İrəvan Dövlət Azərbaycan Dram Teatrı
İrəvan Dövlət Azərbaycan Dram Teatrı — İrəvanda yaradılan azərbaycandilli ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Teatrın tipi | Dram |
Əsası qoyulub | 1928 |
Heyət | |
Bədii rəhbər | İftixar Piriyev |
Baş rejissor | Sərvər Əliyev |
Yerləşməsi | |
40°26′17″ şm. e. 49°50′50″ ş. u. | |
Ölkə | |
Yerləşir | İrəvan |
Ünvan | N.Nərimanov adına kinoteatr, Bakı, Azərbaycan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880–81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar.[1]
Teatrın ilk illərində (1880–1882) İrəvanda həvəskar aktyorlar tərəfindən tamaşalar təqdim olunurdu.[2] 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir.[3] Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında mədəni hadisəyə çevrilir, lakin F. Köçərli, 1895-ci ildə İrəvanı tərk edir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir.
1896-cı ildən etibarən İrəvanda müntəzəm olaraq Azərbaycan dilində tamaşalar nümayiş olunmağa başlandı. İnqilabdan əvvəlki illərdə həvəskarlar bölgədə bir çox tanınmış pyesləri səhnələşdirdilər. Erkən səhnələşdirilən pyeslər: "Dursunəli və Ballıbadı" (1893), "Qırt-Qırt" (1893), "Hacı Qara" (1894), "Evli ikən subay" (1899). Bu pyeslər kiçik məkanlarda səhnələşdirilmiş və mətbuat tərəfindən işıqlandırılmamışdı.[4] 1909-cu ildə ölməz sənətkarımız Hüseyn Ərəblinski "Bəxtsiz cavan" (Ə. Haqverdiyev), "Nadir şah" (N. Nərimanov) tamaşaları ilə İrəvan teatrında çıxış etmişdir. 1912-ci ildə isə Zülfüqar Hacıbəyovun rəhbərliyi ilə İrəvan teatrında "O olmasın, bu olsun", "Əlli yaşında cavan", "Kərbəlayi Şükür xalça satan" əsərləri oynanılır.[5]
1918-ci ildə daşnakların hücumları teatrı yerindən-yurdundan elədi. Teatrın rəhbəri və bir qrup aktyor İranın Xoy şəhərində məskunlaşdılar, lakin sovet hökuməti qurulduqdan sonra 1922-ci ildə, didərgin düşmüş bütün insanlar kimi, onlar da geriyə döndülər. Teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün yerli ziyalılardan — Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Zakir Şahbazov, Əşrəf Yusifzadə, Kazım Ziya, Nəsib Əfəndiyev və s. kimi milli mədəniyyət təəssübkeşləri xeyli iş gördülər. Hətta Bala Əfəndiyev öz arvadı Fatma Əfəndiyevanı teatra gətirərək ilk qadın aktrisa kimi səhnəyə çıxarmışdı. Fatma xanım həmin vaxtlar İrəvan türk qadınlar klubunun ilk müdiri idi. Əkbər Rzayev də öz arvadı Firəngiz xanımı Fatma xanımla birgə səhnəyə çıxardı. Bala Əfəndiyev 1921–1928-ci illərdə İrəvanda partiya işçisi kimi məsul vəzifə daşıyırdı.
14 aprel 1928-ci ildə aktyor Yunis Nuri və rejissor Mkrtıç Cananın quruluşu ilə Molyerin "Zörən təbib" pyesi səhnələşdirilir, həmin il teatr dövlət statusu alaraq fəaliyyətə başlayır. Teatrda Y. Nuri ilə yanaşı Məmmədbağır Qaraxanov, Zarik Teryan, Kazım Ziya, Qafar Həqqi, İsmayıl Dağıstanlı, Əli Zeynalov, Nvard Əlixanyan, Cəmil Əliyev kimi aktyorlar, Bəxşi Qələndərli, Əli Şahsabahlı kimi rejissorlar çalışmışdırlar.[6] 1935-ci ildə teatra görkəmli dramaturq Cəfər Cabbarlının adı verilir. Dramaturqun "Aydın" pyesi həmin dövrdə teatrın səhnəsində uğurla oynanılırdı.
1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan azərbaycanlı əhalisinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi[7] teatra öz təsirini göstərdi və 1949-cu ildə teatr Göyçə mahalının Basarkeçər rayonuna köçürüldü. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırıldı və əvəzində həmin bazada xalq teatrı təşkil olundu. Çünki həmin ərəfədə Göyçə əhalisini də "könüllü köçürmə" adı altında gecə-gündüz maşınlarda Azərbaycana — Mil, Muğan düzünə daşıyıb tökürdülər.[8] Belə bir şəraitdə isə teatrın işini yenidən qurmaq və eləcə də fəaliyyətindən danışmaq çətin məsələ idi. Az sonra "köçürülmə siyasəti" dayansa da teatrın inkişafında yeni bir mərhələ açılmadı. 1967-ci ildə cəmi Ermənistan əhalisinin, o cümlədən bütün ziyalıların, Basarkeçər rayon partiya komitəsinin birinci katibi Yunis Rzayevin və Azərbaycan KP MK-nın katibi Şıxəli Qurbanovun ciddi, birgə səyləri nəticəsində C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidən yaradıldı (və ya bərpa olundu) və paytaxt İrəvan şəhərinə köçürüldü.
Sonrakı tarix
Teatr 1988-ci ilə qədər fəaliyyət göstərdi (1949–1967-ci illərdə fasilə ilə). Teatrın repertuarındakı mərkəzi yeri "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyaları tuturdu. Müxtəlif dövrlərdə teatrda Yunis Nuri, Kazım Ziya, Əli Şahsabaxlı və başqaları çıxış etmişdir.[9] 1934–1951-ci illərdə teatrın baş rejissoru Baxşi Qələndərli idi. 1944-cü ilin aprelində Uilyam Şekspirin anadan olmasının 380 illiyinə həsr olunmuş "Ümumittifaq Şekspir Tamaşaları Festivalı" nda "Otello" əsəri C. Cabbarlı adına İrəvan dram teatrı tərəfindən səhnələşdirildi. Bir neçə il davam edən uzun fasilədən sonra teatr 1967-ci ildə yenidən İrəvanda fəaliyyət göstərməyə başladı. C. Cabbarlının "Sevil", A. Şirvanzadənin "Namus", S. Vurğunun "Fərhad və Şirin", Ə. Yerevanlının və Ə. Süleymanovun "Alov" teatrın repertuarına daxil edilmişdir.
Rəhbərlik
Teatra əməkdar artist, 50 il teatrın rəhbəri olmuş Yunis Nurinin oğlu Əziz Süleymanov direktor təyin olundu.[10] Teatrın işini canlandırmaq üçün həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutundan da bir qrup tələbə təyinatla İrəvana göndərildi. Ermənistan rəhbərliyi teatrın fəaliyyətinin gücləndirilməsinə o qədər də maraqlı deyildi. Əksinə, işini qura bilmədiyinə görə teatrı yenidən və bəlkə də birdəfəlik bağlamaq niyyətində müəyyən tədbirlərə də əl atırdı. Belə tədbirlərdən ilki teatrın rəhbərliyini dəyişmək qərarı oldu. Daim teatr mühiti görmüş, ziyalı və nüfuzlu bir ailədə böyümüş direktor cəmi iki ildi ki, kənd müəllimliyindən gəlib "Sovet Ermənistanı" qəzetində ədəbi işçi vəzifəsində çalışan Hidayət Orucovla əvəzləndi.[11]
Uzun danışıqlar nəticəsində yenidən açılan teatra yenə də bina verilməmişdi. Peşəkar kollektiv Mədəniyyət evində yerləşdirildi, amma heç bir şəraitlə təmin olunmayan teatr öz fantastik şöhrətini yollar yoraraq, eldən-elə gəzərək — səyyar həyatında, qastrol səfərlərində qazandı. Bu teatr bir ailəyə çevrildi. Harada bir türk obası vardısa, teatr orada göründü. Xalq onları doğmalıqla, sevinclə, məhəbbətlə qarşılayırdı. Onlar gələn yollara qurban kəsərdilər. Bu məhəbbət teatr kollektivinə hər dəfə yeni ruh, yeni həvəs gətirirdi.
Artıq bütün Zaqafqaziyada aparıcı teatrlardan birinə çevrilmişdilər. Gərgin mübarizə nəticəsində yenidən açılmış İrəvan teatrı üçün çox önəmli, əhəmiyyət kəsb edən fikir idi. Həm də o mənada ki, teatrın yeni fəaliyyəti o milləti bizim haqqımızda bu cür danışmağa məcbur edirdi. Aydındır ki, teatrın fəaliyyətinin düzgün qurulması, repertuarının zənginliyi, məhdud imkanlar çərçivəsində işləməsi ilə yanaşı, yaradıcı heyətin yaradıcılığındakı bədii keyfiyyətlərin yüksək olması da əsas şərtlərdən idi. Ermənilər teatrın bu uğurlarının davam etməsində maraqlı olmadıqlarını açıq-aşkar büruzə verməyə başladılar. Hökumət dairələrindən hər kiçik daşnak məmur belə müxtəlif təzyiqlər etməkdən çəkinmirdi. Nəhayət, bütün bu məkrli münasibətlərdən yorulan, bezən direktor 16 illik işindən ayrılaraq Bakıya köçməyi, orada işləməyi qərarlaşdırdı və 1983-cü ildə teatrdan getdi.
Sonrakı qeydlərində Hidayət Orucov yazırdı: "Erməni istehzaları içində elə uşaqlar — aktyorlar vardı ki, əsl fədakarlıq eləyirdilər. Onlar gözəl bir tamaşa oynayıb səhnədə ölməyə də razıydılar. Ona görə də bina və texniki imkanları son dərəcə məhdud olan İrəvan Azərbaycan teatrı o illərdə, mütəxəssislərin fikrincə, Zaqafqaziyada öz yeri, öz böyük uğurları olan maraqlı sənət ocaqlarından birinə çevrildi. Elə bil ki, mən tükəndim. Daha doğrusu, teatrda deyiləcək sözüm qalmamışdı, amma kollektivimiz axtarışlar səfərindəydi, "qatarı" etibarlıydı. Heç ağlıma da gəlməzdi ki, məndən sonra teatr pis günə düşəcək".
1983-cü ildə teatra Yunis Nurinin nəvəsi Yunis Süleymanov direktor təyin oldu.[12] "Az sonra teatr yerləşdiyi 1 nömrəli Mədəniyyət evindən bir tərəfi bir Azərbaycan məktəbi, bir tərəfi də ruhi xəstəxana olan binanın damına köçürüldü.
Bakıya ilk qastrol səfəri
1978-ci ildə teatr Azərbaycana – Bakı şəhərinə qastrol səfəri baş tutdu. Teatr "Sən nə üçün yaşayırsan", "Qızıl zəncir", "Hər evdə sevinc olsun", "Əkizlər", "Daha bir qurban", "Nəsrəddin" və "Məhəbbət yaşayır hələ" tamaşaları ilə Musiqili Komediya Teatrında və 26 Bakı komissarı adına Mədəniyyət sarayında çıxış etdi. Bu səfər dövlət statusu almış İrəvan teatrının 50 illiyi münasibətilə təşkil olunmuşdu. Tamaşalar noyabrın 14-dən 27-dək oynanılmışdı. Səfər ərzində 25 tamaşa göstərilmiş və 16 min nəfərdən çox tamaşaçı baxmışdır. 24 noyabr 1978-ci il tarixdə İrəvan teatrı Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edildi. Eləcə də teatrın bir qrup işçisi–baş rejissoru Tofiq Ağayev əməkdar incəsənət xadimi, Tamilla Abdullayeva, Marietta Kərimova və Vidadi Əliyev əməkdar artist kimi Azərbaycanın fəxri adlarına və teatrın direktoru Hidayət Orucov, aktrisalar Elmira İsmayılova və Raya Qafarova Respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görüldülər. Səfərin yekun günü — noyabrın 27-də mükafatlar təltif olunanlara təqdim edilmişdi.
Teatrın deportasiyası
1988-ci ilin payız aylarında teatr Azərbaycanın Neftçala rayonunda qastrol tamaşaları göstərirdi. Səfərin yekun günü xəbər gəldi ki, İrəvan ərazisindəki bütün azərbaycanlılar öz yurd-yuvalarından qovulublar. Teatr erməni tapdağında qalmışdı.
Teatr deportasiya olunduqdan sonra — Bakıda Akademik Milli Dram Teatrının nəzdində teatr–studiya kimi fəaliyyətini davam etdirməyə başladı və Abşeron mədəniyyət sarayında yerləşdirildi, lakin 1995-ci ildə teatra yenidən dövlət statusu verildi. İndiki H. Sarabski adına Mədəniyyət Sarayında məskunlaşdırıldı.
Cari fəaliyyəti
1989-cu ildən bəri teatr truppası Bakıda, Azərbaycan Dram Teatrının teatr studiyasında fəaliyyətini davam etdirir. 1994-cü ildə teatra yenidən dövlət statusu verildi. 16 oktyabr 2007-ci ildə prezidentin sərəncamı ilə teatrın yubileyi Bakıdakı Azərbaycan Dövlət Musiqili Komediya Teatrında qeyd olundu. Yerevan Dövlət Azərbaycan Teatrı Azərbaycanda, Gürcüstanda, Dağıstanda və Türkiyədə tamaşalarını davam etdirir.[13][14]
Qalereya
İstinadlar
- ""Vətən səsi" saytı". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- "Между приспособлением и самоутверждением" (rus. ). http://old.sakharov-center.ru. 2020-01-20 tarixində orijinalından arxivləşdirilib.
- "Firidun bəy Köçərli" (azərb. ). Milli Azərbaycan Tarixi Muzeyi. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
- (ing. ). http://www.visions.az http://www.visions.az/en/news/373/f54a372d/ (#bare_url_missing_title). 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
- "İrəvan Dövlət Azərbaycan Dram Teatrı" (azərb. ). Azərbaycan Dövlət Teatr Muzeyi. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
- Ermənistan Sovet Ensiklopediyası. III. 1977. səh. 566.
- "Tragedies of 1948-1953 and 1988-1991 years" (ing. ). Azerbaijani Vision. 7 dekabr 2016.
- "Expulsion of Azerbaijanis from their lands in the Soviet period" (ing. ). Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
- "Иреванский азербайджанский театр" (rus. ). Üzeyir Hacıbəyov ensiklopediyası. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
- "Teatr". iravan.info. 2018-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- "İftixar Piriyev: 1928-ci ildə sovet hakimiyyəti zamanı İrəvan teatrına dövlət statusu verilib". araz.az. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- Xəlilzadə F. "Qafqazın qocaman sənət ocağı". anl.az. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- İslam Əliyev. "Gürcüstanda qastrolda olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi ölkəmizin Gürcüstandakı səfiri ilə görüşmüşdür". azertag.az. 2 dekabr 2009. 6 oktyabr 2019 tarixində arxivləşdirilib.
- "İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyədə qastrol səfərindədir". kars.mfa.gov.az. 8 aprel 2016. 4 sentyabr 2019 tarixində arxivləşdirilib.
Həmçinin bax
Xarici keçidlər
- İrəvan Dram Teatrı Ankarada Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine (az.)
- İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppası Lənkəranda "Qurtuluş" tamaşası ilə çıxış edib (az.)
- Irevan Theater’s anniversary (ing.)
- "O da aşiq ola" tamaşası nümayiş olunub
- "Qanlı qızıl toy" tamaşasının premyerası