Vaxuşti Baqrationi

Vaxuşti Baqrationi[1]; Şahzadə Vaxuşti (gür.: g.ə. ვახუშტი ბატონიშვილი, l.ə. vaxuşti batonişvili) — Kartli kralı VI Vaxtanqın nigahdankənar oğlu, alim, coğrafiyaçı, tarixçi və kartoqraf. 1717–1724-cü illərdə Kartlinin siyasi həyatında fəal iştirak etmişdir: VI Vaxtanqın əmri ilə 1722-ci ildə (I Pyotrun Xəzərsahili əyalətlərə yürüşü zamanı Səfəvi şahına xəyanət edən VI Vaxtanq oğlu III Bakarla birlikdə 40.000 əsgər ilə rus ordusuna qoşulmaq üçün Gəncəyə gedərəkən və orada Rusiya imperatorundan xəbər gözləyərkən: 1722-ci ilin avqust–noyabr aylarında) Kartlinin hakimi, 1724-cü ildə isə Aşağı Kartli ordusunun baş komandanı təyin edilmişdi. 15 iyul, 1724-cü ildə kral ailəsinin digər üzvləri ilə birlikdə Rusiya çarlığına (Həştərxana) köçdü. 1757-ci ildə Moskvada vəfat edən Vaxuşti bu şəhərdə yerləşən "Don monastırı" nekropolunda dəfn edilmişdir.

Şahzadə Vaxuşti
ვახუშტი ბატონიშვილი
Doğum tarixi
Doğum yeri Tiflis
Vəfat tarixi
Vəfat yeri Moskva
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı Kartli
Milliyyəti gürcü
Atası VI Vaxtanq
Elm sahələri coğrafiya, tarix, kartoqrafiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərləri

Vaxuştinin tərtib etdiyi Avropanın xəritəsi, 1752-ci il
1735-ci ildə Vaxuştinin tərtib etdiyi xəritəni əsas olaraq qəbul etmiş J. N. dö Lilin fransızca tərtib etdiyi Gürcüstan və Ermənistanın ümumi xəritəsi, 1766-cı il nəşri

Vaxuşti, qısa adı Kartvel krallığının təsviri (gür.: g.ə. აღწერა სამეფოსა საქართველოსა, l.ə. ağtsera sameposa sakartvelosa) – tam adı Kartvel krallığının təsviri, onun adət və qanunları (gür.: g.ə. აღწერა სამეფოსა საქართველოსა, ზნენი და ჩვეულებანი საქართველოსანი l.ə. ağtsera sameposa sakartvelosa, zneni da çveulebani sakartvelosani) olan həyatının ən böyük əsərinin yazılışını 20 oktyabr, 1745-ci ildə Moskvada tamamladı. Müəllif əsərə əlavə olaraq iki atlas daxil etmişdir: I atlası o, 1735-ci ildə ildə tərtib etmişdi və o 8 xəritədən ibarət idi (onların ilk dördü tam, 5-ci isə qismən günümüzə gəlib çatmışdır, atlas elə həmin il fransız astranom və kartoqraf Jözef Nikola dö Lil (fr. Joseph-Nicolas De L'Isle) tərəfindən fransızcaya, 1738-ci ildə isə Peterburq Elmlər Akademiyasının Coğrafiya departamenti tərəfindən rus dilinə çevrildi), II atlası isə 1742–1743-cü ildə tərtib etmişdi və o 19 xəritədən (II atlasa müəllif Baqrationilər sülaləsinin şəcərə sxemini alavə olaraq daxil etmişdir) ibarət idi. Əsər ilkin şəklində XVIII–XIX əsrlərdə nəşr edilməmişdir. 1842-ci ildə Sankt-Peterburqda fransız əsilli şərqşünas, linqvist və tarixçi Mari Felisite Brosse (fr. Marie-Félicité Brosset) əsərin coğrafiya bölümünü Şahzadə Vaxuştinin Gürcüstanı coğrafi təsviri (fr. Description Geographique de la Géorgie, par le Tsarévitch Wakhoucht) başlığı adı altında mətnləri paralel olaraq gürcü və fransız dillərində göstərməklə nəşr etdirdi. Əsərin bu qismi M. Canaşvili tərəfindən 1904-cü ildə, N. Berdzenişvili və T. Lomouri tərəfindən isə 1941-ci ildə təkrar nəşr edilmişdir. D. Çubinaşvili 1854-cü ildə Gürcüstanın XV–XVIII əsrlərdəki tarixini nəşr etdirdi, hansını ki, Z. Çiçinadze 1913-cü ildə "Gürcüstanın həyatı" adı ilə yenidən nəşr etdirdi. XIV əsrədək olan qədim dövrə aid tarix isə 1885-ci ildə D. Bakradze tərəfindən nəşr etdirilmişdi. Yalnız 1973-cü ildə professor Simon Qauxçişvili Tiflisdə əsərin ilkin mətnini tam əhatə edəcək şəkildə nəşr etdirdi: 1102 səhifəni əhatə edən IV cildlik toplu kimi nəşr edilən əsər Kartlinin həyatı (gür.: g.ə. ქართლის ცხოვრება l.ə. kartlis tsxovreba) adı ilə çap olunmuşdu. Simon Qauxçişvilinin redaktorluğu ilə yazılan "Kartlinin həyatı" N. T. Nakaşidze tərəfindən rus dilinə çevrildi və 1976-cı ildə Tiflisdə nəşr edildi.

Mənbə

  • Маруашвили Л. И. Вахушти Багратиони, его предшественники и современники. Географические труды и путешествия. — М.: Госгеографиздат, 1956. — 136 с.
  • Gabashvili, Valerian. Vakhushti Bagrationi. Tbilisi, 1969 (gürc. )

İstinadlar

  1. Вахушти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. II ҹилд: БалзамГајдар. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1978. С. 422.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.