İrane-nou
"İrane-nou" (fars. ایران نو — Yeni İran[1]) — Qacar İranında dərc olunmuş gündəlik qəzet.[2]
İrane-nou | |
---|---|
fars. ایران نو | |
Təsisçi | |
Baş redaktor | |
Yaranma tarixi | 24 avqust 1909 |
Dil | fars dili |
Nəşrini dayandırıb | 1911 |
Baş ofis | |
Ölkə |
Tarixi
1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu.
Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır:
Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Məhəmməd Əmin Rəsulzadə olmuşdur.[3] |
1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi. İran Demokrat Partiyasının orqanı kimi fəaliyyət göstərmiş bu qəzet Məşrutə inqilabının ikinci dövründə və məclisin ikinci dönəmində ən məşhur qəzet idi.[4]
1911-ci ildə fəaliyyətini "İrane-novin" adı altında davam edən qəzetdə siyasi məsələlər daha kəskin verilirdi. Belə ki, bu mətbu orqan İranda olan əcnəbilərin pərdə arxası işlərinin üstünü açmağa nail olurdu.[4] Hətta Sədr Haşiminin qeyd etdiyinə görə Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində bu qəzetdə dərc olunan yazılardan istifadə edirdilər.[5]
Fəaliyyəti
Nəşr olunduğu dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sayılmışdır.[2]
Təzyiqlər
Qəzet adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıq göstərirdi. Buna görə də tez-tez nüfuzlu şəxslərin və digər qəzetlərin təzyiqinə məruz qalırdı. Səhifələrindən birində İvan Krılovun "Heyvanların konserti" təmsilinə iqtibas çap edən qəzet Sipəhdarın qəzəbinə tuş gəlmişdi.[4]
İstinadlar
- "İrane-nou" // Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008
- Ülviyyə Tahirqızı. Güney Azərbaycan mətbuatı Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. anl.az, 15.05.2014, "Xalq cəbhəsi" qəzeti, səh. 11 (az.)
- "Sühən" jurnalı, Tehran, 1955-ci il, №4
- Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 39. (az.)
- Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 39–40. (az.)