Şəmsəddin Orucov
Şəmsəddin Orucov (tam adı: Şəmsəddin Əbilhəsən oğlu Orucov; 2 avqust 1950, Cavad, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ – 23 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Şəmsəddin Orucov | |
---|---|
Şəmsəddin Əbilhəsən oğlu Orucov | |
Doğum tarixi | |
Doğum yeri | Cavad kəndi, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Sovetabad kənd qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Əbilhəsən |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Mühəndis |
Həyatı
1950-ci avqustun 2-də Sabirabad rayonun Cavad kəndində anadan olmuş, orta məktəbə Əlibayramlı rayonunun Qazıməmməd kəndində getmişdir. 1961-ci ildə ailəsi ilə birlikdə Neftçalaya köçmüş, təhsilini şəhər yeddiillik internat məktəbində davam etdirmişdir.[2]. 1968-ci ildə Çingiz İldırım adına APİ-na daxil olmuş, 1973-ci ildə oranı bitirərək mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. Bir müddət Sumqayıtın, daha sonra Bakının trikotaj fabrikində mühəndis vəzifələrində çalışmışdır. Son iş yeri Bakı İdman Malları Fabriki olmuşdur.[3]
Ailəli olmuş, oğlu Cavad və qızı Kəmalə yadigar qalmışdır.
Qanlı Yanvar faciəsi
Yanvarın 23-də gündüz saat 14:00-14:20 radələrində hərbiçilər tərəfindən evinin pəncərəsindən atılan güllə nəticəsində həlak olmuşdur. Həyat yoldaşı Ruvella xanımın dediklərindən:[4]
Saat 2-də gəldi evə paltarını soyundu. Mən keçdim evə ki, süfrəni açım xörəyi gətirim. Qazanı açdım, boşqabı götürdüm. Bu vaxt dəhlizin o başındakı qonşu girdi içəri ki, o yandan tüstü gəlir, deyəsən Salyan kazarmasını yandırırlar. Bu arvad ömründə bizə gələn deyildi. O gün elə bil onu Şəmsəddin üçün əcəl yollamışdı. Uşaqlar bizdən qabaq qaçdı. Ümumi dəhlizin o başındakı pəncərənin qabağına. Mən də boşqabı qoyub çıxdım onların dalıyca. Pəncərənin qabağında on-on bir adam var idi. Arvad-uşaq hamı yığılıb tüstü gələn tərəfə baxırdı. Lap axırda hamımızdan sonra əlini silə-silə Şəmsəddin gəldi. Dedi, keçin-keçin, pəncərənin qabağında qorxuludur, qoy pəncərəni bağlayım. Elə Şəmsəddin aynabəndə yaxınlaşmaq istəyəndə bir də gördüm şüşəni sındırıb çiynimin üstündən nəsə vıjj eləyib keçdi. Şüşənin qırıntıları əllərimə, alnıma dəydi. Dəydiyi yerlərdən də gilə-gilə qan sızmağa başladı. Mən tez Şəmsəddinə sarı çöndüm ki, bu nədir belə... Bir də gördüm Şəmsəddin dala gedir. Danışa bilmir, ancaq təəccüblə mənə baxırdı ki, yəni nə olub sənə. Bir də onu gördüm ki, yıxıldı yerə. Uşaqlar tez tutdu. Özü çönüb yarasına baxdı. Hamıdan hündür idi deyən güllə ona dəymişdi. Mən də tez əyilib güllə yerinə baxdım. Sağ tərəfdə kiçik bir deşik idi. Fikirləşdim ki, ölüm yarası deyil. Tez telefona qaçıb onun bir cərrah dostu var, ona zəng elədik. Təcili yardım çağırdıq. Təcili yardım gəlincə mən dəhlizin o başına keçincə Şəmsəddin uşaqlarının gözünün qabağında keçindi. Heç bir kəlmə də danışa bilmədi. Sən demə güllə içəri girib dağıdıb, qanaxma verib. Aparıb Neftçalada dəfn elədik, atasının yanında. |
Neftçala rayonunun Sovetabad kənd qəbiristanlığında dəfn edilmişdir.
Ünvan
Bakı, İnqilab küçəsi, 1008-ci kvartal, mənzil 66.
Qeyd
- ^ Neftçala rayon Mərkəzi Kitabxanasının saytı təxmini vaxtı 14:20, Rafiq Səməndər öz kitabında 14:00, Qulu Kəngərli isə öz kitabında 14:10 vermişdir.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "20 Yanvar şəhidləri". 2011-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-25.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.