Şah İsmayılın Gürcüstan yürüşləri
Şah İsmayılın Gürcüstan yürüşləri — Səfəvilərin I şahı I İsmayılın (1501-1524) hakimiyyəti dövründə indiki Gürcüstan ərazilərinə edilən qızılbaş yürüşləri.
Şah İsmayılın Gürcüstan yürüşləri | |||
---|---|---|---|
I İsmayılın yürüşləri | |||
Tarix | 1510-cu illərdən başlayaraq 1524-cü ilə qədər. | ||
Yeri | İndiki Gürcüstan əraziləri | ||
Səbəbi | Gürcüstanda hakimlik | ||
Nəticəsi | Səfəvi imperiyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | Gürcü hakimləri Səfəvi imperiyasından asılılığı qəbul etdilər. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
Zəmin
1500-ci ildə Cabani döyüşündə Şirvanşahları məğlub edən, Bakı və Şamaxını ələ keçirən Şah İsmayıl 1501-ci ildə olmuş Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə qazanaraq Təbrizə daxil olub özünü şah elan etdi. Bundan sonra Səfəvi dövləti sürətlə ərazilərini böyüdərək imperiyaya çevrildi.
İlk Səfəvi hökmdarı Şah İsmayıl (1501-1524) Kartli və Kaxeti krallıqlarını 1510-cu illərin əvvəllərində özünün vassalı etdi.[1] Lakin o, bu zaman hakimyyətini müasir İran bölgəsində möhkəmləndirməyə yönləndiyindən burada öz hakimiyyətini daha da gücləndirməklə məşğul olmadı. O, dəfələrlə Gürcüstana yürüşlər etdi, xüsusən 1518-ci ildə həyata keçirdiyi yürüş fərqlənirdi. Bu yürüş nəticəsində o, yenidən gürcü hakimlərini özünün vassalı etdi və 1522-ci ildə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirildi. Lakin əsl Səfəvilər tərəfindən təyin edilən hakimlər sisteminin yaradılması onun oğlu və varisi I Təhmasibin dövründə reallaşdı.[2][3]
Qızılbaş yürüşləri
Osmanlı sultanı ilə münasibətlərin gərgin olmasını görən Şah İsmayıl gələcək mübarizədə mövqelərini yaxşılaşdırmaq üçün Gürcüstanda möhkəmlənmək qərarına gəldi. Gürcüstandakı vəziyyət də bünün üçün əlverişli idi, çünki orada bir-biri ilə mübarizə aparan bir neçə knyazlıq mövcud idi.[4] Qızılbaşların oraya hücum edə bilməsi üçün lazım olan formal bəhanəni elə gürcülərin özləri yaratdılar.Beləki Mesxeti çarı IV Kvarkvare (1516-1535) İmereti hökmdarı tərəfində məğlub edilərək Naxçıvanda olan İsmayılın düşərgəsinə sığındı. İsmayıl ondan istənilən yardıma cavab olaraq Div sultan Rumlunun komandanlığı altında qızılbaş ordusunun bir hissəsini Gürcüstana göndərdi. Yürüş nəticəsində İmereti ordusu darmadağın edildi və o, yardım almaq üçün Osmanlı ordusuna sığındı. Kvarkvare isə taxt-tacı özünə qaytardı. Sonrakı bir neçə il ərzində Osmanlıdan türk ordusu ilə birlikdə qayıdan İmereti hökmdarı yenidən Kvarkvarenin mülklərinə basqınlar etməyə başladı. Dəbildə baş vermiş döyüşdə qızılbaşlar Osmanlı ordusunu darmadağın etdilər, Osmanlı sərkərdəsi öldürüldü, İmereti hökmdarı isə dağlara qaçmaqla canını qurtara bildi. Div Sultan Rumlunun komandanlığı altında qızılbaşların üçüncü Gürcüstan yürüşü 1521-ci ildə baş verdi. Bu yürüş Kaxeti çarının Şəkiyə basqınına cavab xarakteri daşımaqda idi. Div Sultan Qanıq (Alazan) və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan qələbə qazana bilməyəcəyini görərək Div Sultanın hüzuruna gəldi. Onunla birlikdə, Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud bəy və İmereti hökmdarı da bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.[5]
Şah İsmayıl vəfatından bir qədər əvvəl Şəki ilə Gürcüstan ətraflarında olmuş və orada qızılbaşlarla Şəki əyanları birlikdə ov etmişdirlər. Buradan geri dönərkən Şah İsmayıla Kaxeti hökmdarı Ləvəndin böyük qoşunla Şəkiyə hücum etdiyini, şəkililərin məğlub olduğunu bildirirlər. Buna qəzəblənən Şah İsmayıl Ləvəndin üzərinə yürüş etmək istəsə də, xəstələnib vəfat etməsi onun bu planına əngəl olur.[6]
Nəticə
Bu yürüşlər nəticəsində indiki Gürcüstan ərazisində qızılbaş hakimiyyətinin qurulması üçün zəmin formalaşdı. Şah İsmayıl Çaldıran döyüşünə qədər öz hakimiyyətini daha çox cənub ərazilərində yaymaqda maraqlı olsa da, Çaldıran döyüşündəki məğlubiyyətdən sonra Osmanlıya qarşı mübarizədə Gürcüstanın strateji əhəmiyyəti onun gözündə artdı. Bundan sonra mütəmadi olaraq Grücüstana qızılbaş yürüşləri təşkil edildi. Lakin indiki Gürcüstan ərazisində qızılbaş hakimiyyətinin möhkəmlənməsi I Təhmasib zamanında baş verdi.[7][3]
İstinadlar
- Rayfield, 2012. səh. 164, 166
- Hitchins, 2001. səh. 464–470
- Rayfield, 2012. səh. 166
- Əfəndiyev, 2007. səh. 64
- Əfəndiyev, 2007. səh. 65
- Əfəndiyev, 2007. səh. 66
- Hitchins, 2001. səh. 470
Mənbə
- Donald Rayfield. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. ISBN 978-1780230702.
- Keith Hitchins, (2001). "GEORGIA ii. History of Iranian-Georgian Relations". Encyclopædia Iranica, online edition. New York. GEORGIA ii. History of Iranian-Georgian Relations. New York: Encyclopædia Iranica. 2001.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN 978-9952-34-101-0.