İosif Rotter

İosif Rotter (rus. Иосиф Роттер) — XIX əsrin ikinci yarısı — XX əsrin birinci yarısında yaşamış alman rəssamı.[1]

İosif Rotter
rus. Иосиф Роттер
Fəaliyyəti rəssam, illüstrasiyaçı, karikaturçu
Təhsili Münhen Rəssamlıq Akademiyası
Janrlar karikatura, kitab illüstrasiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Münhen Rəssamlıq Akademiyasında oxumuşdur. Bir müddət Tiflisdə yaşamış, burada nəşr olunan jurnallara karikaturalar (1903-1905) çəkmişdir. 1906-1914-cü illərdə "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. Jurnalın fəailiyyətinin ilk dövründən Oskar Şmerlinqlə birgə işləyən İosif Rotter, "Molla Nəsrəddin" səhifələrində onun ideya ruhuna, dərin məzmunlu felyetonlarına uyğun ştrix rəsmli illüstrasiya və kəskin karikaturalarla çıxış etmişdir ("İbadət", "Yalançı alimlər", "Kənd yasavulu qeyri-mövsüm zamanı və məhərrəmlikdə", "Şeyx və çəyirtkələr"). İosif Rotter rusca çox zəif bilirdi. Mirzə Cəlil çəkiləcək rəsmlərin mövzusunu işarə ilə ona başa salar, Tiflisin müsəlman hissəsində, "Şeytanbazar" məhəlləsində yaşayan əhali arasından tiplər seçib ona göstərərək, bunlardan istifadə etməyi məsləhət görərdi.[2] Firdovsinin "Şahnamə" poemasındakı "Rüstəm və Söhrab" dastanına və bir sıra erməni xalq dastanlarına illüstrasiyalar çəkmişdir.[1]

Dəsti-xətti

İosif Rotterin qrafik dəsi-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin, həcm və ölçülərin real alınmasına nail olurdu. O da "Molla Nəsrəddin" jurnalının ənənəvi mövzularına müraciət edirdi. "Bakı neft mədənlərində işsiz fəhlələr" (1908, N4) rəsmində fəhlələrlə sahibkarların qarşı-qarşıya durması, "XX əsr. Qafqazda hürriyyət" (1906, NaT), "Bir gün var idi, bir gün yox idi" (1907, Nnl3) karikaturalarında erməni-müsəlman münaqişəsi və onu qızışdıran "Fitneyi-iblisi məlunlar" - çarizmin bədnam müstəmləkəçilik siyasəti ifşa olunurdu. "Ay Tehrani alan, ay şirin tehrani alan" (1908, N27) karikaturasında İranın satqın hökmdarı Məhəmmədəli şahın gülünc təsviri verilmişdir.[2]

İosif Rotterin rəsmlərində ictimai motivlərə, personajların psixoloji xarakteristikasının təhlilinə meyl duyulur. "Molla Nəsrəddin" jurnalının 1911-ci il 42-ci nömrəsində çap olunmuş M.F.Axundovun yubileyinə aid rəsm onun ən uğurlu əsərlərindəndir.[2]

Həmçinin bax

İstinadlar

  1. Rotter // Azərbaycan sovet ensiklopediyasının baş redaksiyası . VIII. Azərbaycan Sovet Ensiklopediyası. 1984. 187.
  2. "Rotter İosif". Calilbook.musigi-dunya.az. 2021-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.