Şəhabəddin Mərcani
Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 1818[1][2][…], Kazan – 1889[1][2][…], Kazan) — tatar alimi,Nəqşibəndiyyə təriqətinin şeyxi, filosofu, tarixçisi, etnoqrafı, maarifçisi.
Şəhabəddin Mərcani | |
---|---|
tatar. Шиһабетдин Мәрҗани | |
Doğum tarixi | 1818[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1889[1][2][…] |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
"Tərcüman" fikirlərinin təsiri altında 1885-ci illərə doğru Kazan türklüyünün mərkəzi olan Kazan şəhərində milliyyət fikrinin tarix və etnoqrafiya sahəsində göründüyünə şahid oluruq. O zamana qədər özlərini sırf müsəlman sayan və şüursuz bir şəkildə dillərinə "türk dili" deyən kazanlılar içində yenilikçi elm adamlarından Şəhabəddin Mərcani, tarixi əsərlərindən birisini, "Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan" adlı Kazan tarixini Kazan türkcəsi ilə yazır və o əsərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə xatırladır və elan edir. "Mustafadül-əxbar"ın bu barədəki məşhur cümlələri bunlardır: "Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib "biz tatar deyil, müsəlmanıq!" deyə qovğa və mücadilə edirlər… Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinin və millətin düşmənləri bilməsəydi, əlbəttə, səni "müsəlman" deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, hatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?"[4]
Şəhabəddin həzrətin millətinə bu hiddətli xitabı, kazanlıların öz tarixlərinə, öz soy və köklərinə dəyər və önəm vermədiklərini tənqid etmək üçündür: "…Tarix elminin böyüklüyü və insanların yaşayışına ilgilərinin azlığından qismətsiz və verimsiz olub, heç bir zaman olayların baş verməsini, macəralarını bəyan və zəbt edilməyərək cahan alimləri, hökmdarlar və böyük hakimlər kimi babalarımız, atalarımız və xalqımız tərəfindən bilinməyərək büsbütün bilinməzlik örtüyü altında qalmış, hətta qövmümüzün əksəriyyəti, əzəldən bəri bu yolda Rusiya hökumətinin idarəsi altında yaşayırıq -zənnindədir və Bolqar və Kazan əhvalından "Şəhri-Bolqar övliyaları" və ya "Əzizlər qəbri" və "Xan məscidi" və bir şeyi köhnəlikdə mübaliğə məqamında "Hao Xan zamanındakı iş" deməkdən başqa heç bir şey bilmirlər və bu sözün anlamını belə sağlam təsəvvür və dərk edə bilmirlər. Öz qəbilələrindən nə qədər şöhrətli hökmdarların gəlib keçdiyi haqqında bilgiləri yox "[5]
İstər yuxarıdakı xitab, istərsə də bu müşahidə yazarın milli şüur sahibi olduğunu açıq göstərməkdədir. Tuna bolqarlarının ilk milliyyətçi tarixçilərindən Paisi də 1762-ci ildə yazdığı "Slav bolqar tarixi" adlı əsərində bolqarları kəndi milliyyətlərinin adını tələffüz etməkdən çəkindikləri üçün çox acı sözlərlə qınayır və onlara "Ey ağılsızlar! Nə üçün öz milliyyətinizdən çəkinir, nə üçün bolqar deyə adlandırılmanızdan utanır və rumların hiyləgər siyasətlərinə tabe olursunuz?" -deyə xitab edirdi.[6]
"Əhvali-Kazan" və "Bolqar tarixi" yazarı ilə "Slavyan və bolqar tarixi" yazarının yüz ilə yaxın bir müddətdən sonra, ancaq eyni sözlərlə xitab edərək millətlərinə milli şüur və duyğu aşılamağa çalışmaları yalnız təsadüfdürmü? Yoxsa, Şəhab həzrət, rusca vasitəsilə Paisinin əsərini oxumuşdurmu? Bu məsələni Şəhab həzrətin həyatı və əsərləri üzərində dərin araşdırmalar aparan kazanlı gənc alimlər həll etsinlər. Şəhab həzrətin tarixi və müəyyən dərəcəyə qədər siyasi milliyyətçiliyi, bütün türklük fikrinə qədər yüksəlməmişdir: həzrətin Quzey türklərindən kazanlıları çox açıq və qəti olaraq "tatar" deyə adlandırması bunun açıq bir əlaməti sayıla bilər.[7]
Şəhab həzrətin milliyyətçilik baxımından türk dil və ədəbiyyatı ilə ciddi olaraq məşğul olduğu da iddia edilə bilməz. Baxmayaraq ki, həzrətin şəxsi söhbətlərində "söz arasına rusca qarışdırmaqdan çəkinmək, mümkün olduğu qədər ana dilini qorumağa çalışmaq" tövsiyələrini irəli sürdüyünü, Şəhri Şərəf Əfəndi nəql edir, və bu deyilənlərin doğruluğuna şübhələnməli heç bir səbəb yoxdur. Quzey alimləri və mütəfəkkirləri, xalqın rus assimilyasiyasından qorunması üçün daima bu görüşü müdafiə etmişlər. Ancaq ruscaya qarşı müstəqilliyini qorumaq istədiyi Quzey türkcəsinin Doğu dillərinə, ərəbcə və əcəmcəyə qarşı müstəqilliyini müdafiə etmək meyli Mərcaninin yazılarından çıxarıla bilməz. "Türkcə" deyə yazdığı əsərləri, məsələn, indi gözümün qabağında olan "Mustəfadül əxbar"ı ərəb və əcəm kəlmələri ilə başdan-başa doludur. Şəhabəddin Mərcaninin üslubu, bəlkə Buxarada çox qalmış olmasındandır; Cığatay ləhcəsini andırır. Türkcəyə etinasızlığı zamanında bəzi tənqidçilərin, xüsusən Quzey türkcəsini elm və ədəbiyyat dilinə çevirməyə çox çalışan Qəyyum Nasirinin haqlı tənqidinə məruz qalmışdır.
Bununla bərabər, o zamana qədər bütün islam aləmində qüvvətli bir ənənə olan elmi və ciddi əsərləri ərəbcə yazmaq qaydasını qıraraq "Mustafadül-əxbar"ı türkcə yazmış olması və dostlarından Kısxanoğlu Hüseyn Əfəndinin tatarca qramerə aid əsərinə çox önəm verməsi, Mərcaninin milli dilin qiymətini qavramış olduğunu göstərir.
Şəhab həzrət, o zamanlar, "Rus tatar Darülmüəllimin" müdiri kimi Kazanda yaşayan məşhur şərqşünas Radlovun dostu və Darülmüəllimində ilahiyyat müəllimi idi. Radlov vasitəsilə rus tarixi, qədimiyyat (əski çağlar tarixi) və qövmiyyət (etnoqrafiya) alimləri ilə tanış oldu. Radlovun türk tatar dil və ləhcələri haqqındakı araşdırma və incələmələrindən xəbərdar olmaması mümkün deyildi. Həzrətin Avropa alimi ilə təmasından görüş dairəsini genişlətmiş, çalışma tərzini kamilləşdirmiş olmasına hökm etmək xəta olmaz.
Milliyyətçilk şüurunun Quzey türklüyü içində meydana gəlməsinə "Tərcüman" qəzetindən sonra ilk xidmət edən əsərin "Mustəfadül-əxbar" və ilk xidmət edən böyük adamın Şəhabəddin Mərcani olduğu üzərində bütün qənaətlər birləşməkdədir. Şəhabəddin Mərcaninin millətdaşlarına acı-acı xitabı çöldə bir nida kimi qeyb olub getmədi; şagirdləri ustadın yalnız dini sahədə yenilik fikirlərini deyil, tarixə dayanan milliyyətçiliyini də davam etdirdilər və inkişaf etdirdilər. Bu şəkildə Quzey türklüyündə XIX yüzilin son rübündən etibarən milliyyətçilik, türklük fikir və hərəkatları başlanmış oldu.
İstinadlar
- Swartz A. Shiḣabetdin Mărjani // Open Library (ing.). 2007.
- Shiḣabetdin Mărjani // Faceted Application of Subject Terminology.
- Tatar Encyclopedia (tatar.). 2002.
- Şəhabəddin İbni Bəhaəddin Mərcani, Əl qismül əvvəl, min kitabi "Mustafadil əxbar fi əhvali Kazan və Bulqar", Kazan Dövlət Mətbəəsi, 1885, s. 6
- Eyni yerdə.
- "Bulğarıstanda turançılıq fikri" (Bulğarıstandan məktub) "Türk yurdu", il XV, sayı 16, s. 450.
- Şəhabəddin Mərcaninin əsərlərini şəxsən incələmədim. Bu hökmlərim, rəvayət halındakı məlumatlara və həzrətin anadan olmasının 100-cü ildönümü münasibətilə Kazanda hazırlanmış və nəşr olunmuş "Mərcani" adlı kitabın içindəkilərə görədir. Bir yazı heyəti tərəfindən hazırlanan və Saleh Abdullin tərəfindən yayınlanan "Mərcani", 1333-də (1917) Kazanda Maarif Mətbəəsində basılmış, 639 səhifəlik ciddi və dəyərli bir əsərdir.