İsgəndərin atəşgahları dağıtdırması

İsgəndərin atəşgahları dağıtdırmasıNizami Gəncəvinin "İsgəndərnamə" poemasında təsvir edilmiş səhnə əsasında naməlum tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu M-535 Xəmsə əlyazması Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır və "İsgəndərnamə"nin tarixi müəyyən olan ən qədim əlyazması hesab edilir.[1] Nəfis şəkildə tərtib edilmiş bu nadir əlyazmada mövzu və tərtib baxımından fərqlənən çox maraqlı miniatür vardır.[1]

İsgəndərin atəşgahları dağıtdırması
Rəssam naməlum
Tarixi 1418
Saxlanıldığı yer Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Vəziyyəti yaxşı

Mövzu

Nizaminin “İsgəndərnamə” poemasında Daranı məğlub edib İranda hakimiyyəti ələ keçirmiş Makedoniyalı İsgəndər öz dinini yaymaq üçün yerli əhalinin istifadə etdiyi atəşgahları dağıtmağı əmr edir:

" İrana əmr etdi böyük İsgəndər,
Atəşpərəstlikdən etsinlər həzər.
Üz çevirsinlər qoy köhnə ayinə,
Pərəstiş etsinlər Xosrov dininə.
[2]
"

Təsvir

Kompozisiyada Azərbaycan memarlığı üslubunda sxematik bir atəşgah təsviri fonunda iki insan fiquru verilmişdir. Bunlardan biri əlini qaldırmış əsgər, digəri isə əlində bir parça qızıl tutaraq diz çökmüş yerli sakindir. Atəşgah fiquru qarşısında daha dörd əsgər görünür. Miniatürün fonunda güclə sezilən mənzərə izləri vardır. Onun kompozisiyası əzəmətli, rəng çalarları parlaq və bir-birinə uyardır.[3]

Tədqiqi

Sənətşünas B.Denike həmin miniatürdən bəhs edərək göstərir ki, “O, böyük tarixi və bədii əhəmiyyətə malikdir və bütün əlyazma möhkəm tədqiq və müqayisəli təhlil tələb edir. Yalnız o zaman bu miniatürrün mənsub olduğu məktəbi dəqiq təyin etmək mümkündür.”[4] Sonra tədqiqatçı miniatürə qiymət verərək göstərir ki, «haqqında danışılan nümunə SSRİ-də Nizami poemalarını illüstrə edən miniatürlərdən tarixcə ən qədimidir, bütün dünyada isə üçüncü yeri tutur.”[4]

İstinadlar

  1. Zamanov, 1981. səh. 62
  2. Gəncəvi, Nizami. İsgəndərnamə (Şərəfnamə) (II nəşr). Bakı. 1964. 162.
  3. Zamanov, 1981. səh. 63
  4. “Nizami” almanaxı (IV kitab). Bakı. 1947. 113.

Ədəbiyyat

  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.