Ermənistanda azərbaycanlılara qarşı qırğınlar (1917-1921)

Birinci Dünya müharibəsinin bitməsindən sonrakı, Ermənistan-Azərbaycan müharibəsi (1918-1920)Rusiya Vətəndaş Müharibəsi zamanı azərbaycanlılarla ermənilər arasında münaqişə davam etməkdə idi. Nəticədə İrəvan quberniyasının əsasını Azərbaycan türkləri təşkil edən müsəlman əhalisinin çoxu öz yerlərini tərk etməyə məcbur olmuşdu. Bu qırğınların və qaçqın düşmənin səbəbi erməni silahlı dəstələrinin və qeyri-nizamı birləşmələrin azərbaycanlılara qarşı yürütdükləri siyasət və Ermənistan hökumətinin regionu "yenidənerməniləşdirmə" layihəsini işə salması idi. 1918-ci ildən başlayaraq erməni dəstələri Zəngəzur qəzasında yaşayan minlərlə azərbaycanlını qətlə yetirməyə və ya qaçqın etməyə başladı. Onların yaşayış məskənləri "rearmenizasiya" siyasətinin həyata keçirilməsi üçün dağıdıldı. Erməni hökumətinin bu siyasəti Azərbaycan hökumətini Zəngəzurda hərbi əməliyyatlara başlamağa məcbur etdi. Nəticədə, Azərbaycan Ermənistandan gələn minlərlə qaçqını qəbul edib yenidən məskunlaşdırdı. Bu proseslər zamanı öldürülənlərin ümumi sayı akademik olaraq mübahisə qaynağı olaraq qalmaqdadır. Ermənistan müstəqilliyini əldə edənə qədər burada azərbaycanlıların və ya Azərbaycan türklərinin sayı 10 min nəfərdən çox idi. Halbuki 1897-ci ildə hələ Azərbaycan türklərinin üstünlükdə olduğu Zəngəzur istisna olmaqla, İrəvan quberniyasında 313 mindən[lower-alpha 1] çox müsəlman yaşamaqda idi.[2][1]

Bu məqalə Ermənistan–Azərbaycan müharibəsi (1918–1920) zamanı etnik təmizləmələr və qırğınlar məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

İndiki Ermənistan ərazilərində 1886–1890-cı illərdə azərbaycanlıların yaşadığı ərazilər.

Zəmin

Rusiya imperiyası Cənubi Qafqazın işğalını 1828-ci ildə ikinci dəfə Qacar imperiyası üzərində qələbə qazanaraq tamamladı. Bu qələbədən sonra bölgəyə qalıcı olaraq gəldiyi qəti şəkildə bəlli olan Rusiya imperiyası özü üçün yeni inzibati vahidlər yaratmaqla birlikdə, həm dini, həm də etnik bağlar əsasında ruslara ənənəvi düşmən olan qonşu imperiyalar ilə – Osmanlı və Qacar – güclü əlaqəyə sahib yerli əhali arasında “demoqrafik mühəndisliyə” başladı. Ümumiyyətlə, Rusiya imperiyası müsəlman dünyası ilə sərhəddə xristianların məskunlaşdırılmasını özü üçün daha təhlükəsiz hesab edirdi.[3] Bu siyasət özünü doğrultmuş, təxminən Cənubi Qafqazın işğal edilməsindən keçən 80 illik müddətdən sonra çar II Nikolaya yazdığı məruzədə Qafqaz canişini Knyaz Vorontsov-Daşkov bildirirdi:[4]

Zati-aliləri xəbərdardır ki, Qafqaz bölgəsində Türkiyə ilə münasibətlərimizin tarixi boyunca, [hələ] Böyük Pyotrun dövründən rus siyasəti bizə müharibələr zamanı öz yardımları ilə cavab vermiş ermənilərə iltifata əsaslanmışdır.

XIX əsrin əvvəllərinə qədər bölgəni idarə etmiş Səfəvi imperiyasının (daha sonra da Qacar imperiyası) keçirdiyi siyahıyaalmalar günümüzə qədər gəlib çatmamışdır. Qacarlar imzalanmış Türkmənçay müqaviləsinə görə əllərində olan vergi sənədlərini ruslara verməyə məcbur olsalar da, Rusiya bölgə barədə daha ətraflı məlumat əldə etmək ehtiyyacı hiss edirdi. Bunun üçün vəzifələndirilmiş İvan Şopen 1829-cu ildə statistika komandası ilə birlikdə bölgəyə gəlmiş və bölgədəki statistik göstəriciləri qeydə almışdır. Şopenin hazırladığı hesabat bölgənin[lower-alpha 2] rus işğalından əvvəlki və sonrakı göstəriciləri barədə sahib olduğumuz yeganə etibarlı qaynaqdır (Bournoutian, 1981: 2). Şopenin apardığı hesablamalara görə bölgənin ruslar tərəfindən ələ keçirilməsinə qədər orada yaşayan müsəlmanların ümumilikdə sayı 117.849 min olmuş, lakin rus hakimiyyətinin gəlməsi ilə onların sayında 35 min azalma olmuşdur. Bu azalmanın səbəbi ənənəvi hakimiyyət dəyişdiyi üçün bölgəni tərk edən hərbi və mülki administrasiya ilə birlikdə döyüşdə öldürülənlərdir.[5]

Rusiya hakimiyyətindən əvvəlki anda bölgədə yaşayan ermənilərin sayı isə 1826-cı ilin göstəricilərinə görə, İrəvan xanlığı ərazisində cəmi 20.073, Naxçıvan xanlığı ərazisində cəmi 2.690, Ordubad ərazisində isə 2.388 nəfər təşkil etməkdə idi. Beləliklə, rus işğalına qədər gələcəkdə Erməni oblastı təşkil ediləcək bölgədə ümumilikdə 143 min insan yaşamaqda idi və onlardan yalnız 25.151 nəfəri, yəni təxminən əhalinin cəmi 21 faizi erməni idi. [6]

Qacarlarla müharibə zamanı özlərini müsəlman hakimiyyətindən qurtarmağa və rus hakimiyyəti altına keçirməyə çalışan erməni dəstələri rus ordusu tərəfindən döyüşlərdə iştirak etmişdi (Bournoutian, 2018: 20). Görünür həm ermənilərin belə xidmət etməyə həvəsli olmalarından, həm də bölgədə gələcəkdə Osmanlı və ya Qacar imperiyaları ilə yeni müharibənin meydana çıxma təhlükəsindən ehtiyyatlanan ruslar demoqrafik mühəndislikdən yararlanmaq qərarına gəlirlər. Nəticədə, Qacarlarla imzalanmış Türkmənçay müqaviləsinin XV maddəsi ilə Qacar imperiyasında yaşayan ermənilərin Arazın şimalına keçmələri, öz daşınmaz əmlaklarını satmalarına icazə verilməsi təmin edilir. Bu müqavilə imzalanan zaman Rusiya bölgədəki ənənəvi güclərdən bir digəri olan Osmanlı müharibəsi ilə müharibə vəziyyətində idi. 1829-cu ildə bu müharibə də Rusiya imperiyasının qələbəsi ilə başa çatdı və Ədirnə müqaviləsi imzalandı. Osmanlı imperiyası Rusiyanın faktiki olaraq Türkmənçay müqaviləsinin şərtlərini qəbul etdi (Tucker, 2010: 1154) Osmanlı imperiyasının məğlub olması ilə də bölgəyə ikinci bir erməni köçü dalğasının əsası qoyuldu. Beləliklə, 1832-ci ilə gəlindiyi zaman bölgədəki ermənilərin ümumilikdə sayı dəfələrlə çoxalmış və 82.377 nəfərə çatmışdır. Müsəlmanların sayı isə 1826-ci il ilə müqayisədə dramatik şəkildə azalaraq 82.073 nəfər olmuşdur. Corc Bournoutian müharibələrdən sonra bölgəyə Qacar imperiyasından 35.560, Osmanlı imperiyasından isə 21.666 nəfərin gəldiyini yazır[6], bir digər erməni müəllif Aram Arkun müharibələrdən sonra Qacar imperiyasından 45.000 nəfərin, Osmanlı imperiyasından isə 100.000 erməninin Rusiya hakimiyyəti altına köç etdiyini yazmaqdadır.[7] Tarixçi Məmmədov bunu belə dəyərləndirir:

İvan Şopenin təqdim etdiyi Erməni oblastının statistik göstəriciləri ilə bu uyğun gəlmədiyi üçün belə hesab edə bilərik ki, köç edən ermənilər Erməni oblastı ilə yanaşı, Cənubi Qafqazın digər yerlərində də məskunlaşmışdırlar. Beləliklə, bizim qənaətimizcə, Bournoutianın göstərdiyi rəqəmlər yalnız Erməni oblastına gələnlərin, Aram Arukanın göstərdikləri isə ümumilikdə Qafqaza və ya imperiyanın digər ərazilərinə gələnləri əsk etdirir. Gümanki Qafqazın və ümumiyyətlə, imperiyanın bir çox şəhərlərindəki erməni icmalarının kökünü bu yolla izah etmək mümkündür.[1]

1826-1832-ci illəri ümumiləşdirmək üçün deyə bilərik ki, 1826-cı ildə bölgə əhalisinin təxminən 80 fazini təşkil edən müsəlmanlar müharibədə öldürülmə, köçə məcbur edilmə və ya könüllü şəkildə köç etmə nəticəsində azalaraq 49.91 %-ə (Bournoutian, 2018: 20) düşərkən, qonşu imperiyalardan erməni köçünün Rusiya imperiyası tərəfindən təşviq edilməsi nəticəsində ermənilər təxminən 21 %-dən 50.09 %-ə[8] yüksəlməyi bacarmışdır.[1]

Davam edən erməni köçləri və 1897-ci il siyahıyaalması

Beləliklə, ermənilər 1826-cı ildə İrəvan xanlığının 15 mahalından yalnəz 3-də, Naxçıvan xanlığının 10 mahalından isə yalnız 1-də çoxluğa sahib olsalar da [9], Rusiya imperiyasının XIX əsr boyunca Osmanlı imperiyası ilə başladığı hər müharibədən sonra Qafqaz regionuna olan erməni köçlərinin sayının durmadan artması nəticəsində bu nisbət onların xeyrinə dəyişməyə davam etmişdir. Xüsusən Krım müharibəsi (1853-1856), 1877-1878-ci illər Rusiya-Osmanlı müharibələrindən sonra Anadolu bölgəsində yaşayan ermənilərin çoxsaylı köçü yaşanmışdı.[10][7] XIX əsrin II yarısında Anadoludakı varlı erməni gənclərinin Avropa ilə tanış olması o dönəmdə Avropada geniş yayılmış millətçiliyin bu icma daxilində intişar tapmasına yol açdı.[11] Yayılan bu millətçilik hissi Anadoluda erməni üsyanlarına səbəb oldu və üsyanlar da öz növbəsində Qafqaza doğru yeni erməni köçlərinə rəvac verdi. Bu üsyanlar Osmanlı ordusu tərəfindən yatırıldıqdan sonra üsyançı ermənilərin bir çoxu öz havadarları olan Rusiya imperiyasının ərazisinə köçmüş,[12][13], eyni zamanda da bu prosesi Qafqazdakı müsəlman əhalinin Anadoluya köçü izləmişdir.[1]

Azərbaycandan köç edən müsəlman əhali içərisində xüsusən sünnilər üstünlük təşkil edirdi. Osmanlı imperiyasının sünniliyin əsas mərkəzi hesab edilməsi, Xəlifə dövləti və Rusiyanın bölgədəki əsas düşməni olmasına görə, bölgədəki sünnilərin daha artıq təzyiq altında olmuşdur. Məsələn, natamam şəkildə olsa da, 1830-cu illərdə aparılmış hesablamaya görə Arazın şimalındakı müsəlmanlar yaşayan torpaqlarda sünnilərlə şiələrin sayı bərabər, hətta sünnilər bir qədər çox olsa da, 1848-1860-cı illərdə bölgədən güclü sünni köçü yaşanmış, nəticədə 2:1 nisbətinə şiələrin xeyrinə vəziyyət formalaşmışdır. Şimali Qafqazın Rusiya tərəfindən işğalının tamamlanmasına yaxın ərəfədə, yəni 1863-1864-cü illərdə Şimali və Cənubi Qafqazdan 220.000 insan köçmüşdür.[14] Köç edən yüz minlərlə insanın sırasına Naxçıvan, İrəvan bölgəsindən olan sünnilərdən də daxil olduğunu güman edilir.[1]

Bütün bu proseslər nəticəsində ermənilər əsrin sonlarında bir sıra yerlərdə çoxluğu təşkil etməyə başladılar. Bu Rusiya imperiyasında keçirilən ilk mərkəzləşdirilmiş siyahıyaalma olan 1897-ci il siyahıyaalmasından da görülür. Siyahıyaalmanın nəticəsi belə idi:[2]

İrəvan quberniyasının[lower-alpha 3] qəzalarının adları Azərbaycan türkləri Ermənilər Ruslar
İrəvan qəzası 77.491   58.148 3.713
Aleksandropol qəzası 7.832    141.522   6.836
Naxçıvan qəzası 64.151  34.672  1.014
Yeni Bəyazid qəzası 34.726      81.285  2.716
Sürməli qəzası 41.417     27.075 1.361
Şərur-Dərələyəz qəzası 51.560   20.726 0.122
Üçmüədzin qəzası 35.999   77.572  0.175

Ümumi göstəricilər:

  • Azərbaycan türkləri – 313.176    
  • Ermənilər – 441.000
  • Ruslar – 15.937
Andronik və dəstəsi.

1828-1897-ci ildə baş vermiş ümumi dəyişikliklər

Tanınmış İrəvan azərbaycanlıları:
1. Abdulla xan Makinski (Xanbaba xan Sərdar İrəvaninin oğlu) 2. Şükür xan Makinski 3 Abbasqulu xan İrəvanski, Pana xan Makinski 5. Ağamalı ağa Məlik-Ağamalıyev 6. Mirzə Cabbar bəy Qazıyev 7. Georgi Yegizarov 8. Bala bəy Alıxanov Ordubadi 9. Mirzə ismayıl 10. Hacı bəy Bağırbəyov 11. Şükür bəyin mühafizəçisi Əsəd bəy 12. Bala Sultan Şadlınski (Vedi).

Rus işğalından qısa müddət əvvəl bölgədə yaşayan ermənilərin müsəlmanlara nisbəti cəmi 21 faiz ikən bir neçə il ərzində baş verən köçlər, yerli müsəlman əhalinin qonşu imperiyalara miqrasiyası nəticəsində dramatik şəkildə dəyişmiş və 1832-ci ildə 50.09 faizə yüksəlmişdir. Maraqlısı budur ki, ermənilərin belə sürətli şəkildə artımı XIX əsrdə demək olar ki, heç durmadan davam etmiş, Rus-Osmanlı müharibələri, ardınca da Anadoludakı erməni üsyanları nəticəsində daha da sürətlənmişdir. Beləki, 1897-ci ildə aparılmış ilk ümumrusiya mərkəzləşdirilmiş siyahıyaalmasına görə, bölgədəki erməni sayı təxminən 70 illik müddət ərzində aşağı-yuxarı 18 dəfədən çox artaraq 25.151 nəfərdən 441.000 nəfərə çatmışdır. Bu qeyri-təbii şəkildə artım nəticəsində İrəvan quberniyasının 7 qəzasının 3-də çoxluğu təşkil edə bilmiş, hətta Aleksandropol qəzasında erməni sayı türk sayının təxminən 18 qatı, Üçmüədzin qəzasında isə iki qatı olmuşdur.[1] Beləliklə, XIX əsrin ortalarında ermənilər bölgədə etnik əksəriyyəti təşkil etməyə başladılar.[16]

Qısa şəkildə ümumiləşdirsə, təxminən 70 illik rus hakimiyyəti nəticəsində  keçmiş İrəvanNaxçıvan xanlıqları bölgələrində yaşayan  müsəlmanların faiz göstəriciləri təxminən 80 faizdən 37 faizə qədər geriləmişdir. Lakin proses hələ davam edirdi və gələcəkdə bu yoxolmanın daha sürətlənəcəyi dövrlər olacaqdı.[1]

Hadisələr

Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış araşdırmaçı olan Tomas de Vall yazır ki, Anadoludakı erməni problemindən sonra Ermənistandakı azərbaycanlılar bunun ziyanını görməyə başladılar. O, əlavə edir ki, Ermənistan parlamentində 3 azərbaycanlı nümayəndənin olmasına baxmayaraq, onlar "türk beşinçi kolonu"nun üzvü kimi münasibət görürdülər.[17] Birinci Dünya müharibəsinin sonlarında, Azərbaycan-Ermənistan müharibəsindəRusiya Vətəndaş müharibəsində erməni və azərbaycanlı icması bir-birlərinə qarşı münaqişə içində idilər.[18] Ermənistan Respublikasının əsas hissəsini təşkil edən İrəvan quberniyasında[19] 1919-cu ilə kimi ciddi miqdarda azərbaycanlı icması yaşamaqda idi,[20] lakin onların çoxu qısamüddət ərzində "yox edildilər".[1]

Britaniyalı jurnalist C.E. Bechhofer 1920-ci ilin aprel ayındakıə vəziyyəti təsvir edərkən bu sözləri yazır:

Gün olmur ki, erməni və tatar tərəflərinin hər ikisindən sübut edilməmiş hücumlar, qətllər, kəndlərin yandırılması və bu kimi hallarla bağlı şikayət kataloqları irəli sürülməsin. Səthi olaraq baxıldığında, vəziyyət sonu olmayan döngələr seriyasından ibarət idi. Tatar və erməni hücumları baş verir və bu hücumlara cavab hücumları edilirdi. Qorxu hər iki tərəfi yeni ifrat addıma sürükləyirdi.[21]

İrəvan qubrniyasında və Qars oblastında

Türk İstiqlaliyyət müharibəsinin lideri Ermənistana hücum etməmişdən əvvəl elan etmişdi ki, 200 kənd ermənilər tərəfindən yandırılmış və bu yerlərin 135 min sakini "yox edilmişdir".[22] Tarixçi Riçard Hovannisiyan yazır ki, 1918-1919-cu illər ərzində İrəvan quberniyasının 350 min müsəlman sakininin 1/3-ü öz kəndlərini tərk etmiş, İrəvan ətraflarında və ya keçmiş Rus-Türk sərhədi boyunca boşaldılmış erməni evlərində yaşamağa başlamışdırlar. 1919-cu ildə erməni hökuməti bütün qaçqınların öz evlərinə dönmə haqqının olduğunu elan etsə də, erməni qaçqınları tərəfindən artıq məskunlaşdırılmış müsəlman kəndlərinə bu hüquq aid edilmədi.[23] Özünün qısamüddətli hərb nazirliyi dövründə Ruben Ter-Minasyan Anadoluda yaşamış 30 min ermənini boşaldılmış müsəlman evlərinə köçürdü və nəticədə, İrəvanı (bugünkü Ararat) və Dərələyəzi erməniləşdirməyə çalışdı.[24] Ermənistandakı azərbaycanlıların münbit torpaqlarda yaşamasından narazı qalan Ter Minasyan İrəvandan kənarda, eləcə də ölkənin cənubunda 20 kənddən azərbaycanlıların təmizlənməsinə yönəlmiş azı üç kampaniya aparıb.[17] Oliver Uordrop 1919-cu ilin oktyabrında Ermənistanı gəzdiyi zaman yazırdı ki, Göyçə gölünün böyük hissəsi boyunca "ermənilər və tatarlar arasındakı daxili münaqişələrin xarabalıqları altında" boş evlər var.[25] 1919-cu ilin oktyabrında Qarsdakı müsəlman hakimiyyət orqanları 25 min qaçqının daşınması üçün Azərbaycana müraciət etmişdi.[26]

Zəngəzurda

1918-1921-ci illər boyunca erməni hərbi komandanı Andronik Ozanyan[27][28][29][30][31][32][33] və Qaragin Njde Zəngəzurun[34][35][36][37][38] "yenidənerməniləşdirilməsi" üçün xüsusi hərbi yürüşlər həyata keçirdi. Nəticədə Zəngəzurun 40-50 min Azərbaycan türkü yaşadığı yeri tərk etməyə məcbur edildi,[39][40][41][42] təxminən 10 min nəfər isə öldürüldü.[43] 12 sentyabrda yerli polis rəisindən göndərilmiş məktubda bildirilirdi ki, Urud, Dərəbas, Ağdü, Vağudi dağıdılmış, Ərikli, Şükar, Məlikli, Pulkənd, Şəki, Qızılcıq və Qarakilsənin müsəlmanlar yaşayan hissəsi, İrlik, Paxili, Dərəbas, Xot, Sisian və Zabazadur yandırılmış, 500 nəfər uşaq, qadın və kişi öldürülmüşdür.[44] Bərgüşad və Geğadzor vadilərində, Gorusun cənub-şərqində 9 kənd və 40 oba 1920-ci ilin yanvarında yox edilmiş və sakinləri öldürülmüşdür.[45]

AndronikNjde tərəfindən Zəngəzurda dağıdılmış müsəlman yaşayış məskəninin sayı müxtəlif cür təqdim edilmişdir. Bəziləri 24,[40] bəziləri 49 (9 kənd və 40 oba)[45] və ya 115 rəqəmini göstərməkdədir.[46][42] Azərbaycan tərəfindən 1919-cu ilin sonlarında Zəngəzura qarşı hərbi yürüşünə səbəb kimi bu yaşayış məntəqələrinin dağıdılması və yerli ermənilərin müsəlman çobanların sürülərini Zəngəzura aparmasına məhdudiyyət qoyması göstərilirdi.[40] Mark Leveneyə görə, 1918-ci ilin may ayından etibarən Andranikin başçılıq etdiyi erməni birləşmələrinin başlatdığı qətliam nəticəsində 250 müsəlman kəndi yandırılmışdır.[47]

İtkilər və qaçqın düşmü insanlar

Bölgə Dağıdılmış yaşayış məskənlərinin sayı Qaçqın düşmüş insanların sayı Öldürülmüş insanların sayı
İrəvan quberniyası 135,000[48]
Sürməli qəzası 24[49]–38[50] 40,000[50]
Qars oblastı 10,000[51]
Zəngəzur qəzası 49[45]–115[42] 40,000[40]–50,000[42] 10,000[43]
TOTAL 73–153 225,000–235,000 10,000

Nəticə

1920-ci ildə Ermənistanın sovetləşdirilməsindən sonra cəmi "10 mindən bir qədər çox Azərbaycan türkü Ermənistanın sərhədləri daxilində" qalmaqda idi.[52] 1922-ci ildə həyata keçirilmiş Sovet kənd təsərrüfatı siyahısına görə, keçən iki il ərzində 60 min qaçqın öz torpağına geri dönmüş və onların birlikdə sayı 72-596-77.767 nəfərə çatmışdır.[52][53] 1920-ci ilin aprelində İrəvan arxiyepiskopu I Xoren demişdi:

Etiraf edim ki, bir neçə tatar kəndi... əziyyət çəkib... amma, hər dəfə... onlar işğalçı olub, ya faktiki olaraq bizə hücum ediblər, ya da Azərbaycan agentləri və rəsmi nümayəndələri tərəfindən təşkil olunub, erməni hökumətinə qarşı qalxıblar.[24]

Azərbaycan Xalq Cümhuriyyəti İrəvanın cənubunda yaşayan 70-80 min müsəlman qaçqına (bunlardan 50 mini qışda yardımdan asılı idi) kömək məqsədilə külli miqdarda vəsait köçürmüşdü. Bildirilir ki, 1919-1920-ci ildə İrəvanda 13 min, Ermənistanın digər yerləində isə 50 min müsəlman yaşamaqda idi. Lakin Ermənistan sovetləşən zaman onların sayı cəmi 10 min nəfərə düşmüşdü. Ermənistanın şimalında cənubu ilə müqayisədə Azərbaycan türkləri nisbətən daha uyğun şəraitdə yaşamaqda idilər. Ermənistandan Azərbaycana qaçan 40 min şəxsi Azərbaycan hökumətinin ayırdığı 69 milyon rubl hesabına yenidən öz torpaqlarına köçürülmüşdü.[26]

Qeydlər

  1. 64.151-i Naxçıvan qəzasında yaşamaqda idi və Ermənistan sərhədlərindən kənarda yerləşirdi.[1][2]
  2. Bölgə dedikdə İrəvan, Naxçıvan xanlıqlarının əraziləri ilə birlikdə İğdır da nəzərdə tutulur. Bu üç bölgə 1828-ci ildə Erməni oblastı adı ilə təşkil edilmiş və 1840-cı ilə qədər fəaliyyət göstərmişdir.
  3. rəvan quberniyasına daxil olmayan Zəngəzur qəzası bu siyahıya daxil deyildir. Qeyd edək ki, ermənilərin intensiv şəkildə köçürüldüyü Zəngəzur bölgəsi 1747-ci ildən Qarabağ xanlığının ərazisi olmuş, Qarabağ xanlığı ləğv edildikdən sonra Şamaxı (daha sonra Bakı) quberniyasının ərazisinə daxil edilmişdir. 1868-ci ildə Yelizavetpol quberniyasının təşkil edilməsi ilə birlikdə Zəngəzur qəzası da təşkil edilmiş və bu quberniyanın tabeliyinə verilmişdir.[15]

Həmçinin bax

İstinadlar

  1. Məmmədov, 2023
  2. Altstadt, 1992. səh. 30
  3. Gachechiladze, 1995. səh. 28
  4. Swietochowski, 1985. səh. 43
  5. Bournoutian, 1981. səh. 3-4
  6. Bournoutian, 1981. səh. 12
  7. Arkun, 2005. səh. 66
  8. Bournoutian, 2018. səh. 20
  9. Bournoutian, 2018. səh. 19-20
  10. Bournoutian, 2018. səh. 13
  11. Kazemzadeh, 1951. səh. 8
  12. İpek, 1995. səh. 261
  13. Özkan, 2020. səh. 283
  14. Swietochowski, 1985. səh. 199
  15. Масальский, 1894. səh. 222-223
  16. Herzig & Kurkchiyan, 2005. səh. 66
  17. de Waal, 2015. səh. 75
  18. Kaufman, 2001. səh. 58
  19. Herzig və Kurkchiyan, 2005. səh. 110
  20. Bournoutian, 2015. səh. 33
  21. Roberts, Carl Eric Bechhofer. In Denikin's Russia And The Caucasus, 1919-1920: Being A Record Of A Journey To South Russia, The Crimea, Armenia, Georgia, And Baku In 1919 And 1920 (English). Franklin Classics. 2018-10-16. 283. ISBN 978-0-343-44575-1.
  22. Hovannisian, 1996b. səh. 247
  23. Hovannisian, 1982. səh. 178
  24. Bloxham, 2005. səh. 105
  25. Lieberman, 2013. səh. 136
  26. Hovannisian, 1982. səh. 182
  27. de Waal, 2003. səh. 127–129
  28. Arslanian, 1980. səh. 93
  29. Namig, 2015. səh. 240
  30. Gerwarth və Horne, 2012. səh. 179
  31. Hovannisian, 1971. səh. 87
  32. Hovannisian, 1982. səh. 207
  33. Leupold, 2020. səh. 24
  34. Broers, 2019. səh. 4
  35. Chorbajian, Levon; Donabedian, Patrick; Mutafian, Claude. The Caucasian Knot: The History & Geopolitics of Nagorno-Karabagh (English). London. 1994. ISBN 978-1-85649-287-4. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28. ...it is undeniable that if Zangezur has since been an integral part of Soviet Armenia, it was Nzhdehwho made it possible. Following Andranik, he successfully implemented a 're-Armenianization' of the region...
  36. Chorbajian, 1994. səh. 134
  37. Zakharov, 2017. səh. 105–106
  38. Ovsepyan, 2001. səh. 224
  39. de Waal, 2003. səh. 80
  40. Hovannisian, 1982. səh. 213
  41. Mammadov və Musayev, 2008. səh. 33
  42. Balayev, 1990. səh. 43
  43. Coyle, 2021. səh. 49
  44. Buldakov, 2010. səh. 893–894
  45. Hovannisian, 1982. səh. 239
  46. Mammadov, Musayev, 2008. səh. 33
  47. Levene, 2013. səh. 217
  48. Hovannisian, 1996b. səh. 147
  49. Hovannisian, 1982. səh. 106
  50. Chmaïvsky, 1919. səh. 8
  51. Hovannisian, 1996a. səh. 122
  52. Korkotyan, 1932. səh. 184
  53. Korkotyan, 1932. səh. 167

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.