Şabran rayonu

Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır.[2]

Bu məqalə Şabran rayonu haqqındadır. Şəhər üçün Şabran səhifəsinə baxın.
Rayon
Şabran

41°11′ şm. e. 48°57′ ş. u.


Ölkə
Daxildir Quba-Xaçmaz
İnzibati mərkəz Şabran
İcra başçısı Asif Hüseynov
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 1 088,2 km²
Hündürlük
286 m
Əhalisi
Əhalisi 60 200[1] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-SBN
Telefon kodu +994 23 35
Poçt indeksi AZ 1700
Avtomobil nömrəsi 17
Rəsmi sayt
Şabran xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

1578 ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur.

Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur. Onun bir hissəsi Quba, bir hissəsi də Xaçmaz rayonunun tərkibində olmuşdur.

2010-cu ildə Azərbaycan Milli Məclisinin qərarı ilə Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Bu vaxt Şabranın tarixi şəhər olduğu, V əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığı, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığı əsas götürülmüşdür.

Rayonda tarixi-arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Padar kəndindəki "Gülüstani – İrəm" və Şahnəzərli kəndindəki Şabran şəhər yerləri daha çox məşhurdur. Əsası V əsrdə qoyulmuş Şabran şəhər yeri dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilmişdir. Rayon mərkəzi Şabran şəhərində tarix-diyarşünaslıq muzeyi var.[3] Qalaaltı kurortu Böyük Qafqazın ətəklərində yerləşir. Müalicəvi əhəmiyyətə malik olan Qalaaltı suyu çıxan bulağın ətrafında "Çıraqqala uroloci sanatoriyası tikilmişdir. Burada müalicə olunanlar və sadəcə istirahətə gələnlər qədim Çıraqqala qalasının xarabalıqları yerləşən dağın zirvəsinə dırmaşırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə açılan mənzərə adamı valeh edir. Rayonda ənənəvi xalq sənəti olan xalçalığın ənənələrini qoruyub saxlayırlar. "Pirəbədil", "Qollu Çiçi", "Heyratı" tipli yerli xalçalar geniş şöhrət qazanmışdır. Məşhur Qalaaltı kurortu Şabran rayonunun ərazisindədir.

Coğrafi mövqeyi

Şabran (Dəvəçi) rayonu Bakıdan şimalda, Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi şərq tərəfdən Xəzər dənizinin sahillərinə qovuşur. Quba, Xaçmaz və Siyəzən rayonu ilə həmsərhəddir. Bakı-Moskva dəmir yolu, Bakı-Rostov avtomobil yolu, Bakı-Novorosiysk neft kəməri, Samur-Abşeron kanalı, 1914-cü və Sovet dövründə çəkilmiş Şollar-Bakı su kəmərləri rayonun ərazisindən keçir.

Relyefi

Şabran rayonu Böyük Qafqazın şimal-şərqində yerləşir. Relyefi çox müxtəlifdir. Dəniz sahillərindən başlanan düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Ərazi neft-qaz (Zağlı-Zeyvə neft yataqları), çınqıl, qum, gil və digər faydalı qazıntılar ilə zəngindir. Rayonda, həmçinin palçıq vulkanları var.

Təbiəti

Meşələrin sahəsi 21500 hektardır. Bu meşələrin heyvanat aləmində canavar, ayı, tülkü, çaqqal, porsuq, qabanceyran, quşlardan isə qırqovulkəlik daha geniş yayılmışdır. Respublikamızda ən böyük şirin sulu Ağzıbirçala (liman) gölü bu rayonun ərazisindədir. Göldə ov quşlarindan qaz, yaşılbaş ördəkqaşqaldaq qışlayır. Nohurlar kəndindən bir qədər aralıda isə 7 dağ gölü yerləşir. Bir qədər arxaik ada malik olan Dəvəçi şəhəri Camal dağının (təpənin) ətəyində, yaşıllıqlar qoynunda yerləşir. Məşhur Neft (nöyüt) dağı rayonun ərazisindədir.

İqlimi

Düzənlik ərazilərdə əsasən isti yarımsəhra və quru çöl iqlimi, dağətəyi ərazilərdə mülayim isti, orta və yüksək dağlıq ərazilərdə rütubətli soyuq və dağ tundra iqlimi yayılmışdır. Orta illik temperatur 8–10°-dir. Ən isti aylarda temperatur 20°-yə, mütləq maksimum isə 37–39°-yə çatır. Şaxtasız günlərin sayı 185–235 gün təşkil edir. Yay fəsli nisbətən sərindir, iyulun orta aylıq temperaturu 19–24° təşkil edir. Ən soyuq ayın (yanvar) orta aylıq dağlıq ərazilərdə 2–3° şaxta, aranda isə təxminən 1° isti təşkil edir. Soyuq hava kütlələrinin təsiri daha çox olduğu üçün qış burada cənub yamaclara nisbətən sərin keçir.

Mütləq minimum temperatur bəzən −20°-dək düşə bilir. Ərazi davamlı qar örtüyü ilə səciyyələnir: dağlıq ərazilərdə 50–80 gün, aranda isə 20 gündən artıqdır. Fəal temperatur cəmi 2500–4000° arasında tərəddüd edir. Ərazinin dağlıq sahələrində 0–600°, düzənlik və ovalıqlarda isə 4400° təşkil edir. Ümumi atmosfer yağıntıları 200–600 mm-dir. Sahil boyunca yağıntıların miqdarı cənub-şərqdən şimal-qərbə tərəf artır (250–400 mm). Şərqdən-qərbə hündürlük yüksəldikcə (təqribən 1000 metr) yağıntıların miqdarı da çoxalır.

İnzibati-ərazi bölgüsü

AzStat-ın 2013-cü ilə olan məlumatına əsasən rayon ərazisində 1 şəhər və 68 kənd olmaqla 69 yaşayış məntəqəsi yerləşir.[4] Onlar 1 şəhər və 16 kənd izibati ərazi dairəsi olmaqla 17 inzibati ərazi dairəsinə daxildirlər.[4]

Əhalisi

İl 2016
Şəhər əhalisi 25.000
Kənd əhalisi 33.000
Ümumi əhali 58.300
Hesablama növü Rəsmi siyahıyaalınma

Milli tərkibi

Milli tərkib
Etnik qrup 2009[5] sa.
Cəmi58.300
azərbaycanlı54 942
tat1 967
türk1 376
ləzgi70
rus32
tatar8
ukraynalı2
digər17

Görkəmli və tanınmış şəxsləri

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayon ərazisində 3 məktəbəqədər uşaq müəssisəsi, 20 tam orta, 17 ümumi orta,12 ibtidai ümumtəhsil və 5 sahələr üzrə (şahmat və sair) məktəbi,Diyarşünaslıq muzeyi, 49 kitabxana, mədəniyyət evi,1 musiqi məktəbi, 41 klub var. Şabran Mədəniyyət Sarayı və s.

İdman

Rayonda boks, karate, sambo, cüdo, sərbəst güləş, respublika rayonlarında yeganə olan akrobatika və trodblinq bölmələri fəaliyyət göstərir. Azərbaycan çempionları Şirinbala Xəlilov (1961, 1962 sərbəst güləş), Müşfiq Cəfərov və Müqəddəs Cəfərov (sambo), Rövşən Fərzəliyev, Ömər İlyasov və Taleh Həbibov (karate), Rövşən Günəşov (boks), dünya kubokunun sahibi İlham Umayev (yunan-roma güləşi) yetişib.

Rayonda idmanın, xüsusilə sambo güləş növünün inkişafında respublikanın əməkdar məşqçisi Telman Əliabbas oğlu Bayramovun əvəzsiz rolunu xüsusi qeyd etmək lazımdır. Əməkdar fəxri adını hələ 1986-cı ildə qazanmış T. Bayramov 45 illik məşqçilik fəaliyyəti dövründə Müşfiq Cəfərov və Elçin Sultanov kimi beynəlxalq idman ustalarını, Ruslan Hüseynov və Cavid Mustafayev kimi beynəlxalq yarışların mükafatçılarını və bir çox respublika tipli yarışların qaliblərini yetişdirmişdir. Onun yorulmaz fəaliyyəti nəticəsində sambo güləşi rayonun yeniyetmələri və gəncləri arasında böyük rəğbət qazanmışdır.

İlk dəfə Şabran rayonunda cüdo məşqləri respublikanın əməkdar məşqşisi Asif Asim oğlu Abdullayev tərəfindən 2000-ci ildə başlanılmışdır. Bu qısa müddətdə avropa çempionu Davud Məmmədsoy, dəfələrlə respublika çempionları və beynəlxalq turnirlərin qalibləri Coşqun Abdullayev, Sabir İsmayılov bu məktəbdə yetişmişdir.

Azərbaycan milli futbol komandasinin qapıçısı Kamran Ağayev Şabran torpağının yetirməsidir. Karate üzrə dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların qalibi və avropa çempionu, kik-boks üzrə dünya çempionu Aqşin Xəlilov Dəvəçi şəhərində anadan olmuşdur. Boks üzrə dünya çempionu Ağası Məmmədov da bu rayonda doğulmuşdur.

Maddi-mədəni irsi

Rayonda qədim memarlıq abidələrindən Çaraq kəndində Çıraqqala mühafizə olunur. Gilgilçay səddi, Qədim Şabran şəhəri Şahnəzərli kəndinin və Gülüstani-İrəm şəhərinin xarabalıqlarıda (Padar kəndi) burada yerləşir.

Yerli media

Şabran rayonunda "Şabran" qəzeti nəşr olunur.

Həmçinin bax

İstinadlar

  1. AZƏRBAYCAN RESPUBLİKASI ŞABRAN RAYON İCRA HAKİMİYYƏTİ
  2. "Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-15.
  3. ARB Şimal. "Şabran Tarix Diyarşünaslıq muzeyinin eksponat fondu zənginləşdirilir" (az.). Youtube.com. 21.09.2016. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-22.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İnzibati ərazi bölgüsü təsnifatının qüvvədə olan variantı (30.05.2013-tarixli nəşri Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine):Şabran rayonu—30400001 Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine
  5. Azərbaycan Dövlət Statistika Komitəsi :Şabran rayonu Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.