Şahmərdan Cəfərov
Şahmərdan Məhəmməd oğlu Cəfərov (Şahsultan kimi də tanınır)[1] (12 avqust 1958, Məmmədsabir, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 29 iyun 1995, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı (1992–1994),[2] AXC fəalı. [3]
Şahmərdan Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 avqust 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 1995 (36 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
Həyatı
Şahmərdan Məhəmməd oğlu Cəfərov 1958-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində doğulub. 1975–1977-ci illərdə Rusiyanın Kaluqa şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti bitirəndən sonra Kaluqa şəhərində orta ixtisaslı hüquq məktəbini bitirib.
1988-ci ilə qədər Rusiyada milis sıralarında çalışıb. 1988-ci ildə Azərbaycana qayıdıb.
1988-ci ildə Şərur özünümüdafiə batalyonunun komandiri, 1992-ci ildə Qıvraq polkunun komandiri, 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı vəzifəsində çalışıb.
Siyasi fəaliyyəti
O, 1990-cı ildə Şərur rayonundan Azərbaycan Respublikasının Ali Sovetinin XII çağırışına üzv seçilib.
17 oktyabr 1991-ci ildə Azərbaycanın müstəqillik aktına səs verən 43 deputatdan biridir.
1994-cü ilin avqustunda "Şərur işi"[4] ilə bağlı qanunsuz silahlı dəstənin rəhbərliyində ittiham edilərək barəsində cinayət işi açılmış,[3] Şahmərdanın 20-dən artıq tərəftarı həbs edilmişdir.[1]
1995-ci il mayın 30-da isə deputat səlahiyyətləri əlindən alınıb və həbsinə sanksiya verilib.
Sui-qəsd və ölüm
Bundan təqribən 3 həftə sonra, 1995-ci il iyunun 17-si Kələkidən — eks-prezident Əbülfəz Elçibəyin yanından öz "Niva" maşınında qayıdarkən Culfa rayonu yaxınlığında yolda güllələnmişdir. Bu hadisənin necə və harada baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülmüşdür. Qardaşı Hüseynqulu Cəfərov "Niva" maşınının təqib edilməsinin Bənəniyar kəndində başlamasını,[2] Amnesty International isə atışmanın Əbrəqunus kəndi yaxınlığında baş verməsini iddia edirlər.[1] AXC[1] və maşında əyləşən şahidlərə istinad edən qardaşı Hüseynqulu Cəfərov[2] ilk atəşin polis maşınından atıldığını, Daxili İşlər Nazirliyi isə "Turan" İnformasiya agentliyinə 19 iyun 1995 tarixində verdiyi məlumatda polis maşınına ilk atəşin Şahmərdan Cəfərovun maşınından atıldığını iddia etmişdir.[1] Həmçinin, qardaşı Hüseynqulu Cəfərov maşının Zəfər Həsənquliyev tərəfindən idarə olunduğunu, atəşin Culfa rayon polis bölməsinin keçmiş rəisi Qurban Qurbanov tərəfindən atıldığını iddia etmişdir. Zəfər Həsənquliyevin müavini Elçin Mirzəbəyli Zəfər Həsənquliyevin bu məsələ ilə bağlı heç bir şərh verməyəcəyini, iddiaların əsassız olduğunu bildirmişdir.[2]
Bundan sonra, güllə atan şəxslər hadisə yerini tərk etmiş, hadisə yerində müəyyən müddət (qardaşı Hüseynqulu Cəfərov iddiasına görə 4 saat [2]) yaralı qalan Şahmərdan xəstəxanaya aparılmışdır. Yeni Müsavat qəzeti bunun yerli əhali tərəfindən,[1] qardaşı Hüseynqulu Cəfərov isə bunun polislər tərəfindən edildiyini iddia etmişdir.[2]
İstintaq materiallarına görə beş güllə yarası aldığı bildirilsə də, qardaşı Hüseynqulu Cəfərov müalicə etmiş həkimlərə istinad edərək tapancadan əlavə 2 güllə yarası aldığını da bildirmişdir.[2]
İyunun 26-da olduğu xəstəxanadan çıxarılaraq Bakıya — Şüvəlandakı istintaq təcridxanasına köçürülmüşdür. Qardaşı Hüseynqulu Cəfərovun oradakı dustaqlara əsaslanaraq Şahmərdana iyunun 26-dan 29-na qədər işgəncələr verildiyini, iyunun 29-u yük maşınında xəstəxanaya aparmaq adı ilə şəhərdə gəzdirildiyini iddia etmişdir.[2] İyunun 29-da axşam[3] (Amnesty International-a əsasən iyunun 29-dan 30-na keçən gecə[1]) dustaqlar üçün nəzərdə tutulan hospitalda aldığı xəsarətlərdən vəfat etmişdir.
Mənbə
Ədəbiyyat
- "AZERBAIJAN: Allegations of ill-treatment in detention" (PDF). Amnesty International (ingilis). yanvar 1996. İstifadə tarixi: iyun 2021.
- "Şahmərdan Elçibəyə xəyanət edə bilməzdi". Azadlıq Radiosu (az.). 23 iyul 2011.
- "ŞAHMƏRDAN CƏFƏROVUN MÜƏMMALI QƏTLİNDƏN 16 İL ÖTÜR". Müsavat Qəzeti (az.). 26 iyul 2011.
- "Cases of alleged political prisoners in Armenia and Azerbaijan Addendum to the Report of the Independent Experts: Messrs Stefan Trechsel, Evert Alkema and Alexander Arabadjiev". Amnesty International (ingilis). 24 oktyabr 2001. İstifadə tarixi: 19 avqust 2022.