Şərəfuddin Amili

Əbdülhüseyn Şərəfuddin Musəvi Amili — Ərəb əsilli ilahiyyatçı-alim; Təbətəbai seyid.

Şərəfuddin Amili
Əbdülhüseyn Şərəfuddin Musəvi
Doğum tarixi
Doğum yeri Kazımeyn, İraq, Osmanlı İmperiyası
Vəfat tarixi
Milliyyəti Ərəb
Atası Əllamə Seyyid Yusif Şərəfuddin
Anası Zəhra binti Ayətullah Seyyid Hadi Sədr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təvəllüdü və ailəsi

Əllamə Şərəfuddin Amili, 1869-cu ildə (h.q. 1290) İraqın Kazimeyn şəhərində ruhani və alim ailəsində dünyaya göz açmışdır. Atası Əllamə Seyyid Yusif Şərəfuddin, anası Ayətullah Seyyid Hadi Sədrin qızı Zəhradır. Alimin ata və anası İmam Kazimin (ə) nəslindən olduğu üçün, alim seyyid və “Musəvi”lərdəndir.

Təhsili

Şərəfuddin Amili elə bir ailədə doğulmuşdu ki, təhsil almaq üçün gərəkli vəsait ailəsində mövcud idi. Atası təhsilini təkmilləşdirib İraqın böyük alim və fəqihlərindən ictihad icazəsi alıb Cəbəl Amilə (Livanın cənubu) qayıdır. O zamanlar Amilinin 8 yaşı var idi. Kiçik yaşlarından Amili Nəcəf-Əşrəfdə “ərəb dilinin müqəddimatı” dərslərini, fiqh və üsul elmini, həmçinin, bəlağəti öyrənmiş, habelə məşhur mərceyi-təqlidlərdən olan Xorasani, Fəthullah İsfəhani, Məhəmməd Taha Nəcəfi, Kazim Təbatəbai, Həsən Kərbəlayi, İsmayıl Sədr, (öz dayısı) Seyyid Həsən Sədr və s. alimlərin məhzərində elmi dərslərdə iştirak edib onlardan lazımi şəkildə bəhrələnmişdir. Amili təkcə elm öyrənməklə kifayətlənməyir, dövrünün siyasi-ictimai vəziyyətindən, müsəlmanlar arasında baş verən hadisələrdən də, məlumatlı olmuşdu. Müsəlmanlar arasındakı ixtilaflar daim alimi düşündürmüş və kədərli etmişdir. Alimin özü bu barədə belə deyir: “Siə və sünnü ixtilafları, elə cavanlığımdan məni kədərləndirirdi və həmişə bir çarə ardınca idim.” Əlbəttə ki, böyük alim təkcə Nəcəf-Əşrəfdə deyil, Kazimeyn, Samirra, Kərbəla şəhərlərində də, tanınmış alimlərin elmindən istifadə etmişdir. Şərəfuddin Amili 32 yaşına çatmamış ictihad məqamına yetişmişdir.

Cəbəl Amilə gəlməsi və oradakı fəaliyyətləri

Şərəfuddin Amili təhsilini bitirib ictihad icazəsi aldıqdan sonra, Cəbəl Amilə gəlir və oranın camaatı və böyük alimləri tərəfindən böyük tən-tənə ilə qarşılanmışdır. Seyyid Amilinin gəlişi ilə, Cəbəl-Amil əhli artıq öz rəhbərinə qovuşmuşdu. Məntəqənin əhalisi onu sevir, böyük rəğbət və məhəbbət bəsləyir, onun fəaliyyət göstərməsində yardım edəcəklərini bildirmişdilər. İraqın böyük alimləri də, Amilinin Cəbəl-Amildə fəaliyyət göstərməsinin tərəfdarı idilər və bundan ötrü israr edib oranın (Cəbəl-Amilin) əhalisinin Şərəfuddin kimi alimə daha çox ehtiyaclı olduğunu bildirmişdilər. Amili Livanda islahatçılıqla məşğul olur, zülm əhlinə qarşı mübarizə edir, cəddi İmam Hüseyn (ə) kimi “əmr be məruf” amilini həyata keçirirdi. O, həm də, camaatın müşkil məsələlərini həll edir, ehtiyacı olanlara yardım göstərirdi. Camaat fətva almaq üçün də, o həzrətə müraciət edirdi. İlk öncə Amili öz atasına hörmət əlaməti olaraq müsəlmanların şəri sualları cavablandırmaqdan çəkinirdi. Onlar da, bu sahədə onun atasına və Seyyid Əli Əminə müraciət edirdilər. Daha sonra Seyyid Əli Əmin, Amilinin adil müctəhid olduğunu və həmin vaxtlarda Cəbəl-Amildə müctəhidlər arasında onun mislinin olmadığını bildirmişdi. Bununla da, şəri hökmlərdə tədricən Şərəfuddinə müraciət etməyə başladılar. Böyük alimin fəaliyyətləri əlbəttə ki, bunlarla bitmir. Amili həmçinin, Livanın Sovr şəhərində xeyriyyə müəssisələri tə`sis etmiş, bu müəssisələrin müsəlmanlar üçün çox böyük faydası olmuşdu. Bu müəssisələr sonradan Qum Elmiyyə Hövzəsinin alimlərindən olan Amilinin xalası oğlu Seyyid Musa Sədr tərəfindən təkmilləşdirilmişdir. Mərhum Amilinin oğlanları Sədrəddin (“Ən-Nəcm” məcəlləsinin baş redaktoru) və Cə`fər (Sovr şəhəri üzrə dövlət parlamentində nümayəndə və atasının müavini idi) həmin müəssisələrin tikilişində ciddi səylər göstərmişlər. Həmin müəssisələr bunlardır:

  1. “Əl-mədrəsətul-Cə`fəriyyə”. Bu mədrəsə, hazırda “əl-kulliyyətul-Cə`fəriyyə” adlı böyük institut kimi fəaliyyət göstərir. Bu mədrəsənin tikilməsindən məqsəd, müsəlmanların elmlənməsi, biliklərinin çoalması və təfəkkürlərinin formalaşmasıdır.
  1. “Nadil-İmam Sadiq (ə)”. (İmam Sadiq (ə) adına salon) Dini-mədəni iclas və bayramların təşkilindən ötrü tikilmişdir. Böyük alim bu iki müəssisənin (mədrəsə və salonun) yaxınlığında bir məscid də tikdirmişdir.
  1. “Cəm`iyyətul-birri vəl-ihsan”. (Yaxşılıq və ehsan cəmiyyəti) Bu xeyriyyə müəssisəsi ona görə tə`sis edilmişdir ki, yoxsullara, ehtiyaclı insanlara bu cəmiyyət tərəfindən yardım olunsun və ölənlərin dəfn-kəfən işləri təşkil edilsin.

Əsərləri

  1. “Əl-fusulul-muhimmə fi tə`lifil-umməti”
  2. Əl-Müraciat
  3. “Əcvibətu Musa Carullah”
  4. “Əl-Kəlimətul-qərra fi təfziliz-Zəhra (ə)”
  5. “Əl-Məcalisul-faxirə fi matəmil-itrətit-Tahirə”
  6. “Əbu Hüreyrə”
  7. “Əl-ictihadu fi muqabilin-nəss”
  8. “Büğyətür-rağibin”
  9. “Fəlsəfətül-misaq vəl-vilayə”
  10. “Səbtül-əsbat fi silsilətür-rüvat”
  11. “Məsailun-xilafiyyə”
  12. “Risalətün-hovlər-rivayə”
  13. “Kitabu iləl-məcməil elmiyyil-ərəbi bi-Diməşq”

Alimin bəzi əsərləri düşmənləri tərəfindən yandırılmışdır;

  1. “Şərhut-təbsirə”
  2. “Haşiyətu-istishab”
  3. “Səbilul-mu`minin”
  4. “Ən-nususul-cəliyyə”
  5. “Tənzilul-ayatil-bahirə”
  6. “Tuhfətul-əshab”
  7. “Əz-Zəriə”
  8. “Risalətun fi münəccəzatil-məriz”
  9. “Səbilul-muminin”
  10. “Tuhfətül-muhəddisin fihə uxrucə ənhussittətü minəl muzəfin”
  11. “Tuhfətul-əshab fi hokmi əhlil-kitab”
  12. “Əl-Məcalisul-faxirə”
  13. “Muəllifuş-şiə fi sədril-İslam”
  14. “Büğyətul-faiz fi nəqlil-cənaiz”
  15. “Büğyətüs-sail ən ləsmil-əydi vəl-ənamil”
  16. “Zəkatul-əxlaq”
  17. “Əl-Fəvaidu vəl-fəraid”
  18. “Səhih-Buxariyə haşiyə”
  19. “Səhih-Müslimə haşiyə”
  20. “Əl-Əsalibul-bədiə fi rüchani məatimiş-şiə”

Mübarizəsi

Şərəfuddin Amili dövrünün zalım fransız müstəmləkəçilərinə qarşı əzmlə mübarizə aparır, xalqı da, mübariz olmağa və bu mücadilədə yaxından iştirak etməyə çağırırdı. Bu səbəbdən “Vadil-Huceyrə”də konfrans təşkil edib Livanın alim, tayfa və qəbilə böyüklərini bu konfransa dəvət etdi. Həmin konfransda böyük alim, müstəmləkəçilərə qarşı cihad fətvası verdi və konfrans iştirakçıları onun fətvasını dəstəklədilər və öz şəhərlərində müstəmləkəçilərə qarşı mübarizəyə başladılar. Amilinin fəallığı, zalımlara qarşı azadlıq uğrunda mübarizliyi, artıq fransa müstəmləkəçilərini narahat edirdi və onlar bu qərara gəldilər ki, Amiliyə sui-qəsd təşkil etsinlər. Əhali böyük alimin evinə gediş-gəliş edir, siyahılar təşkil edərək fransızların qurduğu hökumətin ləğvini və öz azadlıqlarını istəyirdilər. Fransızlar sui-qəsddən ötrü ibnil-Həccacı Amilinin evinə göndərdilər ki, Onu qətlə yetirsin və Livanın azadlığını tələb edən siyahıları ələ keçirsin. Lakin, ibnil-Həccac öz çirkin məqsədinə çata bilməmişdi. Hadisənin baş verdiyini bilən camaat, Livanın cənubundan Sovr şəhərinə axışıb gəlmişdi. Amili bundan sonra Şəhur şəhərinə gedir və fransız ordularının Şəhurə gəldiyini bilib oranı tərk edərək yaxınlıqda bir mağaraya sığınaraq bütün günü orada keçirir. Müxaliflər onun Şəhur və Sovr şəhərlərindəki evini yandırır, kitabxanasını qarət edirlər və hətta, böyük alimin əlyazma halında olan 19 cildlik qiymətli kitabları da, yandırılır. Amili daha sonra Suriyaya səfər edir və Suriyanın rəhbəri Məlik Feysəlin qonağı olur. Amili elə Suriyada da öz mübarizəsini davam etdirir, oranın alim və ziyalı şəxslərini də, mübarizəyə səsləyirdi. Fransızlar Şamı işğal etdikdən sonra, hərəkata başçılıq edənləri sürgünə göndərir, Amili də Fələstinə sürgün edilir və orada bir neçə ay qaldıqdan sonra Misirə gedir və fəaliyyətini burada davam etdirir. 1917-ci ilin sonlarında Misiri tərk edib Fələstinə gedir və Cəbəl-Amilə yaxın olan bir məntəqədə məskunlaşır. (Fələstin o zaman İngilislər tərəfindən işğal edilmişdi) Buradakı evi də, camaatın eləcə də, yoxsul təbəqənin gediş-gəliş etdiyi evə çevrilir və alim burada da, iclaslar təşkil edir, xalqa xidmət göstərirdi. Bir çox müzakirə və danışıqlardan sonra, Fransa dövləti razı oldu ki, Amili və başqa sürgün olunanlar Cəbəl-Amilə qayıtsın. Əhali bu münasibətlə son dərəcə sevinc içində idi və böyük alimi qarşılamaq üçün Cəbəli-Amilə axışıb gəlmişdilər. Sübhdən hava qaralana qədər küçələr, məhəllələr insanlarla dolmuşdu. Şərəfuddin Amili artıq Livanın həm dini, həm siyasi, həm də, milli lideri idi.

Səfərləri

Şərəfuddin Amili 1907-ci ildə Məhəmməd peyğəmbər və imamların məzarlarını ziyarət etmək üçün Mədinəyə səfər edir. Həmçinin, 1908-ci ildə Misirə səfər etmiş, 1909-cu ilə qədər orada qalmış və Misirin bir çox alimləri ilə müzakirələr aparmış və oradakı “əl-Əzhər” universitetinin o zamankı rektoru Şeyx Səlim Büşri ilə məktublaşmış və bu məktublar, çox dəyərli “əl-Muraciət” kitabı şəklində oxuculara təqdim edilmişdir. (Bu kitabda, həmçinin Şərəfuddin Amilinin həyatı və əsərləri yer almışdır.) Misirə 2-ci səfər isə, 1917-ci ildə baş vermişdir. 1919-cu ildə Hicaz şərifi Məlik Hüseynin dövründə dəniz yolu ilə Məkkənin ziyarətinə getmişdir. Həmin il həcc ziyarətinə zəvvarlardan əlavə böyük alimlər, tanınmış şəxsiyyətlər də gəlmişdi. Məlik Hüseynin ricası ilə, Şərəfuddin Amili Məscidül-Həramda camaat namazına imamətlik etdi. İslam tarixində ilk namaz idi ki, Məscidul-Haramda sünnişiələr şiə aliminin arxasında dayanıb ona iqtida edirdilər. Ayətullah Fazil LənkəraniGəncliyin yeddi səması” adlı kitabında bu məşhur hadisəni aşağıdakı sözlərlə ifadə edir: “Hər il həcc mövsümündə Məkkə və Mədinə kamillik yolçularının misilsiz izdihamına şahid olur. Bu iki böyük şəhər zilhiccə ayında mələklər selini qarşılayır. İlahi səmalardan Kəbəyə üz tutmuş mələklər müsəlmanların həccinə, səyinə, səfasına şərik olurlar. Bu mərasim qəməri tarixi ilə 1340-cı ildə daha əzəmətli oldu. Böyük şiə alimi, mərhum ayətullah Seyyid Şərəfuddin Amili dünya müsəlmanlarının toplumuna xüsusi bir ab-hava gətirdi. Məlik Hüseynin ricası ilə Məscidul-Haramda təyin olunmuş namaz mərhum Şərəfuddinin imaməti ilə qılındı. Bu, islam tarixində Məscidul-Haramda sünni və şiələrin şiə aliminin imaməti ilə qıldıqları ilk namaz idi. Sünni və şiələrin çiyin-çiyinə dayanıb, Əhli-Beyt istəyincə namaz qılması mərhum Seyyidin ən böyük arzusu idi. Bu namaz haqqında illər uzunu iftixarla danışıldı.” Məlik Hüseyn Amilini hörmətlə qarşılamış və həmin il Kəbəni birlikdə yumuşdular. 1934-cü ildə alim imamların məzarlarını ziyarət etmək üçün İraqa səfər etmiş və xalq onu hörmətlə qarşılamışdı. Daha sonra İrana gedib, Məşhəddə İmam Rzanın məzarını ziyarət etmişdir.

Vəfatı

Şərəfuddin Amili bərəkətli ömrünün son illərini, ulu babası Əlinin məzarının yanında dəfn edilsin deyə, öz doğulduğu məkanda (İraqda) yaşamaq istəyirdi. Lakin Livanda yaşamalı oldu. 1956-cı ildə vəfat etdi. Livanın cənub əhalisi Amilinin vəfat xəbərini eşidən kimi öz rəhbərləri ilə vidalaşmaqdan ötrü axın-axın Beyruta gəldilər. Beyrut böyük hüzn və matəmə qərq olmuşdu. Dini alimlər, dövlət və siyasət adamları, cəmiyyətin müxtəlif təbəqələri dəfndə yaxından iştirak etdilər və cənazə xüsusi təyyarə ilə Bağdada gətirildi. Bağdad və Kazimeyn şəhərlərinin əhalisi cənazəni müşayiət etdi, cənazə gecə ikən Kərbəlaya daxil oldu. Vida mərasimi Kəbəlada sona çatdı və cənazə Nəcəf-Əşrəfə gətirildi. Bununla da cənazəsi 1956-cı ildə Nəcəf-Əşrəfdə, Əlinin şərif məqbərəsinin həyətində torpağa tapşırıldı.

Mənbə

  • Seyyid Əbdül-Hüseyn Şərəfüddin Musəvi, Əl-Muraciat, "Şəhriyar", 2007, 3000 tiraj, ISBN 964-5934-48-6, səh. 3-8

İstinadlar

    Həmçinin bax

    Xarici keçidlər

    • "Böyük rəhbər Şərəfuddin Amili" ( (az.)). al-shia.my1.ru. 2008-08-02. 2015-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
    • "Şərəfuddin Musəvi kimdir?" ( (az.)). islamazeri. 2017-04-22. 2017-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-22.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.