İsmayıl Hüseynov (tarixçi)
İsmayıl Abbas oğlu Hüseynov (15 dekabr 1910 – 8 noyabr 1969, Bakı) — Azərbaycan alimi, akademik, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı (1947), AEA-nın həqiqi üzvü (1958), Azərbaycan SSR Əməkdar elm xadimi.[1][2]
İsmayıl Hüseynov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | akademik |
Təhsili | Bakı Dövlət Universiteti |
Mükafatları |
Həyatı
İsmayıl Hüseynov 15 dekabr 1910-cu ildə anadan olmuşdur. 1928-1933-cü illərdə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Hüquq şöbəsində təhsil almışdır. 1933-cü ildə Moskva şəhərində SSRİ MİK-si yanında Millətlər İnstitutunun Tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur.[1][2]
Əmək fəaliyyəti
İsmayıl Hüseynov 1941-1944 və 1958-1960-cı illərdə AEA Tarix İnstitutunun direktoru vəzifəsini icra etmişdir. O, 1960–1966-cı illərdə isə AEA İctimai elmlər bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmişdir. İsmayıl Hüseynov 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir.[1] Habelə akademik 1944–1948-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Universitetinin SSRİ Tarixi kafedrasına rəhbərlik etmişdir.[1][2]
Elmi fəaliyyəti
İsmayıl Hüseynov 1941-ci ildə fəlsəfə doktoru, 1947-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru adını alan ilk azərbaycanlı olmuşdur. Alim yüzə yaxın elmi əsərin müəllifidir. Onun 1941–1945-ci illər müharibəsi dövründə çap etdirdiyi "Görkəmli dövlət xadimi Şirvanşah İbrahim" və "Şah İsmayıl Səfəvi" əsərləri həmin dövlət xadimlərinə Azərbaycan tarixşünaslığında obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.[1][2]
Akademik Ə.S.Sumbatzadənin qeyd etdiyi kimi, Səfəvi dövlətinin erkən dövründə Azərbaycan dövləti olması haqqında tarixşünaslıqda ilk dəfə İ.A.Hüseynov fikir söyləmişdir. İ.A.Hüseynov 3 cildlik "Azərbaycan tarixi"nin nəşrə hazırlanması işinə rəhbərlik edən şəxslərdən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İsmayıl Hüseynovun rəhbərliyi altında 40-dan artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. İ.A.Hüseynov 1960-cı ildə İsveçdə, 1964-cü ildə Hindistanda, 1965-ci ildə isə Avstriyada tarixçilərin və şərqşünasların beynəlxalq konqreslərində məruzələrlə çıxış etmiş, Azərbaycan tarix elmini təmsil etmişdir.[1][2]
Mükafatları
Akademik İ.A.Hüseynov Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuş və 31 oktyabr 1969-cu ildə "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[1][2]
İstinadlar
- "İsmayıl Abbas oğlu Hüseynov". 2017-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
- "Hüseynov İsmayıl Abbas oğlu" (Azərbaycan). science.gov.az. 24-7-2021 tarixində arxivləşdirilib.