İraq iqtisadiyyatı

Bəsrədə neft platforması

Ümumi iqisadi göstəricilər

XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar[1], başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.

Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır:

  • əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika

və mədən sənaye müəssisələrini yenidən işə salmaq;

  • ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq;
  • insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq;
  • əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək;
  • səhiyyə və maarif sistemlərinin işini bərpa etmək;
  • ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq;
  • qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək.

İraq iqtisadiyyatı

XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı.

Sənayenin aparıcı sahələri. İraqı məşhurlaşdıran, həm də iqtisadi cəhətdən irəliləməsinə səbəb, onun mədən sənayesi, ilk növbədə neftçıxarma olmuşdur. Ölkədə aşkar edilmiş 70-dən artıq neft yatağında neftin ehtiyatı 15 mlrd.tondan artıqdır.[2] Bu göstəriciyə görə regionda ancaq Səudiyyə Ərəbistanından geri qalır. Başlıca neft rayonları: Ər-Zubeyr, Ər-Rumeyla, Mosul, Xanakin, Nefte-Xare və cənub bölgələridir. Ölkədə ən iri neft yataqları KərkükRumeyladır.

İraqın problemsiz illərində bu iki yataqdan ildə orta hesabla 40-43 mln. ton neft çıxarılırdı. O vaxtlar həmin yataqların nefti güclü kəmərlər vasitəsilə Aralıq dənizi sahilinin Trablis (Livan) və Bəniyaz (Suriya) limanlarına nəql edilirdi. Çıxarılan neftin bir hissəsi Kərkük şəhərinin müəssisələrində emal olunurdu. Ölkənin cənubundakı yataqlardan çıxarılan neft gəmilər vasitəsilə Fao və Umm-Qəsr limanlarına nəql edilirdi. Oradan da tankerlər vasitəsilə dünya bazarına çıxarılırdı.[3]

Bəsrə şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərirdi. Neft emalı müəssisələrində təyyarə və avtomobil benzini, reaktiv mühərriklər üçün yanacaq, məişətdə işlədilən ağ neft, dizel yanacağı, sürtkü yağları və s. istehsal olunurdu.

2004200520062007200820092010
25.76831.38645.08256.98786.53165.19382.150

Neftlə yanaşı ölkədə böyük ehtiyata malik təbii qaz yataqları da var. Təbii qazın ehtiyatı 30 trilyon kub m-dən artıqdır. 1980-ci ildə ölkənin şimalında və cənubundakı yataqlardan təbii qazın yığılması və mayeləşdirilməsi üzrə qurğu sisteminin tikintisi planlaşdırılmışdı. Şimal sistemi ölkənin daxili tələbatı üçün, cənub sistemi isə əsasən xaricə mayeləşdirilmiş qaz (balon qazı) ixracatı üçün nəzərdə tutulmuşdu. Cənub layihəsini Yaponiya şirkəti yerinə yetirirdi və bu iş 1982-ci ildə başa çatdırılmalı idi. Əfsuslar olsun ki, 1980-ci ilin payızında İranla, 1990-cı ilin avqustunda Küveyt ilə baş vermiş müharibələr və ondan sonrakı qadağalar, ərazinin raket atəşinə tutulması və s. qaz sənayesində əldə edilə biləcək inkişafı xəyala çevirdi.

Bu yanacaq sərvətlərindən əlavə İraqda böyük ehtiyata malik kükürd və fosfat yataqları da var. Ötən əsrin sonlarına qədər ölkədə fosfat xammalının emalı üzrə ümumi gücü 700 min ton olan bir neçə sənaye müəssisəsi tikilmişdi. Kükürd hasilatının yalnız 10 faizi daxili tələbat üçün istifadə edilirdi, qalan hissəsi ixrac olunurdu. İraq kükürdünün idxalatçıları əsasən Hindistan, Misir, ÇinBanqladeş idi. Başqa sahələr kimi mədən sənayesinin bu sahələri də iflic vəziyyətindədir.

Ölkənin emaledici sənayesi ilk növbədə idxal olunmuş hissələrdən avtomobil yığma, kənd təsərrüfatı maşınları, elektrotexniki məmulat, əczaçılıq, tikinti materialları istehsalı və s. ilə məşğul olurdu. Ötən əsrin axırları üçün ölkənin elektrik stansiyalarının gücü 1,7 mln. kvt-a bərabər idi. 90-cı illərin ortalarından başlayaraq İraq 6 mlrd. kv saat elektrik enerjisi istehsal edirdi. Dokan şəhərində xarici əsasən rus mütəxəssislərinin köməyi ilə «Yusifiyə» adlanan istilik elektrik stansiyası tikilib istifadəyə verilmişdi.

Xarici kapitalın və xarici mütəxəssislərin yardımı ilə İraqda yeni sənaye sahələrinin yaradılması işinə başlanılmışdı. 1978-ci ildə Nəsiriyyə şəhərində ölkənin ilk alüminium istehsalı müəssisəsi işə salındı. Süvürrada əczaçılıq məhsulları istehsal edən müəssisə, əl-Tağidə elektrik lampaları zavodu, müxtəlif şəhərlərdə kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən müəssisələr, Kərbəla şəhərində müxtəlif konservlər istehsal edən zavod, Ramadidə şüşə zavodu, Küt-əl-Ömərdə pambıq-parça istehsal edən fabrik tikilib istifadəyə verilmişdir. Yüngül və yeyinti sənayesi İraqın inkişaf etmiş təsərrüfat sahələridir. Toxuculuq, xalçaçılıq, kişi və qadın üst geyimləri, gön-dəri məmulatları nisbətən yaxşı inkişaf etmişdi. Yeyinti sənaye müəssisələrinə ölkənin bütün yaşayış məntəqələrində rast gəlmək olardı. Regionun başqa ölkələrində olduğu kimi İraqda da sənətkarlıq (xüsusilə zərgərlik və toxuculuq) yaxşı inkişaf etmişdir.

Kənd təsərrüfatının aparıcı sahələri. İraq tarixən böyük kənd təsərrüfatı ölkəsi kimi tanınmışdı. Əvvəlki illərlə müqayisədə kənd təsərrüfatı istehsalı hazırda xeyli azalmışdır. Kənd təsərrüfatına yararlı torpaq sahələri başlıca olaraq Aşağı Mesopotamiyada və Şimali İraqın dağətəyi rayonlarındadır. Qədim suvarma mədəniyyətinə malik olmuş İraqda müharibələr nəticəsində suvarma sistemləri sıradan çıxmışdır. Ölkənin torpaq iqlim şəraiti isə elədir ki, əkinlərin hamısı süni suvarmaya möhtacdır.

Ölkənin başlıca əkinçilik rayonları DəcləFərat çaylarının vadiləridir. İraqın cənubunda Şətt-ül-Ərəb çayı boyunca xurma plantasiyaları geniş sahələri tuturdu. Xurma ağaclarının sayına, xurma istehsalında, ixracatında İraq dünyada birinci yeri tuturdu. İraq-İran müharibəsinə qədər dünya bazarına çıxarılan xurmanın 30 faizi İraqın payına düşürdü. Xurma iraqlıların, ümumiyyətlə ərəblərin məişətində mühüm əhəmiyyətə malikdir. Ağacın yarpaqlarından, lifindən həsir, süfrə, səbət, tabaq, kəndir, yelpik və s. toxunur. Xurma salxımları təmizləndikdən sonra onun saçaqlarından içki çəkilir. Ağacın budaqları və gövdəsindən tikinti materialları, tapul adlanan qalın qabığından isə oduncaq kimi istifadə olunur. Bunlardan əlavə ağacı və onun budaqlarını kəsərkən içindən tökülən qatı ağ kütlə yeyilir. Xurma pendiri adlanan bu qatı şirənin alıcıları çox olur. Əkin sahələrinin 80 faizində taxıl bitkiləri, xüsusilə buğda, arpa, çəltik əkilir. Taxıl bitkilərinin istehsalına görə ölkənin şimal rayonları fərqlənir. Ölkənin cənub hissəsində, çay vadilərinin bataqlaşmış hissələrində çəltik becərilir. Diala çayının vadisi boyunca pambıq plantasiyaları yerləşir. Mesopotamiya ovalığının su olan hər yerində bağçılıq, üzümçülük inkişaf etmiş, tərəvəz, bostan bitkiləri geniş yayılmışdır. Ölkənin şimal hissəsində az miqdarda tütün yetişdirilir. Heyvandarlıq ekstensiv yolla inkişaf etdirilir. Ərazinin təqribən 60 faizini əhatə edən səhra və yarımsəhralardakı təbii otlaqlarda yarımköçəri heyvandarlıq mövcuddur. Yuxarı Mesopotamiyada ölkənin qərbi və cənubundakı səhralarda heyvandarlığın inkişafı üçün əlverişli təbii şərait var. Qaramal ölkənin şimal bölgələrində, davar isə hər yerdə bəslənilir. Böyük şəhərlərin ətrafında quşçuluq təsərrüfatı yaradılmışdır.

İraqın kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına (xurma istisna olmaqla) olan tələbatını təmin etmədiyindən ölkə hər il ərzaq məhsullarının idxalına 3-4 mlrd. dollar vəsait sərf edir.

Nəqliyyatı Başqa qonşu ərəb ölkələri ilə müqayisədə İraq nisbətən sıx dəmir, avtomobil yollarına və boru-kəmər şəbəkəsinə malik olub. Bu yollar əvvəl ingilis müstəmləkəçilərinin hərbi-strateji planlarına əsasən tikilmişdir.

Köhnə yol şəbəkəsi ölkənin sürətlə inkişaf edən milli iqtisadiyyatının tələbatını təmin etmədiyindən onun yenidənqurmaya və genişləndirməyə böyük ehtiyacı var idi. Müstəmləkəçilik illərində bu işləri müəyyən dərəcədə həyata keçirmiş İraq hökuməti ötən əsrin axırları və yeni əsrin əvvəllərində baş vermiş daxili münaqişələr və xarici müdaxilələr nəticəsində bütün nəqliyyat sisteminin dağılmasının və qismən sıradan çıxmasının şahidi oldu. Ölkədaxili yük və sərnişin daşımalarında avtomobil nəqliyyatının rolu böyükdür. Ölkədaxili bütün daşımaların təqribən 80-85 faizi avtomobil nəqliyyatının payına düşür. Avtomobil yollarının ümumi uzunluğu 40 min km-dən bir qədər artıqdır. Bu yolların üçdə iki hissəsi bərk örtüklü yollardır. Kərbəla və Ən-Nəcəf dini mərkəzlərini Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri ilə birləşdirən «Zəvvar yolu» xüsusilə əhəmiyyətlidir.

Əksəriyyəti dağılmış vəziyyətdə olan dəmir yollarının ümumi uzunluğu 2032 km-dir. İlk dəmir yolunun (Bağdad dəmir yolu) çəkilişinə 1858-ci ildə almanlar tərəfindən başlanılmış, 1934-1941-ci illərdə isə həmin yolun inşası Fransa və Böyük Britaniya şirkətləri tərəfindən tamamlanmışdır. Ötən əsrin ikinci yarısında Bağdad-Əl-Qasım, Bağdad-Bəsrə istiqamətində yeni yollar çəkilmişdir.

İraqda böyük əhəmiyyətli boru kəmərləri (həm neft, həm qaz) də mövcud idi. İndi onların bəziləri sıradan çıxmışdır. İraq hökuməti bu kəmərlərin fəaliyyətini bərpa etməyə başlamışdır.

İraqın xarici iqtisadi əlaqələri

Xarici ticarət. Ölkədə neft daşıyan gəmilərin donanması da yaranmışdı. Bəsrə, Fao, Umm-Qəsr ölkənin neft ixrac edən başlıca portlarıdır. Bağdad yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.

Ticarət

Müstəqillik illərində ölkənin xarici ticarətinin strukturunda dəyişikliklərə baxmayaraq, xarici ticarət bir tərəfli inkişaf edirdi. 2001-ci ildə ölkə ixracatının dəyəri 15,8 mlrd. dollara bərabər olmuşdur.[4] Reports, Maps and Assessments of Iraq from the UN Inter-Agency Information & Analysis Unit Bu da əsas etibarilə dünya bazarlarına çıxarılan neft satışından əldə olunmuş gəlir idi. Rusiya, Fransa, ÇinTürkiyə İraq neftinin əsas alıcıları idi. İraq baykot olunana qədər neftlə yanaşı dünya bazarına xurma, gön-dəri, zərgərlik və xalça məmulatları çıxarırdı. İraq idxalatının əsasını ərzaq, dərman və əhali tərəfindən gündəlik işlədilən məmulatlar təşkil edir. Qoyulmuş qadağa (embarqo) ölkənin xarici ticarət coğrafiyasının genişləndirilməsinə imkan vermir.

Pul vahidi

Ölkənin milli pul vahidi dinardır, 1 dinar 100 filəmə bərabərdir. ABŞ istilasından sonra dinarın üzərindən Səddam Hüseynin portretləri yığışdırıldı.

Ədəbiyyat

  • Soltanova H.B., Məmmədov C.A. Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası (dərslik). Bakı , Bakı Universiteti, 2008.

İstinadlar

  1. СБ ООН отменил санкции против Ирака, введенные при Саддаме Хусейне Arxivləşdirilib 2014-04-13 at the Wayback Machine // РИА «Новости»
  2. Jonathan E. Sanford. "Iraq's Economy: Past, Present, Future. Report for Congress" (PDF). GlobalSecurity.org. 03.06.2003. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.05.2010.
  3. Доходы Ирака от экспорта нефти Нефть и Газ Евразия, 10 августа, 2009
  4. "Iraq Inter-Agency Information & Analysis Unit". 2009-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.