İstisu (Xaltan)
İstisu — Quba rayonu ərazisində yerləşən təbii mineral bulaq.
Haqqında
Burdan çıxan isti kükürdlü və digər mineral tərkibli təbii su Kəlbəcərdəki İstisu bulağından sonra Azərbaycan ərazisində ən keyfiyyətli təbii müalicə mərkəzi hesab olunur. Hər il minlərlə insan müalicə məqsədilə İstisuda qonaq olur. Gələnləri daha çox ölkənin şimal və şimal-şərq rayonlarının əhalisi təşkil edir. Gil-gilçay çayının mənbəyinə yaxın-Xaltan və ya Dəhnə kəndlərinin yaxınlığında yerləşən bu müalicəvi ərazidə su vannasının qəbulu üçün iki bina inşa edilmişdir. Çayın sağ sahilindəki bulaq sol sahildəki bulaqla müqayisədə daha istidir. Bu isə həmin bulağın mənbəyinin yerin daha dərin qatında yerləşməsi ilə bağlıdır. Bu iki bulağn ətrafında isə çoxlu sayda isti kükürdlü suyu olan kiçik bulaqlar vardır. Ölkə ərazisindəki bir çox istu sularla müqayisədə burda su şor tamlı deyil.
Tarixi
Qubanın Xaltan kəndi yaxınlığında yerləşdiyi üçün burdan çıxan suyu bəzən Xaltan və ya Xaldan suyu da adlandırırlar. Xaltan (Xaldan) sözünün mənası əslində iran mənşli dillərdə — tat və osetin dillərində "isti su" mənasını ifadə edir. İstisunun müalicə mərkəzi kimi istifadə olunması tarixi qədimdir. Yerli əhali arasında yayılmış rəvayətlərə görə hətta Səfəvi hökmdarı Şah I Abbas da burda müalicə məqsədilə olmuşdur. İstisuda yerləşən qədim qəbirlərin formasına diqqət yetirdikdə həmin qəbirlərin təxminən XVIII–XIX əsrlərə qədər gedib çatdığını söyləmək olar.
Müalicə üsulu və faydaları
Müalicə üsulu kimi daha çox vanna qəbul edilir və bu zaman isti su içilir. Nəticədə insan orqanizmində güclü tərləmə baş verir. Bu prosesin gedişində insan orqanizmində toplanmış duzlar bədəndən xaric olunur. İstisu yel xəstəlikləri, dəri xəstəlikləri, öd kisəsinin, mədə-bağıraq sisteminin, böyrəklərin təmizlənməsinə, hərəkət sistemi ilə bağlı yaranan problemlərə-ayaqlarda, oynaqlarda ağrılara müsbət təsir göstərir. Vanna qəbulundan sonra da tərləmə prosesi bir-neçə saat davam edir. Bu müalicə əsnasında xəstə özünü soyuqdan qorumalıdır. Çünki kəskin tərləmə zamanı orqanizmə soyuq dəyməsi mənfi nəticələrə gətirə bilər. Buna görə də xəstə vanna qəbul etdikdən sonra tərləmə prosesi zəifləyənə qədər tez-tez geyimini dəyişərəq quru paltar geyməlidir. Bununla yanaşı müalicə müddətində soyuq içkilərin içilməsi də qəti qadağandır. Çünki isti su qəbulundan sonra daxili orqanlarda gedən yumşalma prosesində soyuq içki qəbulu tənəffüs sistemi və qan-damar sistemi orqanlarında iltihablaşma yə ya başqa formalı kəskinləşməyə səbəb ola bilər. Müddəti kimi İstisuda əsasən on gün müalicə davam etdirilir. Müalicə başa çatdıqdan ən azı on gün sonrakı müddət ərzində də soyuqdan və soyuq içkilərdən xəstə özünü kənar saxlamalıdır.
Marşrut
Müalicə mərkəzinə getmək üçün Quba və Şabran rayonlarından yol olsa da ən münasib yol Siyəzən rayonu ərazisindən keçir. Sedan tipli avtomobillərlə əraziyə getmək Gil-gilçay çayının yatağı boyunca yolun yaxşı vəziyyətdə olmamasına görə çətindir. Buna görə də müalicə mərkəzinə gedərkən ya yolsuzluq şəraitinə uyğun avtomobillərdən, ya da böyük həcmli nəqliyyat vasitələrindən istifadə olunması məsləhətdir.
Qeyd
İstisuda müalicəyə yollanmazdan öncə mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki bəzi xəstəliklər üçün əks göstərişlər vardır.