Şirvan düzü

Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasaında yerləşən ərazi.

Şirvan düzü
Coğrafiyası
Çaylar Araz, Kür, Əlicançay, Türyançay, Göyçay, Girdimançay
Göl Hacıqabul
Yerləşməsi
40°12′30″ şm. e. 48°25′10″ ş. u.
Ölkə  Azərbaycan
Rayonlar Şirvan, Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Zərdab, Ağdaş
Şirvan düzü xəritədə
Şirvan düzü
Şirvan düzü
Şirvan düzü xəritədə
Şirvan düzü
Şirvan düzü

Şirvan düzündə Şirvan (köhnə adı Əli Bayramlı), Hacıqabul, Kürdəmir, Göyçay, Ucar, Ağdaş, Zərdab rayonları yerləşir. Keçmişdə Şirvan adı altında Azərbaycan rayonlarının bütün şərq hissəsi, yəni Şirvan düzü, Qobustan, Abşeron yarımadası və Şimal-şərqi Azərbaycan nəzərdə tutulurdu. Hazırda isə Şirvan anlayışı Şirvan düzü, Ağsu, Şamaxı rayonlarını əhatə edir. Düz şirvan əyalətinin adı ilə adlanmışdır. Şirvan tarixi ərazi vahidi kimi Kür çayı ilə Şabran, Xəzər dənizi ilə Qəbələ arasındakı ərazidən ibarətdir. Orta əsr mənbələrində ölkə də adlanmışdır. İlk dəfə VII əsr erməni mənbələrində Albaniyada Sasani mərbazanlarının idarə etdiyi 11 əyalətdən birinin də Şirvan olması göstəlrilmişdir. Şirvanşahlar dövləti Şirvan ərazisində yaranmışdı. Şirvanşahlar dövlətinə son qoyan (1538) Səfəvilərin yaratdıqları inzibati ərazi vahidlərindən biri də Şirvan bəylərbəyi idi. XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri Şirvan ərazisini əhatə edən Şamaxı xanlığı olmuşdur.

Şirvan toponiminin arealı genişdir. Azərbaycanda Axtaçı Şirvan (Sabirabad rayonu), Şirvanlı (Ağdam, Bərdə, Oğuz rayonları), Şirvanmeşə (İsmayıllı rayonu), Şirvanovka (Qusar rayonu), Cənubi Azərbaycanda Şiervandeh, Şirvanşahlı, Şirvanşahlı Əliya., Siran, Şiran adlı kəndlər, Türkmənistanda Şirvan, Şirvanqala, Türkiyədə Şirvan, Şirvan Mazik məntəqələri var. XIX əsrdə Quba qəzasında Şirvanşalı, Zəngəzur qəzasında Şirvanşahlı, Dağıstanda Şirvanlar, İrəvan quberniyasında Şirvancuq adlı kəndlər mövcud idi. Orta əsr müəllifləri Xorasanda Şirvan adlı tarixi ərazinin olduğunu göstərirdilər. Bəzi müəlliflərin fikrincə, Şirvan əvvəllər bir şəhərin adı olmuş, sonralar bu ad tarixi və düzə aid edilmişdir. IX–XIII əsr ərəb müəlliflərinin əsərlərində ŞabranŞamaxı şəhərlərinin arasında Şirvan şəhərinin adı da qeyd olunmuşdur. Şirvan adı yalnız Sasanilər dövründə çəkilir. Ərəb mənbələrində Şirvan, fars mənbələrində Şervan, Suriya mənbələrində Sirvan, Parfiya dövrünə aid Zərdüşt məbədinin kitabəsində Siran və ya Sauran variantında iəsadüf edilməsi adın Sasanilərdən çox əvvəl mövcud olduğunu göstərir.[1]

Hazırda Şirvan düzü torpaqlarının çox hissəsi (70%-ə qədəri) kənd təsərrüfatında istifadə edilmir. Ərazinin torpaqlarının istifadə olunmasına burada mövcud olan çayların az sulu olması nəticəsində suvarma suyunun çatışmaması, torpaqlarda təkrar şorlaşmanın əmələ gəlməsi və s. səbəblər maneçilik törədir.

Mingəçevir su hövzəsinin tikilməsilə əlaqədar olaraq Yuxarı Şirvan kanalının çəkilməsi burada suvarılacaq əkin sahələrinin xeyli genişlənməsinə imkan yaradır ki, bu da Şərqi Şirvanda torpaqların meliorativ xüsusiyyətlərinin öyrənilməsini birinci dərəcəli vəzifə kimi qarşıya qoyur. Şərqi Şirvanda belə bir tədqiqatla-torpaqların su-duz rejiminin öyrənilməsilə məşğul olunmadığından 1952-ci ildən sonra bu məsələnin öyrənilməsinə başlanmışdır.

İqlimi

Məlumdur ki, iqlim şəraiti bu və ya digər ərazidə landşaftın formalaşmasında və onun differensasiyasına təsir edən mühüm amillərdən biridir. Ə. M. Şıxlinskinin təsnifatına görə tətbiq olunan ərazidə müşahidə edilən iqlim tipindən biri yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimidir. Bu iqlim tipi ərazinin cüzi nəmlənməsi və əsasən qışın isti keçməsilə fərqlənir. Yayı çox isti, quru keçir. Ayrı- ayrı günlərdə havanın temperaturu 36–400 çatır. İkincisi, qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimidir. Bu iqlim tipi Şirvan düzünün qərb və dağətəyi sahələrində müşahidə edilib, zəif nəmlənməsi, mülayim, az yağıntılı qışı və nisbətən isti yayı ilə səciyyələnir.

Ərazidə günəşli saatların illik miqdarı 2100–2400 arasında dəyişir. Yüksəkliyin artması və buludluğun çoxalması ilə günəşli saatların illik miqdarı və ümumi günəş radiasiyası azalır. Şirvan düzündə radiasiya balansının illik miqdarı tədricən azalıb 40 kkal/sm2-ə enir. Ərazidə havanın orta illik temperaturu 14–150 arasında dəyişir. Məlumdur ki, hava temperaturunun müəyyən hədlərdən keçid müddətlərinin təyin edilməsi landşaftın dinamikasında, xüsusilə onun indiqatoru olan bitkilərin vegetasiyasında mühüm əhəmiyyətə malikdir.

Ə. M. Şıxlinskinin məlumatına görə, Şirvan düzündə torpağın temperaturu havanın temperaturundan, torpaq tarixindən və bitki örtüyündən asılı olaraq qeyri-bərabər paylanmışdır. Düzənliyin torpaq səthində ən alçaq orta aylıq temperatur 1–3,50, ən yüksək isə 30–350 müşahidə edilir. Torpaq səthində və bitki orqanizmində gedən bir sıra proseslər havanın rütubətliyi ilə də əlaqədardır. Hava rütubətliyinin paylanmasına torpağın səth örtüyü, dəniz, çay və göllər boyu təsir göstərir.

Şirvan düzündə yağıntılar qeyri-bərabər paylanmışdır. Ərazidə yağıntıların miqdarı ora hesabla 254–510 mm arasında dəyişir. Ən çox yağıntı yazda və payızda düşür. Qar çox az yağır. Qar örtüyünün qalınlığı 20–25 sm, yerdəqalma müddəti 10–13 gündür. Ərazinin şimalındakı yağıntılı və dumanlı günlərin miqdarı cənuba nisbətən iki dəfə çoxdur. Dumanlı günlərin miqdarı 43–47 gün arasındadır.

Şirvan düzündə əsən küləklər yerli şəraitin və kənardan daxil olan hava kütlələrinin təsiri ilə əmələ gəlir. Bu küləklər fəsillərin dəyişməsi ilə əlaqədar olaraq tez-tez istiqamətini dəyişir.

Şirvan düzünün küləkləri Ə. A. Mədətzadənin məlumatlarına görə musson xarakterlidir. Küləklər kənd təsərrüfatı və ümumiyyətlə, bitki aləmi üçün çox zərərlidir.

Hidroqrafiya

Şirvan düzünə daxil olan çaylar tranzit xarakterlidir. Bu çaylar Kür hövzəsinə aid olub, Baş Qafqaz silsiləsinin cənub yamacında 2000–3500 m yüksəklikdən başlanır. Əlicançay, Türyançay, Göyçay və Girdimançay alçaq dağlıqdan Şirvan düzünə çıxdıqdan sonra bir sıra qollara ayrılır. Gətirmə konusları səthindən yer altına süzülən və kənar hissələrdə qaynamalar halında səthə çıxan sulardan Qarasu çayları yaranır. S. Rüstəmovun məlumatına görə Şirvan düzü çaylarının qidalanmasında yağıntılar, xüsusilə qar suları əsas yer tutur. Onlarda illik axının 65–70% – ə qədəri yaz və qismən yay aylarında olur. Türyançay Baş Qafqaz silsiləsinin Bazardüzü və Tufan zirvələrinin ətəklərindən, 3680 m mütləq yüksəklərindən başlayıb, Zərdab şəhərinin qərbində, 3,5 m yüksəklikdə Kürə tökülür. Yuxarı axımda Türyançayın sutoplayıcı sahəsi 1842 km2, su sərfi 15,6 m³/san illik axının həcmi isə 491 min m³-dir.

Göyçay öz başlanğıcını Savalan aşırımı və Babadağ zirvəsinin ətəklərində 2500–3000 m hündürlükdən götürüb 9 m-lik mütləq yüksəklikdə Qarasuya tökülürdü.

Sonradan keçirilən meliorativ tədbirlərlə əlaqədar olaraq birbaşa Kürə birləşdirilmişdir. Sutoplayıcı sahəsi 1770 km2, orta illik su sərfi 12,5 m³/san-dır. Çayın uzunluğu 50–60 km-dir.

Girdimançay Babadağ Zirvəsinin ətəklərində 3000 m yüksəklikdən başlayaraq 9 m yüksəklikdə Qarasuya tökülürdü. Sonradan süni yataq vasitəsilə Kür çayına axıdılmağa başlandı. Sutoplayıcı sahəsi 232 km2, su sərfi 2,34 km3/ san-dır. Şirvan düzü daxilində uzunluğu 25,2 km-ə yaxındır. S. Rüstəmov Şirvan düzündə 2 hidroloji rayon (Şirvan düzü və Kür – Araz) ayırmışdır. İkincidə birinciyə nisbətən çay şəbəkəsi azdır. Şirvan düzünün ümumi çay şəbəkəsinin sıxlığı 0,46–0,5 ka/ km2–dır. Ərazidə cənubdan Şimala, şərqdən qərbə yağıntıların artması ilə əlaqədar olaraq çay şəbəkəsinin sıxlığı çoxalır. Şirvan düzü çaylarında il ərzində axım qeyri-bərabərdir.

Yuxarıda göstərilən daimi axara malik çaylardan əlavə alçaq dağlıqdan başlanan və güclü leysan yağışları zamanı müvəqqəti axara malik müxtəlif uzunluqda bir çox quru dərə və yarğanlar da mövcuddur. Həmin dərələrin bəzisində su anbarlarının yaradılmasında istifadə olunmuşdur. Digər tərəfdən belə quru dərələr şor suları toplayan və şorlaşmanın qarşısını alan təbii drenajlardır.

Şirvan düzündə göllərin ən böyük gölü Hacıqabuldur. Sahəsi 16 km2 yaxın olan bu göldə suyun səviyyəsini sabit saxlamaq üçün Kür çayından bura su axıdılır. Gölün suyu şirindir. Göldən balıqçılığı inkişaf etdirmək üçün istifadə olunur.

Şirvan düzünün quru, arid iqlim şəraiti suvarmadan maksimum istifadə olunmasını tələb edir. Relyefin düzən olması ərazini bütünlüklə suvarmağa və mövcud hidroqrafiya şəbəkəsindən tam istifadə etməyə şərait yaradır. Mingəçevir su anbarından başlanan və 123 km-dən məsafədə uzanan Yuxarı Şirvan kanalı 47 min ha-dan çox sahəsi suvarmağa imkan verir. Şirvanın çay şəbəkəsindən daha səmərəli istifadə etmək üçün alçaq dağlığı kəsib düzənliyə çıxan sahələrdə sutoplayıcı qurğular yaradılmışdır. Şirvan düzü çayların gətirmə konuslarında zəngin yeraltı şirin su ehtiyatları vardır. Bu ehtiyatlardan mədəni landşaftların inkişafında, həmçinin məişətdə səmərəli istifadə edilə bilər.

Qrunt suları . Şirvan düzü qrunt suları ilə zəngindir. Ərazinin qrunt suları təzyiqsiz və nisbətən sərbəst səthə malikdir. Qrunt sularının qida mənbəyini yağıntılar, çay suları və suvarma ilə əlaqədar olaraq sızan sular təşkil edir. Düzənliyin ümumi meyilliyi qrunt sularının qida mənbəyinə yaxın və uzaqlığı ilə əlaqədar, ərazidə bu suların səviyyə zənginliyinə görə paylanmasında müəyyən qanunauyğunluq müşahidə edilir. Belə ki, Kür çayından dağ ətəyinə doğru hipsometrik yüksəkliyin artması ilə qrunt sularının səviyyə dərinliyi artır. Kür çayı sahil boyu ərazilərdə eni 5–6 km olan zolaqda qrunt sularının səviyyə – dərinliyi 1 m, Göyçay qrunt konusunda 1,5–2 m-dir. Son vaxtlar bataqlıqların qurudulması, şoranlıqların yuyulması və s. çəkilmiş kollektor və drenaj şəbəkələrinin qrunt sularının səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur.

Şirvan düzündə qrunt sularının axını çox zəif olub, əsasən düzənliyin ümumi meyilliyi istiqamətindəndir. Şirvan düzünün şərq hissəsinə nisbətən qərb hissəsində çaylar çox sulu olduğundan və süni suvarmadan daha geniş istifadə edildiyindən qrunt suları səthə daha yaxın yerləşir. Məlumdur ki, qrunt suları qida mənbəyindən uzaqlaşdıqca onun intisar tapdığı süxurların daha çox minerallaşmış olması, qida mənbəyinə yaxın sahələrdən yuyulmuş mineralların uzaq sahələrdə akkumlyasiya olunması və buxarlanma ilə əlaqədar olaraq minerallaşması artır. Şirvan düzünün şərq hissəsində qrunt sularının minerallaşmasına alçaq dağlıqda olan palçıq vulkanları da nisbətən təsir göstərir.

Torpaq örtüyü

Şirvan düzünün torpaq örtüyü müxtəlifdir. Düzənliyin dağətəyi sahələrində açıq- şabalıdı və boz qonur, çayların gətirmə konuslarında açıq- çəmən, boz- qonur, Kür sahilində allüvial-çəmən və tuqay meşə, düzənliyin şərq hissəsində və gətirmə konusların ətraf hissələrində boz, boz – çəmən və şorlaşmış torpaqlardır.

Boz, boz- qonur, qonur və açıq şabalıdı torpaqlar prolüvial – delüvial və delüvial çöküntülər üzərində inkişaf etmişdir. Volubuyeve görə həmin torpaqların A qatının rəngi açıq strukturları yastı layları, B1 qatı qonur rəngli olub, prizmavari strukturalı, B2 qatı allüvial karbonatlı, S qatı isə az dəyişən süxurlardan ibarətdir. Humusun miqdarı üst layda 2%- ə qədər olub, alt laylara doğru azalır. Karbonatlar 1–3 %, 40–50 sm dərinliyində 10–20% və daha çox olur. Torpaqların şorlaşmış növlərində duzların miqdarı 0,1–0,2 % və daha az olur. 100–125 sm-dən aşağıda 1,0 %-ə çatır.

H. Ə. Əliyev Şirvan düzünün şərq hissəsində boz, boz- çəmən torpaqların şorakətli növlərinin inkişaf etdiyini və bu torpaqlarda humusun 2–3 %, karbonatların miqdarı isə 5,5 – 16% olduğunu və daim laylara doğru karbonatların miqdarının artdığını göstərir. K. Ə. Ələkbərov və Ə. Q. Zeynalov boz torpaqlarda humusun 1,5–2,5 % dərin qatlarda daha az, karbonatın isə dərin laylarda 15–20% olduğunu müəyyən etmişdir.

Düzənliyin mərkəzi hissəsində boz-çəmən, çökəkliklərdə karbonatlı torpaqlar inkişaf etmişdir. R. H. Məmmədova görə bu torpaqlarda humusun miqdarı 2–3% və ya bir hektarda 300–400 tondur.

Çəmən torpaqları əsasən relyefin dayaz çuxurlarında yerləşib, rəngi tünd, bəzən qaramtıl olub, poladı çalarlığı var. 50–60 sm dərinliyində göyümsov və pas rəngli ləklər müşahidə edilir. Bu torpaqlarda humusun miqdarı 2–3%, üst layda karbonat 3–6%, dərin laylarda isə daha çoxdur. Humuslu layın qalınlığı 60–70 sm-dir. Ərazidə çəmən torpaqları çayların gətirmə konuslarında, həmçinin allüvial çöküntüləri üzərində daha geniş yayılmışdır.

Çala torpaqlar Şirvan düzünün Kür sahili boyu reylefin çökək hissəsində allüvial, allüvial–göl çöküntülər üzərində yayılmışdır. Relyef xüsusiyyətindən asılı olaraq, çala torpaqlar əsasən ağır gillicəli olub, müvəqqəti nəmlənmənin təsiri altıında əmələ gəlir. Çəmən torpaqlarından fərqli olaraq bərk kipliyi olan çala torpaqlarda humusun miqdarı çoxdur. Kəlləvari quruluşu çala torpaqlarda humus 3–4%, karbonatlar 6–7% -dir. Tuqay torpaqları, eyniadlı meşələrin altında inkişaf etmişdir. Bu torpaqların əmələ gəlməsində çay sularının yeraltı ilə vadilərə sızması və bununla əlaqədar olaraq rütubətlənmə şəraiti əsas rol oynayır. Meşələr torpağın üzərini kölgələndirir və mikro iqlim yaradır. Tuqay meşə torpaqlarının mexaniki tərkibi müxtəlifdir.

Ə. Q. Zeynalov, U. H. Teymurova görə tuqay torpaqlarında humusun miqdarı bəzən 7–10%, becərilən növlərində isə 3–3,55-dir. Bataqlıq – çəmən torpaqları Şirvan düzünün cənub və gətirmə konusarası çökəkliklərdə yayılmışdır. Bu torpaqlar ifrat rütubətlik şəraitində reylefin çala hissələrində əmələ gəlir. Bu torpaqların mineral tərkibi müxtəlif olub torpaq kompleksində sulfat- natrium birləşmələri ilə şorlaşma əlamətləri müşahidə olunur.

Şoran torpaqları düzənliyin şərq və cənub–şərq hissələrində, Padar qalxması ilə Ləngəbir silsiləsi arasında, həmçinin Hacıqabul-Muğan stansiyalarının ətraflarında geniş yayılmışdır. Ləngəbiz silsiləsi ilə Padar qalxması arasındakı çökəklikdə torpaqların şorlaşmasına palçıq vulkanlarıının yuyulmuş brekçiyalarından gətirilən duzlar təsir etmişdir.

Şirvan düzünün şərq hissəsində, həmçinin gətirmə konusarası çökəkliklərində sulfatlı-xloridli şoran torpaqlar yayılmışdır. Bu torpaqlarda duzların miqdarı 3% və daha çox olur. R. H. Məmmədov şərqi Şirvan ərazisinin humusun, duzların, udulmuş əsasların və karbonatların dəyişməsinə görə üç böyük zonaya ayırır.1 . Yuxarı zona qismən humuslu olub, 1ml-lik qatda orta hesabla 3% və ya 1 ha-da 400 ton humus.2. Orta zona 1m -lik qatda 2% və ya 1 ha -da 300 ton humus. 3. Aşağı zona az humuslu, 1 m -lik qatda 1,4% və ya 1 ha-da 2001 ton humus.

M. R. Abdullayev relyef və genetik xüsusiyyətləri nəzərə olaraq, Şərqi Şirvan düzü torpaqlarını aşağıdakı meliorativ rayonlara ayırır. 1. Çayların gətirmə konusunun yuxarı hissəsi. Torpaqlarda şorluluq az, kimyəvi tərkibi hidrokarbonatlı- kalsiumlu, kalsiumlu- natriumludur. Torpağın tərkibindəki duzlar fəsillər üzrə az dinamik olub, orta illik rütubətlər 10–20% – dir. 2. Çayların gətirmə konuslarının orta qurşağı. Burada torpaqlar bir qədər şordur. Qrunt suları şorlaşmış, onun dərinliyi 0,5–2,5 m -dir. Torpaqlar yaxşı su keçirmə qabiliyyətinə malikdir. Kimyəvi tərkibli sulfatlı – maqneziumlu, kalsiumlu- natriumludur. 3. Çayların təkrar gətirmə konusları qurşağı. Az şorlaşmış bu torpaqların kimyəvi tərkibi hidrokorbanatlı – kalsiumlu və natriumludur. Qrunt suları dərində olduğundan, rütübəti 20–30 % – ə çatdırmaq lazımdır. 4 . Nisbətən ağır mexaniki tərkibli və şorlanmış torpaqları olan şleyb qurşağı. 5. Aydın ifadə olunmuş mezorelyefin ağır mexaniki tərkibi və şorlaşmış Qarasu ətrafı depressiya rayonu. 6. Ağır mexaniki tərkibli şorlaşmış torpaqları olan, relyefi qabarıq seçilən Qarasu ətrafı depressiya rayonu. 8. Qədim Xəzərin terraslı Padar uvalı rayonu. 9. Padar depressiya rayonu. Düzənliyin mərkəzi Kür çayı sahili ərazilərdəki çala, qobu, qədim yataq, yarğan, basdırılmış qalxmalar, axmazlar, sahil yolları müxtəlif torpaq növlərinin əmələ gəlməsində mühüm rol oynayır. Çökək sahələrdə qrunt sularının təsiri ilə tünd- boz, qabarıq hissələr açıq-boz, düzən hissələrdə isə çəmən torpaqlar inkişaf etmişdir. Boz torpaqlar kimi çəmən torpaqlar da tünd çəmən, adi çəmən və açıq çəmən növlərə ayrılır. Mexaniki tərkibli yüngül olan açıq çəmən torpaqlarda humus 1,5 −2 %, karbonatlar isə 3–5 % -dir. Ağır gilli və gillicəli bərk kipliyə malik adi çəmən torpaqlarda suvarmadan və yağışdan sonra quruyarkən qaysaqlar və çatlar əmələ gəlir. Yastı dibli çökəkliklərdən, yalarası alçaqmalarda bataqlaşmış torpaqlara təsadüf edilir. Tərkibində 4–5% humusu olan bu torpaqlar səthə yaxın yerləşən qrunt sularının təsiri ilə əmələ gəlir.

Bitki örtüyü

Ərazinin hakim florası arid iqlim şəraitində inkişaf edən yarımsəhra və quru çöl qruplaşmalarından ibarətdir. Düzənlikdə bitki örtüyünün diferrensasiyası əsas iki istiqamətdə – Şərqdən Qərbə və Cənubdan Şimala baş verir. Tuqay meşələri, Qarağan, Qarağan – yovşan, Yovşan bitki qrupları bir birini əvəz edir. Şirvan düzünün ümumi fonunda müşahidə edilən mikrorelyef formaları basdırılmış qalxmalar, qapalı və yastı çökəkliklər, sahil yalları, qədim yataqlar, Qarasu çökəkliyi, Konusarası çökəkliklər, çay yataqları, yarğan və qobular, insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranmış tirə və təpələr bu və ya digər bitkiliyin inkişafına təsir edərək, onun ərazi daxilində növ müxtəlifliyi və differansasiyasını yaradır. Çalalarda nisbi nəmlənmə şəraiti, qrunt suları ilə əlaqədar olub talalar şəklində tala- çəmən bitkiləri inkişaf etmişdir. Dağətəyi mailli prolüvial – delüvial düzənlikdə ağot, taxıl, yovşan geniş yayılmışdır.

Muğan, Qarasu və Hacıqabul stansiyalarında şimalda, Ləngəbiz silsiləsinin dağətəyi prolüvial-delüvial mənşəli maili düzənlik hissəsində, quru dərə və yarğanların gətirmə konuslarında, Padar, Şahsünnü, Arşalı basdırılmış qalxmalarının tağ hissələrində və yataqyanı yollarda yovşan bitki formasiyası formalaşmışdır.

Şirvan düzünün dağətəyi qovuşan şimal hissəsindən, həmçinin quru dərə və yarğanların gətirmə konuslarından ağot, şiyav, yovşan, taxılkimilər və müxtəlif otlar cır nar, qaratikan, böyürtkan, iydə və s. bitki qrupları inkişaf etmişdir. Türyançay, Göyçay, Girdiman və Ağsu çaylarının gətirmə konuslararası çökəkliklərdə qrunt sularının səthə yaxın olmasının təsiri ilə bataqlıq və şoran bitkiləri, axmazlarda bataqlıq bitkiləri, tirələrdə böyürtkan, söyüd kolları, yovşan və müxtəlif otlar, yarğan və qobularda yulğun, böyürtkan və rütübətsevən otlar yayılmışdır. Bitki örtüyündə üfüqi zonallıq müşahidə edilir. Kür çayı sahilində ensiz zolaq əmələ gətirən allüvial çöküntülər üzərində cil fəsiləsindən olan birillik ot bitkiləri; Kür çayı sahilində Tuqay meşələri; düzənliyin mərkəzində qarağan yarımsəhra; bir qədər şimalda yovşan yarımsəhra; dağ ətəklərində kserofit kollu quru çöl bitkiləri yerləşir. Düzənliyin yastı şərq hissəsində torpağın şorluluq dərəcəsindən asılı olaraq qara şoran şahsevdi, ətli şoran, qışotlu kimi birillik şoran bitkiləri, mikrotəpələrdə sarıbaş yayılmışdır. Bitki örtüyü fəsilli dinamiki xarakter daşıyır. Yazın əvvəlində yağıntıların artması ilə efemerlər inkişaf edib yaşıl örtük əmələ gətirir. May ayının ikinci yarısında isə onlar vegetasiya dövrünü başa çatdırır. Düzənlikdə quraqlığa davamlı bitkilər qalır. Payızda yağıntıların artması ilə yenidən efemerlər canlanmağa başlayır. Şirvan düzü yarımsəhralarında daha çox yayılan bitki qırtıc, yapon tanqal otu, bərk quramid, xırda yonca və s.-dir. Ağdaş və Göyçay rayonları sahələrində kərmək, Ağsu və Girdiman çaylarının konuslarında, həmçinin Kür sahili düzənliklərdə biyan çox yayılmışdır. Kür boyu qırılmış Tuqay meşələrinin yerində çala və çöküntülərdə nəmlənmiş torpaqlar üzərində çala- çəmən bitkiləri yerləşmişdir. Çala- çəmən bitkilərinin xarakter nümayəndəsi olan qarğı Ağsu, Göyçay və Türyançay çayının gətirmə konusları üzərindəki arxların sahillərində, Qarasuyun yatağında, axmazlar inkişaf etmişdir.

Qrunt suları səthə yaxın olan çalalarda, gölməçələrdə və axmazlarda, Hacıqabul gölünün sahillərində, Kürdəmir, Zərdab, Ucar rayonları ərazilərindəki bataqlıqlarda su bataqlıq bitkilərindən qamış suçiçəyi, çiyən və s. yayılmışdır. Son vaxtlar bataqlıqların qurudulması ilə su bataqlıq bitkilərinin arealı xeyli azalmışdır. Təsvir edilən ərazi daxilində Kür çayı və çox kiçik sahələrdə isə Göyçay və Türyançay sahillərində parçalanmış zolaq şəklində yerləşdiyi halda, hazırda insan fəaliyyətinin təsiri ilə qırıldığından talalar şəklində saxlanmışdır.

Şirvan düzünün Qarxun, Ağzıbir, Pirəzə, Körpükənd, Əlvənd yaxınlığında Kür çayı sahilindəki Tuqay meşələri nisbətən yaxşı qalmışdır. Bu meşələrin xarakter ağacları ağyarpaq qovaq, qarağac, uzunyarpaq palıd, cənub söyüdü, tut ağacı, iydə, armud, kollardan: yulğun, nar, zirinc, yemişan, qaratikan və başqalarıdır. Çayın yatağından uzaqlaşdıqca meşələrdə mikrozonallıq müşahidə edilir. Çayın sahilində əvvəlcə söyüd, yulğun ağaclarından ensiz zolaq ibarətdir, sonra ağyarpaq qovaq ağaclarının əksəriyyəti təşkil etdiyi geniş zolaq, daha sonra qarağac, palıd, göyrüş ağacları zolağı yerləşir. Ot bitkiləri hiqrofidlər üçün çayda suyun filtrasiya təsirindən uzaqlaşdıqca mezofil bitkilərlə əvəz olunur.

Heyvanat aləmi

Şirvan düzü relyefin cənubdan şimala yüksəlməsi ilə əlaqədar olaraq heyvanat aləminin yerləşməsinə müəyyən dəyişiklik müşahidə edilir. Bu dəyişiklik aşağıdakı landşaft kompleksləri üzrə daha aydın görünür.

Yarımsəhra və quru çöl üçün ahu-ceyran səciyyəvidir. Keçmişdə bu heyvan sürü ilə yaşadığı halda, hazırda onların sayı çox azalmışdır. Ərazidə tülkü, porsuq, ev və meşə siçanları, vilyams ərəbdovşanı və dovşan yaşayır. Şirvan düzünün şimal qərbində xırda cücülərlə qidalanan iri quşlar, kirpi, uzunquyruq, ağdöş və dünyada ən xırda məməli olan iyli kutora yaşayır.

Relyefin çökək sahələrindəki qamışlıqlarda habelə Tuqay meşələrində çöl donuzu vardır. Yarımsəhra və quru çöl zonasında 22 növ yuvalayan quş yaşayır. Bunlardan oynaq daşquşu, adi daşquşu, kəkilli turağay, çöl turağaylarını göstərmək olar. Qaraqarın çil, qırmızıdimdik ördək və ağbaş cüllüt yuvalamaq üçün köhnə tülkü yuvalarından istifadə edir. Yarğanlar və çay dərələrinin yamaclarındakı yuvalarda göyərçin və ev yapalığı yaşayır. Ərazinin alçaq dağlıq və Tuqay sahələrində qara çalağan, ley, çöl sağırtoğanları və qaraquş, ağbaş Asiya kərkəzi, leşyeyən qartal və s. yuva salır. Bura başqa ərazilərdən bəzgək, dovdaq, boz qaz, qırmızıdöş qazlar gəlirlər. Qış yaxınlaşan zaman ərazidə çöl sapsarının və laçınların sayı artır.

Göllərdə isə su quşları qışlayırlar. Yarımsəhra və quru çöl üçün sürünənlərin müxtəlif növləri səciyyəvidir. Çayların gətirmə konuslarında göl və bataqlıqların sahillərində bağaqlıq tisbağaları yaşayır. Şirvan düzündə ilanlardan: qırmızıqarın təlxə, gürzə, çöl əfi ilanı, xallı təlxə yaşayır. Demək olar ki, ərazinin hər yerində tarantul yuvaları vardır. Onurğasızlardan zəhərli qara qurdlar, bövlər, sarı əqrəblər gəmiricilərin yuvalarında gənələr yaşayır. Yay fəslindən Şirvan düzündə çoxlu həşəratlara, zərqanadlılara, çəyirtkələrə təsadüf olunur.

Ərazidəki Tuqay meşələri yarımsəhra zonasında olan faunanın böyük hissəsini cəlb edir. Burada donuz, çaqqal, qamışlıq pişiyi, dovşan, Zaqafqaziya kirpisi kimi məməlilər çoxdur. Yarasaların üç növünə təsadüf olunur. Uca ağacların başında qara çalağanlar, vağlar, qarıldağlar və ağ leyləklər yuva salırlar. Bunlardan başqa yekəqulaq və yatağan bayquş, zığ – zığ, qarğa, qu quşu, sarıköynək Tuqay meşələri üçün xarakter quşlardır. Qaraquş, İspaniya sərçələri kaloniyalar əmələ gətirirlər. Ov quşlarından qırqovul və turac vardır. Reptillərdən yaşıl kərtənkələ və iri ayaqsız kərtənkələ, Kür çayının axmazlarında isə sarımsaq qurbağasına rast gəlinir. Həşaratlar, böcəklər və ilbiclər burada çoxdur. Ərazidə qamışlı və gilli göllər, bataqlıqlarda çöl donuzu, qamışlıq pişiyi, çaqqal, boz sıçovul, quşlardan: anqut, xırda ağ vağ, yaşıldimdik ilbis, ördək, qamışlıq quşu, sultantoyuğu, balıqcıl və s vardır. Qışlamaq üçün bura külli miqdarda qarabatlaq, ördək, cürə, cümüldağ, qaz toplaşır. Axmazlarda külmə, çapaq, naxa, durna, sıf balıqları kürü tökür. Göllər və çaylarda çay xərçəngi yaşayır. Bataqlıqların qurudulması heyvanat aləminə mənfi təsir göstərmişdir.

İstinadlar

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.220.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.