İstiqlal (qəzet, Berlin)
İstiqlal — Azərbaycan dilində işıq üzü görən Azərbaycan siyasi mühacirlərin qəzeti. 1932-ci ilin 10 yanvardan 1934-cü ilin 15 avqustuna qədər nəşr edilən İstiqlal qəzetinin ümumilikdə 64 sayı işıq üzü görmüşdü. Baş redaktoru Məhəmməd Əmin Rəsulzadə idi.[1]
İstiqlal | |
---|---|
Baş redaktor | Məhəmməd Əmin Rəsulzadə |
Yaranma tarixi | 10 yanvar 1932 |
Dil | Türk dili |
Nəşrini dayandırıb | 15 avqust 1934 |
Tiraj | 64 |
Nəşr tarixi
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Vətəni tərk etməyə məcbur olan Azərbaycan siyasi mühacirlərinin 1932–34 illərdə Almaniyanın Berlin şəhərində Azərbaycan dilində nəşr etdirdiyi ictimai-siyasi qəzet. İlk nömrəsi 1932 il yanvarın 10-da buraxılmışdı. "İnsanlara hürriyyət! Millətlərə istiqlal!" şüarı ilə nəşr olunan qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. Sovet hökumətinin dəfələrlə təkidli tələbləri nəticəsində Türkiyə Cümhuriyyəti hökuməti öz ərazisində fəaliyyət göstərən Azərbaycan siyasi mühacirətinə qəzet və jurnalların nəşrini qadağan etməyə məcbur olduğundan Azərbaycan mühacirətinin rəhbəri Məhəmməd Əmin Rəsulzadə bu məqsədlə fəaliyyət mərkəzini Almaniyaya-Berlinə köçürmüşdü. O, "İstiqlal" qəzetinin 1-ci nömrəsində dərc etdirdiyi "Qısılmayan bir səs" adlı baş məqaləsində bu münasibətlə yazırdı: "Türkiyə Cümhuriyyəti hökumətinin qərarı ilə İstanbulda nəşr edilən "Odlu yurd", "Azəri-Türk", "Yeni Türküstan" məcmuələri ilə "Bildiriş" qəzetəsi qapanmışdır". "İstiqlal" qəzetinin amalından və məramnaməsindən bəhs edən Məhəmməd Əmin Rəsulzadə yazırdı:
"Bu gün Berlindən eşitdiyiniz bu səs 10 ilə yaxın bir müddətdən bəri İstanbuldan gəliyordu". |
―İstiqlalın səhifələrində Azərbaycan Cümhuriyyətinin elanı, ölkənin 11-ci Qırmızı ordu tərəfindən işğalı, Bakının daşnak və ingilis qüvvələrindən azad edilməsi, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi soyqırımları və başqa tarixi hadisələrin ildönümü bayram və matəm günləri kimi geniş qeyd olunurdu.[2] 1933 il mayın 28-də Azərbaycan istiqlanının elan olunmasının 15-ci ildönümü münasibətilə qəzetin 8 səhifəlik bayram nömrəsi tamamilə bu hadisəyə həsr olunmuşdu. Qəzetdə o dövrdə SSRİ-də, Azərbaycanın SSR-də və ümumiyyətlə, dünyada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilməklə yanaşı, Azərbaycan tarixilə, mədəniyyət, ədəbiyyat və incəsənətinə həsr olunmuş yazılara da geniş yer verilirdi. Qəzetdə Molla Pənah Vaqif, Abbas Səhhət, Cəlil Məmmədquluzadə haqqında, Azərbaycan teatr tarixi və s. barədə sanballı məqalələr dərc olunmuşdur. Qəzetin, demək olar ki, bütün nömrələrinin baş məqalələrini Məhəmməd Əmin Rəsulzadə özü yazırdı. "İstiqlalın ən məhsuldar yazarlarından biri də Mirzə Bala Məmmədzadə idi. Bəzən bir nömrədə onun bir neçə məqaləsi dərc olunurdu.[3]
Qəzetin müəllifləri
Qəzetin əsas müəllifləri sırasında doktor Mir Yaqub, Hilal Münşi, doktor Abdulla Cövdət, V. Nuhoğlu, Dəmirçioğlu, İsrafil və başqaları da var idi. İstiqlalın əldə olan son 64-cü nömrəsi 1934-cü il avqustun 15-də işıq üzü görmüşdür.[4]
İstinadlar
- Şimşir Səbahəddin. "Azərbaycanın istiqlal mücadiləsi, İstanbul, 2002". (#cite_web_url); (#accessdate_missing_url)
- Abid Həmid oğlu Tahirli. "Azərbaycan Mühacirət Mətbuatında Publistika (1921-1991), Bakı, 2005" (PDF). anl.az. 2020-09-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 avqust 2021.
- Nəsiman Yaqublu. "Azərbaycan Mühacirət Mətbuatı, Elm və təhsil. 2014" (PDF). anl.az. 2020-09-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 avqust 2021.
- Abid Tahirli. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: Qapp poliqraf. 2002. səh. 85. 2021-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-04.
Xarici keçidlər
- Nəsiman Yaqublu. "Cümhuriyyət qurucuları - 100, Bakı-2018" (PDF). www.bp.com. İstifadə tarixi: 10 avqust 2021.
- Vaqif Sultanlı. "İstiqlal sevgisi, Bakı-2014, Monoqrafiya" (PDF). elibrary.bsu.edu.az. İstifadə tarixi: 10 avqust 2021.
- Nəsiman Yaqublu. "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası, Bakı-2013" (PDF). anl.az. İstifadə tarixi: 10 avqust 2021.