İsgəndərin Nüşabə ilə görüşməsi

İsgəndərin Nüşabə ilə görüşməsi — 1545–1550-ci illərdə hazırlanmış Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Əsərin daxil olsuğu əlyazması Los-Anceles Dairəsi İncəsənət Muzeyində saxlanılır.[1]

İsgəndərin Nüşabə ilə görüşməsi
Rəssam Mirzə Əli
Tarixi 1545-1550
Saxlanıldığı yer Los-Anceles Dairəsi İncəsənət Muzeyi

Mövzu

Nizaminin "İsgəndərnamə" poemasında, İsgəndər eşidir ki, Bərdədə Nüşabə adlı bir qadın padşahdır. O, öz sarayında yalnız qadınları saxlayır və kişiləri yanına buraxmır. İsgəndərin elçisi adı ilə şəxsən Nüşabənin yanına gələn İsgəndər padşah hüzurunda baş əymir, qılıncını açmır, çox cəsarətlə və ötkəm danışır. Bu zaman Nüşabə duyur ki, qarşısında dayanan elçi yox, İsgəndərin özüdür. O, deyir:

" Ey cəsur padşah, eşq olsun sənə!
Elçilik edirsən özün-özünə.
[2]
"

Makedoniyalılarla düşmən olmaq istəməyən Nüşabə simvolik ziyafət düzəldib , İsgəndərə yemək əvəzinə daş-qaş təklif edir. İsgəndərin

" Düzmüsən süfrəmə almaz, yaqut, dürr
Daş-qaş yeyilərmi, bu nə deməkdir?
[3]
"

Sualına Nüşabə cavab verir ki,

" Daşın ki, boğaza yolu yox daha,
Faydasız yaramaz böylə daş üçün
Bu qədər vuruşmaq, çırpışmaq neçin?
[3]
"

Nüşabənin bu dərin mənalı, müdrik sözləri İsgəndərə təsir edir, onu müharibədən uzaqlaşdırır.

Təsviri

Rəssam öz əsərində ibrətamiz süjetin incəliyini dərk edib onu məharətlə miniatür dilinə çevirmiş, mətnə uyğun olaraq, Nüşabənin ətrafında yalnız qadınlardan ibarət saray əhli təsvir etmişdir. Şəklin mərkəzində, ornamentlərlə bəzədilmiş tağ altında qızılbaş papaqlı İsgəndər və Nüşabə əyləşmişlər. Onların qarşısında verilən üç cariyənin əlində daş-qaşla dolu camlar var. Nüşabə camlardan birini İsgəndərə təqdim edir.

Əsas epizodu əks etdirən kompozisiyadan kənarda yeddi nəfərdən ibarət musiqiçilər dəstəsi və eşik ağası görünür.

Tədqiqi

N. Zamanovun fikrincə, "miniatürün ümumi kompozisiya həlli, fondakı saray təsvirlərinin memarlıq formaları, çiçəklər, qadın personajların başındakı bəzəklər, musiqi alətləri, geyimlər və sair detallar, Mirzə Əlinin "Xosrovun Barbedin musiqisini dinləməsi" (1539–1543) miniatürünün ümumi təfərrüatı ilə səsləşir."[4] Tədqiqatçı qeyd edir ki, bu miniatürdəki personaj və ayrı-ayrı detalların müqayisəsi, xüsusən yaranma tarixlərindəki kiçik fərqlər, onun Mirzə Əlinin fırçasının məhsulu olduğunu güman etməyə imkan verir.[4]

İstinadlar

  1. "Manuscript of the Khamsa (Quintet) of Nizami". lacma.org. LACMA. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2017.
  2. Gəncəvi, Nizami. İsgəndərnamə (Şərəfnamə) (II nəşr). Bakı. 1964. 202.
  3. Gəncəvi, Nizami. İsgəndərnamə (Şərəfnamə) (II nəşr). Bakı. 1964. 203.
  4. Zamanov, 1981. səh. 67

Ədəbiyyat

  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.
  • Керимов, К. Султан Мухаммед и его школа (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Москва. 1970. səh. 190.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.