İsa xan Şeyxavənd
İsa xan Şeyxavənd və yaxud İsa xan Səfəvi (v. 1632, Kərbəla) — I Abbasın şəxsi alay komandiri (qorçubaşı).
İsa xan Şeyxavənd | |
---|---|
İsa xan Səfəvi | |
| |
1612 – 1631 | |
Əvvəlki | Allahqulu bəy Qacar |
Sonrakı | Çıraq xan Pirzadə |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Kərbəla |
Vəfat səbəbi | edam |
Atası | Səid bəy Səfəvi |
Həyat yoldaşı | Zibeydə bəyim Səfəvi |
Uşaqları | 3 oğlu (Seyid Məhəmməd xan) və 1 qızı (Cahanbanu Sultan) |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Vəzir Məsum bəy Səfəvinin nəvəsi idi. 1612-ci ildə qorçibaşı təyin olunmuşdur.[1] 30 iyun 1625-ci ildə gürcü üsyançılarını yatırmaq üçün göndərilən orduya komandir təyin olunmuşdu. I Səfinin hakimiyyətə gəlməsindən sonra oğulları ilə birlikdə 1631-ci ildə (/1632) edam edilmişdir. Mavzoleyi II Abbas dövründə ucaldılmışdır, Kərbəladadır.
Həyatı
"Zeyl-i tarix-i alamara-yi Abbasi" də qeyd edilir ki, I Şah Səfinin hakimiyyətinin ilk illərində qorçubaşı Məsum bəy Səfəvinin nəvəsi və I Şah Abbasın qızı Zübeydə bəyimin əri İsa xan Səfəvi olub, o, ata xətti ilə Şeyx Cüneydin nəslindən idi. Şeyxavənd soyundan İsa xan kimi nüfuzlu əyanın qorçubaşı vəzifəsində olmasından I Şah Səfi ehtiyat etmiş və hakimiyyətinə kölgə salacağından qorxub onun aradan götürülməsini qərara almışdı. O, bu işi Şeyx Zahid Gilanın nəslindən olan dövlət məmuru Çıraq xan Zahidiyə tapşırır. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi yazır ki, Çıraq xan qorçubaşı İsa xanla söhbətində onun Səfəvi nəslindən olduğuna işarə edərək böyük oğlu Seyid Məhəmməd xanın şahlığa layiq olmasını söyləmiş, ancaq İsa xan ona cavabında bildirmişdi ki, Səfəvilərlə əmizadə olsalar da, şahlıq Şah İsmayıl və Şah Təhmasib ailəsinə mənsubdur. Lakin bu söhbət şaha olduğu kimi çatdırılmamış, həm də Şaha İsa xan haqqında başqa yanlış məlumatlar da söylənilmişdi. H. 1041(m.1632)-ci ildə Xızır Nəbi bayramında Şeyxavənd nəslindən olan bütün xanlar, əsilzadələr saraya dəvət edilir. Bu bayram günü şah sipəhsalar Rüstəm xan və Çıraq xan Zahidliyə göstəriş verir ki, qorçubaşını övladları ilə birlikdə qətl etsinlər. Onlar qorçubaşının evinə gedib onun oğlunun üçünün də hərbi vəzifədən azad edilib Ələmut qalasına göndərilməsi barədə Şahdan buyruq aldıqları adı ilə Çaharbağa gətirib orada öldürdülər. Qorçubaşı vəzifəsi 1632-ci ildə Çıraq xan Zahidliyə tapşırılır. İsa xan Səfəvinin tiyulu, bütün əmlakı və evi müsadirə edilib ona verildi. İsa xan Səfəvi Çıraq xanın nəzarəti altında ibadətlə məşğul olmalı və gündəlik xərcləri üçün ona 100 tümən verilməli idi. Ancaq çox keçmədi ki, İsa xan Ərdəbil yaxınlığında ölüm cəzasına məhkum edildi və onun nəşi Kərbəlaya göndərilib, orada dəfn edildi. Qorçubaşı vəzifəsi bir qayda olaraq türk əsilzadələrinə aid olduğuna görə, Çıraq xan Zahidi bu vəzifədə çox qalmamış və 1633-cü ildə hərəkətlərində qüsurlara yol verməsi bəhanə edilmiş, edam olunmuşdu.[2]
Ailəsi
Məsum bəy Səfəvinin nəvəsi, Səid bəy Səfəvinin oğlu idi. I Abbasın qızı Zibeydə bəyim Səfəvi (ö. 20 fevral 1632) ilə evlənmişdir. 3 oğlu və 1 qızı olmuşdur. Qızı Cahanbanu Sultan Kartli knyazı II Simon ilə evlənmişdi.
İstinadlar
- İ.B.Tauris. Safavid İran: Rebirth of a Persian Empire.
- Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu. "AVROPA" nəşriyyatı. 2015. Səhifə 98.