İstanbul müqaviləsi (1724)
İstanbul müqaviləsi (rus. Константинопольский договор,[1] ing. Treaty of Constantinople[2]) — 24 iyun 1724-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında Səfəvi torpaqlarının bir hissəsinin sözügedən dövlətlər arasında bölünməsinə dair bağlanmış müqavilə.
İstanbul müqaviləsi | |
---|---|
Müqavilənin tipi | Dostluq müqaviləsi |
İmzalanma tarixi | 1724-cü il 12 iyun |
İmzalanma yeri | İstanbul |
Qüvvəyə minməsi | 1725-ci il 13 yanvar |
İmzalayanlar | Nepluyev və İbrahim paşa |
Tərəflər | Rusiya , Osmanlı |
Müqavilənin imzalandığı siyasi şərait
1722–1723-cü illərdə Pyotrun Xəzəryanı bölgələrə yürüşü və Peterburq sülhünün imzalanması Osmanlıda böyük narahatlıq və narazılıqla qarşılanmışdı. Sultan III Əhməd hökümətinin vəziri İbrahim paşa Rusiyanın İstanbuldakı konsulu İ. Nepluyevə 1722-ci ilin noyabrında etiraz bəyənatı verdi. Bəyənatda bildiridi ki, rus qoşunları İrana tabe olan torpaqlarda olduqca türk xalq rahatlıq tapa bilməyəcək. Həmin ilin oktyabr ayında Osmanlı dövləti Hacı Davudun Şirvan üzərində hakimiyyətini tanıyaraq onu öz himayəsinə götürdü. Hacı Davud Krım xanı hüququ, yəni Osmanlı imperatorluğu tərkibində vassal hökmdar hüququ aldı. Ona sultanın ayrıca fərmanı, ikibuncuqlu (birinci dərəcəli) paşa şərafəti, quyruqlu bayraq, 30 min çervon, pul verildi. Dekabr ayında böyük vəzir İbrahim paşa, iki dövlət arasında savaş olmasın deyə, Nepluyev vasitəsilə çar Pyotra yenidən öz tövsiyəsini bildirdi: "Bir yaxşı dost, iki imperatorluq arasında sülh saxlamaq istəyən bir adam kimi qoşunlarını alıb öz məmləkətinə varıb getsin".[3] Pyotrun Xəzər yürüşü onun qılıncını birbaşa İstanbul ilə deyil, London ilə toqquşdurdu. Britaniya rusların Xəzər dənizində ağalığının gələcəyini bəlkə də hamıdan yaxşı anlayırdı. Rusiyanın quzey uğurlarım ingilis hökuməti özü üçün bir fəlakət sanırdı, çünki təkcə ipək ticarəti deyil, bütün Hindistan ticarəti üzərində Rusiyanın bölünməz inhisarı yarana bilərdi. Bu, ingilis millətinin varlanma açarı olan Ost-Hind və Levant şirkətlərinin işini heçə endirə bilərdi. Buna görə Britaniya krallığı Osmanlı dövlətinin siyasətini müdafiə edirdi. Dərbənddən Moskvaya qayıdan Pyotr 13 fevral 1723-cü ildə Türkiyə elçisi Nişli Məhəmməd Ağa ilə görüşdü. Davud bəyin Türkiyə himayəsinə götürüldüyünü rəsmən bildirən bu elçi qoşunları Xəzər vilayətlərindən çıxarmaq haqqında öz hökumətinin tələbini yenidən Pyotra bildirdi. Həmin ilin yazında Türkiyə ordusu Kartliyə və kaxetiyaya girdi. Peterburqda qondarma "Rusiya-iran müqaviləsi" bağlandığı gün (12 sentyabr 1723-cü il), bu qoşun Tiflisi tutdu, sonra Gəncə, İrəvan və Naxçıvan üzərinə yürüdü. Sultan hökuməti barışıq barədə eşitmək belə istəmirdi. Yalnız Böyük vəzirin çalışması sayəsində 1723-cü ilin sonunda müharibə elan edilmədi. Razılaşdırılmış üç aylıq "gözləmədən" sonra dekabr ayında yeni danışıq başlandı.
Müqavilə və onun şərtləri
1724-cü il iyunun 12-də İstanbulda Osmanlı ilə Rusiya arasında müqavilə bağlandı.[4] Müqavilə 6 maddə və 1 nəticədən ibarət idi. Müqaviləyə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini təsdiq etdi. Rusiya tərəfi isə Qərbi Qafqazın və Cənubi Azərbaycanın Osmanlıya çatmasına etiraz etmədiyini bildirdi. İstanbul müqaviləsinə görə osmanlıların Şirvanda qoşun saxlamağa ixtiyarı yox idi. Şirvan osmanlıların himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu. Müqavilənin imzalanması sayəsində Osmanlı və Rusiya qoşunlarının Azərbaycan ərazisində toqquşmasının qarşısı alındı.
Preambulada müqavilənin rezident Neplyuyev və Böyük vəzir İbrahim paşa arasında İranda yalançı Mahmudun peyda olması, İran vilayətlərinin bu və ya digər dövlətin sərhədlərinə aidiyyatı üzrə Rusiya və Türkiyəyə birləşdirilməsinə Rusiya sarayı ilə Türkiyənin razılığı əsasında imzalanması göstərilir. Mir Mahmudun Səfəvilərin paytaxtı İsfahanı tutub Şah Sultan Hüseyni həbs etdiyinə görə osmanlıların sərhəd torpaqlarını tutmaq üçün qoşun göndərməsi, Rusiyanın isə Dərbənd və Bakını tutması əsaslandırılır. Preambulada daha sonra qeyd edilir ki, Qəzvin və Təbriz diyarlarında özünü Şah Hüseynin oğlu Təhmasib adlandıran bir kimsə peyda olub ki, Çar həzrətləri onunla müqavilələrində Şirvandakı Bakı və Dərbənd sərhədlərinin, Xəzər boyundakı Gilan, Mazandaran və Astrabad vilayətlərinin Çarın hakimiyyətində olması qərarlaşdırılmışdır. Həmin Çar da qarşılıqlı olaraq Təhmasibə söz verib ki, onun öz taxtına çıxması üçün qoşunla kömək edəcək, Mir Mahmudu qovacaq, Osmanlı sarayına müraciət edəcək ki, bu işə öz təsirini göstərsin, əvəzində İran əyalətlərinin bir hissəsini Osmanlı dövlətinə versin. Bunun üçün də öz vəkilini İvan Neplyuyevi təyin etmişdir. Bundan başqa Fransa sarayından Osmanlı sarayında səfir olan Markiz de Bonak vəkil edilmişdir. Beləliklə, tərəflər arasında aşağıdakı maddələrdən ibarət qərar qəbul edilmişdir.[5]
I maddə
Osmanlı və Rusiyaya icazə verilirdi ki, Kür və Arazın birləşdiyi nöqtədə, yəni 3 dövlətin Rusiya, Osmanlı və Səfəvi sərhədlərinin toqquşduğu ərazidə istehkamlar və qarnizonlar saxlasın.Sərhədlərin hüdudlandırılması üçün tərəflər komissarlar ayırmalı, onlar Fransanın iştirakı ilə bu işi yerinə yetirməli idi. Qoyulmuş sərhəd nişanı Şirvan əyalətinin hansı hissəsinin Osmanlı sarayına aid olduğunu bildirməli idi. Həmin nişandan Xəzər dənizinə qədər olan torpaqlar çarın tabeliyində olmalı idi. Həmin nişandan bir saatlıq yolla, Kür və Arazın yaxınlaşdığı yerə qədər çəkilən xətti sərhəd kimi qəbul olunacaq, dənizə yaxın hissə çara, daxilə olan hissə isə Osmanlı Sarayına tabe olacaq. Kür və Araz çaylarının yaxınlaşdığı yerdən cənub hissə İran dövlətinə aid olacaq. Bu üç sərhədin qovuşduğu yerdə Osmanlı Sarayı qala tikdirib qarnizon saxlaya bilərdi. Çar da belə bir qala tikdirə bilərdi. Ancaq bu qalalar sərhəddən üç saatlıq yolla aralıda tikilməli idi.[6]
II maddə
Şirvan xanının iqamətgahı olan Şamaxıya xüsusi xanlıq statusu verilmişdir ki, bu statusu saxlamaqla Şamaxı istehkam olaraq daha da gücləndirilməli və burada Osmanlı dövlətinin əsgərləri saxlanılmamalıdır. Ancaq Şamaxı xanı Osmanlı dövlətinə tabe olmaqdan boyun qaçırarsa və ya Şamaxı əhalisi üsyana qalxarsa Osmanlı ordusuna icazə verilirdi ki, Şamaxıya daxil olsun. Lakin bu zaman Osmanlı ordusu bu barədə Kürü keçənə qədər Rus ordularının komandanına məlumat verməlidir.
III maddə
Bütün Şərqi Gürcüstan və Azərbaycan ərazisinin böyük bir hissəsi Osmanlı hakimiyyətinə keçir. Tiflis, Gəncə, Bərdə, Qarabağ, Naxçıvan, Rəvan, Təbriz, Mərənd, Marağa, Urmiya, Çoros, Həmədan və Kirmanşah torpaqları Osmanlı imperiyasının tərkibinə verilir.
IV maddə
Rusiya II Təhmasibə sözü gedən ərazilərin Osmanlıya verilməsi üçün təsir göstərəcəkdir.
V maddə
II Təhmasib 3-cü maddədə göstərilən əraziləri Osmanlıya könüllü verdiyi təqdirdə Osmanlı və Rusiya əfqanların Səfəvi imperiyasından çıxarılmasına kömək edəcəkdir.
VI maddə
II Təhmasib bu şərtləri qəbul etmədiyi təqdirdə isə Osmanlı və Rusiyanın birləşmiş orduları onu taxtdan salacaq və Səfəvi taxtına öz adamlarını təyin edəcəkdirlər.
Yekun
Yekun başlığında müqaviləni imzalayan tərəflərə keçən torpaqların onların əbədi zamanadək hakimiyyətində qalmasından, sülh və dostluğun möhkəmliyindən və s. bəhs olunurdu.
Nəticə
Ruslar və Osmanlılar Səfəvi imperiyasının zəifləməsindən istifadə edib ondan daha çox torpaq ələ keçirmək niyyətində idilər. Xəzər dənizi sahillərinin Rusiyaya verilməsi Osmanlı imperiyasının narahatlığına səbəb oldu. Osmanlı imperiyası II Təhmasibin vəziyyətinin pis olmasından istifadə etdi və 1723-cü ilin sonu, 1724-cü ilin əvvəllərində Şərqi Gürcüstanı və Çuxursəəd bəylərbəyiliyini ələ keçirdi. Bundan sonra da Rusiyanı müharibə elan etməklə hədələdi. Bu ikilinin münasibətləri Gəncəni ələ keçirmək üçün müharibə həddinə çatmışdı və bu məqamda münasibətləri sakitləşdirmək üçün Fransa müdaxilə etdi.[7] Bu zaman Rusiya artıq bütün Xəzər sahili vilayətləri ələ keçirmiş, Osmanlı isə imperiyanın qərb torpaqlarını tutmuşdu.[8] Rusiya ilə Səfəvi imperiyasının razılığa gəlməsi ilə bağlı xəbərin Osmanlı sarayına yetişməsindən sonra Osmanlı özündən başqa heç bir dövlətin Xəzər sahilində yerləşməsinə göz yummayacağını bildirdi. Bu məqamda Fransanın vasitəçilyi ilə iki imperiya 12 iyul 1724-cü ildə İstanbulda razılığa gələ bildilər və Səfəvi imperiyasını öz aralarında paylaşdırdılar.[9][10] Müqaviləyə görə Kür ilə Arazın birləşdiyi yerdən şərqdə yerləşən torpaqlar Rusiyaya verilirdi. Buraya Peterburq müqaviləsi ilə nəzərdə tutulmuş bölgələr daxil idi. İki çayın birləşməsindən qərbdə yerləşən torpaqlar isə, yəni Cənubi Azərbaycan, Həmədan, Kermanşah, Cənubi Qafqazın yerdə qalan hissəsi Osmanlı imperiyasına verilirdi.[11] Həmçinin müqavilədə nəzərdə tutuluşdu ki, o zaman II Təhmasib tərəfindən idarə edilən Səfəvi imperiyası bu müqaviləni qəbul etməyi rədd edərsə Osmanlı və Rusiya ikisi birlikdə ona qarşı ortaq mövqe sərgiləyəcək, II Təhmasibi taxtdan salacaq və onnu yerinə oyuncaq hökmdarı taxta oturdacaqdılar.[8][12]
Müqavilənin adlandırılması fərqlənməkdədir. Müqavilənin adı müxtəlif qaynaqlarda İstanbul müqaviləsi,[13] Rus-Osmanlı andlaşması[14] və ya Səfəvilərin paylaşdırılması[11] deyə keçməkdədir.
1730-cu ildən etibarən Səfəvi imperiyası güclənəyə başladı. Nadir xan Əfşarın rəhbərliyi altında itirilmiş toirpaqların geri qaytarılması prosesinə başlanıldı. İlk öncə əfqanlar, daha sonra da Osmanlı üzərində parlaq qələbələr qazanıldı. Səfəvi imperiyası ilə döyüşməkdən çəkinən Rusiya imperiyası 1732-ci ildə Səfəvi imperiyası ilə müqavilə imzaladı. Kür çayından cənubda ruslar tərəfindən ələ keçirilmiş torpaqlar geri qaytarıldı. Həmçinin iki dövlətin Osmanlı imperiyasına qarşı fəaliyyət göstərməsi də nəzərdə tutulmuşdu.[15][16] Nadir xanın 1735-ci ildə Osmanlını tamamilə imperiyadan qovmasından sonra ruslar ilə Gəncə müqaviləsi imzalandı. Bu müqavilə ilə Bakı və Dərbənd ətraf torpaqlarla birlikdə Səfəvilərə geri qaytarıldı.[17]
İstinadlar
- Bain, R. Nisbet. Slavonic Europe - A Political History of Poland from 1447 to 1796. READ BOOKS. 2006. 323. ISBN 1-84664-581-6. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- Savory, Roger. Iran Under the Safavids. Cambridge University Press. 1980. 252. ISBN 0-521-04251-8. 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-03.
- Əliyarlı, Süleyman. Azərbaycan tarixi. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
- Köse, Ensar. Osmanlı devleti ve Rusya arasında Kafkasların taksimi, İstanbul antlaşması. İstanbul: Büyüyenay yayın evi. 2017.
- Mahmudov, Yaqub. AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ DÖVLƏTLƏRARASI MÜQAVİLƏLƏR VƏ DİGƏR XARİCİ SİYASƏT AKTLARI. Bakı. 2009.
- Vəliyev, Elvin. XVIII. YÜZYILIN İLK YARISINDA GÜNEY KAFKASYA:OSMANLI, SAFEVİ VE RUSYA KISKACINDA. Konya. 2014.
- Fisher və başqaları, 1991. səh. 320
- Mikaberidze, 2011. səh. 726
- Houtsma və van Donzel, 1993. səh. 760
- Bromley, 1970. səh. 654
- Martin, 1997. səh. 47
- Ремень — Сафи. — М. : Советская энциклопедия. "Русско-турецкий договор 1724". Большая советская энциклопедия : [в 30 т.] / 22 т. 1975. 2024-03-30 tarixində arxivləşdirilib.
- Bain, 2006. səh. 323
- Savory, 1980. səh. 252
- Lang, 1957. səh. 117
- Dowling, 2014
- Tucker, 2006. səh. 726
Mənbə
- Mikaberidze, Alexander, Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia [2 volumes], 2011, ISBN 1598843370
- Fisher və başqaları, William Bayne Fisher,P. Avery,G. R. G. Hambly,C. Melville, The Cambridge History of Iran, Volume 7, Cambridge University Press, 1991, ISBN 0521200954
- Houtsma və van Donzel, E., Houtsma, M. Th.; van Donzel, E., E. J. Brill's First Encyclopaedia of Islam, 1913-1936, BRILL: Brill, 1993, ISBN 90-04-08265-4
- Bromley, J. S., The New Cambridge Modern History: Volume 6, The Rise of Great Britain and ..., Cambridge University Press, 1970
- Martin, Samuel Elmo, Uralic And Altaic Series., Routledge, 1997, ISBN 0-7007-0380-2
- Savory, Roger, Iran Under the Safavids, Cambridge University Press, 1980, ISBN 0-521-04251-8
- Bain, R. Nisbet, Slavonic Europe - A Political History of Poland from 1447 to 1796, READ BOOKS, 2006, ISBN 1-84664-581-6
- Lang, David Marshall, The Last Years of the Georgian Monarchy, 1658-1832, New York: Columbia University Press, 1957
- Dowling, Timothy C., Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond ..., Abc-Clio, 2014, ISBN 9781598849486
- Tucker(2006). "Nāder Shah". . Retrieved 5 January 2014., Ernest, Nāder Shah, Encyclopædia Iranica Online, 2006