Şeir

Şeir (ərəb. شعر) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir.[1]

Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Öz aralarında cüt-cüt qafiyələnərək müstəqil məzmun ifadə edən misralara beyt deyilir.[2] Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məsələn, Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır) və ya dörddən az da ola bilər (məsələn, Mikayıl Müşfiqdə üçmisralı bəndlər).

Şeir sözünün mənası

Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir. Həqiqi şeir ciddi ədəbi-poetik qanunlar əsasında yaranır. Ahəng, qafiyə, ölçü, bölgü şeirin təşkilinin ən əsas əlamətlərindən hesab olunur. Şeir sözü (yunanca stikhos) cərgə, düzülüş, qayda-qanun mənasını verib, ölçülü, ritmik, güclü emosional nitq deməkdir[3].

Azərbaycan dilində şeir

Azərbaycan dilində şeir üç vəzndə yazılır: heca, əruzsərbəst.

 Heca vəznində yazılan şeirlərə Molla Pənah Vaqif, Səməd VurğunMikayıl Müşfiq, əruz vəznində yazılan şeirlərə Məhəmməd Füzuli, Seyid Əzim ŞirvaniMirzə Ələkbər Sabir, sərbəst vəzndə yazılan şeirlərə Əli Kərim, Mikayıl Rəfili, Rəsul Rza yaradıcılığı misal ola bilər. Azərbaycan şairləri adətən bir neçə vəzndə yazırlar (məsələn, Molla Pənah Vaqif), bəzən bir şeir eyni zamanda iki vəznə aid ola bilir (məsələn, Süleyman Rüstəmin yaradıcılığında bir çox şeirlər adətən həm heca, həm də əruza aiddir).

Nümunələr

Heca vəznində şeir

Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalətək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.
(Molla Pənah Vaqif)

Əruz vəznində şeir

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
(Məhəmməd Füzuli)

Sərbəst vəzndə şeir

Yeri, yeri,
qara paltarlı qadın,
kiri, kiri,
qara paltarlı qadın.
Bəsdir başdaşımı basdın bağrına,
bu qəbir də min qəbirdən biridir.
Bütün məni ağlayanlar kiridi,
sən də kiri,
qəbrim damır,
ağlama!
(Ramiz Rövşən)

Həmçinin bax

İstinadlar

  1. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1988, s.257–258
  2. Nizaməddin Şəmsizadə, Ədəbiyyat nəzəriyyəsi: (Dərslik). Bakı: "Proqres" nəşriyyatı, 2012, 434 s.
  3. "Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 178 səh" (PDF). 2016-03-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.