Şahdağ xalqları

Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılarazərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar.[1]

Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, XınalıqYergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular,[2] ceklilər,[3][4] əliklilər, haputlular,[5][6] qrızlılar, xınalıqlılar,[7][8] yergüclülər[9][10] adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur.[11] Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir.[12][13] XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir.[14]

Ümumi məlumat

Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, QrızYergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılaryergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan[15][16] bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar[17][18]. Yəni hər kəndin özünün dili var[19].

Sovet dövründə şahdağlılar və onların dilləri həm də mərkəzi şəhərlərdəki alimlərin, respublika ziyalılarının diqqətini cəlb etmişdir. Bu dövrün dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik, Yergüc kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət getmişdir. Hətta N. Marr, N. Yakovlev, R. Şor, L. Jirkov və başqa mütəxəssislər dünya dillərini təsnif edərkən Şahdağ dillərinin yeddi dildən ibarət olduğunu göstərmişlər[20].

VII əsrə qədər atəşpərəst olmuş[21] Şahdağ xalqlarının etnoqrafik xüsusiyyətlərinə nəzər saldıqda, onların Azərbaycanın digər xalqlarına, xüsusi ilə də Oğuz türklərinə[22] xas xeyli oxşar cəhətlərə malik olmaqla yanaşı, həm də lokal xüsusiyyətlərini qoruyub saxladıqlarını da müşahidə etmək mümkündür.

XIX əsrin 80-ci illərinə aid olan bir sənəddə bu azsaylı qədim xalqların sayı belə göstərilir: buduqlular – 3805 nəfər, qrızlılar – 8137 nəfər, haputlular – 997 nəfər, ceklilər – 1277 nəfər, xınalıqlılar – 5670 nəfər[23]. Həmin sənəddə əliklilərinyergüclülərin sayı göstərilməmişdir.

1886-cı ildə aparılmış hesablamalara görə Azərbaycan ərazisindəki şahdağlıların sayı 16.821 nəfər olmuşdur ki, bu da ölkə əhalisinin 1,2 %-ni təşkil edirdi. Onların 15.300 nəfəri Bakı quberniyasında, 1.521 nəfəri isə Yelizavetpol quberniyasında yaşayırdı[24].

Azərbaycan bayrağı dəniz səviyyəsindən 1635 m yüksəklikdə yerləşən Cek kəndində dalğalanır.

Uzun illər gediş-gəlişin çətin olduğu məkanlarda yaşayan şahdağlıların müasir dövrümüzə qədər öz varlıqlarını qoruyub saxlamalarının əsas səbəbi, məhz başqa xalqlarla inteqrasiyada olmamalarıdır, lakin buna baxmayaraq, Şahdağ xalqları heç də Azərbaycanda və dünyada cərəyan edən başlıca qlobal hadisələrdən kənarda qalmamış, ölkənin digər xalqları qədər bu hadisələrin iştirakçısı olmuş və problemlərin həllinə öz töhfələrini verməklə yanaşı, bu problemlərin yaratdığı fəsadlardan da öz nəsiblərini almışlar[25].

Şahdağlılar Birinciİkinci dünya müharibələrində, həmçinin Qarabağ müharibəsində iştirak etmiş, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalmış, Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Xüsusilə, 1941–1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsi Şahdağ xalqlarının demoqrafik inkişafına ciddi təsir göstərmişdir. Belə ki, əsasən Quba-Qusar-Şabran zonasında 1941-ci ilin oktyabrında təşkil edilmiş 223-cü diviziyanının tərkibində müharibəyə yollanmış yüzlərlə şahdağlıların çox böyük əksəriyyəti cəbhədən öz doğma yurdlarına dönməmişdir, lakin onların müharibədə iştirakı barədə lazım olduğu qədər informasiya toplamaq çox çətindir. Bunun əsas səbəbləri indiyə qədər bu sahədə heç bir fundamental tədqiqatın aparılmamasıdır. Xüsusilə də şahdağlıların özlərinin mövzunu araşdırmaması bu sahədə həqiqətlərin üzə çıxmaması ilə nəticələnmiş və boşluqlarla müşahidə olunan bir müstəvi yaratmışdır[25].

Şahdağlıların demoqrafik inkişafına ən ciddi zərbə isə ermənilər tərəfindən vurulmuşdur. Belə ki, 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında Şahdağ xalqları çox ciddi zərər çəkmişdir[26][27][28].

Şahdağlılar bu gün də Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, mümkün olduğu qədər yaxından iştirak edirlər.

Kiçik Yeddilər

Buduqlular

Ceklilər

Əliklilər

Haputlular

Xınalıqlılar

Qrızlılar

Yergüclülər

Ənənəvi şahdağlı ailəsi

Şahdağ xalqlarını xarakterizə edən əsas cəhətlərdən biri onların ailə və məişət həyatı ilə bağlı adət-ənənələridir.

Şahdağlıların ailə tərkibi çoxuşaqlılığı ilə səciyyələnir. Vaxtı ilə burada böyük ailələr mövcud olub. 40–50 nəfərdən ibarət ailəyə ata başçılıq edib, ata olmayanda isə böyük oğul bu vəzifəni icra etmişdir[29]. Ümumiyyətlə, patriarxal münasibətlər üzərində qurulan ailədə kişi hakim mövqeyə malik olub, ailənin bütün təsərrüfatının, keçinəcəyinin təmin edilməsinə özü rəhbərlik edir. Qadınlara məxsus işlər ya ananın özü tərəfindən, ya da onun rəhbərliyi altında icra edilir.

Bu ailələrdə hörmət və ehtiram, böyüyə yaxşı, hörmətçil münasibət mövcuddur. Şahdağlı ailələr öz möhkəmliyi ilə də seçilir.

Tarixən mövcud olmuş çoxarvadlılıq ənənəsi müasir ailələrdə nəzərə çarpmır və demək olar ki, aradan çıxmışdır. Şahdağlılarda arvad boşamaq da dəbdə deyil. Onlar müstəsna hallarda, nəsil artımı olmadıqda arvadı boşayır və ya onu saxlamaq şərtilə digər qadınla evlənirlər[30].

Qeyd edək ki, bu azsaylı xalqların hamısında son illərədək ailə-kəbin münasibətlərində endoqamiya – yəni öz tayfasına məxsus qohumlar arasında evlənmə adəti üstün idi. Əmioğlu ilə əmiqızının, yaxud xala oğlu ilə xala qızının ortakuzen, dayıqızı ilə bibioğlunun, yaxud dayıoğlu ilə bibiqızının kroskuzen kəbinə girməsi burada son dövrlərədək adi hal sayılmışdır. Bununla yanaşı, bu xalqlar arasında nikahın levirat (vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi), sororat (arvadı vəfat etmiş kişinin öz subay baldızı ilə evlənməsi) kimi qədim kəbin formaları da tətbiq edilmişdir.

Levirat və sororatın əsasında iqtisadi amillərlə yanaşı, ailənin parçalanmaması məqsədi də durmuşdur. Əri vəfat etmiş qadın şübhəsiz ki, bir müddətdən sonra ər evini tərk etməli idi. Belə olan halda o, ata evindən gətirdiyi cehizi, habelə ər evindən ona çatacaq müəyyən varidatı da özü ilə aparmaq hüququna malik idi. Bu isə əslində kişi evinin iqtisadiyyatına ciddi zərər vurmuş olurdu. Bu və eləcə də mərhumun uşaqlarının başqa ailəyə düşməməsi naminə el adəti kimi evin kiçik, evlənməmiş oğlu qardaşının dul qadını ilə həyat qurmalı idi. Sororat adətinin məzmununda da yenə bu amillər dururdu. Belə ki, arvadı vəfat etmiş kişi evlənərkən kiçik yaşlı uşaqlarının taleyini əsas götürərək başqası ilə deyil, həyat yoldaşının bacısı, yəni öz baldızı ilə evlənməyi daha üstün tuturdu[31].

Ümumiyyətlə, əvvəllər Şahdağ xalqlarında kəbinə girmə çox erkən yaşlarından icra edilərdi. İnqilabdan əvvəl bu yaş 14–15 idisə, daha sonralar 18–20 yaş arasında müəyyən olunurdu[32].

Adət-ənənə

Toy adətləri

Xınalıqda toy mərasimi (müəllif: Maral Rəhmanzadə)[33]

Şahdağ xalqlarının toy adətlərində Azərbaycanda yaşayan digər xalqlara xas olan ümumi-oxşar adətlərlə yanaşı, müəyyən fərqli cəhətlərə də rast gəlirik. Digər azərbaycanlılarda olduğu kimi, bu xalqlarda da toy əsasən 3 mərhələdən – elçilik, nişan və toy mərhələlərindən ibarətdir. Nişan zamanı "hə" aldıqdan sonra, "çörək kəsdi" adəti icra edilir. Bundan ötrü oğlan evindən məhz bu məqsəd üçün gətirilmiş kərə yağı və balı bir neçə lavaş çörəyin üstünə töküb qarışdırırlar, onu lavaş boyu yayaraq, sonra da lavaşları dürməkləyib, qız və oğlan tərəfin iki ağsaqqalına təqdim edirlər. Həmin ağsaqqallar nişanda iştirak edənlərin müşayəti ilə üzbəüz oturub, bükülmüş lavaşı birlikdə kəsirlər. Kəsilmiş çörəyin yarısı oğlan evinə, yarısı qız evinə çatır. Mahiyyət budur ki, bu gündən həmin iki ailə arasında əbədi qohumluğun əsası qoyuldu. Adətə uyğun olaraq, yağ, balla kəsilən bu çörəkdən şirinlik, əhd-peyman əlaməti kimi oğlan və qıza yedizdirilir. İ. Şahbazovun yazdığına görə, qrızlılar arasında "çörək kəsdi" zamanı oğlanın atası süfrəyə müəyyən miqdarda pul da salır ki, buna yerli dildə "pıl saac" deyilir[34].

Evlənmə mərasimində oğlan və qızın fikri əsas götürülməzdi. Burada valideynlərin bir-biri ilə razılığa gəlməsi kifayət edərdi. İqtisadi amillərdən asılı olaraq qız 3–5 il nişanlı qala bilərdi. Bu müddətdə oğlan evi qızı paltarla təmin etməklə yanaşı, hər bayramda qız evinə bayramlıq da aparmağa borclu idi. Qız isə nişanlı qaldığı müddətdə oğlanın yaxın qohumlarından "gizlənməli" və yaşınmalı idi. Həm də nişanlı qalma müddətində qız öz cehizinin hazırlanmasında, xalça-palazın toxunmasında yaxından iştirak etməli idi.

Cekli toyu üçün heyvan kəsimi

Şahdağ xalqlarında ənənəvi toylar 3 gün 3 gecə, hətta bəzən 7 gün 7 gecə davam etmişdir. Toya bütün kənd camaatı dəvət olunur. Bundan ötrü toy sahibi xüsusi bir nəfəri carçı seçib, onu ata mindirər və qapı-qapı saldırıb camaatı toya dəvət edərdi. Qonşu kəndlərdən adamları toya dəvət etmək üçün isə kəndlər üzrə atlılar ayrılardı. Toy sahibi carçılara müəyyən qədər kişmiş verər, onlar da kəndlərdən dəvət olunan adamların qapısına gedib, həmin şirniyyatdan çatdırar və toya dəvət olunduğunu deyərdi. Dəvət olunan adam da şirniyyat qabına ya pul, ya da cehiz qoyub qaytarardı[35].

Xınalıqda isə hər evin toy keçirilməsi üçün geniş həyəti olmadığından, toy mağarı bir qayda olaraq məhəlləyə məxsus ərazidəki gingahda qurulardı. Məlumdur ki, əksər kəndlərdə hər patronimiyanın – məhəllənin "gingah" adlı geniş meydanları olardı. Məhəllə ağsaqqalları axşamlar bura toplaşıb, boş vaxtlarında müxtəlif mövzularda söhbətlər edər, məhəlləyə, bəzən kəndə aid problemləri həll edərdilər. Gingahlar həm də toyun keçirilməsi üçün ən münasib yer sayılırdı. Xınalıqda bu ənənə indi də davam etdirilir. Cek, Qrız, Haput, Buduq, ƏlikYergüc kəndlərində isə məhəllə mağarları ilə yanaşı, imkan olduqda toyu həyətlərdə də keçirərdilər. Toy mərasimləri qara zurnasız və aşıqsız keçməzdi. İfa olunan oyun havaları, oxunan aşıq mahnıları Azərbaycan milli musiqisindən və havacatından ibarət olmuşdur. Yəni toy-düyündə Azərbaycan ruhu tam üstünlük təşkil etmişdir. Bununla yanaşı, yerli sazəndələr, aşıqlar da olmuşdur. Məsələn, Xınalıqlı Aşıq İzzət, Dədə Əmin[36], balabançı Kəlbi[37] təkcə öz kəndlərinin deyil, eləcə də ətraf kəndlərdəki el-obanın hörmətini qazanmış sənətkarlar idi.

Cekli toyu üçün ət tədarükü

Xatırlatdığımız kimi, toylar 3 gün 3 gecə davam edər və hər günün də özünəməxsus repertuarı, adət-ənənəsi, oyun-əyləncəsi olardı. Bunlar əsrlər boyu formalaşan və möhkəmlənən adət-ənənələrdir və bu gün də el-oba tərəfindən davam etdirilir.

Maraqlı faktdır ki, Şahdağ xalqlarının toy adətləri arasında ibtidai-icma dövrünə, başqa sözlə, matriarxata xas bir sıra adətlərin qalıqlarına rast gəlinir. Bu baxımdan, Şahdağ xalqlarında qızın ata ocağından deyil, dayı evindən gəlin köçməsi, oğlanın ata evində deyil, dayı evində bəy paltarını geyməsi, burada "bəy durması" və bundan sonra ata evinə gətirilməsi adətləri dediyimizə sübutdur. Deməli, burada ana tərəfin üstünlük təşkil etməsi, yəni qızın və oğlanın taleyində dayının başlıca rol oynaması faktı aydın görünür[38][39]. Bunu başqa bir adətin icrasında da hiss edirik. Bəyin dayısı toyun gəlin gətirmə günündə xüsusi zövqlə yəhərlənmiş, bəzədilmiş atını minib, gəlinin olduğu dayı evinə gəlir. Gəlini həmin ata mindirib, cilovunu gəlinin dayısına verər və ata evinə gətirərdilər, lakin gəlin atdan düşürülməz, ata evindən cehizi çıxarılanadək həyətdə saxlanılardı. Bundan sonra gəlin ona verilmiş cehiz ilə sazəndələrin, habelə el-obanın müşayiətilə bəy evinə gətirilərdi.

Gəlin bəy evinə çatarkən oğlanın dayısına qiymətli hədiyyələr verib, gəlinin gətirildiyi atın cilovunu ona ötürər və gəlinin atdan düşürülməsini xahiş edərdilər. Gəlinin dayısı bu xahişləri yerinə yetirərdi. Gəlin atdan düşürülərkən onun başına şirniyyat tökər, bərəkət rəmzi kimi buğda səpərdilər. Bunlar da gəlinin ayağının bərəkətli olması, yeni evə şirinlik gətirilməsi mənasını kəsb edirdi[40].

Şahdağ xalqlarının toy mərasimi üçün xarakterik olan cəhətlərdən biri də "Bəy tərifi mərasimi" və bu mərasim zamanı "Şax bəzəmə" adəti olmuşdur. Məsələn, ceklilərdə toyun xüsusi bir mərhələsini təşkil edən "bəy tərifi"ndə yaxın qohumlardan biri üzərinə boyadılmış yumurta, müxtəlif növlü şirniyyat, habelə ən üst hissədə qıp-qırmızı xoruz asılan, bəzədilmiş qollu-budaqlı, şaxlı ağacdan ibarət xonçanı bəyin qabağına qoyardı. Burada iştirak edən şaxın yaşıllıq, xoruzun artım, nəsilartırma simvolu olduğu aydın görünür. "Bəy tərifi"ndən sonra xoruz kəsilib qızardılır, sağdış və soldışın iştirakı ilə bəyə qonaqlıq verilərdi. Bu qonaqlığı adət üzrə bəyin dayısı təşkil edir. Təqdirəlayiq haldır ki, bu adət müasir toylarda da tətbiq edilir.

Şahdağ xalqlarının toy mərasimlərində el-obanın bir-birinə əl tutması da geniş məişət ənənələrindən sayılmışdır. Toyun üçüncü günü səhər tezdən qohum-qonşu toy evinə öz xonçasını, payını gətirməyə başlayardı. Xınalıqda buna "bayram" deyilərdi. Qəbul olunmuş ənənəyə görə "bayram", buynuzuna qırmızı parça bağlanmış qoç və müxtəlif şirniyyatların düzüldüyü xonçadan ibarət olardı. Adətə görə "bayram" toy qapısına sazəndələrin müşayiəti ilə gətirilərdi. Odur ki, bu haqda toy sahibinə əvvəlcədən xəbər verilərdi. Toy sahibi növbə ilə sazəndələri "bayram" gətirənlərin qapısına göndərər, onlar da öz hədiyyəsini gətirib toy sahibinə təhvil verərdilər[41].

Adət naminə qohumlar, yaxın qonşular hamılıqla "bayram" gətirərdilər. Həm də bu bir növ borc mənasını daşıyırdı. Yəni "bayram"ı qəbul edən gələcəkdə onu öz qohumu və ya qonşusuna qaytarmağa borclu idi.

Toyun son günündə toyxanada məclisin ağsaqqalları baş tərəfdə əyləşər, qalan camaat isə toyxana boyu sərilmiş fərişlərin üstündə bardaş qurub oturardı. Sonra əvvəlcədən təyin edilmiş adam məclisə daxil olub, pul yığacağını bildirər və pul yığılıb qurtaran kimi, ağsaqqallar yığılmış pulun qədərini və pay verilmiş heyvanların sayını camaata elan edərdilər. Hamı bir səslə: "Allah mübarək eləsin!", – deyərdi[42].

Tədqiq edilən xalqlarda toydan iki-üç gün sonra bəy və gəlinin "üzəçıxdı mərasimi" keçirilərdi. Burada əsasən qadınlar iştirak edirdilər. Gəlinə qaynana və digər qohumlar hədiyyələr verər, qaynana gəlini danışdırar, ona öz işlərinin görülməsində iştirak etmək icazəsi verilərdi, lakin gəlin ancaq bir aydan sonra bulağa gedib, su gətirə bilərdi. Su gətirən gəlini qaynana bu məqsəd üçün hazırladığı şirniyyat xonçası ilə qarşılayar və onun üzərinə şirniyyat səpərdi[43].

Ənənəyə görə gəlin bir neçə il ərinin yaxın qohumlarından "gizlənməli" və onlarla danışmamalıdır. Bu xalqlarda qadınların yaşınması, hətta yaşlı qadınlara da şamil idi. Müasir dövrdə isə keçmişdən qalma gizlənmə, ərin yaxın qohumları ilə illərlə danışmamaq kimi bir sıra ailə-məişət adətləri artıq yerli məişətdən çıxmaq üzrədir.

Toylarda ənənəvi xalq oyunları

Şahdağ xalqlarının toy-düyünləri zamanı ənənəvi xalq oyunları və cıdır yarışlarının keçirilməsi bu xalqların əsas xüsusiyyətlərindən biridir. Bununla əlaqədar qrızlıların dadlı, duzlu, məzəli və mənalarla dolu ənənəvi toylarından bəzi məqamları xatırlamaq kifayət edərdi. Qrızlıların toylarında xüsusi adətləri — atçapma, pəhləvan güləşdirmək, turna-turna, nişan vurmaq oyunu vardır.

Atçapma və güləş. Camaat süfrədən durandan sonra bir tərəfdən yarış atları əvvəldən təyin olunmuş mənzil başına yollanır, digər tərəfdən isə münasib bir yerdə pəhləvanlar üçün meydan qurular, meydançanın ortasına da qalib gələn pəhləvan üçün xalça-xələt qoyulardı. Qalib meydandan çıxanda hədiyyəsini, xonçasını alıb çıxardı. Qrızlıların pəhləvanları Hacıəhmədobalı Ziyad Vəzir oğlu, Mollaobalı Ağamurad Şahmurad oğlu, bir də Çimili Əsbəndli bu gün də xatirələrdə yaşayır. Qrızlıların toylarında daha çox qələbə çalan atlar Çinartalalı Bədəlin "Ağ atı", Nağıobalı Babanın "Ağ atı", Palçıqobalı Əhmədin "Kürəni" olardı. Əhmədin "Kürəni" 101 yarışda iştirak etmiş, 104 gön hədiyyə almışdır. "Kürən" mənzil başına çatan kimi, çalğıçıların qabağına gəlib qabaq ayaqlarını yerə döyər, başını yuxarı tutub ağzını açardı. Bu zaman atın alnına çiy yumurta çırpar, başqa bir yumurtanı isə ağzına atardılar. Bir nəfər də toyda kəsilmiş malın gönünü onun üstünə atardı. At yumurtanı çeynəyib yeyərdi. Kürənin qəribə xasiyyəti də var idi. Verilən mükafat mal gönü deyil, qoyun dərisi olsaydı qəbul etməzdi və haqqını almamış meydandan çıxmazdı[44].

Turna. Bir kətan dəsmalı isladıb sıxır, sonra burağaclayıb iki qatlayıb tovlayırdılar. Bir ucuna təxminən iki metr uzunluğunda ip bağlayıb "Turna" hazırlayırdılar. Toyxanada oyun havaları qurtarandan sonra qara zurnada "Cəngi" havası çalınır və "Turna"nı hazırayan meydana girib istədiyi bir nəfəri dəvət edərdi. Dəvət olunan adam toyxananın ortasına sərilmiş palaz üstündə diz çöküb oturar və əlini qabağa uzadardı. Əlində "Turna" olan oyunçu "Turna"nı tovlayıb açılmış ələ vurardı. "Turna"nı həmin adama verib meydandan çıxardı. "Turna"nı alan adam eyni prosesi təkrar edərdi. "Turna"dan sonra aşıq məclisi başlanırdı. Nağıllar söylənir, şabaşlar verilərdi[44].

Nişan vurmaq. Elə ki, qız qapısına gəldilər, qız evinin həyətində ipdən asılmış yumurtanı vurmaq yarışı başlanardı. Gülləsi ipə dəyən adama daha zəngin xonça verərdilər[44].

Beləcə, unudulmaz toylar keçirilərdi.

Yas mərasimləri

Şahdağ xalqlarının yas mərasimlərində isə biz məhz onlara məxsus xüsusi cəhətlərə sıx rast gəlmirik. Bu onların bilavasitə İslam dininə mənsub olmaları, onun qayda-qanunlarına riayət etmələrilə əlaqədardır.

Xınalıq qəbiristanlığında məzar.

Bir qayda olaraq, mərhum vəfat etdiyi gün dəfn olunur, qadınların həmin gün qəbiristana getməzlər. Qohum-qardaş yas mərasiminin keçirildiyi məkana toplaşıb mərhumun 3-nü, 7-sini qeyd edərdi. Qadınlar isə bu günlərdə ağlaşardılar. Ənənə olaraq vəfat etmiş qocalar üçün ehsan verilir, cavanların ehsanı ancaq çayla əvəz edilərdi. Cavanlar üçün ailədə 40 gün, bəzən hətta bir il müddətində yas saxlanılaraq bir sıra işlərin görülməsinə icazə verilmirdi. Adət üzrə mərhumun 52-ci günündə, habelə ilində də ehsan verilir[45].

Haput kəndində qədim qəbiristanlıq.

Dəfn prosesində əhali müxtəlif vasitələrlə bir-birinə kömək edir, yardım əlini uzadırdı. İlk üç gün hüzr evinə hazır xörək aparırdılar. Çünki üç gün axşamlar kənd camaatı təskinlik üçün yas mərasiminə toplaşardılar. Mərasim iştirakçılarına qonşulardan gələn xörəklərin hesabına ehsan verərdilər. Üç gün hər səhər-axşam mərhumun məzarını ziyarət edərdilər. Bundan əlavə, birinci cümə keçdikdən sonra, mərhumun qohumlarından imkanı olan yas yerində heyvan – qoyun, yaxud da cöngə kəsib öz adına cümə axşamı verirdi. Qırxıncı gün hüzr sahibi dəllək gətirib qırx saxlayanların üzlərini, saçlarını qırxdırar və dəlləyin zəhmət haqqını da özü ödəyərdi[46].

Bir məqamı da qeyd edək ki, XIX əsrin ikinci yarısınadək Şahdağ kəndlərindən kənarda vəfat edənləri öz doğma el-obasına aparıb hərənin öz əqrəbasının qəbiristanında dəfn etmişlər. Son illərdə bu ənənəyə o qədər də çox riayət olunmur. Buna misal olaraq bildirək ki, bütün şahdağlıların fəxri, xınalıqlı görkəmli şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir[47]. Yergüclülər isə doğma Yergüc kəndində artıq xeyli müddətdir ki, dəfn edilmir. Onların kəndi kütləvi şəkildə tərk etməsi adətlərinə də ciddi təsir göstərmişdir.

Şahdağ xalqlarının yas mərasimlərinin tarixinə nəzər saldıqda, burada insanlarla yanaşı, heyvanların, xüsusilə atların dəfn edilməsi hallarına rast gəlinir. Mərhum professor Vaqif Piriyevin yazdığına görə, təxminən 1690-cı illərdə Buduq kəndinin 3 sakini – Dostağa, Məhəmməd və Talıb at ilə Məkkəyə ziyarətə gedirlər. Onlar 4 il yarım səfərdə olur və hər üçü sağ-salamat kəndə qayıdır. Atlardan isə yalnız biri – Hacı Dostağanın atı bütün çətinliklərə dözərək kəndə gəlib çatır. Həmin at bir müddət sonra ölür. Hacı Dostağa atını yudurdur, kəfənlədir və qəbristanın bir tərəfində dəfn edir. Atın dəfnində bütün kənd əhli iştirak edir. Buduqda "Xilğirda qabır" (azərb. At qəbri) adı ilə tanınan həmin qəbrin yeri indi də məlumdur. Bu qəbir öz sahibi Hacı Dostağanın qəbrindən bir az aralıdadır. Həmin yerdən indi cığır keçsə də, buduqlular buranı yenə də "Xilğirda qabır" adlandırırlar[48].

Buduq kəndində olduğu kimi, Qrız kəndində də at qəbri var. Qrızlı pedaqoq Şahmurad Rəşidov qeyd edir ki, bu at yeddi dəfə Məkkəyə gedib qayıtdığı üçün öləndə kəfənlənərək kəndin içərisindəki "Sürümey" düzənliyində dəfn edilmişdir[49].

Bu misallardan gördüyümüz kimi, şahdağlılar tək insanı deyil, insana xidmət edən, onun qulluğunda olan digər canlıları da yüksək qiymətləndirmişlər və qiymətləndirirlər. Hətta, onlar vəfat edəndə də insanlara xas yas mərasimləri ilə onları dəfn edirlər.

Daha bir maraqlı məqam isə əhalisinin əksəriyyəti qrızlılardan ibarət olan Qrızdəhnə kəndi ilə bağlıdır. QrızdəhnəQrız kəndləri arasında uca divar kimi keçilməz bir dağ uzanır. Bu dağ bir-birilə qohum olan hər iki kənd əhalisinin daimi gediş-gəlişini çətinləşdirir. Bəs onlar xeyir-şər məclislərindən necə xəbər tuturlar? "Laçın beli" adlanan həmin dağda hər iki kənddən aydın görünən təbii abidə olan qoşa daşlar var. Qrız dilində "Xoku daharbi" (azərb. Çağıran daşlar) adlanan bu daşlardan hündürü "xeyir daşı", alçağı isə "şər daşı"dır. Toy-bayram və yaxud yas vaxtı əhalidən bir nəfər müvafiq daşın üstünə çıxıb, "Eheyyy…" deyərək qışqırır. Buna görə də hər kəs hay salanın hansı daşın üstündə olmasından bilir ki, nə baş verib[50].

Heyvandarlıq

Quba bölgəsində dağ kəndlərinin, xüsusilə Şahdağ ətrafındakı kəndlərin əhalisi tarixən heyvan sürülərini qış otlaqlarında bəsləmək üçün MüşkürŞabran düzlərində "yataq" adlanan çoxsaylı qışlaqlara malik idi. Sonralar bunların bir çoxu Şahdağ xalqlarının məskunlaşdığı müstəqil kənd icmalarına çevrilmişdi[51].

Toxuculuq

Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində kətan lifini əyirməyin bir səmərəli əmək aləti — "vəlvələ" adlanan pərsəngli əyircək geniş yayılmışdır. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər[52].

Nəqliyyat

Bu xalqların məskunlaşdığı dağlıq bölgələrində yükdaşımada xüsusilə öküz çox mühüm yer tutmuş və əsas yükdaşıma vasitəsi sayılırdı[53].

Tanınmış şahdağlılar

Həmçinin bax

Mənbə

  1. Tərxan Paşazadə, "Şahdağ xalqları: toy adətləri, yas mərasimləri", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 5 / 19), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı — sentyabr–oktyabr 2010, səh. 46–56.
  2. Tofiq Mustafazadə. Quba xanlığı. Bakı, "Elm", 2005.
  3. Tərxan Paşazadə. "Cek və ceklilər Azərbaycanın milli dəyəridir", Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Mədəni müxtəliflik: sosial – siyasi dəyər kimi" mövzusunda Kulturoloqların II Milli Forumunun (Beynəlxalq elmi-praktik konfrans) materialları, Bakı, "Elm", 3 iyun 2010, səh. 422–431.

Ədəbiyyat

  • Şah dağın ziynət kəməri. — Məclis Şəmsəddinov. Bakı: "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.  (az.)

İstinadlar

  1. "Cavid. Azsaylı xalqların mədəni irsi qorunur. "Xalq Cəbhəsi" qəzeti. 12 yanvar 2011. səh. 10". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.
  2. "Будуxцы. www.terra.su". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  3. "Большая Энциклопедия в 62 томаx: Джеки". 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  4. "Джеки. www.terra.su". 2014-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  5. "Большая Энциклопедия в 62 томаx: Xапутлинцы". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
  6. "Xапутлинцы. www.terra.su". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  7. "Большая Энциклопедия в 62 томаx: Xиналугцы". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  8. "Xиналугцы. www.terra.su". 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  9. "Ергюджцы. www.terra.su". 2014-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  10. Большая Энциклопедия в 62 томаx: Ергюджцы
  11. Öz adət-ənənələrinə sadiq buduqlular www.anl.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine  (az.)
  12. Dağıstanda nələr yaşanılır? Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine  (az.)
  13. Константин Казенин: О чем Медведева не спросят в Азербайджане? Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine  (rus.)
  14. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda keçirilən Beynəlxalq Konfransda və Qafqaz Müsəlmanları Qurultayında nitqi — 30 sentyabr 1998-ci il Arxivləşdirilib 2016-09-11 at the Wayback Machine. aliyevheritage.org  (az.)
  15. Алиев К. "К вопросу о племенаx Кавказской Албании. Исследования по культуры народов Востока". Москва-Ленинград, 1960, s. 18
  16. Гейбуллаев Г.А. "Топонимия Азербайджана". Баку, "Элм", 1986, стр. 93
  17. "İmaməddin Zəkiyev, Naməlum xınalıqlı alimlər, "Ədəbiyyat qəzeti"". 2012-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  18. "İmaməddin Zəkiyev. Orta əsrlərin naməlum xınalıqlı alimləri. "Dil və Ədəbiyyat" jurnalı. 2006. № 6 (54)". 2007-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-03.
  19. "Qəmərşah Cavadovla müsahibə. "Tolışi sado" qəzeti. 16-31 may 2003. № 25 (78)". 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 March 2011.
  20. Vaqif Buduqlu-Piriyev, "Buduq və buduqlular", Bakı-1994  (az.)
  21. "İmaməddin Zəkiyev. IV-VII əsrlərin mənəvi mənzərəsinə bir baxış. "Dil və Ədəbiyyat" jurnalı. 2006. № 1 (49)". 2012-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-03.
  22. T. Paşazadə. "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Azərbaycan Müəllimlər İnstitutu, Bakı, "Müəllim", 2009, s. 39
  23. H. Həvilov. Azərbaycan etnoqrafiyası. Bakı. Elm. 1991. səh. 40
  24. ТЕРРИТОРИИ РОССИЙСКОЙ ИМПЕРИИ, ВОШЕДШИЕ ПОЗЖЕ В СОСТАВ АЗЕРБАЙДЖАНСКОЙ ССР (1886 г.) Arxivləşdirilib 2012-03-28 at the Wayback Machine  (rus.)
  25. T. Ə. Paşazadə. "Böyük Vətən Müharibəsində və digər müharibələrdə Şahdağ xalqlarının iştirakının öyrənilməsi problemləri". "Böyük Vətən Müharibəsində qələbənin təmin olunmasında Azərbaycan xalqının rolu" mövzusunda keçirilmiş Respublika Elmi Konfransının Materialları, Sumqayıt Dövlət Universiteti, Sumqayıt, 7 may 2010, s. 89  (az.)
  26. Указатель географическиx названий
  27. Список селений Кубинского уезда, подвергшиxся погромам в апреле-мае 1918 г.
  28. "Солмаз Рустамова-Тогиди. "Куба. Апрель-май 1918 г. Мусульманские погромы в документаx". Баку. 2010". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.
  29. Teymur Bünyadov. "Əfsanələr diyarı", "Azərbaycan" jurnalı, № 2, Bakı, 1987, s. 152
  30. Vaqif Buduqlu-Piriyev. "Buduq və buduqlular". Bakı, "Sabah", 1994, s. 16–17
  31. Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s. 201–202
  32. Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s. 203
  33. Ayna Uşaq Ensiklopediyası. Müəlliflər heyəti. "İncəsənət. Bəşəriyyətin misilsiz sərvəti". Bakı. "Ayna Mətbu Evi". 1999, 2004. Səh. 94.
  34. Şahbazov İ. H. "Şahdağ etnik qruplarında nikah və toy adətləri haqqında". "Azərbaycan EA Məruzələri", № 8, Bakı, 1974, s. 82–83
  35. Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 24
  36. Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s.204
  37. Rəhim Alxas. "Bu dağların o üzündən baxanda". Bakı, "Şirvannəşr", 2002, s. 53
  38. Şahbazov İ. H. "Şahdağ etnik qruplarında nikah və toy adətləri haqqında". "Azərbaycan EA Məruzələri", № 8, Bakı, 1974, s. 83
  39. Cavadov Q. C. "1985-ci ildə Quba-Xaçmaz zonasına etnoqrafik səfərin hesabatı". Bakı, 1985, s. 32
  40. Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s. 204–205
  41. Cavadov Q. C. "1985-ci ildə Quba-Xaçmaz zonasına etnoqrafik səfərin hesabatı". Bakı, 1985, s. 32–33
  42. Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 24–25
  43. Волкова Н.Г. "Xыналыг". "Кавказский этнографический сборник". VII, Москва, 1980., стр. 56–57
  44. Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 25–27
  45. Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" (Tarix və müasirlik). Bakı, "Elm", 2000, s. 206
  46. Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 27–28
  47. Məmmədağa Qam-Qamlı. "Rəhim Alxassız günlərimiz", "Sumqayıt" qəzeti, № 81 (7160), Sumqayıt, 15 oktyabr 2003, s. 3
  48. Vaqif Buduqlu-Piriyev. "Buduq və buduqlular". Bakı, "Sabah", 1994, s. 118
  49. Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 28
  50. Ş. Ş. Seyidməmmədov. "Qubanın təbiət abidələri". Bakı, "Təbib", 1993, s. 20
  51. A. H. Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, səh. 104.  (az.)
  52. A. H. Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, səh. 57.  (az.)
  53. A. H. Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, səh. 206.  (az.)
  54. "Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 dekabr 2009-cu il tarixli, 611 nömrəli Sərəncamı". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  55. "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2005-ci il tarixli, 1156 nömrəli Sərəncamı". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  56. "Elm və Həyat", № 1, 2011  (az.)
  57. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu: Elmlər doktorları: Adil İskəndər oğlu Əsədov. elm.az  (az.)
  58. Fəlsəfi Maarifçilik Assosiasiyasının saytı: philosopher.az Arxivləşdirilib 2017-09-22 at the Wayback Machine  (az.)
  59. "NEKROLOQ". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  60. "Sumqayıt şəhərinin inkişafında xüsusi xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2004-cü il tarixli, 561 nömrəli Sərəncamı". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  61. "Vüsalə, "Biz CAN deyirik" ("Azərbaycan Cekli İcması" İctimai Birliyi (ACİİB) sədri Ələddin Cekli ilə söhbət.), "Xalq cəbhəsi" qəzeti, № 34, Bakı, 23 fevral 2011, səh. 10 www.elibrary.az". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-09.
  62. Şahmurad Qrızlı. "Qrız və qrızlılar". Bakı, "Araz", 1996, s. 23
  63. Deputat Lalə Abbasova: "Milli Məclisdə ikiüzlü insanlar var"
  64. "Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR". 2017-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-09.
  65. "Bəybalayev Qəmbər Bəylər oğlu – Baş direktor". 2011-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-18.
  66. "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 18 noyabr 2009-cu il tarixli, 599 nömrəli Sərəncamı". 2018-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
  67. Cüng parçası, AMEA əlyazmalar institutu, ş.: B-1762/10552, v. 4a.
  68. Azərbaycan Dövlət Mərkəzi Tarix Arxivi, fond 51, siyahl 1, s. 283.
  69. Öz adət-ənənələrinə sadiq buduqlular Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine  (az.)
  70. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan kino xadimlərinə fəxri adlar verilməsi haqqında" 1 avqust 2005-ci il tarixli, 928 nömrəli Sərəncamı. Arxivləşdirilib 2022-10-25 at the Wayback Machine  (az.)
  71. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2019-03-06 at the Wayback Machine  (az.)

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.