Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini.[1][2]
Şəfi bəy Rüstəmbəyli | |
---|---|
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli | |
7 dekabr 1918 – 28 aprel 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 aprel (3 may) 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1960 (67 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub.[3] Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir.
Mühacirət
1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir. İstanbulda 1923–1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928–1931-ci illərdə "Azəri türkü", 1928–1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi"ni nəşr etdirməyə başlayır. Onun burada dərc olunan məqalələrinin hər biri Azərbaycanın bir tarixi səhifəsidir. Yeri gəlmişkən qeyd edək ki, Türkiyədə nəşr olunan "Azərbaycan yurd bilgisi"nin bütün nömrələri S. Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunub saxlanılır.
Xaricdə yaşayan mühacirlərin durumu çox ağır idi, Şəfi bəy də onlardan geri qalmırdı. Lakin öz güzəranını qura bilənlər də var idi. Ədalət Tahirzadənin bildirdiyə görə, Şəfi bəyi ağır durumdan da onlar çıxarıblar:[1]
Şəfi bəyə kömək etdilər. Xəlil bəy Xasməmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı - onlar kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi, 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük. |
Ölümü
Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda "Vətən", "Azərbaycan" deyərək dünyasını dəyişir. Harada dəfn olunması uzun müddət məlum olmamışdır. Araşdırılmalardan sonra məlum olmuşdur ki, Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə, İstanbulda yerləşən Feriköy məzarlığında dəfn edilmişdir.
Siyasi fəaliyyəti
1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultaıynda Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri Şəfi bəy Rüstəmbəyli olmuşdur. Həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da iştirak edir. Şəfi bəy 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya komissarlığının və seyminin müsəlman fraksiyasının fəal üzvlərindən sayılırdı. Həmin dövrdə Şəfi bəy Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Tiflisdə və Gəncədə yaranmış bölmələrində çalışmışdır.
Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru olmuşdur. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb.
Hökumətdə
Şəfi bəy Rüstəmbəyli "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir.
Parlamentdə
Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də təntənəli surətdə açılmış Azərbaycan parlamentinin deputatı seçilir. Şəfi bəy "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. O, hələ Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin Baş redaktoru olduğu dövrdə – 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur.
Aprel işğalı zamanı parlamentdə qızğın mübahisələr gedən zaman Şəfi bəy Rüstəmbəyli Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə qətiyyətlə mübarizə aparmağın tərəfdarı olur. Lakin Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edilir.
Parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür: "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayırdı".[mənbə göstərin]
Siyasi partiyada
1911-ci ilin oktyabrında gizli şəkildə əsası qoyulmuş Müsəlman Demokratik Müsavat Partiyasının Kiyevdə oxuyan azərbaycanlı tələbələr arasında da şöbəsi yaradılır. Şöbəyə o vaxt tələbə olan yazıçı Yusif Vəzir Çəmənzəminli rəhbərlik edirdi. Partiyanın fəal üzvlərindən biri də Şəfi bəy Rüstəmbəyli idi. O, 1919-cu il dekabrın 2-dən 6-dək Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının ikinci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilir.
Torlokyan məhkəməsi
Türkiyənin tanınmış qəzet yazarı Murad Çulcunun 1990-cı ildə İstanbulda nəşr etdirdiyi "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" adlı kitabında bildirilir ki, Şəfi bəy Rüstəmbəyli İstanbula daxil olduğu gündən qızğın fəaliyyətə başlayır. Tarixi əsər olan bu kitab XX əsrin məhkəməsi adını qazanmış Torlokyanın mühakiməsinə həsr olunmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlokyan İstanbulun "Pera-Palas" hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Qısa vaxtda ermənilər qatil Torlokyanın müdafiəsinə səfərbər olunurlar. Behbud xan Cavanşir tərəfdən isə şahidlər təəccüb və təəssüfdoğuracaq qədər az idi – cəmi 6 nəfər. Qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, bir də Şəfi bəy Rüstəmbəyli. Lakin şahidlərin arasındakı kəskin fərqə baxmayaraq, ittiham şahidləri bu cinayətin əsl mahiyyətinin açılmasına, erməni qatilinin ifşa edilməsinə nail olurlar. Məhkəmədə ittiham şahidi qismində ilk ifadə verən Şəfi bəy Rüstəmbəyli olur. Hüquqşünas ixtisası yenə də onun köməyinə gəlir. Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: "1918-ci ildə Bakıda partiyalar varmıydı?", "Bu partiyaların birinə mənsub idinizmi?", "Azərbaycan" qəzetində fəaliyyətiniz nədən ibarət idi?", "Hansı mövzuda məqalələr yazırdınız?", "1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" Şəfi bəy soruşulan bütün suallara böyük ağıl-zəka və doğru-dürüst cavab verir, məhkəməni çaşdırırdı. Bilərəkdən qatilin cinayəti arxa plana keçirilir, vəkillərin sualları daha çox Şəfi bəyin Azərbaycandakı ictimai-siyasi mövqeyinə və "Azərbaycan" qəzetindəki redaktorluq fəaliyyətinə həsr olunurdu: "Azərbaycan"ın mətbəəsi Bakının harasında yerləşirdi?" və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli" qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün? Dalbadal suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və o, hazırladığı protokolda onu belə ifadə edir:
...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? "Müsavat" partiyası üzvlərindən "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır. |
Nəticədə cinayət sübut edilsə də, tribunalın qərarı ədalətsiz və sarsıdıcı olur, qatil bəraət alır, cəzasız qalır.
Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır:
Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı. |
Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.
Ailəsi
- Atası Mustafa bəy Rüstəm bəy oğlu Rüstəmbəyov (d. Qəbələ, Çocuq Pirəli k. — ö. 1920, Bakı) Qəbələ bəyi olmuşdur.1920-də bolşeviklər onu oğlu Hacı bəylə birlikdə güllələyib. Məhəmmədəmin Rəsulzadə özünün "Azərbaycan Cümhuriyyəti" kitabının sonunda verdiyi "Azərbaycan qurbanlarından bir listə"dəki istiqlal şəhidləri sırasında "Ağdaş əyanından" Rüstəmbəyli Mustafa bəyin də adını çəkib. Qəbələnin Kiçik Pirəlli kəndindəki evi hal-hazırda da sağlam vəziyətdədir. Mustafa bəyin Qəbələnin Mamaylı kəndində doğulmuş Rüstəmbəyli Şəfi bəydən başqa, Cəfər bəy, Hacı bəy və Baxış bəy adlı oğulları da olub.
Deyilənlər
Şəfi bəyin yaxın qohumu Əliağa Şahmalıyev uzun illər ailədə Şəfi bəyin adını çəkməyin yasaq olduğunu deyir:[1]
Rüstəmbəylilər çox böyük nəsil olub. Mən Şəfi bəyin qardaşı Hacı bəyin qızının oğluyam. Şəfi bəy mənim anamın əmisi idi. Sovetlərin gəlişindən sonra başqaları kimi Rüstəmbəyovlar zülmə düçar oldular. Bəziləri Rüstəmov oldular - bəy sözü silindi. Şəfi bəyin atasını Sovet hökuməti güllələdi. Mustafa bəy Qəbələ bölgəsinin ən sayılan adamlarından olub. İndiyə kimi də insanlar "Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol" deyə xatırlayırlar. Şəfi bəyin qardaşı Cəfər bəy Tiflisin baş terapevti idi. Onlar Tiflisdə yaşayırdılar. M.C.Bağırov onu Bakıya işə dəvət etdi və 6 aydan sonra güllələdi. Nənəm danışırdı ki, onu məhbəsdə az qala acından öldürmüşdülər.... |
Qeyd edək ki, Şəfi bəy Rüstəmbəyovun qardaşı Cəfər bəy Rüstəmbəyli Azərbaycan Xalq Cümhuriyyətinin Kuban Xalq Respublikasındakı səfiri olmuşdur. Tarixçi Ədalət Tahirzadə bu barədə bunları demişdir:
Həkim kimi də çox peşəkar idi. O, 1924-cü ildə İstanbula gedib Şəfi bəylə görüşmüşdü. |
Ədalət Tahirzadə Şəfi bəyin atası Mustafa bəy Rüstəmbəyov haqqında bunları demişdir:
Şəfi bəyin atası Mustafa bəy də Cümhuriyyəti həddindən artıq sevən bir insan idi. Hətta Cümhuriyyət ordusuna 20 min cüt çəkmə və paltar bağışlamışdı. Mustafa bəyi də Müsavat hökumətinin Daxili İşlər Nazirinin müavininin atası olduğu üçün güllələdilər. |
Əsərləri
İstinadlar
- ""Mətbuat haqda qanun"un ilk müəllifi…". 2022-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
- ""Mətbuat haqda qanun"un ilk müəllifi…". 2011-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
- Ədalət Tahirzadə. "Qəbələ Rüstəmbəyliləri". Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri. 11-ci buraxılış. 2023: 89. ISBN 978-9952-559-30-9. 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-22.
Xarici keçidlər
- Şəfi bəy Rüstəmbəyli — Rəsulzadənin şikəst zehniyyəti
- Şəfi bəy Rüstəmbəyli — Rəsulzadənin maliyyə rəzaləti