Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor.[1]
Şahbaz Muradov | |
---|---|
Şahbaz Musa oğlu Muradov | |
Doğum tarixi | |
Doğum yeri | Xumarta, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA İqtisadiyyat İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
Həyatı
Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonunun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnəkənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü ildə həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirib, Azərittifaqın Bakı Kooperativ texnikumuna daxil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsasən, ali təhsil almaq üçün K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil almağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qəbul imtahanları vermədən həmin instituta daxil olmuşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakultəsində davam etdirmişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərqlənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi işləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmışdır. O, eyni zamanda 1968-ci ildən “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsinə rəhbərlik edir. Ş.Muradov 1965-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 1972-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 1977-ci ildə isə professor elmi adı almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Fəaliyyəti
Professor Şahbaz Muradov keçmiş SSRİ məkanında iqtisad elmləri sahəsində ən gənc yaşlarında (32 yaşı tamam olmamış) elmlər doktoru dissertasiyası müdafiə etmiş 3-4 nəfərdən biri olub, çox gənc ikən öz elmi məktəbini yaratmış görkəmli iqtisadçı-demoqraf alimdir. Yüksək ixtisaslı iqtisadçı-demoqraf kadrlarının hazırlanması sahəsində əvəzsiz xidmətləri olan Ş.Muradovun elmi rəhbərliyi ilə 100-dən artıq fəlsəfə və iqtisad üzrə elmlər doktorluq dissertasiyası müdafiə edilmişdir. Onun apardığı tədqiqatların nəticələri 2000 ç.v. həcmindən çox olan 650-yə yaxın nəşr edilmiş əsərlərində öz əksini tapmışdır. Həmin əsərlərin 30-dan çoxu iri həcmli monoqrafiya və kitablardır. Onun 70-dən artıq əsəri xarici ölkələrdə, o cümlədən ABŞ-da çap olunmuşdur. Onların 15-i xarici ölkələrin görkəmli alimləri ilə şərikli yazılıb Moskvada nəşr edilmişdir. Bunların arasında “İş qüvvəsinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi” (Moskva, MQU, 1971); “Müttəfiq respublikaların əhalisi”(Moskva, Statistika, 1977); “Əhali sakinliyi və demoqrafik siyasət problemləri” (Moskva, Nauka, 1986); “Postsosialist cəmiyyətdə sosial siyasət:vəzifələr, ziddiyyətlər, mexanizmlər” (Moskva, Nauka, 2001) və s. vardır. Ş.Muradov keçmiş SSRİ EA Rəyasət Heyəti tərəfindən hazırlanıb 1979, 1983 və 1987-ci illərdə Moskvada çap edilərək hökumətə təqdim edimiş “ETT-nin Kompleks Proqramlarının yekun nəticələri” adlı 50,0 ç.v. həcmində olan üç cildliyin müəlliflərindən biridir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli iqtisadçı-demoqraf alim kimi tanınmış və postsovet məkanında bu problemin kompleks şəkildə tədqiq olunması onun adı ilə bağlıdır. Onun 9 elmi nəticəsi, o cümlədən “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” (Bakı, Elm, 1974) monoqrafiyası SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm naliyyətləri sırasına daxil edilmişdir.
Ş.Muradovun elmi rəhbərliyi və bilavasitə, müəllifliyi ilə Ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli Sərəncamları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər) hazırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir.
Ş.Muradov bir-çox xarici ölkələrdə keçirilmiş beynəlxalq simpozium, elmi konfrans və seminarlarda Azərbaycanın iqtisad elmini layiqincə təmsil etmişdir. Onun “Müasir mərhələdə demoqrafiya siyasəti” (Bakı, Elm, 1986-cı il); “Azərbaycan SSR-nin əmək ehtiyatları:nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər” (Bakı, Elm, 1987-ci il); “Insan potensialı:əsas meyllər, reallıqlar, problemlər” (Bakı, Elm, 2004-cü il); “Azərbaycan Respublikasının dinamikası və quruluşu:əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər” (1897-2007-ci illər) azərbaycan, rus və ingilis dillərində, (Bakı, Elm, 2008-ci il); “Azərbaycan Respublikasında etno-demoqrafik proseslər:tarixi dəyişkənlik və reallıqlar” (C.Baxışla şərikli, Bakı, Avrora, 2013-cü il); “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi:tənəzzüldən tərəqqiyə yüksələn cətin 50 illik yolun sosial-iqtisadi nəticələri” (1969-2019-cu illər), (Bakı, Avrora, 2019-cu il) adlı monoqrafiyaları və bir çox başqa əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
Prof. Ş.Muradov 1970-1990-cı illərdə keçmiş SSRİ EA Rəyasət Heyətinin nəzdindəki “Əhali sakinliyinin sosial-iqtisadi problemləri” və “Əmək problemləri” adlı Problem Şuralarının büro üzvü, 1985-1990-cı illərdə Özbəkistan SSR EA İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının üzvü, 2000-2008-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının və 2004-2014-cü illərdə isə AMEA-nın nəzdindəki RETTƏŞ-nin İqtisadiyyat üzrə Problem Şurasının sədri; Naxçıvan Ensiklopediyası Elmi Redaksiya Heyətinin üzvü olmuşdur. O, hazırda Azərbaycanın Milli Ensiklopediyasının Redaksiya Heyətinin, YUNESKO-nun Azərbaycan Respublikasında “Bioetika elmi bilikləri və texnologiyaları” Komitəsinin, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının, AMEA-nın nəzdindəki İqtisadiyyat üzrə Problem Şurasının, AMEA İqtisadiyyat İnstitunun nəzdindəki Dissertasiya Şurası və İnstitutun Elmi Şurasının və Elmi əsərlərinin redaksiya şurasının üzvü, həmçinin AMEA-nın Xəbərləri “İqtisadiyyat seriyası” jurnalının baş redaktorudur.
Ş.Muradovun xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. O, keçmiş Sovet İKP MK, SSRİ Nazirlər Soveti, ÜİHİŞ və ÜLKİ MK, Azərbaycan LKGİ-nin fəxri fərmanları, “Fədəkar əməyə görə”, “Əmək veteranı” medalları ilə, AMEA-nın Fəxri fərmanları və Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 14 fevral 2004-cü il tarixdə “Şöhrət” ordeni ilə təltif edilmiş, 03 noyabr 2015-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Rəşad Muradovun atasıdır.
Mükafatları
- “Şöhrət” ordeni - 14 fevral 2004-cü il[2].
- “Əməkdar Elm Xadimi” - 03 noyabr 2015-ci il[3].
- “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” - 08.08. 2020-ci il
- “Fədakar əməyə görə” yubiley medalı.
- Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin 2000-ci ildə keçirdiyi müsabiqədə I dərəcəli mükafat.
- “Əmək veteran” medalı.
Əsas elmi əsərləri
- Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri. Bakı, "Elm", 1974.
- Azərbaycan SSR-də əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi problemləri. Bakı, "Elm", 1978.
- Müasir mərhələdə demoqrafiya siyasəti. Bakı, "Elm", 1986.
- Azərbaycan SSR-in əmək ehtiyatları: nəzəri-metodologi və sosial-iqtisadi aspektlər. Bakı, "Elm", 1987.
- Bazar iqtisadiyyatına keçidin aktual problemləri: nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər. Bakı, "Elm", 1994.
- “Insan potensialı:əsas meyllər, reallıqlar, problemlər” (Bakı, Elm, 2004-cü il);
- Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno – demoqrafik dəyişikliklər (1897 – 2007 – ci illər). Müəllif: iqtisad elmləri doktoru Ş. M. Muradov; Redaktor: iqtisad elmləri namizədi A. Q. Gözəlova. Bakı: "Elm", 2008, 240 səhifə Arxivləşdirilib 2014-11-13 at the Wayback Machine. ISBN 5806617114 (az.) (ing.) (rus.)
- “Azərbaycan Respublikasında etno-demoqrafik proseslər:tarixi dəyişkənlik və reallıqlar” (C.Baxışla şərikli, Bakı, Avrora, 2013-cü il);
- “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi:tənəzzüldən tərəqqiyə yüksələn cətin 50 illik yolun sosial-iqtisadi nəticələri” (1969-2019-cu illər), (Bakı, Avrora, 2019-cu il)
İstinadlar
- "Muradov Şahbaz Musa oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- "Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında". 2016-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
- "AMEA-nın müxbir üzvü Şahbaz Muradova "Əməkdar elm xadimi" fəxri adı verildi". 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
Xarici keçidlər
- Şahbaz Musa oğlu Muradov Arxivləşdirilib 2010-12-07 at the Wayback Machine