İsrafil ağa Acalov
İsrafil ağa Musa ağa oğlu Acalov (Kvemo-Bolnisi) — Borçalı ağası.
İsrafil ağa Acalov | |
---|---|
İsrafil ağa Musa ağa oğlu Acalov | |
Doğum yeri |
Həyatı
Borçalının tarix səhnəsindəki yeri və rolu adətən onun türksoylu qarapapaq kişilərinin şücaətləri ilə daha çox yadda qalmışdır. Osmanlı-Türkiyə tarixinin 1000 il əvvəlinə qayıtsaq, Osmanlı sultanı Baybars haqqında da onun Qarapapaq Borçalı türkü olduğu barədə müəyyən bəlgələrin tarixdən günümüzə qədər gəlib çatdığını ifadə edən özəl qaynaqlar var. Bu mahalın qədimliyində, adının əbədiyaşar olmasında yetişdirdiyi tarixi şəxsiy-yətlərin rolu əvəzsizdir. Hər bir dövrün, onilliklərin, yüzil-liklərin hamısında demək olar ki, qəhrəmanlıq dastanlarına kimi gedib çıxan ərlərin, ərənlərin olması onu göstərir ki, bu regionun əhalisi, mərd, vətənpərvər və dosta sədaqəti olmaları ilə seçilmişlər. Belə seçilənlərdən birinin də Bolus-Kəpənəkçi elinə bağlı Ağalıq kəndindən olan İsrafil bəy Musa ağa oğlu Acalovdur. Onun haqqında əlimizdə kifayət qədər məlumat vardır.
Düşünürəm ki, İsrafil bəy haqqında danışmazdan əvvəl onun soykökünü qısaca anlatmaq da yerinə düşərdi.
Gürcüstanın Mərkəzi Tarix Arxivində saxlanılan 1821-ci ilə aid təhrir siyahılarından bəlli olur ki, Ağakişi bəy Molla Ağakişi oğlu Bolus-Kəpənəkçi kəndinin starşinası (kəndxudası) olmaqla, onun Qəhrəman, Alı, Nağı və Musa adlı dörd oğlu haqqında da məlumat var. Rus ordusunun Əlahiddə Gürcüstan Korpusunun generalı Velyaminovun təqdimatı əsasında dövlətçiliyə xüsusi xidmətlərinə görə, Ağakişi bəy 1818-ci ildə üzərində Rusiya İmperatorunun şəkli olan qırmızı lentli qızıl medalla tətif edildiyi barəsində də tarixi bəlgələrdə qeydlər var. ( F.Valehoğlu, "Qarapapaqlar"dərgisi, 2010, sayı 8.-ci sayında "Bolus-Kəpənəkçi ağaları - Ağakişi bəy və onun oğlu Musa ağa" məqaləsindən)
Buradan görünür ki, İsrafil bəyin babası Çar Rusiyasının etibarlı təəbələrindən biri olmuş ki, qızıl medalla təltif edilmişdir.
Əsasən İsrafil ağaya həsr olunan bu yazıda isə istinad mənbəyimiz Kəpənəkçinin ağsaqqalları və özəl olaraq İsrafil bəyin oğul nəvəsi indi onun adını daşıyan İsrafil Rəhim oğlu Acalov və İsrafil ağanın qızı Qızxanımın nəvəsi Söhrab Məmmədovun topladıqları materiallar və yaddaşlarında qalan tarixi olaylar olacaqdır. Bəri başdan hər ikisinə də oxucularımız adından minnətdarlığımızı bildiririk.
Ağakişi bəyin dörd oğlundan Musa ağa (Borçalıda Musa ağa daha çox "Qaragöz"adı ilə məşhur olub ad-san qazanmışdır.) çox bacarıqlı və istedadlı gənc kimi seçilib. Xüsusi məktəbdə təhsil alan "Qaragöz" Musa ağa Kəpənəkçidəki malik olduqları pay torpaqlarına qane olmayıb indiki "Ağalıq" deyilən yurda çıxmışlar. Bu yurd sonradan Gürcüstanda Bolnisi rayonunun bir kəndi olaraq "Ağalıq" adı ilə rəsmiləşmişdir. Əslində "Ağalıq" Musa ağaya gürcü knyazından məhkəmə və hərbə-zorba çəkişmələrindən sonra onlara nəsib olmuş və tarixi titulları əsasında da "Ağalıq" deyə tarixə düşmüşdür. Hazırda kənddə 60 ev var. Unikal təbii-coğrafi yüksək ərazidə yerləşən bu kənddəki İsrafil ağanın evinin balkonundan baxanda Borçalı çökəyi Sarvana qədər apaydın gözlə görünür. Musa ağanın da başı çox qeyli-qallar çəkmiş və sürgün həyatı da yaşamağa məcbur olmuşdur. Lakin, buna baxmayaraq o, uzaq Sibirə sürgündən əfv olunaraq geri doğma kəndinə qayıda bilmişdir. Onun Suleyman, İsmayıl, İsrafil, Məhəmməd və İbrahimxəlil (sonradan Musa) adında oğlanları olmuşdur. (Sonuncunun adını İsrafil bəy atası Musa ağa öləndə dəyişdirib onun adını qoymuşdur.)
Övladları arasında İsrafil bəyin daha iti zəkəya malik olduğunu görən Musa ağa onu oxutdurmaq qərarına gəlmişdir. Hicri 1273 də, miladi 1857-ci ildə anadan olan İsrafil bəyi atası kiçik yaşlarında əvvəlcə mollaxanada, ardınca indiki Ermənistanın Kalino rayonu Privolnoye kəndində ibtidai rus məktəbində oxutmuş, sonra O, Tiflisdə knyaz uşaqlarına məxsus rusdilli gimnaziyanı bitirmişdir. Bununla kifayətlənməyən İsrafil bəy dövrünün ziyalıları ilə ayaqlaşmaq üçün təhsilini daha uca mərtəbəyə çatdırmaq niyyəti ilə Sankt-Peterburqa getmiş və buradakı ən ali Darülfuna (Universitetə) hüquq fakültəsinə qəbul olmuşdur. Yüksək səviyyəli mədəniyyəti və hüquqşünas təhsili ilə seçilən İsrafil bəy Musa ağa oğlu Acalovu təyinatla Tiflis şəhər məhkəməsinə işləməyə göndərmişlər. Bir müddət vəkil işləyən İsrafil bəyin tale üzünə gülmüş, o, burada, yəni Tiflisdə məhkəmənin rəhbəri vəzifəsinə təyin edilmişdir. Borçalıların dər-səri ilə ürəkdən məşğul olan İsrafil bəy öz zamanında yüksək intellektual səviyyəsi ilə seçilməklə yanaşı, həm də Tiflis ədəbi-ictimai mühitində tanınmış simalarla, Əbdürrəhim bəy Haqverdiyevlə, İlya Çavçavadze ilə yaxından dostluq münasibətləri saxlamışdır. Tiflisdə çalışdığı zaman o Bayram ağanın qızı Xeyransa ilə ailə qurmuş, ondan oğulları Pəşid, Rəhim və qızları Nigar, Lalə və Qızxanım dünyaya gəlmişdir. Sonralar Bolnisdə bir alman qadın Berta ilə də ikinci dəfə ailə qurumuşdur. Berta xanımdan olan oğlu Vahid bəy II dünya savaşı başlayan zaman Almaniyaya köçmüşdür. Kəpənəkçidən müharibəyə gedən Məmmədov Möylə və Talıbov Xeyrulla davadan sağ-salamat qayıtmalarında eloğluları Vahid bəyin əməyini xüsusi qiymətləndirmişlər. Belə ki, onları əsirlikdən qurtararaq uzun müddət öz evində gizlədən Vahid bəy münasib vaxt tapan kimi, hər ikisini də sağ-salamat vətənə yola salmağa müvəffəq olmuşdur.
İsrafil bəyin ilk Borçalı türkü kimi Tiflis Dumasına üzv seçildiyini də söyləyən həmsöhbətərim onu da vurğuladılar ki, yüksək vəzifələrdə çalışmasına baxmayaraq İsrafil bəy kəndə gələndə əsl toy-bayram olarmış. Hökumətlə davası olanın yerindəcə şikayətinə baxar, imkansızlara əl tutar, onlarla ümumxalq işində qol çırmayıb işləyər, bəyzadəliyini gözə soxmayaraq, qulluqçularla, bağbanlarla oturub çörək yeyərmiş. Hətta böyük oğlu Rəşid ağanın toyunda Ağalığa o qədər yüksək mənsəbli qonaq-qara gəməsinə rəğmən O, toy süfrəsini hamı üçün açdırmış və ayrı-seçkilik salmadan bir yerdə əyləşmələrini istəmişdir. Bu hərəktən qeyzlənən bəzi bəylər bunu özlərinə təhqir bilib İsrafil ağaya irad da bildirmişdilər. Lakin İsrafil bəy: - Çoban-çoluq dediyiniz insanlar məni İsrafil bəy etmişlər, kim istəyir əyləşsin, kim istəmir buyurub gedə bilər,- deyə sərt tonda qonaqlarına cavab vermişdir. Çar hökuməti həmçinin ona xüsusi statusa malik bəylərbəyi titulunu verməklə yanaşı, bir bölük cangüdən-qoruma dəstəsi və kareta da bağışlamışdır. Adətən belinə sivri uzun qılınc taxan İsrafil ağanın qılıncının ucunda qızıldan təkərək də olmuşdur ki, bu da bəyin piyada gəzən zaman qılıncının ona maneə törətməməsi üçün hazırlanıbmış.
Nəvə İsrafil ağa söyləyir ki, 1918-ci ildə ermənilərin silahlanaraq azğınlaşması, türk kəndlərində qətliamlar törətməsi nənəm Qızxanımın lap dəqiqliklə yaddaşında qalmışdır. 105 il ömür sürən Qızxanım nənə Andronikin qoşununun Ağbaba tərəflərdə necə qanlar axıtdığının canlı şahidi olub. Həmin hadisənin Kəpənəkçidə törədilməməsinin əsl səbəbkarı isə İsrafil bəy olub və bu yolda da canından keçib. Kəpənəkçi ahıllarının çoxu bu hadisəni tam təfərrüatı ilə xatırlaya bilirlər. Belə ki, qonşu Xaçın kəndi sırf erməni kəndi olduğundan Andronikin qoşunlarının da əsas hissəsi Lök dərəsindən keçərək bura toplaşmış və vəziyyətin gərgin həddə gəlib çıxmasına səbəb olmuşlar. Lakin İsrafil ağanın sayəsində Kəpənəkçi cavanları əldə silah bəyin ətrafında bir dəstə kimi cəm olmuşlar. Bu silahlanma işində Türk ordusunun paşası İsrafilin dostu Ənvər və Nuru paşa qardaşlarının əməyi də az olmamışdır. İsrafil bəy qonşu erməni kəndi olan Xaçın ermənilərinin sözü keçən kişilərini evinə dəvət etmiş, onlardan xahiş etmişdir ki, neçə illik dostluğumuza zərbə vuracaq erməni silahlı birləşmələrinin qansız-qadasız çıxıb getmələrində yardımçı olsunlar. Əks təqdirdə, burada çox qanlar axıdılacağını gedin onlara bildirin.
İsrafil bəyin qüdrətinə bələd olan ermənilər hiyləyə əl ataraq Tiflisə keçib getmələri üçün yol istəmişlər. Hadisə yerində olan erməni qaniçən generalı Androniklə birgə onun sağ əli hesab edilən general Nazarbekov da (Xaçınlı ermənilərin bir çoxu ona Nazarbekyan deyə müraciət olunduğunu da bildirirlər.) burada Xaçında olmuş və kəpənəkçilərin qırğınına hazırlıq işləri görmüşlər. Əvvəlcə İsrafil bəylə danışıqlara getmiş erməni terror dəstəsi, sonradan bu əhdlərinə xilaf çıxmış və qəfildən Kəpənəkçiyə hücum etmək üçün Bolnisin yaxınlığından, indiki Maşavera çayının yanından keçən dəmiryolu körpüsünün altından geri dönmüş, İsrafil bəyin isə ehtiyat tədbirindən və onları qarabaqara izləməsindən xəbərsiz halda olan ermənilərlə qanlı qırğın başlamışdır. Bu döyüşdə general Nazarbekovun başının qılıncla üzüldüyünü və 800-ə yaxın silahlı terrorçunun məhv edildiyini görən Andronik paltarını dəyişərək zorla qaçıb canını qurtarmışdır. İsrafil ağanın ehtiyatlı tədbiri sayəsində girovların və Xaçın kəndinin tərksilah edilməsinə başlanmış və Ağalığın yadigarı olan şəkildəki bu silah deposu (şəkilə bax) ağzına qədər ermənilərdən alınan silahlarla doldurulduğu dillər əzbəri olmuşdur.
Türkiyənin adlı-sanlı paşalarından Nuru və Mürsəl paşa Androniki təqib edərkən Kəpənəkçidə olduğunu deyənlərlə yanaşı, onların geri qayıdanda da bu eldən keçdiklərini söyləyənlər canlı şahid olaraq indi də yaşayırlar. Məlumat üçün bildirək ki, adı çəkilən Türk Paşalarının Borçalıya gəlişləri zamanı 1918-ci ildə Sadaxlı kəndində olduqları barədə kənd sakinlərində şahid ifadələrinə istinad edilən müfəssəl məlumat var.
Digər tərəfdən Andronikin Dərələyaz, Ağ-baba, Naxçıvan, Bakı, Göyçay və Şamaxı istiqamətlərində on minlərlə azəri türkünün qanını axtdıqlarına baxmayaraq, yeganə haldır ki, daşnakların ancaq Borçalı Qarapapaq türklərinə məğlubiyyəti haqqında yetərincə məlumat var. Bu bölgədə heç bir qətliam baş vermədiyinə görə, o vaxtkı İsrafil bəy kimi tarixi şəxiyyətlərimizin rolu həddən ziyadə böyük olmuşdur.
Nuru və Mürsəl paşa geri dönərkən İsrafil bəyə qəhrəmanlığı sayəsində paşa tituluna layiq olduğunu söyləmiş və onunla Türkiyəyə gedərsə bu ada layiq görüləcəyini desələr də, İsrafil bəy getməmiş və ermənilərdən qorxduğunu yozacaqlarından ehtiyat edərək elini-obasını yiyəsiz qoymamışdır. Lakin ermnəlir də bu məğlubiyyətin qisasını almaq üçün hər yola əl atmaq qərarına gəlmişlər.
Tiflisdə öz hüquqşünaslıq vəzifəsini icra edən İsrafil bəyə 1918-ci ilin axırlarında ermənilər sui-qəsd hazırlamış və bunun reallaşmasında onun evinə basqın edilərək öldürülməsini təşkil etmişlər. Lakin Tiflisdəki evinə basqın nəticəsində İsrafil ağa atışmada ağır yaralanmış və xəstəxanaya çatdırılmışdır. Terror törədən qrupun yenidən xəstəxanaya hücum edəcəklərindən şübhələnən dost-tanış ona xəstəxanadakı yerinin dəyişdirilməsini təklif etmişlər. Amma İsrafil bəy ömrüboyu ermənidən qorxmadığını söyləyərək, belə ucuz can qorumaqla yaşamağı şərəfinə sığışdırmamışdır. Bu qüruru ona baha başa gəlmiş və erməni terrorçuları ikinci dəfə xəstxanaya hücum edərək onu qətlə yetirmişlər. Maraqlı burasıdır ki, o zaman Türkiyədə yaşayan bacısının oğlu Məmməd dayısı İsrafil bəyin öldürüldüyünü eşitmiş və Tiflis qayıdaraq qətliam törədən terrorçu dəstənin üzvlərini bir-bir yaxalayaraq qana-qan dayısının qisasını almışdır.
İndi yazacağım bu əhvalatsa olduqca ibrətamiz məna yükünə malik olduğuna görə, onu burada xatırlamaq tam yerinə düşərdi. Belə ki, İsrafil bəyə qonşu Xaçın kəndindən oğurlanmış bir xalça gətirib göstərirlər ki, bunu alırsanmı?- satırıq. Onun da xalça çox xoşuna gəldiyindən pulunu verib alır və tamaşa üçün eyvana sərdirir. Üstən az vaxt keçməmiş xaçınlı erməni qadını ağalya-ağlaya gəlib Tiflis məhkəməsinin hakimi işləyən İsrafil ağaya bu barədə şuikayət etmək istəyir. Eyvanda öz xalçasını görəndə mat-məətəl qalır. Ancaq işin o yerdə olmadığını İsrafil bəyin rəftarından təxmin edib malını istəyir. İsrafil ağa isə bir neçə saat bundan qabaq qızıl pulla ermənilərdən aldığını deyib,- qadına bildirir ki, qüruruma sığışdırmaram ki, evimdə həm haram mal olsun, həm də onu kimsə geri aparsın. Əgər razı olsan, erməni oğrularına verdiyim qədər qızıl pulu sənə də verərdim. Qadının gözü kəlləsinə çıxır və qızıl pulları götürüb gedir. Bu borçalıların deyimi ilə desək: qızıl qiymətinə olan bir ibrətamiz hadisədir.
1921-ci ildən Qafqazda sovet hakimiyyəti bərqərar olduqdan sonra, ağa-bəy mülkləri dönə-dönə dövlətin xeyrinə müsadirə edilmiş və bu müsadirə əməliyyatlarını beş dəfə təkrar edən Şura hökuməti demək olar ki, "Ağalıq"da ağalardan, bəylərdən bir xatirə nişanı belə qoymamışlar. Yalnız bu şamdan Söhrab müəllimin evində anası –İsrafil bəyin qızı Qızxanımın toyundan qalan cehiz əşyası kimi əziz olaraq qorunur. Digər iki cehizlik əşya "Zinger" tikiş maşını və qədim ay-ulduzlu sandıq da Söhrab müəllimin evində cehizliyin xatirə dolu izləridir.
İsrafil bəyin oğulları Rəşid və Rəhim də 1937-ci ilin repressiyaya məruz qalaraq güllələnirlər. Lakin nəvəsi İsrafil müəllim atası Rəhim kişinin bəraət alması üçün uzun illər mübarizə apardıqdan sonra 1965-ci ildə SSRİ Prokrorluğundan və Gürcüstan Prokrorluğundan cavab məktubu alır ki, sizin atanız Rəhim bəy İsrafil bəy oğlu Acalov ölümündən sonra repressiya qurbanı kimi bəraət almışdır.
Həmsöhbətlərim dedilər ki, İctimai televiziyanın direktoru İsmayıl Ömərovdan eşitmişdilər ki, onun dostu bir gürcü tarixçi alimi (təəssüf ki, adını xatırlaya bilmədilər) danışırmış ki, İsrafil ağanın Gürcüstan dövlətçiliyi tarixində xidmətləri haqqında tarixi bəlgələr kifayət qədər çoxdur. Bu tarixi şəxsiyyətin simasında gürcü-azərbaycanlı dostluğunu tərənnüm edən olaylar da tarixdə az olmamışdır.
Professor Ş.Məmmədli də "Paralanmış Borçalı" kitabında İsrafil ağanın ətraf kəndlər üçün bir ümid yeri olduğunu qeyd edir.
İsrafil bəydən Kəpənəkçi camaatına yadigar qalan bu məscid indi kəndin klubu kimi istifadə olunur. Repressiya illərindəki ateizmin təbliği bütün məscidlərimizi bu hala salmışdır.
İsrafil bəyin nəvəsi İsrafil müəllim də (Kəpənəkçidə ona babasına görə İsrafil ağa deyirlər.) 1990-cı illərin qanlı-qadalı günlərində Kəpənəkçi və ətraf erməni kəndləri arasında qanlı qırğının danışıqlar yolu ilə qarşısını almaqda babası kimi şücaət göstərmişdir.
Mənbə
- Akif Xansultanlı, İsrafil bəy Musa ağa oğlu Acalovun ömür yolundan qalan yaddaş nişanələri,