İrəvan Müəllimlər Seminariyası

İrəvan Müəllimlər Seminariyası (rus. Эриванская учительская семинария) — XIX əsrin axırları — XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağı.

İrəvan Müəllimlər Seminariyası
rus. Эриванская учительская семинария
İrəvan Müəllimlər Seminariyasının binası
İrəvan Müəllimlər Seminariyasının binası
Əsası qoyulub 8 (20) noyabr 1881
Bağlanıb 16 avqust 1918
Şəhər İrəvan
Ölkə

Tarixi

İrəvan Müəllimlər Seminariyasının 1902-ci il buraxılışı

Müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil müəssisələrinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən "Müəllimlər seminariyaları haqqında təlimat"da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880-ci il tarixli qərarında qeyd edilirdi:

" İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın. Ştatların layihələri üzrə Seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına 27800 rubl, İrəvan Seminariyasına 28350 rubl keçirilsin. "

İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Kavkazski kalendar"da dərc olunmuş məlumatlara görə, Axund Məhəmmədbağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir.[1]

37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır.

İmperiya ərazisində fəaliyyət göstərən digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin yalnız müəyyən hissəsi dövlət hesabına oxuyurdu. Qəbul olunanlar birinci dərs ilində 210 manat, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəyirdilər. 1907-ci ilin məlumatına əsasən, burada təhsil alan 70 şagirddən yalnız 20 nəfəri öz hesabına oxuyurdu. "Qafqaz kalendarı"nın 1913-cü il sayında verilən məlumata görə, seminariyada təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətin nümayəndələri olublar.[2]

Seminariyanı bitirənlərin gələcək fəaliyyəti

İrəvan müəllimlər seminariyasında Azərbaycan dili və şəriət dərslərinin tədris edilməsi təsadüfi deyildi. Çünki bu seminariya xalqımızın tarixən qədim torpaqlarından sayılan İrəvan quberniyasında yaradılmışdı. Həmin mahalda yaşayan əhalinin əksəriyyətini Azərbaycan türkləri, müsəlmanlar təşkil edirdi. Seminariyada Azərbaycan dilinin və şəriətin tədris edilməsi dövrün tələbi idi. Təhsil almaq üçün seminariyaya gəlmiş azərbaycanlı gənclər ilk pedaqoji təhsillərini aldıqdan sonra həyat fəaliyyətlərini azərbaycanlıların yaşadığı kəndlərdə ibtidai məktəblərin yaradılması işinə və yaxud mövcud ibtidai kənd məktəblərində müəllimlik peşəsinə həsr edərək xalq kütlələri arasında elm və maarifin yayılması və savadsızlığın aradan qaldırılması işində yaxından iştirak edirdilər. Bu təhsil ocağı mövcud olduğu 37 il ərzində öz fəaliyyəti ilə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda xalq məktəbi və təhsilin, mədəni-maarif işinin inkişafında əhəmiyyətli rol oynamışdır.[3]

İrəvan gimnaziyası və Uluxanlı məktəbi

1881-ci ildə İrəvan quberniyasında seminariyanın açılmasından savayı daha iki mühüm hadisə baş vermişdir. Belə ki, İrəvan gimnaziyasıyeni tipli Uluxanlı məktəbi də yaradılmışdır. Qori müəllimlər seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ilin iyununda İrəvan seminariyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilmişdir.[4] F. Köçərli bu tədris ocağında 10 il pedaqoji fəaliyyətini davam etdirmişdir. Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib. Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori müəllimlər seminariyasının məzunları ilə yanaşı İrəvan müəllimlər seminariyasını bitirmiş məzunlar da yaxından iştirak ediblər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıtmış və ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak etmişlər. Xalqımızın bir sıra tanınmış nümayəndələri, maarif fədailəri — Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux bəy Ağakişibəyov, İbadulla bəy Muğanlinski, Şamil bəy Mahmudbəyov, Cabbar Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan müəllimlər seminariyasında alıblar.[5]

Xalq maarifinin bütöv bir dövrünü əhatə edən fəaliyyət

XIX əsrin sonu — XX əsrin əvvəllərində ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər, əsasən, Qori və İrəvan seminariyalarında hazırlanırdı. Lakin bu təhsil ocaqları Azərbaycan dili müəllimi hazırlamırdı. Həmin dövrdə Azərbaycan dili müəllimlərinin hazırlanmasında sistemsizlik hökm sürürdü. 1905–1907-ci illərdə Azərbaycan dili müəllimlərinin hazırlanması o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda — Bakı quberniyasıDağıstan vilayətinin xalq məktəbləri müdiriyyətinin kurslarında, Yelizavetpol (Gəncə) mədrəsəsində, habelə Tağıyevin qız məktəbində, həmçinin 1915-ci ildə açılmış qadın pedaqoji kurslarında həyata keçirilirdi. Bununla yanaşı, Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox nümayəndələri ilk pedaqoji təhsillərini məhz Qori və İrəvan müəllimlər seminariyasında almışlar. Azərbaycanda pedaqogika elminin yayılması və inkişafı, xalq maarifinin bütöv bir dövrü məhz Qori və İrəvan müəllimlər seminariyası məzunlarının fəaliyyəti ilə bağlıdır. Həmin təhsil ocaqlarının milli təhsil tariximizdəki yeri və rolu bu gün də öyrənilir, tədqiq edilir, gənc nəslin, tələbələrin elmi-pedaqoji biliyinin artırılmasında istifadə edilir.[6]

Direktorları

  • Yakob Stepanoviç Suşevski (1881–?);
  • İvan Andreyeviç Pasyuteviç (?–1898);
  • Mixail Alekseyeviç Miropiyev (1898–1902);
  • Valentin Vasilyeviç Dubromin (1902–1918)

Müsəlman şöbəsinin müdiriləri

Müəllimləri

  • Molla Məmmədbağır Qazızadə — şəriət və Azərbaycan dili müəllimi;
  • Axund Məmmədbağır Kazımzadə — Azərbaycan dili müəllimi;
  • Firidun bəy Köçərli — şəriət və Azərbayca dili müəllimi (1885–1895);
  • Rəşid bəy Şahtaxtinski — Azərbaycan dili müəllimi (1903–?);
  • Rəhim Xəlilov — Azərbaycan dili müəllimi (?–1903);
  • Həmid bəy Şahtaxtinski — Azərbaycan dili müəllimi (27 oktyabr 1901 – 23 oktyabr 1907);
  • Mirzə Cabbar Məmmədzadə — Azərbaycan dili müəllimi (23 oktyabr 1907 – 19 yanvar 1913);
  • Mirzə Cəfər Məmmədov — Azərbaycan dili müəllimi (1911–1917);
  • Mirzə Məmmədvəli Qəmərlinski — şəriət və Azərbaycan dili müəllimi (1901–1911);
  • Axund Məmmədbağır Tağızadə;
  • Məmməd Axundov;
  • Mixail Klopov;
  • K. Şulkin.[7]

Məzunları

Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Allahverdi oğlu Qədimov, Əli Sultanov, Fərrux bəy Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfər bəy Cəfərbəyov, İbrahim Şahtaxtlı[8], Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil bəy Mahmudbəyov, Həmid bəy Şahtaxtinski və başqaları ayrı-ayrı vaxtlarda seminariyanın məzunları olmuşdur. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanın məzunu olmuşdur.[9][10]

Xatirəsi

2021-ci ilin dekabrın 29-da Azərbaycan prezidenti İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb[11].

2022-ci ildə Bakıda Cəlal Allahverdiyev tərəfindən yazılmış "İrəvan Müəllimlər Seminariyası" adlı kitabın təqdimat mərasimi baş tutub[12].[13]

Həmçinin bax

Mənbə

  • Ziyəddin Məhərrəmov. İrəvanda məktəbdarlıq və maarifçilik (1800–1920-ci illərdə ədəbi-mədəni mühit). Bakı: Nurlan, 2010.

İstinadlar

  1. "İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllimləri və onların tədris etdiyi fənlər". sdu.edu.az. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  2. Fərrux Rüstəmov. "İrəvan Müəllimlər Seminariyası- 140" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 13 yanvar 2022. 10 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  3. "Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi". 525.az. 2023-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  4. "İrəvan Müəllimlər Seminariyası". xalqqazeti.az. İstifadə tarixi: 19 sentyabr 2023.
  5. "İrəvan Müəllimlər Seminariyası". www.anl.az. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  6. "Rafiq Səfərov. 140 yaşlı Seminariya". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-22.
  7. "İrəvan Müəllimlər Seminariyası çox böyük şəxsiyyətlər yetişdirib". sherg.az. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  8. "Misir Mərdanov, Cəlal Allahverdiyev. Azərbaycan təhsil tarixinin şərəfli səhifəsi – İrəvan Müəllimlər Seminariyası — 140. "525-ci qəzet", 28 avqust 2021, s. 8–9; 14; 15". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  9. Fərrux Rüstəmov. Milli müəllim kadrları hazırlayan təhsil ocağı
  10. "İrəvan Müəllimlər Seminariyası və onun məzunları". www.muallim.edu.az. 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.
  11. "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 29 dekabr 2021. 21 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  12. Yeganə Bayramova. "Təhsil tariximizin şərəfli səhifəsi" (az.). yeniazerbaycan.com. 1 iyul 2022. Archived from the original on 2022-11-10. İstifadə tarixi: 10 noyabr 2022.
  13. "İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2023.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.