Şüştər (muğam)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.[1]
Bu məqalə Şüştər muğamı haqqındadır. Digər mənalar üçün Şüştər (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı.
Etimologiya
Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür: 1. Say adları 2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları. 3. Tarixi şəxsiyyət və ifaçının adı ilə bağlı muğam və şöbə adları. 4. Müxtəlif adlar.
Şuştər İranın cənubunda, Küveytlə sərhəddə, İran körfəzində yerləşən kiçik bir şəhərdir. Keçmişdə, müxtəlif dövrlərdə, bu şəhərin adı dəfələrlə dəyişdirilmişdir. Belə bir ehtimal var ki, şəhərin adı Şüstər, Şüst, Şeşdər, Şeştər və s. olmuşdur. Bir çox muğamlarda olduğu kimi, bu muğam da eyniadlı şəhərin adı ilə bağlıdır.[2]
Şüştər muğam dəstgahı kimi
“Şüştər” muğam dəstgahının tərkibindəki “Osman-Gərayi”, “Keşişoğlu”, “Qara kürd” kimi hissələr aşıq musiqisindən götürülmüşdü. Sazəndə yaradıcılığında işlənən bu musiqi nümunələrinə xanəndələr söz qoşaraq onu öz yaradıcılıqlarına uyğunlaşdırmış, “Şüştər” muğam dəstgahında zərbi muğam kimi istifadə etmişlər.[3] Tarzən Mirzə Fərəcin “Şüştər” muğam dəstgahının tərkibi haqqında tərtib etdiyi siyahıda 8-dən 13-dək olan hissələr yalnız instrumental zərbi muğamlardır. Bəzi belə zərbi muğamlar bu günümüzdə də həm vokal-instrumental, həm də instrumental şəkildə yaşayır. 1925-ci ildə “Muğam şurası”nın qəbul etdiyi proqramda “Şüştər” 8 şöbə və guşəni əhatə etmişdi: “Əmiri”, “Şüştər”, “Şüştərək”, “Tərkib”, “Şüştər”, “Sarənc”, “Məsnəvi”, “Şüştər”. “Şüştər”in yuxarıda qeyd edilən tərkibini əvvəlki cədvəl ilə müqayisə etsək, hər iki cədvəlin tam uyğunluğunun şahidi olarıq. Belə ki, “Muğam şurası” “Şüştər” muğam dəstgahının Mirzə Fərəcin tərtib etdiyi ilk şöbələrinin (1-dən 6-dək) siyahısına təkcə “Tərkib” şöbəsini daxil etmişdi, qalan şöbələr isə hər iki cədvəldə eynidir (instrumental zərbi muğamları çıxmaq şərtilə). Görünür, XIX əsrdə “Tərkib” şöbəsi “Şüştər”ə daxil olmamış, yalnız “Humayun” dəstgahında və bəzi muğamlarda işlənmişdi. Ehtimal ki, “Humayun” və “Şüştər” eyni səs düzümü əsasında qurulduğu üçün “Muğam şurası” “Tərkib” şöbəsini “Şüştər” muğam dəstgahına əlavə etməyi qərara almışdı. Nəticədə “Şüştər” muğam dəstgahının diapazonu zil registr hesabına genişlənmiş, dəstgah müəyyən mənada dolğunlaşmışdı. Hazırda xanəndə və sazəndələr tərəfindən ifa olunan “Şüştər” daha da cilalanmış müstəqil muğam dəstgahlarından sayılır[4].
Bərdaşt, əmiri, şüştər, tərkib şöbələrindən ibarət kiçik bir dəstgahdır. O, öz bədii ruhi təsir cəhətindən dərin kədər hissi daşıyır.
Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.[5]
- Şüştər muğamı əsasında bəstələr
- Əhsən Dadaşovun rəhbərliyi ilə xalq çalği alətləri ansamblı - Şüştər rəngi
- Arzu Səlimova - Şüştər rəngi - musiqi: Əhsən Dadaşov
- Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı - Şüştər rəngi
Şüştər musiqi ladı (məqamı) kimi
Şüştər ladı (məqamı) – Azərbaycan musiqisində yeddi əsas məqamdan biri (Ü. Hacıbəyov). Şərq musiqisində qədim məqamlardan biridir. Lad etibarilə, o, Şur muğamına daha yaxındır.[2] Quruluşu: 1/2 -1- 1/2 ton formullu iki tetraxordun yanaşı üsulla (art. 2 - intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 8 pilləlidir, VI pillə mayə (tonika) pilləsidir, bu məqamda III pillə də mayə ilə yanaşı, tamamlayıcı ton əhəmiyyətini daşıyır.
Məqamın səssırasının III, VI, VII pillələri istinad-dayaq pilləsi kimi “Şüştər” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır.[8]
Şüştər ladında bəstələr
- Xalq mahnıları
- Aman təklik əlindən
- Girdim yarın baxçasına
- Gözəlim sənsən
- Xalq Rəqsi " Uzundərə"
- Aşıq havaları
- Mansırı
- Bəstəkar mahnıları
- Üzeyir Hacıbəyov - "Arşın mal alan" operettasından Gülçöhrənin naləsi və ariyası [9]
- Səid Rüstəmov - "Bənövşə" (sözləri: Aşıq Qurban) [10]
- Rəqslər
- Yüz bir [11]
Mənbə
Xarici keçidlər
- Muğam festivalı Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine
Həmçinin bax
İstinadlar
- "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Şüştər". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- "Eldar Mansurov - Muğamın tarixi. Muğam adlarının yaranması haqqında. Qobustan jurnalı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- Şəbnəm Şıxəliyeva, ŞÜŞTƏR VƏ HUMAYUN MUĞAMLARININ MÜQAYİSƏLİ ARAŞDIRILMASI.
- AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ
- "Muğam Ensiklopediyası - Rəng". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- "Encyclopedia Iranica - Iran. Music". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
- "Foundation of Iranian Studies - Persian System of Modes". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
- "Muğam Ensiklopediyası - Şüştər". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Şüştər". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- Əfrasiyab Bədəlbəyli - Muğamlar Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. “Azərbaycan pioneri”, 21, 24 fevral 1961.
- "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.