Şikari dastanı

Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60–70-ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən "Şikari" dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır.

"Şikari" dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. "Şikari"də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur. "Kitabi-Dədə Qorqud" dastanlarında olduğu kimi, burada da dastan qəhrəmanının ətrafına müdrik ağsaqqallar və adlı-sanlı igidlər toplaşırlar. Şikari İslama dəvət etdiyi ölkələrin ədalətlə idarə olunmasını təmin edir və rəiyyətin sevimlisinə çevrilir.

Tam 55 saat ərzində dinlənilərək səsli fayllardan götürülən dastanda 18 ustadnamə, 225 qoşma və 65 bayatı mətni qeyd olunmuşdır. Şeir şəkilləri bu strukturda əsasən 4+4+3, 6+5, 4+4 heca şəkillərinə uyğun verilmişdir. Aşıq şeiri şəkilləri aşıq Yədullah da daxil olmaqla ayrı-ayrı aşıqların repertuarından müxtəlif nümunələrlə zənginləşdirilmiş, hadisələrə uyğun olaraq mətnə bayatı nümunələri əlavə edilmişdir. Dastanda hadisələrarası ustadnamələr, eləcə də aşığın bu və ya digər hadisəyə münasibətini ifadə edən sujetdən kənar nümunələr əsasən Xəstə

Qasım, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mənsur, Xəstə Bayraməli və b. aşıqların şeirlərindən götürülmüşdür.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.