Şövqi Əfəndi
Şövqi Əfəndi Rəbbani — bəhailər onu yeni İlahi dinin Mühafizi olaraq qəbul edirlər. Əbdül-Bəha Abbasdan sonra dinin Vəlisi (Vəliyyi Əmrullah), Mühafizi təyin olunmuşdur.
Dinin Mühafizi kimi
Əbdül-Bəhanın süudu ilə Bəhai Erasının Qəhrəmanlıq və ya Həvvarilik dövrü sona yetdi. Şövqi Əfəndinin "Allah yaxından keçir" kitabında "Allahın məst etdiyi qəhrəmanlar Qalaktikası" adlandırdığı 20 mindən çox şəhid İranda canlarından keçərək "öz növbəsində yaranmaqda olan İlahi Dinin hər yeri əhatə etməkdə olan hərəkatına əlavə təkan" vermişdilər. Əbdül-Bəhanın yazılı olaraq qoyduğu Ruhani Vəsiyyətnaməsinə uyğun olaraq böyük nəvəsi Şövqi Əfəndi Rəbbani Bəhai dininin Mühafizi təyin edilirdi. Şövqi Əfəndi o vaxt Oksforddakı Bolliol kollecinin iyirmi dörd yaşlı tələbəsi idi. O, babasının onun üçün hazırladığı qeyri-adi vəzifədən tamamilə xəbərsiz halda zəruri biliklər əldə edib, Bəhai Yazılarının tərcüməçisi olmaq həvəsilə səylə çalışırdı. Onu Əbdül-Bəhanın yaşadığı və dəfn olunduğu Müqəddəs Torpağa, Hayfaya cağırırlar. Mühafizin şərhçiliyinin ilhamverici qüvvəsi vasitəsilə Əbdül-Bəha Bəhai Dinini başqa dinlərin ruhani qüvvələrini gücdən salan parçalanma və təriqətçilikdən qorumuşdur. Şövqi Əfəndinin Mühafizliyi dövründə Bəhai dini yeni-yeni ölkələrə yayılmağa, bəhai ədəbiyyatı isə bir çox dillərə tərcümə edilməyə başlayır. Əmrin (Dinin) Mühafizi Şövqi Əfəndinin istedadı və fədakarlığı sayəsində Bəhai dünyasındakı uğurlar, o cümlədən İnzibati Quruluşun inkişafı və Müqəddəs Torpaqlarda Bəhai Dininin dünya Mərkəzinin genişləndirilməsi və bəzədilməsi mümkün olmuşdur. Dünyasını erkən dəyişmiş Şövqi Əfəndinin həyatı və uğurları haqqında çox danışılmışdır. Şövqi Əfəndi bəhai dünyasından kənarda hələ kifayət qədər tanınmamışdır. Onun ədəbi irsinə həcmi 181 min sözdən ibarət Bəhai Erasının birinci yüzilliyinin tarixi daxildir, nəşr olunmuş məktubları – bu daha 300 min sözdən ibarət mətndir. Bundan başqa, ayrı–ayrı şəxslərə, qruplara, komitələrə, Yerli və Milli Bəhai Məhfillərə yazdığı minlərlə məktub da bura daxil edilə bilər. Onun yazılarının böyük hissəsi fars və ərəb dillərindədir; bu dillərdə yazılmış on beş min məktubu toplanmış, mikrofilmlərə salınmış və öyrənilmişdir. Onun fars və ərəb dillərindən ingilis dilinə olan tərcümələri daha 750 min sözdən ibarətdir. Məhz bu tərcümə işləri onun şərhçi kimi keyfiyyətlərini daha qabarıq şəkildə üzə çıxarmışdır; şərq dilləri üzrə mütəxəssislər etiraf edirdilər ki, yalnız Şövqi Əfəndinin tərcümələrini oxuduqdan sonra orijinalların mənasını daha yaxşı dərk etməyə başlamışlar. Şövqi Əfəndinin istedadı ədəbi fəaliyyətlə məhdudlaşmırdı; O, Milli Ruhani Məhfillərə Əmri yaymaq planlarını hazırlamaqda, Kərmil dağında Babın məbədinin və Əkka yaxınlığındakı Bəhci ətrafındakı bağların (harada ki, Bəhaullah yaşamışdı) layihələşdirilməsində və salınmasında yaxından iştirak edirdi. İnsan təbiətinin yaxşı bilicisi kimi o, bütün qruplardan və dinlərdən olan insanlara dəyərli və ruhlandırıcı məsləhətlər verirdi. Bütün bunlar və yaşadığı sadə şəxsi həyatı ilə birlikdə Bəhai Dininin birinci və yeganə Mühafizi Şövqi Əfəndinin şəxsiyyətini təşkil edirdi. Şövqi Əfəndi 1957-ci ilin noyabrında ömür yoldaşı Ruhiyyə xanımla Londonda səfərdə olarkən Asiya qripinə tutularaq dünyasını dəyişir. O, Londonun Yeni Sautgeyt qəbirstanlığında dəfn olunmuşdur.
Mənbə
- Azər Cəfərov "Bəhai Dini" Bakı-2005