Şəki-Zaqatala iqtisadi rayonu
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir.
İqtisadi rayon | |
Şəki-Zaqatala iqtisadi rayonu | |
---|---|
41°32′57″ şm. e. 46°42′11″ ş. u. |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 8.960 km² |
Əhalisi | |
Əhalisi | 531.900 nəfər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır.
Faydalı qazıntıları
Rayon ərazisi faydalı qazıntılarla zəngindir. Azərbaycan Respublikasının mis ehtiyatlarının hamısı, kükürd kolçedanın 90 %-i, sinkin 99 %-i bu iqtisadi rayonun payına düşür. Qafqaz regionun iri polimetall yataqlarından olan Filizçay yatağı bu rayonun ərazisində yerləşir. Dağlıq və dağ ətəyi yerlərdə çınqıl, qum və digər tikinti materialları mövcüddür. Şəki-Zaqatala iqtisadi rayonu ərazisinin 27 %-ni meşə massivləri təşkil edir. Onların əsas hissəsi Balakən və Zaqatala rayonlarının ərazisindədir. İqtisadi rayon bol su ehtiyatlarına malikdir.
Şəki-Zaqatala iqtisadi rayonu bir sıra faydalı qazıntılarla zəngindir. Qafqaz regionunda unikal hesab edilən Filizçay polimetal yataqları bu regiondadır. Sənaye əhəmiyyətli başqa təbii sərvətlərdən milyonlarla kubmetr ehtiyatları hesablanmış bir neçə daş-çınqıl yataqlarını, çoxlu tikinti materialı toplanmış çay gətirmə konuslarını göstərmək olar. Polimetal yataqları ilə təmsil olunan faydalı qazıntı həm xammalın tərkibinin zənginliyinə, həm də müəyyən edilmiş filiz ehtiyatlarının çoxluğuna görə böyük əhəmiyyətə malik yataqlardandır. Bu qazıntıların tərkibində xeyli miqdar nadir elementlər də vardır. Onların içərisində əsas yeri mis ehtiyatları tutur. Mütəxəsislərin ilkin hesablamalarına görə burada misin sənaye əhəmiyyəti daha böyükdür. Şəki-Zaqatala iqtisadi rayonunun kurort rekreasiya imkanları çox böyükdür. Bu iqtisadi rayonun gözəl təbiəti, əlverişli iqlim şəraiti, termik şəraiti, başı qarlı dağları, coğrafi mövqeyi, tarixi arxitektura abidələri onu respublikanın mühüm istirahət-turizm regionuna çevirmişdir. Burada ərazinin müxtəlif hissəslərindən bu sahənin artıq bir neçə mərkəzi fəaliyyət göstərmiş və demək olar ki, bu sahənin inkişafı üçün müəyyən təcrübə və maddi-texniki baza var. İstirahət ocaqlarının fəaliyyəti, onların imkanlarından səmərəli istifadə edilməsi burada iqtisadiyyatın inkişafının mühüm istiqamətlərindən birinə çevrilə bilər.[1]
İqtisadiyyatı
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 faizdən çoxu, taxılın 17 faizi, baramanın 35 faizi, yaşıl çay yarpağının 2 faizi bu iqtisadi rayonun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonu heyvandarlıq məhsullarının tədakürü ölkə üzrə həmin məhsulların tədakürünün 10 faizdən çoxunu təşkil edir.
Şəki-Zaqatala iqtisadi rayonunun sənayesi nisbətən zəif və birtərəfli inkişaf etmişdir. Ölkə üzrə sənaye məhsulunun 3 %-dən bir az çoxu bu rayonun payına düşür. İqtisadi rayonun sənayesi əsas etibarilə kənd təsərrüfatı məhsullarını emal edən yüngül və yeyinti sənaye sahələri üzrə ixtisaslaşmışdır. Bu sahələr iqtisadi rayonun sənaye məhsulunun 95%-dən çoxunu verir. Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Şəki yeyinti kombinatı və şərab zavodları, Qəbələ, Qax, Balakən, Nic meyvə-tərəvəz konserv zavodları, Zaqatala fındıq və gızıl gül yağı zavodu, çay fabriki, Şəki ət kombinatı yeyinti sənayesinin əsas müəssisələridir. Bundan başqa, yerli tələbatı ödəyən çörəkbişirmə, şərq şirniyyatı, spirtsiz içkilər istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Yüngül sənayenin əsasını ipəkçilik təşkil edir. Bütün rayon mərkəzlərində müxtəlif ölçülü tikiş sənayesi müəssisələri fəaliyyət göstərir. Şəkidə kustar üsulla bəzəkli toxumaları olan ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur. Tütünçülüyün inkişafı ilə əlaqədar Şəki, Qəbələ, Balakən və Zaqatala tütün fermentasiya zavodları fəaliyyət göstərir. Sənayenin digər sahələrinə yerli xammal bazasına əsaslanan Zaqatala mebel fabrikinı, kərpic zavodunu, Balakən tarla müəssisəsini aid etmək olar.
Şəki-Zaqatala iqtisadi rayonunun gözəl təbiəti, onu Azərbaycanın mühüm istirahət-turizm reqionuna çevirmişdir. Qəbələdə, Şəkidə, Zaqatalada istirahət-turizm müəssisələri fəaliyyət göstərir.
Nəqliyyat şəbəkəsi
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun nəqliyyatı regionun nəqliyyat sistemi onun iqtisadiyyatının normal fəaliyyət göstərməsində, daxili və xarici yük, sərnişin daşımalarında mühüm yer tutur. Ərazinin nəqliyyat şəbəkəsi dəmir və avtomobil yolları, qismən hava və boru kəməri xətləri ilə təmsil olunmuşdur. İqtisadi-coğrafi rayon bütövlükdə Yevlax-Balakən dəmir və şose yollarının üzərində yerləşir. Bu dəmir yolu 1986-cı ildə istifadəyə verilmişdir[2][3]. İqtisadi-coğrafi rayonda dəmir yolunun uzunluğu olmaqla, ərazidə daşınan yüklərin təqribən 50–100%-i, sərnişinlərin isə 12–15%-i onun payına düşür. Dəmir yolu xətti əsasən 4 inzibati rayon ərazisindən – Şəki, Zaqatala, Qax və Balakəndən keçir. İqtisadi-coğrafi rayon ərazisində formalaşan dəmir yol xəttinin 62 km-i və ya 38%-i Şəki, 38 km-i və ya 24%-i Zaqatala, 40 km-i və ya 24,5%-i Qax, 22 km-i və ya 13,5%-i Balakən rayonlarının payına düşür[4].
Avtomobil yolları
Regionda Bakı-Yevlax-Balakən və ona paralel olan Bakı-İsmayıllı-Qəbələ-Balakən avtomobil yolları mühüm yer tutur. İqtisadi-coğrafi rayonda avtomobil yollarının ümumi uzunluğu 1921 km-dir ki, bunun da 141 km-i və ya 7,3%-i respublika, 1780 km-i və ya 92,7%-i yerli əhəmiyyətli yolların payına düşür (cədvəl 3.25). Azərbaycan müstəqillik qazandıqdan sonra Yevlax-Balakən şose yolunun davamı kimi Balakən-Loqodexi xəttinin beynəlxalq əhəmiyyəti artmışdır. İqtisadi-coğrafi rayon bu avtomobil yolu vasitəsilə Cənubi Qafqaz və TRACECA nəqliyyat şəbəkəsinə qoşulur. Cədvəl 3.25
İqtisadi-coğrafi rayonda respublika və yerli əhəmiyyətli yolların quruluşu, km [Z. S. Məmmədova (2002) görə]
İnzibati rayonlar | Cəmi
avtomobil yolları |
Xüsusi cəkisi %-lə | Respublika əhəmiyyətli
yollar |
Xüsusi cəkisi %-lə | Yerli əhəmiyyətli yollar | Xüsusi
cəkisi %-lə |
Balakən | 345 | 17,9 | 20 | 14,1 | 325 | 18,2 |
Qax | 604 | 31,4 | 61 | 43,5 | 543 | 30,5 |
Qəbələ | 254 | 13,2 | 20 | 16,1 | 234 | 13,2 |
Oğuz | 172 | 8,9 | 25 | 17,7 | 147 | 8,2 |
Şəki | 232 | 12,3 | 15 | 10,6 | 2,7 | 12,3 |
Zaqatala | 314 | 16,3 | - | - | 314 | 17,6 |
Cəmi | 1921 | 100 | 141 | 100 | 1780 | 100 |
İqtisadi-coğrafi rayonun avtomobil yollarının quruluşunda asfalt yollar və ya 11%, qara örtüklü və ya 26%, çınqıl örtüklü və ya 55%, qrunt yollar və ya 8% təşkil edir (cədvəl 3.26). 2011-ci ilin göstəricilərinə görə, avtomobil nəqliyyatı ilə 6,1 mln ton yük və 48,3 mln nəfər sərnişin daşınmışdır ki, bu da 2000-ci ilə görə uyğun olaraq 3,6 mln ton və 18,3 mln nəfər artım deməkdir. Cədvəl 3.26
İqtisadi-coğrafi rayonda nəqliyyat və rabitə sistemi
Göstəricilər / illər | 2000 | 2005 | 2008 | 2011 |
Avtomobil nəqliyyatı ilə yük daşınması, min ton | 2513 | 4022 | 4758 | 6111 |
Yük dövriyyəsi, mln.ton/km | 336,1 | 573,2 | 655,2 | 803,6 |
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması, min nəfər | 29935 | 32762 | 38117 | 48277 |
Sərnişin dövriyyəsi, mln sərnişin/km | 176,8 | 202,7 | 223,9 | 272,7 |
Avtomobillərin sayı cəmi, ədəd | 25557 | 27928 | 28452 | 30434 |
Şəxsi minik | 18562 | 19232 | 20099 | 24670 |
Poçt şöbələrinin sayı, vahid | 139 | 138 | 161 | 157 |
Hər 100 ailəyə düşən telefon aparatlarının sayı, ədəd | 30 | 44 | 58 | 60 |
Şəhərdə | 66 | 70 | 76 | 84 |
Kənddə | 17 | 34 | 51 | 50 |
[Azərbaycan regionları – 2012].
Göstərilən dövrdə yük dövriyyəsi 803,6 mln ton/km, sərnişin dövriyyəsi 272,7 mln sərnişin/km olmuşdur. Yuxarıda göstərilən bir sıra iqtisadi göstəricilər iqtisadi-coğrafi rayonun nəqliyyat şəbəkəsinin mənfi və müsbət tərəflərini görməyə imkan verir. İlk növbədə iqtisadi-coğrafi rayonun ərazisini kəsib keçən Yevlax-Balakən və Balakən-Loqodexi şosesinin təmir olunması nəzərə alınmalıdır (cədvəl 3.27).
Hava nəqliyyatı
Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafında hava nəqliyyatının mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, keçmiş sovet dövründə Bakıdan mütəmadi olaraq Zaqatala və Şəkiyə sərnişin təyyarələri uçurdu. Eyni zamanda, bölgənin digər inzibati rayonlarında (Balakən, Qax, Qəbələ) sanitar aviasiyanın qəbul edilməsi üçün aeroportlar istifadə olunurdu. Cədvəl 3.27
İqtisadi-coğrafi rayonda avtomobil yollarının
texniki vəziyyəti, km. [Z. S. Məmmədova (2002) görə]
Avtomobil | O cümlədən | ||||
İnzibati | yollarının | Asfalt | Qara | Çınqıl | Qrunt |
rayonlar | uzunluğu | örtüklü | örtüklü | örtüklü | yollar |
Balakən | 345 | 3 | 43 | 255 | 44 |
Qax | 604 | 81 | 186 | 277 | 60 |
Qəbələ | 254 | 25 | 100 | 105 | 24 |
Oğuz | 172 | 30 | 70 | 72 | - |
Şəki | 232 | - | 17 | 200 | 15 |
Zaqatala | 314 | 80 | 81 | 153 | - |
Cəmi | 1921 | 219 | 497 | 1062 | 143 |
Son illər regionların inkişafına diqqətin artırılması Şəki-Zaqatala rayonunda hava nəqliyyatının bərpa edilməsinə imkan yaratmış və 2007-ci ildə Zaqatalada yeni aeroport istifadəyə verilmişdir. Qəbələdə dünya standartlarına cavab verən aeroport fəaliyyət göstərir. Onlar sərnişin daşımalarının artırılması ilə yanaşı, regiona turistlərin gəliş-gedişini asanlaşdıracaqdır.
Dövlət səviyyəsində regionların davamlı inkişaf proqramı qəbul olunmuş, yerli bələdiyyələrin lokal səviyyədə səlahiyyətlərinin artırılması nəzərə alınmışdır. Regionda hər bir təsərrüfat sahəsinin inkişaf etdirilməsi üçün konkret proqramlar hazırlanmışdır.[5]
Sosial infrastrukturu
İqtisadi rayonun sosial infrastrukturuna ümumtəhsil və orta ixtisas məktəbləri, ali məktəblərin filialları, mədəni-maarif və səhiyyə ocaqları, muzey və teatrlar daxildir.
Coğrafiyası
İqlimi
İl ərzindəki günəş parıltısının miqdarı 2200–2400 saatdır. Ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0;-5 °C), çox yumşaq (2.5–0 °C) və həddən çox yumşaq (5–2.5 °C) şəraitdə keçir. İsti dövrlərdəki (aprel-oktyabr)mümkün buxarlanma 400–1000 mm tərtibindədir. İyun-sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5–25 günvə az, küləyin orta illik sürəti isə 2m/san və az olur. İqlim kontinentallığı zəif, mülayim və orta kotinentallıq intervalında səciyyələnir. İl ərzində şaxtasız dövrün davamiyyəti 150–250 gün və daha çox, havanın temperaturunun 0 °C-dən aşağı olan günlərin sayı 20–120 gün ətrafında tərəddüd edir. Dəniz səviyyəsindən 500–700 m yüksəkliklərə qədər sahələrdə subtropik, yuxarılarda isə mülayim, sərin və soyuq iqlim hakimdir. Düşən yağıntıların miqdarına görə Lənkəran-Astara zonasından sonra ikinci yeri tutur. Ərazinin ən quraq yeri Acınohur ətrafı (300–350 mm), ən rütubətli yerlər (1000–1300 mm) orta yüksək dağlıq ərazilərdir.
Çayları və gölləri
Ərazinin əsas çaylarının uzunluğu və mənbəyinin yüksəkliyi aşağıdakı kimidir:Mazım (30 km; 2720m), Kiş (33 km; 3680 m), Şin (39 km;2800 m), Balakənçay (39 km;1000 m) Əyriçay (46 km; 3200 m) Katex(54 km; 2840 m), Qaraçay (56 km;2800 m), Kümrük(55 km; 3480 m), Dəmiraparan(69 km; 3400 m), Əlican (98 km; 3500 m), Türyan (180 km; 3680 m), Qanıx (413 km; 3500 m) və s. Bu çaylar ən gursulu və selli çaylar hesab edilir. Ərazi Oğlanbulaq, Qızbulaq, Hamambulaq, Budusşor, Ağbulaq, Xal-xal kimi termal-mineral su yataqları ilə çox zəngindir. Ərazidə Tufangöl, Turfangöl, Nohurgöl, (Qəbələ), Acınohur(Qax) gölləri vardır.
Torpaq örtüyü və biomüxtəlifliyi
Ərazidə dağ-çəmən, dağ-çəmən-meşə, qonur-dağ-meşə, qəhvəyi-dağ-meşə, çəmən-qəhvəyi, boz-dağ-qəhvəyi, dağ-şabalıdı, şabalıdı, boz, çəmən-meşə və çəmən torpaqlar geniş yayılmışdır. Ərazidə zəngin və özünəməxsus lanşafta malikdir. Region Azərbaycanın ən meşəli ərazilərdəndir. Ərazinin düzənlik sahələrindəqızılağac (Alnus sp.), qanadmeyvə yalan qoz(Pterocarya pterocarpa), hibrid qovaq (Populus hybrida), uzunsaplaq palıd(Quercus longipes) növlərindən ibarət düzən meşələri mövcuddur. Bozqır yayla ərazilərdə ardıc növləri (Juniperus sp.), saqqızağac (Pistacia mutica) və iberiya palıdı (quercus iberica) meşəlikləri mövcuddur. Alp qurşağında (2600–3200 m) alçaqboylu otlardan ibarət alp xalıları yayılmışdır. Onlardan alp zəngiçiçəyi (Campanula alpestris), çobanyastığı, alp ətirşahı (Geranium alpestre), alp mahmızlaləsi(Corydalis alpestris), qafqaz dovşankələmi (Sedum villosum), alp qayaotu (Sempervivum alpestre) alp unutması (Myosotis alpestres) və s.göstərmək olar. Nival qurşaq(3600–4400 m) bitki örtüyü olmayan çılpaq qayalıqlardan və buzlaqlardan ibarətdir. Bölgənin mədəni irsi və etnik palitrası rəngarəng və zəngindir. Burada azərbaycanlılar ilə yanaşı avar, saxur, ləzgi, gürcü, yəhudi, udin, ingiloy, qaraçılar və s xalqlar və etnik qruplar əsrlər boyu qardaşlıq və mehriban dostluq şəraitində yaşayırlar. Burada qədim dövrlərə aid yaşayış məskənləri, arxeoloji materiallar, antik və orta əsrlər dövrlərinə aid qala və istehkamlar, tarixi-memarlıq abidələri, məbədlər və müqəddəs yerlər mövcuddur. Ərazi buzlaqlar, morenlər yüksək dağ gölləri, şəlalər, yaşı 500–1000 il olan veteran ağaxlar kimi təbiət abidələri ilə olduqca zəngindir.
Turizm imkanları
Qaxda Oğlanbulaq, Qızılbulaq, Mosku, Hamambulaq, Qəbələdə Bum, Oğuzda Xalxal, Buqusşor və Ağbulaq kimi çoxlu mineral bulaqlar vardır. Ərazidə bir neçə sanatoriya fəaliyyət göstərir. Şəki-Zaqatala iqtisadi rayonunda Qafqaz Albaniyasının memariyyə abidələri cəmlənmişdir. Bunun səbəbi indiki Qəbələnin Albaniyanın paytaxtı olmasıdır.
Qaxda "İlisu" Dövlət Qoruğu yerləşir. Rayonun bəzi ərazilərində ovçuluq üçün münasib yerlər var. Qaxdakı "Sumuq" qalası, "Kürmük" məbədi taixi baxımdan çox əhəmiyyətlidir.
"Zaqatala" Dövlət qoruğu, Zaqatala mərkəzi mədəniyyət və istirahət parki- "Heydər" parkı, "Zərifə Əliyeva" adına park, "Dədə Qorqud" meydanı Zaqatala əhalisinin sevimli istirahət yerləridir. Zaqatalada yerləşən "Pəri", "Şeytan" qalalarının tarix turizm baxımından əhəmiyyəti böyükdür.
Oğuza meşə resurslarına görə "Azərbaycanın İsveçrəsi" deyirlər.
Şəki rayonunda yerləşən Marxal turizm zonası xüsusilə fərqlənir. Qəbələdə Yeddi gözəl şəlaləsi məşhurdur. Şəkidə "Gələrsən-Görərsən" qalası, Xan sarayı tarixi əhəmiyyətə malikdir. Şəkinin Kiş kəndində inşa olunmuş alban məbədi Zaqafqaziyada tikilmiş ilk xristian kilsəsidir.
İstinadlar
- M. A. Müseyibov. Azərbaycanın fiziki coğrafiyası. Bakı 1998, 400 səh
- Məmmədov Z. S., 2007.
- İmrani Z. T., 2008
- Məmmədov Z. S. 2002
- Azərbaycan Respublikasının Coğrafiyası, III cild, Regional Coğrafiya, Bakı, 2015. səh 400 (Paşayev N. Ə., Ağakişiyeva G. R.)