Şahtaxtinskilər

ŞahtaxtinskilərAzərbaycanın tanınmış soyadlarından biri.

Soyun yaranması

Bu kənd onlara miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman Şahtaxtı - öz ata-baba yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa çox qürurla deyib: "Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq". Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın hansı şəhərlərində, eləcə də dünyanın hansı ölkəsində yaşayıb-yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmamışdılar. Və Şahtaxtı kəndi ilə əlaqələri olmuşdur.

XIX və XX əsrdə elm aləmində böyük nailiyyətlər, uğurlar əldə edən alimlərin əksəriyyəti Şahtaxtinskilərdən olub. Amma çox təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Ymumiyyətlə, Azərbaycanda şəcərə tarixi demək olar ki, işlənməyib. Elə bu unutqanlığın nəticəsidir ki, Azərbaycan diplomatiyasında mühüm rol oynamış böyük diplomat Behbud ağa Şahtaxtinskinin atasının da adı elmi əsərlərdə, ensiklopediyalarda göstərilməmişdir.

Bir neçə ildir mən Şahtaxtinskilərin nəsil şəcərəsini araşdırıram. Sənədlərdə bu nəslin adı Ağacıq kimi də qeyd olunub. Məsələn, I İsa Sultan Ağacıq, Əli bəy Ağacıq və s. Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yerləşən əraziyə də "Ağalıq" deyirdilər. Elə indinin özündə də həmin ərazi yaşlılar tərəfindən "Ağalıq" adlandırılır. Çox ehtimal ki, bu söz "Ağacığ"ın təhrif olunmuş variantıdır. Çünki 1840-1859-cu illərdə İrəvan bəy komissiyasında onlar ulu babalarının adının Ağa-Cır ağa kimi qeyd etmişlər.

Əlimizdə olan sənədlərə görə, I İsa Sultan Şah Sultanın oğludur. Və bu gün 200 ildən artıqdır ki, dünyanı heyrətdə qoyan Şahtaxtinskilər I İsa sultanın törəmələridir. II İsa Sutan Nəcəfqulu Sultan oğlu isə onun nəvəsidir. II İsa Sultanın həyatı və şəxsiyyəti, eləcə də fəaliyyəti nəsillərə bir nümunədir. Onun haqqında ədəbiyyatşünas alim V.Quliyevin "İsa sultan Şaxtaxtinskinin qəribə həyatı", (Bakı, 1999) monoqrafiyasında yazdıqlarını təkrarlamaq istəmirəm. Bir onu demək istəyirəm ki, qürbətdə əbədiyyətə gedən bu həmyerlimizin həyatını və fəaliyyətinin lazımınca təbliğ edə bilməmişik. O, bütün həyatını imperiya əsarətinə qarşı mübarizəyə həsr edib.

Şahtaxtinskilər əsasən Şahtaxtı, Naxçıvan, İrəvanTiflisdə yaşayıblar. Bu yerlərdə onların iri torpaq sahələri və mülkləri olub. Naxçıvanın Kəngərlilər yaşayan kəndlərinin bir neçəsində - Cəhridə, Xəlillidə, Yəmxanada, Tumbulda, Şahtaxtında və Yurdçuda da onların çox böyük torpaq sahələri var idi. Onlar yüksək təbəqəyə daxil olsalar da, həmişə sadə xalqla birgə olmuşlar. Övladlarını sadə xalqın içərisində böyüdüb tərbiyə etmişdilər və təhsillərinin də qayğısına qalmışdılar. Məsələn, I İsa Sultanın oğlu Məhəmmədtağı sultan öz oğlu Məhəmməd ağa Şahtaxtınskini (1846-1931) Moskvada, Almaniğada və Parisdə oxutmuşdu. Məhəmməd ağa Şahtaxtınski ensiklopedik biliyə malik bir alim kimi 8 dildə mükəmməl yazıb oxumuş, məqalələr yazmışdır. Onun elmi fəaliyyətinə nəzər yetirsək, görərik ki, o, ömrünü Azərbaycan xalqının gələcəyi naminə sərf edib.

Məhəmməd ağanın qardaşı Baxşəli ağa da Peterburq Universitetinin hüquq fakültəsini bitirib Naxçıvana qayıtmışdı. Onun oğlu Hüseyn ağa da Peterburq Universitetinin hüquq fakültəsində təhsil alıb. Lakin 1918-ci ildə ata və oğul Culfadan Naxçıvana qayıdarkən Nehrəm kəndi yaxınlığındakı "Dərəlik" adlı yerdə irticaçılar tərəfindən vəhşicəsinə qətl olunurlar. Qatillərin dediklərinə görə, Baxşəli ağa yalvarırmış ki, əvvəlcə məni öldürün, sonra oğlumu. Amma qatillər atanın gözləri önündə oğlunu əzabla, işgəncə ilə qətlə yetirirlər. Sonra da Baxşəli ağanı öldürürlər. Onlar həmin yerdə dəfn olunublar. Məzarları indi də oradadır.

Yeri gəlmişkən, bu ölüm haqqında müxtəlif versiyalar var. Ancaq 1918-20-ci illərdə baş verən hadisələr düzgün təhlil edilməyincə, yazılanlara inanmaq çətindir. Çünki 1920-ci ildən sonra yazılanların hamısı o dövrün siyasətinə uyğunlaşdırılıb. Belə ki, "Araz-Türk" Respublikası daxilində gedən feodal çəkişmələri bu qətldə əsas rol oynayıb...

Baxşəli ağanın o biri oğlanları - Nemətulla bəy, Ətaulla bəy və Həbibulla bəy Azərbaycan elmində çox böyük xidmətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvələri olan 3 bacıya - Zəhra, Ziba və Leyla xanımlarla ailə qurmuşlar. Bu nikahlardan oğulan övladlar da Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermişlər. Belə ki, Nemətulla bəy Şahtaxtinski ilə Zəhra xanımın oğlu Toğrul Şahtaxtinski akademikdir. Həbibulla bəy də akademik olub. Övladlarının qalanları da elmin müxtəlif sahələri üzrə alim idilər. Qızı Elmira xanım isə Azərbaycanın xalq rəssamı olmuşdur.

Məmmədtağı Sultan 1892-ci ildə doğulub. Tiflisdə və Rusiyanın hərbi məktəblərində təhsil alıb. Tiflisdə oxuyarkən çex qızı Olqa Stefanovna Bosiko (Kuzmina) ilə ailə qurmuş və Gülnaz adlı qızları olmuşdur. Naxçıvanın daşnaklardan müdafiə olunmasında fəal iştirak edən Məmmədtağı Sultanı quldurlar ataları Baxşəli ağanın gözləri önündə amansızcasına Dərəlikdə (Culfa) öldürmüşlər. Hüseyn ağa 1893-cü ildə Şahtaxtı kəndində dünyaya gəlmiş, İrəvan gimnaziyasında, sonralar isə Sankt-Peterburqda oxumuşdur. Hüquqşünas kimi Naxçıvana dönən Hüseyn ağa da digər Şahtaxtinskilərlə birlikdə Naxçıvanın müdafiəsində cəsurluqla döyüşənlərdən biri olmuşdur. O, sosial-demokrat olmuş və dostu Hüseyn Mamayevin yazdığına görə, 1915-ci ildə Moskva universitetində oxumuşdur. Sənədlərin dili ilə desək, 1917-ci ildə Peterburqdan İrəvana dönmüş və burada "Gecə kursları"nda dərs demişdir. Onu sovet hakimiyyəti illərində bolşevik kimi təqdim etsələr də, bu, doğru deyil. Çünki o, müstəqilliyin əsl təbliğatçılarından biri olmuşdur. Hüseyn ağa İrəvanda, Şahtaxtıda xalqa izah edirdi ki, oktyabristlərin və kadetlərin qurduqları Tuçkovlar və Milyukovlar hökumətinə inanmayın, sözlərində səmimi olsalar da, onlar müharibə hökuməti qurmuşlar. "Müharibə hökuməti isə xalqa sülh və çörək, həmçinin azadlıq verə bilməz. Bu hökumət "Polesyeni, Türkiyəni talan etmək, İstanbulu ələ keçirmək, Polşanı, Hollandiyanı, Litva ölkəsini və başqa ölkələri işğal etmək istəyən soyğunçuluq hökumətidir" - deyən Hüseyn ağanı hər yerdə çar tərəfdarları və xəfiyyələri təqib edirdilər. O, Şahtaxtı kəndinin mərkəzində təşkil etdiyi çıxışlarda belə şüarları tez-tez səsləndirirdi: "Yox olsun müharibə! Yaşasın sülh!"

O da digər qardaşları kimi əyninə əsgər paltarı geyinərək erməni daşnakları ilə döyüşürdü. Tarixi sənədlərə görə, "Müdafiye-məzluman təşkilatı"nı yaratmışdı. Onu da atası və qardaşı ilə birlikdə Dərəlikdə amansızlıqla qətlə yetiriblər. Qeyd etmək yerinə düşər. 1919-cu ildə Bakıda nəşr edilən "Zəhmət" qəzeti (oktyabr) böyük ürək ağrısı ilə onların faciəli qətlə yetirilməsi ilə bağlı yazı dərc edib. Hüseyn ağanın tələbəlik dostu M.Ə.Nasir adlı bir nəfər sonralar onun haqqında 1967-ci ildə "Şərq qapısı" qəzetində kiçik bir xatirə dərc etdirib. [1] Ulu babaları İsa Sultan maarifə, mədəniyyətə var-dövlətini əsirgəməyən bir şəxs olduğu kimi, onun varisləri də bu yola sadiq qalmışlar. Bunu onların şəcərə tarixlərindəki faktlar da sübut edir. Hal-hazırda Şahtaxtı kəndində "Şahtaxtinskilər muzeyi" fəliyyət göstərir.

Soyun tanınmış nümayəndələri

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.

Mənbə

  • Musa Quliyev, Şahtaxtının sahibləri Şahtaxtinskilər olub.
  • Azərbaycan Sovet Ensiklopegiyası X cild

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.