Şankara
Şankara (Adi Şankara sanskrit. आदि शंकर [aːd̪i ɕəŋkərə]; təq. 788[1][2] – təq. 820) – hind mütəfəkkiri, filosof, Veda mətnlərinin təfsirçisi və tədqiqatçısı, dini reformator, mistik və şair. Upanişadlar əsasında "advayta-vedanta" adlnan monistik təlimi və dini-fəlsəfi sistemi yaratmışdır.
Şankara | |
---|---|
sanskr. आदि शङ्कर | |
Doğum tarixi | təq. 788[1][2] |
Vəfat tarixi | təq. 820 |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şankaranın dünyaya gəlməsi, həyatı, fəaliyyəti bir çox hallarda bizə əfsanəvi və möcüzəvi şəkildə təsvir edildiyindən, onun həyatı haqqında dəqiq məlumat əldə etmək olduqca çətin məsələdir. Adi Şankara haqqında əsasən "Şankara Vijayams" adlı əsərdə məlumat verilmişdir. Bioqrafik və əfsanəvi məlumatların qarışığı olan bu külliyatda filosofun həyatı şeir formasında yazılmışdır. Bunların arasında ən önəmli bioqrafiyalar XIV əsrdə yazılmış "Madhaviya Śaṅkara Vijayaṃ", XV–XVII əsrlər arasındakı bir tarixdə yazılan "Cidvilāsīya Śaṅkara Vijayaṃ" ve XVII əsrdən sonra yazıldığı ehtimal edilən "Keraļīya Śaṅkara Vijayaṃ" bioqrafiyalarıdır.
Adi Şankara, Nambodiri Brahmin qəbiləsində indiki Kerala şəhərinin yaxınlığındakı Kaladi və ya Aryambada dünyaya gəlmişdi. Deyilənə görə valideynləri uşaqsız keçən uzun illərdən sonra Vadakkunnatan məbədindəki dualarından sonra Şankaraya qovuşmuşdular. Atası, Şankara hələ balaca bir uşaq olarkən vəfat etmişdir. Bəzi mənbələrə görə Şankara atası ölərkən üç yaşında olmuşdur. Beş yaşından tələbəlik həyatına başlamış və səkkiz yaşından Hinduizmin müqəddəs mətnləri olan Vedaları əzbər bilmişdir.
Kiçik yaşlardan gəzgin bir rahib (sannyasa) olmağı arzulayan Şankara bu istəyinə yalnız anasını yola gətirib onun razılığını aldıqdan sonra sahib olmuşdur. Keralanı tərk etmiş və quru (Hinduizmdə mürşidin qarşıqlığı) tapmaq üçün Şimali Hindistana doğru yola çıxmışdır. Narmada Nehri sahillərində Qaudapadanın müridlərindən olan Qovinda Bhaqavatpada ilə qarşılaşmışdır. Şankaradan onun kim olduğunu soruşan Qovinda Bhaqavatpadanı "advayta-vedanta" fəlsəfəsindən sitat gətirdiyi bir dördlüklə (şeirlə) cavab verdiyi üçün heyrətləndirmiş və onun müridi olmaqçün razılıq vermişdir.
Burada Şankara Brahma-sutralara təfsir yazmağı və "advayta-vedanta" fəlsəfəsini dərindən öyrənir. Kaşiyə səyahət edən Şankara orada ilk müridi olacaq gənc Sananda ilə tanış olur. Əfsanəyə görə tələbələri ilə Vişvanat məbədinə gedən Şankaranın qarşısına ətrafında dörd it olan bir müqəddəs çıxır. Müridlərin yoldan çəkilmək xəbərdarlığını görüb müqəddəs "Əbədi Atmanımı, yoxsa bu cismdən ibarət olan bədənimi hərəkət etdirməymii istəyirsən?" deyə soruşur. Müqəddəsin tanrı Şivanın bir təzahürü, dörd itin də dörd Veda olduğunun fərqinə varan Şankara, müqəddəsin qarşısında hörmətlə baş əyir və "Manişa Panxakam" əsərini qələmə alır. Badaridə isə ona şöhrət gətirəcək "Bhaşya"nı (təfsirləri) və "Prakarna qranta" (fəlsəfi risalələri) yazır.
Dini-fəlsəfi təlimi
Şankaranın yaratdığı fəlsəfi sistem və onun idrak təlimi "advayta-vedanta" adlanır. Advayta monistik təlim hesab olunur. Beləki ki, Tanrı Brahman başlanğıc və yeganə varlıqdır. Dünyada olan müxtəlif formalı, rəngli, ölçülü, fərqli kəmiyyət-keyfiyyət xarakteristikalarına malik olan bütün cisimlər, maddələr, bir sözlə yaradılan bütün varlıq, hər şey tanrı Brahmanın yaradıcılıq enerjisinin müxtəlif səviyyələrdə təzahüründən başqa bir şey deyildir. Yəni, bu təlimə görə əbədi və məhvedilməz olan tanrı Brahmandır. Qalan hər şey Onun varlığının yaradıcı enerji şəklində təzahür edən müxtəlif, hətta sonsuz sayda inikaslarıdır. Bütün bu yaradılış tam kamillik və dərketmənin ali səviyyəsində olmasalar da Şankaraya görə onlarla, yəni bütün canlı və cansız varlıqlarla, təbiətlə, materiyayla, kosmosla yaradıcı Brahman arasında heç bir fərq yoxdur. Bu fəlsəfi təlimə görə hər şey tanrı Brahmandır, hər şey Odur, bütün mövcudiyyət Onda cəmlənmişdir. Var olan və olmayan hər şey kənardan ayrı-ayrı, müxtəlif formada, qarma-qarışıq və xaotik görünsə də əslində hamısı Onun yaradıcı enerjisinin müxtəlif səviyyələrdə əks olunmasıdır. Beləliklə fərqlilik və müxtəliflik əslində aldadıcı illuziyadan başqa bir şey deyildir. Hər şey Onunla birlikdədir və Onsuz heç nə mövcud deyil. Bu, Şankaranın monizm dini-fəlsəfi təliminin əsasını təşkil edir. Ümumiyyətlə Şankara aşağıdakı ənənəvi hind mənbələrindən təsirlənmişdir: Vedalar, Upanişadlar, Bhaqavad-Qita və Vedanta-Sutri. Şankaranın təlimini nəzərdən keçirərkən onun həm də purva-mimansa, sankxya, yoqa, caynizm, buddizm kimi dini-fəlsəfi təlimlərin ideyalarından təsirləndiyinin açıq-aydın şahidi oluruq. Müasir tədqiqatçılar bəzən Şankaranın təlimini "maskalanmış buddizm" adlandırırlar ki, bu da Şankaranın təlimi ilə buddizm arasında oxşarlıqların olmasından xəbər verir. Düzdür, Şankaranın bu təlimində buddizmin güclü təsiri hiss olunur. Lakin bir qədər dərinə endikcə müəyyən fərqlər açıq-aydın özünü göstərir. Şankaranın təlimi, bir növ Veda və Upanişadların mətnlərinin şərhləri əsasında qurulsa da, həm də Buddizmin bir qədər dərin və özünəməxsus açıqlanmasını özündə birləşdirir.
İstinadlar
- Shankara // Nationalencyklopedin (швед.). 1999.
- SHANKARA (ŚANKARA // Dictionnaire de spiritualité. Ascétique et mystique (fr.). 60000 s. ISSN 0336-8106