarilərlə), lələklərlə bəzədilmiş dəyirmi iri şlyapalar qoyardılar. XX əsr 60-cı illərin əvvəlində Jaklin Kennedi də bu cür şlyapalar taxmağı çox sevərmiş.
XIX əsrin əvvəllərindən isə enli və hündür şlyapalar dəbə düşür. Bu cür şlyapaları yüksək sosial statusa malik olanlar taxırdılar.Əsasən də, dövlət qulluqçuları, polislər, məmurlar, bəzi hallarda ticarətçilər taxırdılar. Kasıblar da başörtüksüz keçinmirdilər. Kasıb təbəqəyə məxsus kişilər – kepkalardan, qadınlar isə yaylıqlardan istifadə edirdilər. XIX əsrin sonlarından başlayaraq “kotelok” (təpəsi yumru şlyapa) şlyapalar dəbə düşmüşdür.
Uzun illər dünya əhalisinin yarısından çoxu samandan toxunmuş, iri dairəvi şlyapalardan, - sanbrerolardan istifadə etmişdir. Samandan toxunmuş bu cür şlyapalar insanları günəşdən çox yaxşı qoruyurdu. Samandan toxunma şlyapanın kökü çox qədimə gedir. Bu cür şlyapanın çoxluğu onun hazırlanmasında istifadə olunan materialın bolluğundan irəli gəlirdi.
Hər bir əsrdə yeni baş örtükləri dəbə gəldiyi kimi, XX əsrin başlaması da yeni dəbli baş örtüklərilə yadda qaldı. XX əsrin əvvəlləri baş örtülərinin inqilab dövrü oldu. Xırda, dəyirmi şlyapalar dəbə düşdü. Londonda, Parisdə, Nyu–Yorkda qadınların gur saçlarını kiçik qara rəngli şlyapalar bəzəyirdi. Bu şlyapalar bir az alına tərəf çəkilmiş vəziyyətdə, gödək vuallarla taxılırdı.
1904-cü ildən başlayaraq digər bir şlyapa forması dəbə düşdü. Şlyapalar əvvəlkilərə nisbətən bir az enli və iri tikilməyə başlandı. 1910-cu ildən başlayaraq isə şlyapalar enli lentlərlə, süni güllərlə və lələklərlə bəzədildi. Müntəzəm olaraq miniatür şlyapalar daha çox taxılırdı. Bu cür şlyapalar boyun tərəfə çəkilmiş halda taxılırdı.
XX əsrin 20-ci illərində istər gənc, istərsə də yaşlı qadınlar zəng formalı şlyapalar taxmağa başladılar. Həmin vaxtlar bu cür şlyapalar çox tez dəbə düşdü. Çünki bu cür şlyapalar istənilən saç düzümü ilə uyğunluq təşkil edirdi və qadınları çox yaraşıqlı göstərirdi. Qadınlar bu şlyapanı düz qaşların üstünəcən taxırdılar. Həmin dövrlərdə digər formalı; beret, əmmamə, saman şlyapalardan da istifadə olunurdu.
XX əsrin 30-cu illərində “yaraşıqlı qadın” obrazının əsas atributlarından biri kəsilmiş və sığallı saçlar idi. Belə saçlar qadınları çox cazibədar və xoşagələn edirdi. Həmin zamanlar qadınlar kostyum geyər və kişi şlyapalarına bənzər şlyapalar taxardılar. XX əsrin 30-cu illərinin sonlarında şlyapa taxan qadınlar minimuma endi və çox az hallarda şlyapa taxan qadına rast gəlinirdi.
II Dünya müharıbəsi hər sahədə dəbin inkişafına mənfi təsir göstərdi. Materialların çatışmazlığı baş örtüklərinin müxtəlif materiallardan hazırlanmasına gətirib çıxardı. Məsələn: lentlərdən, süni liflərdən, süni saplardan, kağızdan, qəzet parçalarından və s. baş örtükləri hazırlanırdı.
XX əsrin əvvəllərindən başlayaraq 70- illərədək, istər kişilər, istərsə də qadınlar şlyapanın müxtəlif formalarına müraciət edirdilər. XX əsrin 70-ci illərindən sonra isə baş örtükləri ancaq ilin soyuq aylarda istifadə olundu. İsti və sərin aylarda isə müxtəlif formalı saç düzümlərindən istifadə dəbdə idi.
Hazırda qadın və kişilər üçün müxtəlif formalarda müxtəlif materiallardan baş örtükləri istehsal olunur. Şlyapaya gəlincə isə, indinin özündə də şlyapalar dünyanın hər yerində istifadə olunan bir baş örtüyüdür və yenə də populyarlığını qoruyub saxlayır.