Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır."[1] Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[2]
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Əli | |
Tarixi | 1539-1543 | |
Üslubu | Təbriz miniatür məktəbi | |
Sifarişçi | I Şah Təhmasib | |
Saxlanıldığı yer | Britaniya Milli Kitabxanası |
Mövzu
Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir:
O naxış çəkən də gəldi gülşənə, Xosrovun şəklini yaratdı yenə. Yenə şəkil gördü, həsrətlə baxdı, O surət könlünü yandırdı, yaxdı.[3] |
Təsvir
"Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır.[1] Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir.[1]
Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır. Şirin, zəngin bəzəkli taxt-rəvanda, onun qabağındakı dairəvi çarhovuzun yanında isə Şapur əyləşmişdir. Şapurun əlində Xosrovun portreti vardır. Onlar, Şirinin rəfiqələri və xidmətçiləri ilə əhatə olunmuşlar. Miniatürdə bir canlanma hökm sürür. Bütün personajlar bir-biri ilə söhbət əsnasındadır. Rəssam hadisə ilə əlaqədaq olan bu canlanmanı gözəl ifadə etmişdir. Yuxarıda, çəpərin o tayında görünən bağçada bağban işləyir. Ondan azca aralı, yastı qayalıq arasında Şapurun atını saxlamış gənc xidmətçi görünür.[4]
Tədqiqi
Bu miniatürü özünün təzahür tapdığı Nizami mətni ilə müqayisə etdikdə aydın olur ki, oradakı bir çox fiqurlar, o cümlədən kişilər ədəbi süjetdə göstərilməmişdir. Bunlar, kompozisiyanı canlandırmaq naminə rəssamın fərdi yaradıcılıq təşəbbüsü kimi qiymətləndirilməlidir.[4] Təbriz miniatür məktəbi rəssamlarına xas olan belə təşəbbüslər rəssamı təkcə mətndən gələn əhvalatın tərənnümü çərçivəsində saxlamayıb, onun fırçasına sərbəstlik gətirmiş, bir növ qol-qanad açmasına səbəb olmuşdur. Məhz bu cür təfsir üsulu Mirzə Əlinin kompozisiyasını oxşar mövzuda əsər yaratmış Herat və Şiraz məktəbi rəssamlarının işlərindən fərqləndirir.[4]
Mirzə Əlinin ədəbi mətnə yaradıcı yanaşması, sərbəst yolla getməsi, bu əsəri daha çox janr səhnəsi kimi xrakterizə edir.[5] Burada qırmızı, göy, sarı, yaşıl, çəhrayı və qəhvəyi paltarlı, ağ çalmalı kişi fiqurları kompozisiyaya miniatürün mənzərə fonu ilə uyuşan dolğunluq və dekorativlik gətirir. Tünd yaşıl çəmənlik, çiçəkli ağaclar, qamətli sərvlər, bənövşəyi çalarlı çəhrayı təpələr, buludlu səma bahar mənzərəsini xaatırladır.[6]
Təsvir formalarındakı şərtiliyə baxmayaraq, buradakı təbiət mənzərəsi realist təsiri ilə fərqlənsə də, bir sıra personajlar statik səciyyə daşıyır, donmuş və şablon təsir bağışlayırlar. Onların üzləri fərdi cizgilərdən məhrum olduğundan bir-birlərinə oxşayırlar.[6]
Müəllif imzası
Miniatürün aşağı hissəsində iki quş silueti arasında rəssamın imazıs - "Ustad Mirzə Əlinin əməli" sözləri yazılmışdır. Bu miniatür I Şah Təhmasibin Xəmsə əlyazmasına daxil olan yeganə əsərdir ki, rəssamın adı səhifənin kənarında yazılmışdır.[6] Bu, digər miniatürlərin, habelə səhifələrin kənarlarındakı müxtəlif bəzəklərin də Mirzə Əlinin fırçasına mənsub olduğunu güman etməyə əsas verir.[7]
İstinadlar
- Zamanov, 1981. səh. 32
- "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2017.
- Gəncəvi, Nizami. Xosrov və Şirin. Bakı. 1962. 49.
- Zamanov, 1981. səh. 33
- Zamanov, Nadir. Nizaminin "Xosrov və Şirin" sürətləri orta əsr miniatürlərində (Azərbaycan SSR EA Xəbərləri, No. 3-4). 1971.
- Zamanov, 1981. səh. 34
- Казиев, А. Миниатюры рукописи "Хамсе", Низами (1539-1543). Баку. 1964.
Ədəbiyyat
- Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.