Şəmsəddin Abbasov
Şəmsəddin Bəhlul oğlu Abbasov (27 may 1906, Abşeron rayonu – 20 sentyabr 1975, Bakı)[1] — Azərbaycan nasiri, dramaturq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Şəmsəddin Abbasov | |
---|---|
1938 – 1939 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 may 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 20 sentyabr 1975 (69 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
Uşağı | Gündüz Abbasov |
|
|
Təltifləri |
Həyatı
1906-cı ilin mayın 27-də Bakı qəzasının Sayadlar kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Bakıda rus-tatar məktəbində, sonra politexnikumda təhsil almış, 1926 – 1927-ci illərdə Politexnik İnstitutunda oxumuşdur. 1923-cü ildən "Yeni fikir", "Kommunist" və "Gənc işçi" qəzetlərində əməkdaşlıq etmişdir. Bu dövrdə "Məhşər günü" hekayəsi ilə ədəbi aləmə daxil olmuşdur.
Yaradıcılığı
1926-cı ilin iyun ayından "Gənc işçi" qəzeti redaksiyasında məsul katib vəzifəsində işləmiş, eyni zamanda "Komsomol" jurnalının redaksiya heyətinin tərkibinə daxil edilmişdir. Gənc yazıçılar birliyinin – "gənc qızıl qələmlər"in yaradıcılarından biri olmuşdur. 1929-cu ildən "Kommunist" qəzetinin məsul katibi işləmişdir. 1938 – 1939-cu illərdə M. F. Axundov adına Opera və Balet Teatrının direktoru kimi Moskvada Azərbaycan incəsənəti dekadasında iştirak etmişdir. "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1939-cu ilin sentyabrında Bakı kinostudiyasının direktoru işləmişdir. O, ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Rus dilindən ədəbi ssenarilər ("Stalinqrad döyüşü", "Musoqorski"), pyeslər ("Ulduzcuğaz", "Xmelnitski", "Saatsaz və toyuq"), roman və hekayələr (S. Babayevski "Yer üzərində işıq", A. P. Çexovun vodevilləri) tərcümə etmişdir. Özu də ssenari və pyeslər yazmışdır: "Babək" (1940), "Qələbə" (1931), "Qana qan" (1944), "Əsgər və Simuzər" (1945), "Fərhadın ailəsi" (1950), "Mister Uoll-trit" (1951). 1942-ci ilin avqust ayından Azərbaycan KP MK aparatına işə dəyişdirilmişdir. Burada təlimatçı, eyni zamanda Azərbaycanın İkinci Dünya müharibəsində iştirak etməsi ilə məşğul olan komissiyanın məsul katibi işləmişdir. Azərbaycan nümayəndələri ilə dəfələrlə ön cəbhədə olmuşdur.
Şimali Qafqaz və Uzaq Şərq cəbhələri hərbi şuraları ona yaxşı işinə görə təşəkkür etmişdir. O, "Qafqaz müdafiəsi uğrunda" və "1941 – 1945-ci illər İkinci Dünya müharibəsində əmək igidliyinə görə" medalları ilə təltif edilmişdir. 1944-cü ilin yanvarında Azərbaycan SSR Nazirlər Soveti Yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsinə sədr təyin olunmuşdur. 1946-cı ildə "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Dəfələrlə Bakı zəhmətkeş deputatları Sovetinin deputatı olmuşdur. 1951-ci ilin oktyabrından Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir.
1975-ci il sentyabrın 20-də vəfat etmişdir.
Mənbə
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Şəmsəddin Abbasovun rəsmi saytı
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 61–66.
İstinadlar
- Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.25