Şirin Məlikova
Şirin Məlikova (tam adı: Məlikova Şirin Yaşar qızı; 4 noyabr 1978, Bakı) — Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,Azərbaycan Milli Xalça Muzeyinin direktoru (2016-2023),[1] Beynəlxalq Muzeylər Şurası[2]nın (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi.
Şirin Məlikova | |
---|---|
Məlikova Şirin Yaşar qızı | |
Doğum tarixi | 4 noyabr 1978 (45 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Tanınır | Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru |
Mükafatları |
|
Həyatı
Şirin Yaşar qızı Məlikova Bakı şəhərində anadan olub.
Təhsili
Şirin Məlikova 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsinə daxil olub, 1999-cu ildə təhsil ocağını fərqlənmə diplomu iləntamamlamışdır.[3] 1999–2001-ci illər ərzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Təsviri incəsənət tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasında oxuyub və təhsilini fərqlənmə diplomu ilə tamamlamışdır.[4] 2001-ci ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub. 2007-ci ildə "Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri" mövzusunda dissertasiya müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyəti
2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" kafedrasında[5] , 2012-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.[6]2019-cu ildən dosent vəzifəsini icra edir. 2011-ci ildən Heydər Əliyev Fondunun incəsənət sahəsində eksperti olaraq həm Azərbaycanda, həm də xaricdə bir sıra beynəlxalq sərgi və festivalların təşkilatçılarından olmuşdur.
2016-2023-cü illərdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru çalışıb. Onun rəhbərliyi ilə bir sıra xarici muzey və təşkilatlarla sıx əlaqələr qurularaq birgə layihələr həyata keçirilir, sərgi mübadilələri, fondun zənginləşdirilməsi, kolleksiyaların dünyaya tanıdılması və sosial sahələrdə irimiqyaslı işlər görülür. Muzey kolleksiyalarına həsr olunmuş nəfis kitab, buklet və açıqcalar müxtəlif dillərdə nəşr olunur. O, dünyanın qabaqcıl tekstil muzeyləri və beynəlxalq elmi konfranslarda Azərbaycan Milli Xalça Muzeyi[7] ilə bağlı mühazirələr oxuyur.
Onun rəhbərliyi altında muzey kolleksiyalarının toplanmasının yeni strategiyası hazırlanmışdır. Belə ki, məşhur hərrac evlərindən ("Avstriya Auksion Şirkəti", Sotheby’s, Christie’s), özəl kolleksiyaçılardan muzey praktikasında ilk dəfə olaraq fondunun zənginləşdirilməsi məqsədi ilə nadir və qiymətli sənət əsərləri alınmışdır. Bununla yanaşı, müxtəlif təşkilat və şəxslər tərəfindən muzeyə qiymətli sənət nümunələri hədiyyə edilmişdir. Onların sırasında Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi XVII əsrə aid "Xətai" və "Naxçıvan" xalçaları, XVIII əsrə aid Şirvan tikməsi, italiyalı kolleksioner Mirko Kattai tərəfindən hədiyyə olunmuş XIX əsrə aid "Hacıqayıb" xalçası, muzey tərəfindən satınalma yolu ilə əldə edilən XVII əsrə aid "Şamaxı", XIX əsrə aid "Sırt-çiçi", "Xilə-buta" xalçaları, XIX əsrə aid asma bəzək əşyalarını qeyd etmək olar.
Şirin Məlikovanın təşəbbüskarlığı ilə "Ənənəvi texnogiyalar" şöbəsinin mütəxəssisləri tərəfindən unudulan xovsuz və ikiüzlü xalçatoxuma texnikaları bərpa edilərək bu gün ustad dərsləri şəklində tədris olunur.
2019-cu ildən Ş. Məlikovanın təşkilatçılığı ilə muzeyin ekspozisiyası görmə, eşitmə və hərəkət qabliyyəti məhdud olan insanlar üçün adaptasiya edilib. Özündə xovlu və xovsuz texnikalarını birləşdirərək, ornamentin formasını və strukturunu taktil müəyyən etmək imkanı verən xüsusi toxuculuq texnologiyası tətbiq edilmişdir. Hər bir eksponat onun haqqında məlumat daşıyan Brayl əlifbası ilə yazılmış mətn, audio yazı və surdo-tərcümə ilə müşayiət olunur. "Sərhədsiz muzey" layihəsi ICOM Kanada, İntercom, NEMO, CAMOC, Dövlət Ermitajı, MUSEUM BOOSTER (Avstriya), Portu Universiteti (Portuqaliya) tərəfindən yüksək qiymətləndirilmişdir.
Son illərdə onun təşəbbüsü ilə muzey işində yeni kadrların hazırlanması istiqamətində könüllülər proqramı həyata keçirilir və xarici ekspertlər tərəfindən ustad dərslər təşkil edilir.
Onun muzeyə rəhbərlik etdiyi illərdə bir çox xarici muzeylərlə əməkdaşlıq protokolları imzalanıb, birgə layihələr keçirilib. Onların sırasında Luvr, Dövlət Ermitajı, Türk və İslam Əsərləri Muzeyini qeyd etmək olar.
15 iyul 2019-cu ildə Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə Azərbaycan Xalça Muzeyi "Milli" statusuna layiq görüldü.[8] 2016-cı ildən Azərbaycan Beynəlxalq Muzeylər Şurası (ICOM) Milli Komitəsinin sədridir. Onun rəhbərlik etdiyi dövrdə bir sıra ICOM-un beynəlxalq komitələrinin illik konfransları Bakıda keçirilmişdir.
1–7 sentyabr 2019-cu il tarixlərində Kioto şəhərində keçirilən Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş konfransında ICOM Azərbaycan Milli Komitəsinin sədri olaraq ICOM tərəfindən bir saatlıq mentor mühazirəsi keçirmək üçün seçilmişdir. Gənc ICOM üzvlərini ilhamlandırmaq, muzey sahəsində müvəffəqiyyət əldə etmələri üçün onlarla öz işi təcrübəsini bölüşmüşdür.
Sənətşünas Şirin Məlikova 20-dən çox kitabın — yerli və beynəlxalq elmi nəşrlərin müəllifidir.
2023-cü ildən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsində çalışır[9].
Müəllifi olduğu kitablar
Xalq Bankın "Xalq əmanəti" layihəsi çərçivəsində hazırlanmış kitablar:
- * "Böyükağa Mirzəzadə" (2010)
- * "Maral Rəhmanzadə" (2011)
- * "Xalidə Səfərova və Mahmud Tağıyev" (2011)
- * "Səttar Bəhlulzadə" (2012)
- * "Mikayıl Abdullayev" (2013)
- * "Gəncə rəssamları" (2013)
- * "Vəcihə Səmədova" (2015)
- * "Nadir Əbdürrəhmanov" (2016)
- * "Kamal Əhməd" (2017)
- * "Ələkbər Rzaquliyev" (2018)
- * "Tağı Tağıyev" (2019)
Həmçinin bax
İstinadlar
- "Xalça Muzeyinin direktoru ilə müsahibə". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
- "ICOM Azərbaycan". 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
- Азербайджанский государственный университет культуры и искусств
- Азербайджанская государственная академия художеств
- Азербайджанский государственный университет культуры и искусств
- Азербайджанская государственная академия художеств
- "Arxivlənmiş surət". Archived from the original on 2016-12-14. İstifadə tarixi: 2022-01-19.
- "Arxivlənmiş surət". Archived from the original on 2020-06-20. İstifadə tarixi: 2020-06-18.
- Azərbaycan Milli İncəsənət Muzeyinə yeni direktor təyin edilib