İslam Əlizadə
İslam Qafar oğlu Əlizadə — kimya elmləri doktoru, professor.
İslam Əlizadə | |
---|---|
İslam Qafar oğlu Əlizadə | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Elm sahəsi | üzvi kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru (1965) |
Elmi adı | professor |
İş yeri | BDU Üzvi kimya kafedrası |
Təhsili | ADPU-nun Təbiət fakültəsi |
Mükafatları | «Qafqazın müdafiəsinə görə», «Böyük Vətən müharibəsi illərində əmək rəşadətinə görə» və digər medallar |
Həyatı
İslam Əlizadə 10 iyun 1910-cu ildə anadan olmuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təbiət fakültəsinin Kimya şöbəsinə qəbul olunmuş və oranı 1935-ci ildə bitirmişdir. İslam Əlizadə həmin ildə təyinat ilə Qusar şəhəri Pedaqoji Texnikumunun tədris-hissə müdiri təyin edilmişdir. O, 1937-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin aspiranturasına qəbul olunmuş və bir ildən sonra Kazan Dövlət Universitetində elmi tədqiqatlarmı davam etdirmişdir.
Fəaliyyəti
İslam Əlizadə 1941-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1942-ci ildə Üzvi kimya kafedrasına dosent seçilmişdir. İslam Əlizadə 1945–1946-cı illərdə BDU-nun aspirantura şöbəsinin müdiri, elmi işlər üzrə prorektorun köməkçisi vəzifələrində işləmişdir. O, 1947–1952-ci illərdə Kimya fakültəsinin dekanı olmuşdur. İslam Əlizadə 1952–1954-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Üzvi kimya kafedrasının dosenti vəzifəsində işləmişdir. İslam Əlizadə 1954–1960-cı illərdə BDU-nun kimya fakültəsi Üzvi kimya kafedrasına rəhbərlik etmişdir. O, 1969-cu ildə "Üzvi kimya" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
İslam Əlizadə etilen, dietilen və tetraetilen qlikollar xlorbrom-metilləşdirilərək qlikolların müvafiq dixlormetilləşmiş efirlərini sintez etmiş, dixlormetilefirlər əsasında tetrakarbetoksidialkil efirlərin, dörd əsaslı turşuların sintez üsulunu işləyib hazırlamışdır. İslam Əlizadənin rəhbərliyi ilə tsiklik sulfonların alınması və xassələrinin tədqiqi sahəsində sistemli işlər aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 100 elmi əsərdə, o cümlədən 1 kitabçada və 5 müəlliflik şəhadətnaməsində öz ifadəsini tapmışdır.
İslam Əlizadə 1943–46-cı illərdə BDU Həmkarlar Təşkilatının sədri, Elmi Şuranın və bir sıra ixtisaslaşmış müdafiə şuralarının üzvü olmuşdur. İslam Əlizadə "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsi illərində əmək rəşadətinə görə" və digər medallarla təltif edilmişdir.[1]
İstinadlar
- Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014